Azərbaycan
Respublikasının təhsil naziri
Mikayıl Cabbarovun məruzəsi
Hörmətli qurultay
iştirakçıları!
Əziz qonaqlar!
Xanımlar və cənablar!
Azərbaycan
Respublikasının Təhsil Nazirliyi adından, ölkəmizin
bütün təhsil işçiləri adından sizi ürəkdən
salamlayır, hörmət və ehtiramımı bildirir, ən
xoş arzularımı yetirirəm.
Bu gün biz bu
möhtəşəm saraya - müasir Bakının rəmzlərindən
birinə çevrilən və dahi Heydər Əliyevin
adını daşıyan Mərkəzə Azərbaycan
müəllimlərinin XIV qurultayına
toplaşmışıq. Qurultayın
keçirilməsi üçün müasir dünya
memarlığının incisi sayılan bu məkanın
seçilməsi müstəqil dövlətimizin memarı və
qurucusu Heydər Əliyev şəxsiyyətinə Azərbaycan
müəllimlərinin dərin hörmət və
ehtiramının ifadəsidir. Öz quruluşu ilə
zamanın davamlılığını, həyatın
əbədiliyini təcəssüm etdirən, keçmişlə
gələcəyin vəhdətini bildirən, ağ rəngdə
olması ilə aydın gələcəyi simvolizə edən
bu Mərkəzdə dünənimizdən bu
günümüzə, bu günümüzdən sabahımıza bir mənəvi körpü rolunu oynayan təhsil
sisteminin mövcud durumunu dəyərləndirəcək,
qloballaşan dünyada təhsilimizin gələcək
inkişaf yollarını, yeni strateji istiqamətləri və
qarşıda duran başlıca hədəfləri birgə
müzakirə edəcəyik.
Hörmətli qurultay
iştirakçıları!
Düz 107 il bundan
qabaq, 1906-cı ildə Bakıda Həbib bəy Mahmudbəyovun
rəhbərlik etdiyi rus-Azərbaycan məktəbində Azərbaycan
müəllimlərinin I qurultayı keçirilmişdir. Qurultayın işində Həsən bəy Zərdabi,
Nəriman Nərimanov, Əli bəy Hüseynzadə, Əhməd
bəy Ağaoğlu, Firidun bəy Köçərli,
Üzeyir bəy Hacıbəyli, Süleyman Sani Axundov kimi o
dövrün tanınmış maarifçi ziyalıları
iştirak etmişlər. XX əsrin əvvəllərində
maarifçilik ideyaları ətrafında birləşən
bu böyük ziyalıların istiqlal mübarizəsi Azərbaycan
Xalq Cümhuriyyətinin yaranması ilə nəticələndi.
Qısa ömür
sürməsinə baxmayaraq, milli dövlətçilik
ideyaları xalqımızın qəlbində möhkəm
kök saldı, onu daim irəliyə, dövlətçiliyin
əsaslarının qurulmasına istiqamətləndirdi. Bu tarixi missiyanı, yəni hər bir xalqın
öz inkişafında arzulaya bildiyi ən yüksək və
müqəddəs məqsəd - müstəqil dövlətin
qurulması və onun ən çətin sınaqlardan
keçirilərək möhkəm bünövrə üzərində
bərqərar olunması missiyasını ulu öndərimiz
Heydər Əliyev şərəflə yerinə yetirdi. Onun siyasətini layiqincə davam etdirən İlham
Əliyev cənabları qısa müddət ərzində
ölkəmizi inanılmaz şəkildə dəyişdirməyə
nail oldu və dövlətimizi ən uca zirvələrə
qaldırdı. Cənab Prezidentin andiçmə mərasimində
söylədiyi "Azərbaycan öz tarixində heç
vaxt bugünkü kimi güclü
olmamışdır" sözlərini istənilən sahədə
əyani olaraq görürük və hiss edirik.
İlham
Əliyevin ölkəyə rəhbərliyi dövründə
həyata keçirdiyi düşünülmüş və
uzaqgörən daxili və xarici siyasət, iqtisadi sahədə
aparılan məqsədyönlü və ardıcıl
islahatlar müstəqil Azərbaycanı siyasi və iqtisadi
baxımdan sabit, davamlı inkişaf edən dövlət, beynəlxalq aləmdə etibarlı tərəfdaş,
regionda lider ölkə kimi tanıtmışdır.
Ölkədə
siyasi sabitlik və məqsədyönlü islahatlar prosesi
misilsiz iqtisadi artımla müşayiət olunmuş, sosial həyatın
hər bir sahəsində tərəqqiyə güclü təkan
vermişdir.
Son 10
ildə aparılan sosialyönümlü islahatlar nəticəsində
müasir tələblərə cavab verən infrastruktur layihələri
həyata keçirilmiş, yüksək standartlara cavab verən
təhsil, səhiyyə, mədəniyyət və idman obyektləri
inşa edilib istifadəyə verilmişdir. Bu nailiyyətlər ölkədə
sosial sfera - o cümlədən təhsil sahəsində əsaslı
islahatların aparılmasına təkan vermiş, onun
davamlı inkişafına stimul yaratmışdır.
Lakin həyat yerində
durmur, dünya hər gün dəyişir, inkişaf edir. Bu dəyişikliklərlə
hər zaman ayaqlaşmaq, onlardan geri qalmamaq üçün
üzərimizdə hər gün çalışmalı,
böyük zəhmət hesabına qazandığımız
nailiyyətlərin qorunub saxlanılmasını və
geridönməzliyini təmin etməliyik.
Bu
baxımdan Azərbaycan Respublikasının dövlət
bayrağındakı rənglərin
daşıdığı məna və onların yuxarıdan
aşağı yerləşmə
ardıcıllığı ilə bu gün təhsil
sistemimizin qarşısında duran əsas hədəflərin
prioritetliyi arasında müəyyən bir paralelliyi
müşahidə etmək
olar: təhsil sisteminin yetişdirdiyi vətəndaş,
ilk növbədə, öz köklərinə bağlı və
milli mənsubiyyəti ilə fəxr edən vətənpərvər,
dərin biliyə malik müasir baxışlı və
mütərəqqi insan, öz xalqının adət-ənənələrinə
və mənəvi dəyərlərinə sadiq bir
şəxs olmalıdır.
Bu bir reallıqdır
ki, müasir dövrdə ölkələrin inkişafı
yalnız təhsil vasitəsilə əldə edilə bilər.
Dünya təcrübəsi göstərir ki, istənilən
dövlətin inkişaf səviyyəsini ölkənin təbii
sərvətlərinin bolluğu deyil, bu sərvətlərin
yüksək potensiala malik insan kapitalına çevrilməsi təmin edir.
Bu baxımdan Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
böyük uzaqgörənliklə dediyi: "Biz maddi dəyərlərimizi,
iqtisadi potensialımızı insan kapitalına çevirməliyik.
Neft, qaz Tanrıdan verilən böyük nemətdir, biz bundan
uğurla və məharətlə istifadə edirik. Amma gec-tez bu təbii sərvətlər tükənəcək və bilik,
zəka, səviyyə isə ölkəmizin dayanıqlı
inkişafını uzun illər
bundan sonra da təmin edəcəkdir. Ən inkişaf
etmiş ölkələrin təcrübəsinə baxsaq görərik ki, o ölkələrin
inkişafında ən aparıcı rol oynayan neft, qaz
deyil, bilikdir, elmi-texniki tərəqqidir, yeni
texnologiyalardır," - konseptual fikrinin əsasında da məhz
həmin tələb, müasir təhsil sisteminin yetişəcəyi
əsas strateji hədəf dayanır.
Ölkədə
aparılan təhsil islahatlarına və təhsilin
inkişafına öz layiqli töhfələrini vermiş Heydər Əliyev Fondunun
prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım
Əliyevanın bu yaxınlarda Azərbaycanın YUNESKO-ya
üzv qəbul
olunmasının 20 illiyi münasibətilə Parisdə
keçirilən mərasimdə
söylədiyi: "Son 20 ildə biz ölkəmizdə təhsil
sisteminin inkişafına və müasirləşdirilməsinə
xüsusi diqqət yetirmişik.
Biz dərindən inanırıq ki, yalnız
yüksək səviyyəli təhsilə malik olan ölkə uğurlar əldə edə
və xalqı üçün daha yaxşı həyat keyfiyyətini
təmin edə bilər" - sözlərinin təməlində
də yüksək intellektə malik insan kapitalının
yetişdirilməsini təmin etmək
üçün beynəlxalq standartlara uyğun müasir təhsil
sisteminin qurulmasının vacibliyi ideyası durur.
İnanırıq ki, Heydər Əliyev Fondunun təşəbbüsü
ilə təhsil sistemində gerçəkləşdirilən
irimiqyaslı layihələrin davamı olaraq YUNESKO və Azərbaycan
hökuməti arasında bu il iyulun 18-də təhsil, elm,
mədəniyyət və
kommunikasiya sahəsində əməkdaşlığa
dair Çərçivə Sazişinin imzalanması Azərbaycanda
təhsil sahəsində aparılacaq islahat prosesində yeni mərhələnin başlanmasına güclü təkan
verəcəkdir.
Bildiyiniz kimi, Azərbaycan
iqtisadi sahədə keçid dövrünü başa
vurduğundan ölkəmizin qarşıdakı illərdə
sosial-iqtisadi və mədəni inkişaf yollarını
müəyyənləşdirən "Azərbaycan 2020: Gələcəyə
baxış" İnkişaf Konsepsiyası
hazırlanmış və dövlət
başçısının 29 dekabr 2012-ci il tarixli Sərəncamı
ilə təsdiq edilmişdir. Həmin
tarixi sənəddə ənənəvi iqtisadiyyatdan
"bilik iqtisadiyyatı"na keçidin əsasının
qoyulması, bunun üçün həlledici amil olan insan
kapitalının adekvat
inkişafının ön plana çəkilməsi nəzərdə
tutulmuşdur. Bu, təhsil sisteminin də kökündən dəyişdirilməsinə,
əlavə təhsil, ömürboyu təhsil kimi komponentlərin əhəmiyyətinin
artırılmasına gətirib çıxarır. Eyni
zamanda İKT və virtual tədrisin, kompüter şəbəkə
biliklərinin rolunun artırılmasını nəzərdə tutur. Başlıca strateji məqsədi
davamlı iqtisadi artım və sosial rifah olan Konsepsiyada təhsildə
keyfiyyətin yüksəldilməsi və müasir təhsil
sisteminin qurulması da əsas strateji
istiqamətlərdən biri kimi ön plana çəkilmişdir.
Hörmətli qurultay iştirakçıları!
Ölkəmizin
İnkişaf Konsepsiyasından irəli gələrək
dövlət başçısının yeni prezidentlik
müddətində ilk imzaladığı sənədlərdən
biri "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası"
olmuşdur. Sənədin missiyası ölkəmizin modernləşdirilməsi
üçün zəruri olan insan kapitalını inkişaf
etdirmək və bununla Azərbaycanın beynəlxalq rəqabət
qabiliyyətini yüksəltməkdən ibarətdir. Strategiya təhsil sahəsində aparılacaq
islahatların başlıca istiqamətlərini müəyyənləşdirir,
Azərbaycan təhsilinin XXI əsrin
çağırışlarına uyğun inkişaf
üfüqlərini özündə ehtiva edir və təhsilin
bütün pillələrində keyfiyyətcə yeni mərhələyə
başlamağı - "qara qızılı insan
qızılına çevirək" fəlsəfəsini
qarşımıza əsas vəzifə kimi qoyur.
Bu sənəd təhsil
ilə bağlı olan bütün subyektləri və fəaliyyət
sahələrini əhatə edir. Bu əhatəlilik
həmçinin Azərbaycanın gələcək
inkişafının davamlı xarakter alması
üçün peşəkar bilik və bacarıqlara yiyələnən
və rəqabətədavamlı insan resurslarının
yetişdirilməsi missiyasına xidmət edir, Azərbaycan təhsilinin
yeni keyfiyyət mərhələsinə keçidi
istiqamətində genişmiqyaslı tədbirlərin həyata
keçirilməsini nəzərdə tutur. Dövlət
Strategiyasında təhsilin keyfiyyətinin
yaxşılaşdırılması, təhsili idarəetmə
sisteminin yenidən qurulması, kadr
hazırlığının gücləndirilməsi, müəllim
peşəsinin nüfuzunun artırılması, müəllimin
karyera inkişafı və fəaliyyətinin
stimullaşdırılması, müasir təfəkkürlü
Azərbaycan vətəndaşının yetişdirilməsi
əsas hədəflər kimi götürülür.
Düşünürəm
ki, Strategiyanın reallaşdırılması təhsilin məzmununun
mənimsənilməsini təmin edən səriştəli təhsilverənlərin
formalaşdırılmasına, təhsildə nəticələrə
görə cavabdeh, şəffaf, səmərəli tənzimləmə
və idarəetmə mexanizmlərinin, müasir tələblərə uyğun və
ömürboyu təhsili təmin edən təhsil
infrastrukturunun yaradılmasına zəmin yaradacaqdır. Bu sənəd həmçinin, ölkəmizin
modernləşməsi üçün zəruri olan insan
kapitalının inkişaf etdirilməsinə, təhsil
infrastrukturunun Azərbaycanın perspektiv inkişaf
konsepsiyasına uyğun yenidən qurulmasına imkan verəcək,
ölkədə biliklərə əsaslanan iqtisadiyyatın və
informasiya cəmiyyətinin təşəkkülünü,
davamlı inkişafını təmin edəcəkdir. Bu sənəddə
biz bilik cəmiyyətinin, kreativ təhsil düşüncəsinin,
hədəfləri ölçülə bilən fəaliyyət
çərçivəsinin və yeni təhsil fəlsəfəsinin
ana xətlərini görə bilərik. Burada əsas ehtiva
olunan dəyər odur ki, təhsil dövlət siyasətimizin
əsas prioritetinə çevrilir. Bu baxımdan Strategiyanın
icrası istiqamətində Təhsil Nazirliyi bütün
maraqlı tərəflərlə, hədəf qrupları ilə
faydalı əməkdaşlıq əlaqələri yaratmaq
niyyətindədir. Strategiyada nəzərdə tutulan hədəflərə
nail olunması prosesində birgə iş aparılmalı və
problemlərin həlli yolları birgə
araşdırılmalıdır.
Strategiyanı
reallaşdıran əsas vasitə kimi "Açıq təhsil"
modelinin qurulması və tətbiqi nəzərdə tutulur.
Bu model aşağıdakı konseptual yanaşmalar üzərində
qurulacaq:
* Məzmunda - dərs
və dərsdənkənar fəaliyyətin inteqrasiyası təmin
ediləcək;
* Müəllim - təhsil prosesinin istiqamətləndiricisi
və koordinatoru rolu oynayacaq;
* Əlyetərlilik - hamıya ömürboyu təhsil
almaq üçün imkanlar və zəruri infrastruktur
yaradılacaq;
* İdarəetmədə - tənzimləmə və əməliyyat
funksiyaları bir-birindən ayrılacaq, idarəetməyə
onun nəticələrində maraqlı olan bütün tərəflər
cəlb olunacaq və ən əsası, nəticələrə
görə cavabdehlik prinsipi işə salınacaq;
* Maliyyələşdirmədə - maliyyələşdirmənin
dayanıqlı və adekvat olmasını təmin edən səmərəli
və nəticəyönlü yeni model qurulacaq;
* İnfrastrukturda - elektron təhsil
üçün geniş imkanlar yaradılacaqdır.
Strategiyanın birinci istiqaməti səriştəyə
əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun
yaradılmasını və təhsilin bütün pillələri
üzrə kurikulumların inkişafı kimi vacib hədəfi
əhatə edir. Tədris proqramı
vaxtaşırı yenilənməli olan bir sistemdir. Bu xüsusilə də sürətlə dəyişən
bir dünyada daha mühümdür. Məktəb
proqramları şagirdlərimizə elmlərin əsasını
dərindən öyrənməyə və məktəbdə
aldıqları bilikləri həyatda işlətməyə
kömək etməlidir. Təhsilin məzmunu
uşaqlarımızda dərrakəni inkişaf etdirməyə,
hadisələrin səbəblərini dərk etməyə və
düzgün qərar qəbul etmək bacarıqları
aşılamağa xidmət etməlidir. Müasir
dünyanın tələbi olaraq gənc yaşlarından
başlayaraq qrup tapşırıqlarının verilməsinə
də xüsusi yer ayrılmalıdır.
Xüsusi diqqət xarici dillərin və
dəqiq elmlərin tədrisinə verilməli, bu fənlərə
ayrılan saatlar artırılmalıdır. İbtidai təhsil səviyyəsində məntiqli
düşüncə, ümumi savad və həyati vərdişlərin
öyrədilməsi əsas xətt kimi qoyulmalı, ana dilinin
və riyaziyyatın tədrisinə böyük önəm
verilməlidir. Fənn kurikulumlarının
mahiyyətinin valideynlər tərəfindən mənimsənilməsi
üçün maarifləndirmə işinin gücləndirilməsi
də böyük əhəmiyyət kəsb edir.
Növbəti tədris ilində artıq
təhsilalanların həftəlik və gündəlik dərs
yükünü azaltmaqla paralel olaraq tədris ilinin müddətinin
artırılması istiqamətində addımlar
atılacaqdır. Bunun həyata keçirilməsində əsas
məqsəd 32 həftəlik tədris ili
və 5 günlük iş rejimi şəraitində
şagirdlərin həddən artıq yüklənməsinin
qarşısını almaq, 3 ay yarım tədrisdən
ayrılmanın onların akademik davamiyyətinə mənfi təsirini
azaltmaq, şagirdlərin sağlamlığının
qorunmasını təmin etmək, ən başlıcası
isə tədris prosesinin optimallaşdırılmasını
və səmərəli təşkilini təmin etməkdən
ibarətdir. Həmçinin, yuxarı siniflərdə
məcburi və seçmə fənlər modelinin tətbiqi
nəzərdə tutulur. Bu modelin yuxarı siniflərdə
tətbiqi şagirdlərin meyil və maraqlarının nəzərə
alınmasına və ali məktəbə
hazırlaşmalarına kömək etmək məqsədi
güdür.
Təmayüllü məktəb və
siniflərin yaradılması istiqamətində işlərin
daha da genişləndirilməsi nəzərdə tutulur,
şagird və valideynlərə tam orta təhsil səviyyəsində
- təmayülləşmə və ya ümumi təhsil
proqramı çərçivəsində qalmağa
seçim imkanı yaradılacaqdır.
12 illik ümumi təhsilə keçid
kurikulumların yenilənməsinə və tam orta təhsil səviyyəsində
təlimin profilləşməsinə təkan verəcəkdir,
təmayüllü məktəb və siniflər şəbəkəsi
uşaqların gələcək əmək fəaliyyətinin
sahəsinin seçilməsinə kömək göstərəcəkdir.
Eyni zamanda, biz pedaqoji təlimi təhsilin
ikinci əsas funksiyasından - tərbiyədən
ayırmamalıyıq, uşaqlarımızı erkən
yaşdan düzgün - saf və təmiz tərbiyələndirməliyik. Birinci sinifdən şagirdlərdə mərdlik, məsuliyyət,
yoldaşlıq, Vətənə məhəbbət, millətə,
xalqa bağlılıq kimi keyfiyyətlər
aşılanmalıdır. Şagirdlərin
mənəvi aləmi bu keyfiyyətlər üstündə
qurulduğu zaman müəllim bir tərbiyəçi kimi
öz məqsədinə çatmış hesab oluna bilər.
Uşaqların tərbiyəsinə onların
böyüdüyü mühitin, ətrafdakı insanların
və xüsusilə ailənin böyük təsiri
vardır. Ona görə də təhsilin
məzmunu onların bir cəmiyyətdə, bir-birinə
qarşılıqlı hörmət və dəstək
formasında inteqrasiya edilməsinə yardım etməli, məktəbi
"sosial lift" funksiyasını yerinə yetirməyə
sövq etməlidir. Məktəbdə
uşaqlar yalnız biliyinə görə fərqləndirilməlidir.
Şagirdlərin marağının
artırılması və dünyagörüşünün
inkişafını təmin etmək məqsədilə məktəbdənkənar
müəssisələrin işi də mütləq
yaxşılaşdırılmalıdır. Bu sahədə olan vəziyyət bizi qətiyyən
qane etmir.
Təhsilin məzmununun təkmilləşdirilməsindən
söhbət getdikdə dərslik mövzusuna toxunmamaq olmaz. Əvvəlki illərdə də olduğu kimi, indi
də yaxşı dərs vəsaitlərinə və metodik ədəbiyyata
böyük ehtiyacımız vardır. Təhsilin
səviyyəsi xeyli dərəcədə bunların keyfiyyətindən
və məzmunundan asılıdır. Problemi
həll etmək üçün onun kökünə varmaq
lazım gəlir. Kökü isə müəllifdir,
daha doğrusu, müəlliflərin az
olmasıdır. Təhsil Strategiyasında
kurikuluma əsaslanan yeni dərsliklərin yaradılması,
şagird və müəllimlərin müvafiq dərslik
seçiminin təmin olunmasına böyük diqqət
ayrılır. Eyni zamanda, müasir tələblər
təhsilverənlər qarşısında təkcə dərsliyin
məzmununun təhsilalanlar tərəfindən mənimsənilməsini
deyil, həmçinin və bəlkə də daha vacib -
lazımi bilikləri necə və haradan əldə etmək
yollarını onlara öyrətməyi tələb edir.
Ona görə də dərsliklərlə
yanaşı, təfəkkürün və şəxsiyyətin
inkişafına yönəlmiş, yeni kurikulum və
informasiya-kommunikasiya texnologiyaları əsasında təhsilverənlər
üçün təlim metodologiyaları, metodiki vəsaitlər,
didaktik materiallar və digər təlim vasitələrinin
hazırlanmasını stimullaşdıran mexanizmlər də
yaradılmalıdır.
Tərəfimizdən dərsliklərin
keyfiyyətini yüksəltmək məqsədi ilə dərslik
müəlliflərinə kurikulumun tələblərinin dərindən
öyrədilməsinin təşkili nəzərdə
tutulmuşdur. Bu işin əsas məqsədi
kurikulumun əsas tələblərinin, standart və
alt-standartların dərsliyin məzmununa çevrilməsi
yollarının öyrədilməsi, dərsliklərin qiymətləndirilməsi
meyarlarının izah edilməsindən ibarətdir.
İkinci strateji istiqamət təhsil sahəsində
insan resurslarının müasirləşdirilməsini nəzərdə
tutur. Bu istiqamət innovativ təlim
metodlarını tətbiq edən, təhsilin məzmununun səmərəli
mənimsənilməsini təmin edən səriştəli təhsilverənin
formalaşdırılmasına xidmət edir.
Heç bir təhsil sisteminin gücü onun tərkibində
fəaliyyət göstərən müəllimlərin
gücündən üstün ola bilməz.
Təhsildə olan qüsurların əsas səbəblərindən
biri pedaqoji heyətin xeyli hissəsinin hələ də kifayət
qədər ixtisaslı olmamasından irəli gəlir. Son 20 ildə, ildən-ilə artan templə məktəblərə
çoxlu sayda yeni, təcrübəsiz və bəzi hallarda
kifayət qədər pedaqoji təhsili olmayan təhsilverənlər
gəlmişdir. Hətta onların
arasında saxta diplomlarla işləyənlərə də
rast gəlinir. Bir tərəfdən bunun kökü
müəllim peşəsinin çətin və ağır
olması ilə yanaşı, az
maaşlı olduğundan cəmiyyətdə öz cəlbediciliyini
itirməsi və nəticədə savadlı gənclərin
özləri üçün daha perspektivli olan başqa
peşələri seçməsi olmuşdursa, digər tərəfdən
ali təhsil müəssisələrinə mövcud qəbul
qaydalarının müəllim peşəsi üçün
ən aşağı bal ilə qəbul olunmaq imkanı
yaratdığından çox aşağı bilik səviyyəli
insanların bu ixtisasa axınını
stimullaşdırmışdır.
Hazırda müəllim
hazırlığı sistemində paradoksal vəziyyət
yaranmışdır. Təkcə ali təhsil
müəssisələrinin hazırladıqları pedaqoji
kadrların sayı onlara olan real tələbatı 3 dəfə
üstələyir. Bunun üstünə kollecləri
də əlavə etsək, sistemin nə qədər qeyri-səmərəli
çalışdığını aydın görə
bilirik. Ona görə də mövcud vəziyyəti
dözülməz hesab edərək, pedaqoji kadr
hazırlığı məsələlərinə xüsusi
diqqət ayrılmasını, bu sahədə nəticələri
davamlı olaraq aşağı olan təhsil müəssisələrinin
fəaliyyətinin dayandırılmasını vacib
sayırıq.
Müəllim peşəsinin ictimai
nüfuzunun artırılması, onun yüksək maddi və
mənəvi motivasiyası, pedaqoji təhsilə istedadlı gənclərin
cəlb olunması - bunlar islahatların uğurla həyata
keçirilməsi üçün ən vacib amillərdir. Müəllim sənətinə
istedadlı gənclərin cəlb edilməsi məqsədi ilə
dövlət sifarişinin imkanlarından səmərəli
istifadə olunması, tələbə dövründən
başlayaraq maddi stimullaşdırma mexanizmləri işə
salınmalıdır.
Təhsil sisteminin keyfiyyət göstəricilərinin
kəskin yaxşılaşdırılmasını təmin
etmək məqsədi ilə biz mövcud müəllim
korpusunun təkmilləşdirilməsi ilə eyni vaxtda bu
gün müəllim kimi fəaliyyət göstərməyən,
lakin müvafiq bilik və səriştəyə malik olan
peşəkarların və elm mütəxəssislərinin təhsil
sektoruna cəlb edilməsinə nail olmalıyıq. Bu məqsədlə Təhsil Nazirliyi onlar
üçün pedaqoji hazırlıq kursları təşkil
etməyə hazırdır.
Müəllim hazırlığında
başlıca strategiya fənn biliklərinin mənimsənilməsindən
daha çox tələbələrin peşəuyarlığına,
pedaqoji ustalığın inkişafına, zəruri
kompetensiyaların formalaşdırılmasına, müasir təlim
metodlarının mənimsənilməsinə yönəldilməlidir.
Təhsilin keyfiyyətini yüksəltmək
üçün pedaqoji-metodiki bacarıqları, fənn
üzrə bilikləri artırmaq, innovativ təlim
metodologiyasının və resursların mənimsənilməsi
üçün hər bir müəllimi ixtisasartırma tədbirlərinə
cəlb etmək lazımdır.
Paralel olaraq müəllimlərin peşəkarlıq
səviyyəsinin könüllü əsaslarla
yoxlanılması nəzərdə tutulur. Keçiriləcək könüllü attestasiya nəticəsində
uğur əldə edən müəllimlərə
aldıqları dərəcələrə görə
diferensiallaşdırılmış əməkhaqqının
verilməsi təmin ediləcək, attestasiyadan keçməyən
müəllimlər üçün isə təlimlər təşkil
ediləcək, növbəti attestasiyaya hazırlaşmaq
üçün imkan yaradılacaqdır.
Müəllimin karyera inkişafı və
fəaliyyətinin stimullaşdırılması üzrə
yeni sistemin yaradılması üçün müvafiq
addımlar atılacaq, pedaqoji fəaliyyətinin qiymətləndirilməsindən
sonra onun maddi motivasiya və vəzifə yüksəlişinin
təmin olunması üzərində işləmək
lazım gələcəkdir.
Üçüncü strateji istiqamət
təhsildə nəticələrə görə cavabdeh,
şəffaf və səmərəli idarəetmə mexanizmlərinin
yaradılmasını nəzərdə tutur. Müasir təhsili idarəetmə strukturunda tənzimləmə
və əməliyyat funksiyaları ayrılmalı,
akkreditasiya, sertifikatlaşdırma və peşə təhsili
üzrə yeni idarəetmə strukturları
yaradılmalı, təhsil müəssisələrinin
sayı və növləri rasionallaşdırılmalı, pillələr
və səviyyələr üzrə təhsilin strukturu təkmilləşdirilməlidir.
Bu istiqamət üzrə ilk
addımımız hazırkı məktəb direktorları və
məktəb direktoru olmaq arzusunda olan digər şəxslər
üçün müasir peşə standartları əsasında
təlimlərin təşkili olacaqdır. Təlimi uğurla bitirən və imtahanda yüksək
nəticə göstərib keyfiyyət sertifikatı
almış şəxslər məktəb direktoru təyin
olunacaqlar. Bu kateqoriyadan olan məktəb
direktorlarının əməkhaqqına əlavələr təyin
ediləcəkdir. Nəticə etibarilə
müasir idarəetmə, hesabatlılıq və məsuliyyətin
bölüşdürülməsi prinsiplərinin tətbiq
edilməsi yolu ilə məktəblərin idarə edilməsində
şəffaflığın və aşkarlığın
artırılmasını təmin etmiş olacağıq.
Tənzimləmə və idarəetmə
funksiyalarını həyata keçirən dövlət
qurumlarının səlahiyyət və məsuliyyət dairəsinin
yenidən müəyyənləşdirilməsinə ehtiyac
duyulur. Hesab edirik ki, yerli qurumlar passiv
müşahidəçi rolundan idarəetmə
funksiyalarını tam olaraq öz əllərinə
almalı, məktəblərdəki vəziyyətlə,
kadrların yerləşdirilməsi, tədris prosesi ilə
gündəlik maraqlanmalı, lazımi dəstək göstərməlidirlər.
Təhsil müəssisələrinin
özünüidarəolunmasına, ilk növbədə, məsuliyyəti
dərketmə prizmasından yanaşılmalı, bu prosesə
yalnız və yalnız müəssisənin fəaliyyətinin
obyektiv parametrlərə uyğunluğu təsdiqləndikdən
sonra başlanılmalıdır.
Ali təhsil müəssisələrinin
idarəolunmasının mütərəqqi prinsiplərə əsaslanan,
iqtisadi cəhətdən səmərəli və akademik
göstəricilərin yüksək olmasını təmin edən
yeni tələblər üzərində qurulmasının
vaxtı artıq gəlib çatmışdır. Bugünkü
gündə universitetlərimizin elmi kadr, zəngin təcrübə
və maddi bazasının potensialından ali
təhsildən kənarda, demək olar ki, istifadə olunmur. Diqqət yalnız qəbula yönəlmiş, gəlir
mənbəyi kimi yalnız tələbələrin təhsil
haqqı əsas götürülür. Halbuki,
dünyanın ən reytinqli təhsil ocaqlarında təhsil
haqqı onların büdcəsinin heç dörddə birini
təşkil etmir.
Qəbuldan söhbət düşdüyü
üçün Strategiyada bununla bağlı ali
və orta ixtisas təhsili müəssisələrinə qəbul
və yerləşdirmə mexanizminin təkmilləşdirilməsi,
dövlət və özəl ali təhsil müəssisələrinə
ödənişli təhsil üzrə qəbul
planının ləğv edilməsi və dövlət
sifarişinin yalnız ixtisaslar üzrə müəyyənləşdirilməsi
nəzərdə tutulmuşdur. Bizim bu məsələyə
yanaşmamız ondan irəli gəlir ki, keyfiyyətli təhsil
vermək imkanlarına, maddi-texniki şəraitlərinə,
elmi-pedaqoji heyətin potensialına görə bütün ali təhsil ocaqları - istər dövlət,
istərsə özəl, iki qrupa bölünməlidir - milli
statuslu universitetlər və adi universitetlər. Dövlət
sifarişi yalnız milli statuslu universitetlər arasında
bölüşdürülməli, eyni zamanda bura qəbul
olunmaq istəyən abituriyentlər üçün
keçid balı yüksək
olmalıdır. Adi universitetlərin keçid balı
minimal səviyyədə saxlanılmalı, eyni zamanda ödənişli
təhsil üzrə qəbul planı tədricən ləğv
edilməlidir. Bu baş verdikdə, biz yüksək reytinqə
və yaxşı təhsil vermək imkanlarına malik ali məktəblərimizi orada oxumağa layiq
olan, bilikli tələbə kontingenti ilə təmin edə
biləcəyik. Digər tərəfdən, tələb olunan
balı toplamadığı
üçün xaricə üz tutmağa ehtiyac qalmayacaq, ali
təhsil almaq istəyən və minimal tələblərə
cavab verən hər bir şəxs təhsilini vətənində
adi universitetlərdə davam etdirmək imkanı
qazanacaqdır.
Fəaliyyət göstəricilərindən
asılı olaraq ali təhsil müəssisələri
bir kateqoriyadan digərinə keçə biləcəklər.
Məlum bir faktdır ki, bugünkü
dünya rəqabət dünyasıdır. Bizim uşaqlarımızın gələcək rəqibləri
hazırda Çində, ABŞ-da, Çilidə və istənilən
digər ölkədə böyüyür. Bu o deməkdir
ki, bizim təhsil sistemimiz çevik və ömürboyu öyrənmə imkanına
malik kadrları formalaşdırmağı bacarmalıdır.
Digər tərəfdən, maddi dəyəri
olan hər bir şey uğrunda kəskin mübarizə getdiyi
kimi, dünyanın lider ölkələri arasında beyin, zəka
uğrunda da ciddi mübarizə gedir. Belə
ki, inkişaf etmiş ölkələr öz iqtisadi qüdrətini
daha da artırmaq üçün digər ölkələrdən
yüksək təhsilli və ixtisaslı peşəkarların
mühacirətini fəal surətdə təbliğ edir, bu məqsədlə
həm birbaşa proqramlarından istifadə edir, həm də
tanınmış universitetləri və transmilli
korporasiyaları buna təşviq edirlər. Bizim regiondan
söhbət açarkən, cəmi 2 gün bundan öncə
Rusiya Federasiyasının prezidenti Federal Məclisə
ünvanladığı illik müraciətində MDB ölkələrindən
olan istedadlı gənclərin Rusiyanın ali təhsil müəssisələrinə
qəbulunun asanlaşdırılması barədə tapşırıq
vermişdir. Bu tendensiyalar ildən-ilə daha da
artacaqdır. Belə vəziyyət bizim
qarşımızda yaxşı təhsilalanların vətənində
öz potensialını tam realizə etməsi və bununla
ölkənin sosial-iqtisadi inkişafına töhfə verə
bilməsini təmin edən təhsil sisteminin və təhsil
mühitinin yaradılması kimi yeni vəzifəni qoyur.
Ona görə də uşaqlarımızın,
gənclərimizin yüksək intellektə malik hissəsi
ölkəmizin gələcək elitası kimi xüsusi
qayğı ilə əhatə olunmalıdır.
Növbəti tədris ilindən başlayaraq ali təhsil müəssisələri üzrə
"SABAH" qruplarının, yəni savadlı,
bacarıqlı və hazırlıqlı tələbələrdən
ibarət qrupların təşkili üçün
seçimin aparılması nəzərdə tutulur. Bu yeniliyin məqsədi xüsusi istedadı ilə
seçilən və təhsildə göstəriciləri ilə
fərqlənən tələbələrə yüksək
keyfiyyətli təhsil almaq üçün əlverişli
şəraitin yaradılmasından ibarətdir.
Dördüncü strateji istiqamət
müasir tələblərə uyğun və ömürboyu
təhsili təmin edən təhsil infrastrukturunun
yaradılmasını nəzərdə tutur. Bu istiqamət
təhsil müəssisələrində informasiya-kommunikasiya
texnologiyaları əsaslı təlim metodologiyasına
uyğun infrastrukturun yaradılması, təhsil müəssisələri
şəbəkəsinin rasionallaşdırılması,
distant təhsil, istedadlı və xüsusi qayğıya
ehtiyacı olan uşaqlar üçün təhsil və
inkişaf, yaşlıların təhsili, peşə-ixtisas və
təhsil məsələləri üzrə məsləhət
xidmətləri göstərən regional universal mərkəzlərin,
müasir təminatlı peşə-tədris mərkəzlərinin
və komplekslərinin qurulması, kampusların
yaradılması kimi tədbirləri ehtiva edir.
Bunların arasında təhsil müəssisələrinin
şəbəkəsinin rasionallaşdırılması
üzərində ayrıca dayanmaq istərdim. Ali təhsil müəssisələrinin iriləşdirilməsi,
bir universitetdə tələbə kontingentinin azı 10-15 minə
çatdırılması təmin olunmalıdır. Rasionallaşdırma tədbirləri, eyni zamanda,
ümumi təhsil pilləsində həyata keçirilməli,
müəllim-şagird nisbəti tədricən iki dəfəyədək
artırılmalı, məktəb müəllimlərinin həftəlik
dərs yükü hazırkı 12 saatdan 18 saata
qaldırılmalıdır.
Biz resurslarımızı səpələmək
hesabına deyil, əksinə, onları güclü mərkəzlərdə
toplamaqla qısa müddət çərçivəsində
yaxşı nəticələr əldə edə bilərik.
Erkən yaşlı uşaqların məktəbəqədər
təhsillə əhatə səviyyəsi əhəmiyyətli
dərəcədə artırılmalı və yekunda 90 faiz
səviyyəsinə çatmalıdır. Bunun üçün böyük maliyyə və
pedaqoji resurslar təminatı məsələsi həll
olunmalıdır. Birnövbəli və 5
günlük rejimdə fəaliyyət göstərən
ümumtəhsil məktəb şəbəkəsinin
yaradılması üçün yeni məktəb
binalarının inşası təmin olunmaqla yanaşı, həmçinin
mövcud infrastrukturun imkanlarından tam bəhrələnməliyik.
Bütün növ təhsil müəssisələri
100 faiz İnternetlə, "ağıllı lövhə"lər
və digər müasir rəqəmsal texnologiyalarla, ümumi
orta təhsil səviyyəsində isə hər bir
şagirdin elektron dərsliklərlə yüklənmiş
kompüter-planşetlə təmin olunması
üçün hazırlıq işləri
aparılmalıdır.
Beşinci strateji istiqamət Azərbaycan
Respublikasında iqtisadi cəhətdən dayanıqlı və
dünyanın aparıcı təhsil sistemlərinin
standartları ilə eyni səviyyəyə uyğun təhsil
sisteminin maliyyələşdirilməsi modelinin qurulmasıdır. Bu istiqamət, o cümlədən müxtəlif mənbələrdən
istifadə olunmaqla təhsili maliyyələşdirmə
mexanizminin təkmilləşdirilməsini, təhsil müəssisələrinin
adambaşına maliyyələşdirilməsinə
keçidi, ödənişli təhsil xidmətlərinin
göstərilməsinin dəstəklənməsini, Təhsilin
İnkişafı Fondunun yaradılmasını nəzərdə
tutur.
Təhsil sistemi ölkənin
inkişafını müəyyənləşdirən sahə
olduğundan ən prioritetli sahələr səviyyəsində
maliyyələşdirilməlidir. Bunu
dedikdə biz yükün altında yalnız dövlətin
olduğunu başa düşməməliyik. Bu yük bütün cəmiyyət, biznes dairələri,
valideynlər, ümumiyyətlə, faydagötürənlərin
üzərinə düşür. Təbii
ki, maliyyələşdirmə xərclərində əsas və
aparıcı rolu dövlət həyata keçirir, amma beynəlxalq
təcrübə göstərir ki, düzgün yanaşma sayəsində
təhsil müəssisələrinin özünümaliyyələşdirmə
prinsiplərinin təşviqi, ödənişli təhsil xidmətlərinin
göstərilməsinin dəstəklənməsi ümumi
sistemin dayanıqlığı üçün çox
müsbət effekt verir.
Hörmətli
qurultay iştirakçıları!
Bugünkü təhsil sistemimizin
ölçülərini və əhatəsini ifadə edən
bir neçə statistik rəqəm səsləndirmək istərdim. Hazırda Azərbaycan
Respublikasının ümumi təhsil sistemində 4 min 513 təhsil
müəssisəsi, 1 milyon 288 min şagird, 151 min 538 nəfər
müəllim heyəti vardır. Ümumi müəllim-şagird
nisbəti 1:8, sinifdə orta şagird sıxlığı 16
nəfər təşkil edir. Son illər ölkəmizdə müsbət
demoqrafik dəyişikliklərin baş verməsi nəticəsində
hər il birinci sinfə gedən şagirdlərin sayı
durmadan artır, belə ki, 2013-2014-cü dərs ilində 137
mindən çox şagird ilk dəfə məktəbə qədəm
qoymuşdur. Bu rəqəm növbəti illərdə
daha da artacaq, ona görə də biz həm maddi-texniki tərəfdən,
həm pedaqoji kadr təminatı baxımından onları qəbul
etməyə və yaxşı təhsil verməyə
hazır olmalıyıq.
İlk peşə-ixtisas
təhsili pilləsində mövcud olan 108 müəssisədə
29 min 337 nəfər şagird tədris prosesinə cəlb
olunub.
Orta ixtisas təhsili
pilləsində 64 min 116 nəfər tələbə 59
müəssisədə təhsil alır.
44 mülki ali təhsil
ocağında bakalavr səviyyəsində 136 min 682 nəfər,
magistratura səviyyəsində 11 min 245 nəfər təhsil
alır.
Ötən dövrdə
Azərbaycan təhsili sahəsində
başlanılmış islahatlar bilavasitə dövlət başçısı tərəfindən
yürüdülən, ölkəmizin modernləşdirilməsinə
yönəlmiş sosial-iqtisadi siyasətlə bağlı
olmuşdur. Təhsil sahəsinə ayrılan
büdcə vəsaitlərinin ümumi həcminin əhəmiyyətli
dərəcədə yüksəlməsi nəticəsində
son 10 ildə ölkəmizdə təhsil infrastrukturunun
müasirləşdirilməsi istiqamətində önəmli
işlər görülmüş, 2700-dən çox orta məktəb
tikilmiş və ya əsaslı təmir olunmuşdur. Nəticədə
1 milyondan artıq şagirdin təlim şəraitinin
yaxşılaşdırılması təmin olunmuşdur. Bu
dövrdə təhsilin məzmunca yeniləşdirilməsinə
yönəlmiş islahatlar aparılmış, Azərbaycan təhsilinin
Avropa təhsil məkanına inteqrasiyası istiqamətində əhəmiyyətli addımlar
atılmışdır. Bununla yanaşı,
"2007- 2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı" çərçivəsində indiyədək
2612 azərbaycanlı gənc Dövlət Neft Fondu hesabına
maliyyələşdirilməklə dünyanın inkişaf
etmiş ölkələrinin tanınmış universitetlərinə
ali təhsil almağa göndərilmişdir. Nəzərə
almaq lazımdır ki, dövlət vəsaiti hesabına xaricdə
təhsil məsələsi hətta dünyanın ən zəngin
dövlətləri üçün nadir hadisədir. Hesab edirik ki, müstəqil Azərbaycan
üçün bu faktın özü əsası
ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan ənənənin
davamı kimi ölkə Prezidenti cənab İlham Əliyevin
bu addımı ölkənin gələcəyinə yönəlmiş
tarixi addım kimi dəyərləndirilməlidir.
Ötən müddətdə
təhsil sisteminin informasiyalaşdırılması sahəsində
də müəyyən nailiyyətlər
qazanılmışdır. Belə ki, bu
dövrdə təhsilin informasiyalaşdırılması sahəsində 2 Dövlət
Proqramının icrası nəticəsində 2004-cü ildə
hər 1063 şagirdə bir kompüter düşdüyü
halda, hazırda hər 18 şagirdə bir kompüter nisbəti
təmin olunmuş, məktəblərin 37 faizi İnternet
şəbəkəsinə qoşulmuşdur.
Təhsil
sistemində şəffaflığın təmin edilməsi,
müasir idarəetmə modelinin tətbiqi, kadr
potensialının səriştə və kompetensiya
baxımından gücləndirilməsi sahəsində son
yeddi ay ərzində Təhsil Nazirliyi tərəfindən bir
sıra əhəmiyyətli addımlar
atılmışdır.
Belə addımlardan biri XI sinfi bitirən 91 mindən çox
gəncin hamısına attestat almaq hüququnun verilməsi
olmuşdur.
Statistik məlumatlara əsasən
2009-2010-cu dərs ilində şagirdlərin ümumi
sayının 22 faizi, 2010-2011-ci dərs ilində 24 faizi,
2011-2012-ci dərs ilində 10,5 faizi attestat
almamışdır. Rəqəmlərlə
ifadə etsək, on minlərlə vətəndaşın
sosial həyatda aktiv iştirak etmək və ya əmək fəaliyyəti
ilə məşğul olmaq imkanları süni olaraq məhdudlaşdırılmışdır.
Ölkə Prezidentinin tapşırığı əsasında
orta məktəbləri bitirən şagirdlərin hamısına
attestatın verilməsi barədə nazirliyin təklifi
hökumət səviyyəsinə
çıxarılmış və Azərbaycan
Respublikasının Nazirlər Kabinetinin 23 may 2013-cü il
tarixli qərarı ilə qanunvericilik aktlarına müvafiq dəyişikliklər
edilmişdir.
Xüsusilə bir
faktı da vurğulamaq istərdik ki, bu il buraxılış
imtahanlarında "2" almış yüzlərlə məzun
qəbul imtahanlarında uğurlu nəticələr göstərərək
ali və orta ixtisas müəssisələrinə qəbul
olunmuşdur. Onların arasında hətta 559 bal
toplamış abituriyent də olmuşdur.
Bu bir
daha nümayiş etdirir ki, Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin təşəbbüsü
ilə qəbul olunmuş qərar hər bir məzun
üçün ali məktəblərə qəbul prosesində
bərabər imkanların yaradılması baxımından
düzgün qərar olmuşdur. Ali və orta ixtisas məktəbləri
ilə yanaşı, həmin şəxslərin ilk peşə-ixtisas
təhsili müəssisələrinə qəbul olunmaq
şanslarının olduğunu da nəzərə alsaq,
bununla həmin gənclərin sosial həyata aktiv şəkildə
qoşulmaq imkanları xeyli artmışdır.
Növbəti
böyük əhəmiyyətə malik tədbirimiz respublika
ümumtəhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə
müəllimlərin işə qəbulu olmuşdur. Əvvəlki
dövrdə müəllimlərin işə qəbulu ilə
bağlı təkcə test imtahanları 6-7 həftə ərzində
aparılırdı. Cari ildə bu proses cəmi 13 gün çəkdi.
Qeyd edək ki, bu il 3286 vakant yer müsabiqəyə
çıxarılmışdır. Vakant yerlərə 18782 nəfər
elektron ərizə vermiş, imtahanlarda onlardan 15030 nəfər
iştirak etmişdir. Müəllimlərin
işə qəbulu üzrə müsabiqənin yekun nəticələrinə
görə, ümumilikdə 1281 nəfər işə qəbul
olunmuşdur. Əvvəlki illərdən fərqli olaraq, cari
ildə müəllimlərin işə qəbulu üzrə
vakant yerlərin sayı artsa da keçid balı
aşağı salınmamış, işə qəbul
olunacaq müəllimlərin peşəkarlıq
kompetensiyalarının daha yüksək olması müsabiqənin
əsas meyarı kimi götürülmüşdür.
Eyni
zamanda onu da vurğulamaq istərdim ki, bu il müsabiqədən
keçmiş 244 nəfər iş yerinə getməkdən
imtina etmişdir. İmtina edən müəllimlərin ən
çoxu rayonların ucqar ərazilərində yerləşən
məktəblərin payına düşür. İş yerinə
getməyənlərin 82 faizi qadınlardır. Nazirliyin apardığı sorğuya əsasən
imtinaların əsas səbəbləri iş yerinin rayon mərkəzindən
xeyli uzaq olması, normal yaşayış şəraitinin təmin
edilməməsi, həvəsləndirmə üçün
verilən vəsaitin azlığı göstərilir. Hesab
edirik ki, müəllim çatışmazlığı olan
kəndlərdə müəllimlər üçün
yaşayış şəraitinin təmin olunması,
xüsusi ipoteka rejiminin tətbiqi və digər müasir
mexanizmlər təklif olunmalıdır.
Növbəti yenilik -
dərs ilinin başlanmasına qədər 6 yaşı tamam
olmamış xüsusi istedadı ilə seçilən
uşaqların vaxtından əvvəl məktəbə qəbul
üzrə yeni Qaydaların qəbulu olmuşdur. Yeni Qaydalara
uyğun yaradılmış komissiyaların fəaliyyəti nəticəsində
8 min 846 nəfər uşaq bu il vaxtından əvvəl
birinci sinfə qəbul olunmuşdur.
Təhsil
Nazirliyi tərəfindən bu il həmçinin, ilk peşə-ixtisas
təhsili müəssisələrinin infrastrukturunun
inkişafına yönəlmiş və dövlət-biznes
partnyorluğuna əsaslanan sosial xarakterli "Müasir Azərbaycan
peşəkarları" layihəsinin icrasına başlanılmışdır. Layihə peşə təhsili sisteminin əhatə
dairəsinin genişləndirilməsinə və kadr
hazırlığı prosesinin keyfiyyətinin yüksəldilməsinə
xidmət edir.
Bu layihə çərçivəsində
müxtəlif dövlət və özəl, o cümlədən
xarici tərəfdaşlarla əməkdaşlıq qurularaq
bir sıra peşə məktəblərinin bazasında
müasir resurs mərkəzləri yaradılmışdır.
Uğurlarımız
arasında "2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı" üzrə layiqli namizədlərin seçilməsi
prosesini qeyd etmək istərdim. Proqramın icra
olunduğu 6 il ərzində ilk dəfə namizədlərlə
tam şəffaf şəkildə təhsil alacaqları dildə
ali təhsil müəssisələrinin, nazirliklərin,
qeyri-hökumət təşkilatlarının əməkdaşlarından
ibarət tərkibdə komissiyalar müsahibələr
aparmış və obyektiv seçim etmişdir. Bu il əvvəlki
illərlə müqayisədə sayca ən çox tələbə
- 787 nəfər xarici ölkələrin aparıcı ali məktəblərində
təhsil almaq hüququ qazanmışdır.
Cari ildə təhsil
sistemində dərin kök salmış neqativ hallarla
mübarizə gücləndirilmişdir. Nazirliyin mərkəzi
aparatında aparılmış struktur dəyişiklikləri
nəticəsində Daxili nəzarət şöbəsi
yaradılmış və daxil olan siqnalların birbaşa həmin
şöbədə araşdırılması təmin
olunmuşdur. Edilən xəbərdarlıqlara
baxmayaraq, son 6 ayda ciddi nöqsanlara yol vermiş 15 təhsil
müəssisəsinin rəhbəri vəzifəsindən azad
edilmiş, 21 şəxs barəsində digər intizam tənbehi
görülmüşdür. İki hal üzrə
toplanmış materiallar araşdırılmaq
üçün hüquq-mühafizə orqanlarına göndərilmişdir.
Bundan irəli gələrək bildirirəm ki, məktəblərdə
baş verən mənfi hallara qarşı Təhsil Nazirliyinin
mövqeyi barışmaz olacaq, təhsil sistemində mövcud
olan neqativ hallarla mübarizədə sistemli yanaşma tətbiq
ediləcəkdir.
Məktəb elə
bir məkandır ki, burada biz uşaqlarımızın gələcəyinin
əsaslarını qoyuruq. Məktəblərdə hökm
sürən psixoloji atmosfer övladlarımızın həyat
yoluna, mənəvi dəyərlərinə və əqidələrinə,
milli identifikasiyasına və vətəndaşlıq hisslərinə
bilavasitə təsir edir. Uşaq məktəbdə necə
formalaşacaqsa, elə də vətəndaş olacaq. Burada
bumeranq prinsipi hökm sürür - hansı keyfiyyətlərə
malik insanı biz məktəbdən buraxırıqsa, bir
müddət sonra o, artıq öz keyfiyyətlərini
inkişaf etdirmiş durumda qarşımıza
çıxır. Bilikli, tərbiyəli uşağı
hazırlayırıqsa, bir neçə ildən sonra
savadlı, peşəkar və vətənini sevən gənci
gördükdə onunla və haqlı olaraq özümüzlə
fəxr edirik. Ya da əksinə, bisavad, mədəniyyətsiz
və pis vərdişli şəxs məktəbdən
buraxılırsa, bu adamın gələcəyi
olmadığı üçün pis yola düşəndə,
cinayətkar olaraq qarşımızı kəsəndə
yalnız özümüzü günahlandırmalı oluruq.
Müəllim peşəsinə
ən şərəfli peşə adı ona görə
verilib ki, ölkənin və cəmiyyətin gələcəyi
dövlətin başçısından və ya hökumətdən
daha çox sizdən, müəllimlərdən
asılıdır. Dövlətin əsası xalqdır, insanlardır,
onların tam əksəriyyətinin həyatında
keçdiyi yeganə sosial institut isə məktəbdir. Məktəbimiz
nə qədər keyfiyyətli təhsil, müəllimlərimiz
uşaqlara nə qədər yaxşı tərbiyə verə
biləcəklərsə, cəmiyyətimiz və dövlətimiz
o qədər güclü olacaq və daha da inkişaf edəcəkdir.
Hörmətli qurultay
iştirakçıları!
Əziz müəllimlər
və təhsil işçiləri!
Tarixi
reallıq belədır ki, Azərbaycan son on ildə iqtisadi
inkişaf tempinə görə regionda lider ölkəyə
çevrilmiş, dövlətimizin iqtisadi qüdrəti
möhkəmlənmiş, dünyada siyasi nüfuzu
artmış, ölkə daxilində siyasi və iqtisadi
sabitlik tam bərqərar olmuşdur.
Hesab
edirəm ki, bu inkişafın davamlı və dayanıqlı
olması, xalqımızın xoşbəxt gələcəyi,
dövlətimizin daha da möhkəmlənməsi, regionda
lider dövlət imicinin qorunub saxlanması naminə Azərbaycanın
bütün təhsil işçiləri və
ziyalıları mənim bu
çağırışıma həmrəylik
nümayiş etdirərək ölkəmizin iqtisadi yüksəlişi
və millətimizin rifahı, dövlət
başçısının qarşımızda qoyduğu
ali məqsədlər, o cümlədən əzəli
torpaqlarımızın düşmən tapdağından azad
olunması naminə öz fəaliyyətini əsirgəməyəcəklər!
Ölkəmizdə
təhsilin inkişafı bizdən, bizim fəaliyyətimizdən,
üzərimizə düşən vəzifələri necə
yerinə yetirməyimizdən birbaşa asılıdır.
İnanıram ki, Azərbaycan təhsili özünün zəngin
ənənələrinə, milli mənəvi və ümumbəşəri
dəyərlərinə, beynəlxalq təcrübəyə əsaslanaraq daha da
inkişaf edəcək, dünya təhsil sistemində öz
layiqli yerini tutacaqdır. Bu yolda hamınıza yeni-yeni nailiyyətlər
arzulayıram.
Diqqətinizə
görə təşəkkür edirəm!
Azərbaycan müəllimi.- 2013.- 20 dekabr.- S.2-3.