Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət

Universitetinin 90 illik yubileyi qeyd olundu

  

Dekabrın 19-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib.

Yubiley mərasimində Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev, Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Bahar Muradova, Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov, Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru Timuçin Əfəndiyev və digər ali məktəb rektorları iştirak ediblər.

İlk öncə ADMİU-nun 90 illik yubileyinin keçirilməsi və universitet əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları oxunub.

ADMİU-nun rektoru Timuçin Əfəndiyev mərasim iştirakçılarını salamlayıb və rəhbərlik etdiyi ali məktəbin 90 illik yubileyinin təşkilində əməyi olan hər kəsə təşəkkürlərini çatdırıb.

Azərbaycan  Respublikasının təhsil naziri Mikayıl Cabbarov  90 illik yubiley münasibəti ilə ADMİU-nun kollektivini  təbrik  edib,  təhsil  müəssisəsinin  daha  böyük uğurlar  qazanacağına  əminliyini  bildirib.

Nazir Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təltif olunmuş və Təhsil Nazirliyinin Fəxri fərmanına, eləcə də "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülmüş universitet əməkdaşlarını təbrik edib.

Yubiley münasibəti ilə təbriklərini çatdıran mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev ADMİU-nun səmərəli fəaliyyəti sayəsində ölkəmizin mədəniyyət müəssisələri üçün ixtisaslı mütəxəssislərin hazırlandığını nəzərə çatdırıb.

Sonra çıxış edən Avropa  İncəsənət Universitetləri Liqasının (ELİA) baş direktorunun müavini Şelte van Ruyten, Moskva Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Tatyana Kuznetsova, Türkiyənin Harran Universitetinin rektoru İbrahim Xəlil Mutlu, Gürcüstan İncəsənət Universitetinin rektoru Levon Xetakuri, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov və Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov ADMİU-nun kollektivini təbrik edib, təhsil müəssisəsinə gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayıblar.

Sonda ADMİU-nun kollektivi adından ölkə Prezidenti cənab İlham Əliyevə ünvanlanmış müraciət oxunub.

Daha sonra isə yubiley mərasimi bədii hissə ilə davam etdirilib.

 

Azərbaycan müəllimi.- 2013.- 20 dekabr.- S.9.