"Qəhrəmanlar unudulmur"

 

 Dekabrın 18-də Bakıdakı 19 nömrəli tam orta məktəbdə Azərbaycan Milli Qəhrəmanlarının əziz xatirəsinə həsr olunmuş "Qəhrəmanlar unudulmur" mövzusunda ədəbi-bədii tədbir keçirildi. Tədbirdə məktəbin müəllim-şagird kollektivi, qonaqlar iştirak edirdilər. Öncə Azərbaycan Respublikasının Dövlət himninin sədaları altında Dövlət bayrağı səhnəyə gətirildi.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Məmməd Qənbərov Azərbaycanın bütövlüyü və azadlığı uğrunda canından keçən Milli Qəhrəmanların daim ürəklərdə yaşadığını və qədirbilən xalqımız tərəfindən dərin hörmət və ehtiramla anıldıqlarını nəzərə çatdırdı. Direktor təhsil ocağında şagirdlərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi diqqət yetirildiyi və belə tədbirlərin ənənəvi hal aldığını bildirdi. Məktəbin şagirdlərindən 9 nəfərinin Qarabağ müharibəsində şəhid olduğunuonlardan bir nəfərinin- Fəxrəddin Nəcəfovun isə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldüyünü iştirakçıların diqqətinə çatdırıldı. Bildirildi ki, ümummilli lider Heydər Əliyevin ideyaları əsasında formalaşan müstəqil Azərbaycanın güclü ordusu var və ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ordu quruculuğu daim diqqət mərkəzində saxlanılır, hərbi potensial gücləndirilir. Son vaxtlar keçirilən  hərbi paradlar Azərbaycan ordusunun güclü bir ordu olduğunu bir daha sübut etdi.  İşğal olunmuş torpaqlarımızın azad olunacağına əminliyini bildirən direktor şagirdlərə vətənpərvər olmağı və dövlətimizin rifahı naminə yüksək bilik və bacarıqlara yiyələnməyi tövsiyə etdi.

Tədbirdə çıxış edən Nəsimi rayon Fövqəladə HallarMülki Müdafiə şöbəsinin nümayəndəsi Elgiz Paniyev, 19 nömrəli məktəbin gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, Qarabağ müharibəsi veteranı Cabir Kərbəliyev bildirdilər ki, vətənimizin igid  övladları Azərbaycanın  müstəqilliyi və torpaqlarımızın müdafiəsi uğrunda mərdliklə vuruşaraq şəhid olublar. Şəhidlik zirvəsinə ucalan qəhrəmanlar heç vaxt ölmürlər, onlar həmişə ürəklərdə yaşayırlar.

Tədbirdə şagirdlərin ifasında şeirlər və mahnılar səsləndirildi.

 

Niyazi RƏHİMOV,

"Azərbaycan müəllimi"

      

Azərbaycan müəllimi.- 2013.- 20 dekabr.- S.13.