Mobil telefondan istifadə

uşaqlarda hansı fəsadlar yaradır

 

Mütəxəssislər uşaqların mobil telefondan hansı yaşdan istifadəsini məsləhət görür?

 

Biz bu yazıda mobil telefonun mütərəqqi cəhətlərindən deyil, fəsadlarından söhbət açacağıq.  Bu gün artıq sübut edilib ki, mobil telefonların yaydığı elektromaqnit dalğaları insan sağlamlığı üçün çox təhlükəlidir. Mobil telefondan mütəmadi istifadə etmək görmənin zəifləməsinə, qulağın karlığına, sonsuzluğa və bəzən ölümə belə gətirib çıxara bilir.  Ümumdünya Səhiyyə Təşkilatı mobil telefonun xərçəng və beyin şişinə səbəb olduğunu hələ 2007-ci ildəki hesabatında açıqlayıb. Hesabatda bildirilirdi ki, 12 yaşından kiçik uşaqların mobil telefondan qətiyyən istifadə etməməsi, 13-20 yaşında uşaqların isə yalnız təcili durumlarda istifadə etməsi məsləhət görülür.  Bəs bu gün cəmiyyətimizdəki reallıq nə deyir? Həqiqətən uşağa mobil telefon lazımdırmı?  Mövzu ilə bağlı təcrübəli psixoloq və pediatr yanaşması oxucularımız üçün də maraqlı olar.

 

Hüseyn XƏLİLOV,

Qafqaz Universitetinin psixoloqu

 

Psixoloqlar və ya pediatrlar mobil telefonların uşaqlara zərərlərini araşdırarkən onlardan istifadə qaydalarının öyrənilməsi vacibliyinə xüsusi diqqət yetirilməlidir. Amerika alimlərinin fikrinə görə, uşaqların mobil telefondan istifadəsi uşağın yaşına görə dəyişir. Mobil telefon günümüzdə uşağın güvənliliyi üçün çox vacibdir. Bunun üçün uşaqlar ondan istifadə etməsinlər deyə bilmərik. Vacib olan uşağın telefonu necə  istifadə etməsidir. Tədqiqatlar göstərir ki, uşaqlar elektronik əşyalardan istifadə etdikdə onlarda ünsiyyət problemi yaranır. Cəmiyyətə adaptasiya çətinləşir və dərslərində durğunluq yaranır. Mobil telefondan da ən çox ziyan vuran ağıllı telefonlardır ki, onlar uşaqları kütləşməyə aparır. Hər şeyə tez avtomatik nail olmaq istəyirlər.

Mobil telefonların uşaqlara təsiri MR görüntüləri ilə sübut olundu. Telefon danışıqlarının uşaqlarda  korteksə daha çox təsir etdiyi araşdırılmışdır. Yəni  mobil telefonlardan 15 yaşından əvvəl istifadə etmək daha çox təsir edir. Çünki  o yaşda uşaqların şəxsiyyətinin formalaşdığı dövrlərdir. Mobil telefonun istifadəsinin dəqiq bir yaşı yoxdur. Belə bir yaş qrupu müəyyənləşməmişdir. Ancaq kiçik yaşlarda uşaqlarda elektromaqnetik zonaların həssaslığı daha çox olur. Buna görə kiçik məktəblilərə mobil telefonların alınması məsləhət görülmür. Psixoloqların tövsiyəsini nəzərə alsaq  lazım olmadıqda uşaqlara telefon alınmamalıdır. Uşaqlar üçün cib telefonu çox zərərlidir. Yeniyetmələrin bundan uzun müddət istifadəsinin nəticələrini hələ bilmirik. Əgər bu çox vacib olarsa uşağa sadəcə mesaj şəklində istifadəsi uyğun görülə bilər. Böyük şəhərlərdə uşaqların cib telefonuna ehtiyacı ola bilər. Ancaq onun fiziki və mənəvi ziyanlarını düşünsək kiçik məktəbli  uşaqların çox da ehtiyacı yoxdur və mümkün qədər alınmamalıdır. Nə qədər gec istifadə etsələr o qədər faydalıdır. Ətraf mühit çox önəmlidir. Bəzən valideynlər bəhsə girir uşaqların yerinə. Ancaq mobil telefon valideynlərin bir zənginlik simvolu olmamalıdır. Ailələr cəza və mükafat sistemində də cib telefonundan istifadə edə bilərlər. Çünki ondan müəyyən qaydalara uyğun istifadə edilərsə (məsələn, dərs saatlarının çıxış saatlarında valideynlərlə əlaqə saxlamaq üçün) çox da ciddi problemlər olmaz. Uşaqlara telefon almadan əvvəl ailə uşaqla bir şərt kəsməlidir. Müəyyən qaydalar çərçivəsində istifadəsinə icazə verilməlidir.

Ağlayaraq istəyən uşağa əsla cib telefonu alınmamalıdır. Bu zaman uşağa "bizim pulumuz yoxdur onu almağa" deyilməməlidir. Çünki bu zaman uşaq şüuraltı bunun onun haqqı olduğunu və valideynlərin telefonu ala bilməyəcəyini düşünürlər. Amma doğrusu bunu uşağa izah etmək, hələ telefona ehtiyacı olmadığını ona başa salmaq lazımdır. Bəzən valideynlər pulumuz yoxdur deyə qısa izahat verirlər ki, bu da uşaq üçün yetərli bir cavab deyil. Bunu valideyn qərarlı bir şəkildə izah etməli və sözündə durmalıdır.

 

Məleykə İSMAYILOVA

Bakı şəhəri 7 nömrəli uşaq

poliklinikasının pediatrı

 

Məktəbyaşlı uşaqlar üçün mobil telefon daha çox əyləncə, oyun, dostlarla əlaqə vasitəsidir. Oyun, musiqi və s. funksiyalı telefonlardan  istifadə edən uşaqlar demək olar ki, günün çox vaxtını bu cihazla  təmasda olur. Bu da hələ bərkiməmiş uşaq orqanizmini davamlı olaraq şüalanmaya məruz qoyur, onların  gələcək həyatında daha  böyük fəsadlara səbəb olur. Yaxşı olar ki, inkişaf dövründə olan, xüsusən 16 yaşından kiçik uşaqlar mobil telefondan istifadə etməsinlər.

Uşaqların mobil telefonlardan erkən yaşda istifadə etməsi ən çox dəri xəstəliklərinə meydan verir, şüalanma saçların, qaşların, kirpiklərin tökülməsinə səbəb olur. Sinir zədələnməsilə bağlı göz əzələləri yorulur, uşaq gözlərini tez-tez qırpır. Belə uşaqlar diqqətsiz,  yaddaşsız olmaqla cəmiyyətə biganə qalır.

Mobil telefon əslində uşaqlara yasaqdır. Bəzən analar mobil telefonu hətta iki aylığından  körpə uşağın yatağına qoyur. Bu, çox təhlükəlidir. Mobil telefondan  qazandığı şüalanma nəticəsində uşaqlarda nitq normal inkişaf etmir, danışmaq qabiliyyəti yaranmır. Belə uşaqda həm mənfi refleks, həm də beyində mənfi informasiya formalaşır. Uşaq da yuxudan vaxtından tez  oyanır. Normalda 17-18 saat yatmalı olan körpənin yuxu saatları tədricən azalır. O, normal yuxu əvəzinə narahat, səksəkəli yatır. Bu səbəbdən də son illərdə körpənin qırxı çıxar-çıxmaz analar uşağın yuxu pozğunluğundan şikayətlənməyə başlayır. Bunun səbəbi odur ki, doğulan körpə səseşitmə qabiliyyəti hələ formalaşmamış mobil telefonun musiqisinə alışdırılır. Analar sanki mobil telefonun musiqisini layla əvəzinə körpələrinə "dinlətdirirlər".  Mənim analara məsləhətim budur ki, uşağın əsas  inkişafını, onun sağlamlığını hər yaş dövründə diqqətdə saxlasınlar.

Təəssüf ki, bu gün mobil telefonlar hətta körpələrə, bağça yaşlı uşaqlara oyuncaq kimi verilir. Artıq 3-4 yaşlı uşaqlar mobil telefonda oyunlar oynamağı, 5-6 yaşlı uşaqlar isə mobil telefonla çətinlik çəkmədən müxtəlif saytlara daxil olmağı bacarır və əksər vaxtda da lazımsız bilgilərə sahib olurlar.

Valideynlər mobil telefonun zərərli olması ilə bağlı maariflənməlidirlər. Kiçik uşaqların mobil telefondan istifadə etməsinin ən təhlükəli cəhəti odur ki, kosmosdan ötürülən dalğaların sürəti insan qulağından keçərək beyin hüceyrələrinə birbaşa təsir edir. Adi bir təsir, hüceyrənin özünün tərpənməsi, öz oxundan çıxması sinir pozğunluğuna gətirib çıxara bilir.

Mobil telefonların öz-özünə qızması, əldə partlaması, yanması  hadisələrinə də məişətdə təsadüf edilib. Mobil telefon gələn zəngləri qəbul edərkən müəyyən elektromaqnit şüalanması baş verir ki, bu cür hadisələr körpə uşaqların kövrək orqanizminə mənfi təsir edir. Beyin şişlərinin əmələ gəlməsinə, funksional pozğunluqlara, sinir-əsəb xəstəliklərinə uşaqlar daha həssasdırlar. Uşaq qavradığını, eşitdiyini təbii yolla, səs telləri ilə qəbul etməlidir.

Uşaqlarımızı mobil telefonların mənfi fəsadlarından vaxtında qorumasaq, 10-15 il sonra o fəsadların törətdiyi nəticə ilə üzbəüz qalacağıq.

Mobil telefonla uzun-uzadı danışmaq, oyun oynamaq uşaq orqanizmini zəiflədir, beyin qan dövranında disfunksiyalara səbəb olur, sinir sistemində pozuntular yaradır. Buna görə də valideynlər uşaqlarının mobil telefona sərf etdiyi müddətə ciddi nəzarət etməli, onların sağlamlığının qayğısına qalmalıdırlar.

Mobil telefonlardakı ən böyük təhlükə hər an insanın yanında olması və qulağa yaxın tutarkən beyinə daha çox mənfi təsir etməsidir.

Mobil telefonu bədənin daxili orqanlar yerləşən hissəsində- ürəyin, böyrəyin, dalağın, qara ciyərin, ağ ciyərin üstündə  gəzdirdikdə həmin orqanların funksiyası tədricən pozulur.

Uşağın mobil telefonla oyun müddəti ən çoxu 30 dəqiqəni keçməməlidir. Çünki mobil telefonla cəmi 6 dəqiqədən artıq danışdıqda qulaq və beyin toxumalarında isinmə əmələ gəlir və bu da güclü baş ağrılarına zəmin yaradır.

Ona görə də uşaqları mümkün qədər bu təhlükələrdən uzaq tutmaq məsləhətdir. Çünki mobil telefonlardan istifadə hələ inkişaf etməmiş uşaq toxumalarına böyüklərdən 10 dəfə çox mənfi təsir göstərir. Mən bir pediatr kimi 21 illik təcrübəmə əsaslanıb uşaqları  mobil telefonlardan uzaq tutmağı, ciddi zərurət olmadığı halda ondan istifadə etməməyi məsləhət görürəm.

 

Ellada UMUDLU

 

Azərbaycan müəllimi.- 2013.- 20 dekabr.- S.12