Azərbaycan Həmkarlar
İttifaqları
Konfederasiyasının
sədri Səttar Mehbalıyevin
çıxışı
Hörmətli sədarət!
Əziz qurultay iştirakçıları!
Xanımlar və cənablar!
İlk növbədə, hər birinizi Azərbaycan müəllimlərinin XIV
qurultayında salamlayır, Azərbaycanın bütün
təhsil işçilərini bu
münasibətlə təbrik edir, hər
birinizə xoşbəxtlik və səadət arzulayıram!
Hörmətli qurultay iştirakçıları!
Sirr deyildir ki, müasir dünyada hər bir
ölkənin uğurlu gələcəyi
təhsilin səviyyəsi ilə müəyyən olunur. Azərbaycan Respublikasının
inkişafında təhsil mühüm yer tutur. Bu,
ilk növbədə, ölkə rəhbərinin
təhsilin inkişafına verdiyi önəmin,
bu sahəyə diqqət və
qayğısının real nəticəsidir.
Azərbaycanda təhsilin inkişafı, gənclərimizin sağlam və savadlı böyüməsi
dövlət siyasətinin prioritet istiqamətini
təşkil edir.
Bilirsiniz ki, ümummilli lider Heydər Əliyevin siyasi
kursunun mühüm
istiqamətlərindən biri təhsilin
qayğı ilə əhatə olunması, bu
sahədə əldə olunmuş nailiyyətlərin
qorunub saxlanması və inkişaf
etdirilməsi idi. "Cəmiyyət
təhsilsiz inkişaf edə bilməz"
deyən Heydər Əliyev Azərbaycanın gələcəyinin
təhsilin bugünkü vəziyyətindən
asılı olduğunu dönə-dönə
vurğulayır və işinin çoxluğuna baxmayaraq,
müəllimlərlə, gənclərlə, məktəblilərlə
tez-tez görüşür, onların uğurlarına sevinirdi. Təhsil sahəsinin
inkişafı, müəllimlərin sosial
vəziyyətinin yaxşılaşdırılması, cəmiyyətdə
müəllim nüfuzunun daha
da artırılması ulu
öndərin həyata keçirdiyi
dövlət siyasətinin mühüm sahələrindən
biri idi.
Heydər Əliyev öz müəllimini xatırlayaraq deyirdi: "Mən yer
üzündə müəllimdən yüksək ad tanımıram. Məhz müəllim doğma yurdumuzu sevməyi,
hamının rifahı naminə vicdanla
işləməyi müdrikliklə və səbirlə bizə
öyrətmiş və öyrədir. Hər birimizin
öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla
qəlbimizdə yaşadırıq". Heydər
Əliyevin təhsil işçilərinə qarşı qəlbində
bəslədiyi ülvi hisslərin nəticəsi
idi ki, onun
hakimiyyəti illərində, hətta ölkənin iqtisadi durumu nisbətən
ağır olan vaxtlarda
da dövlət büdcəsindən təhsilə
ayrılan vəsait heç vaxt azaldılmamış, əksinə, bu sahəyə ayırmaların
miqdarı müntəzəm surətdə
artmışdır.
Təhsilin
inkişafı ulu öndərin layiqli davamçısı, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin daim
diqqət mərkəzində olmuş və
onun siyasətində əsas prioritet istiqamətlərdən biridir.
Bu gün əminliklə
demək olar ki, strateji sahə olan təhsil
cəmiyyətin bütün sahələrinə
nüfuz etmiş, dünya təhsil sisteminə inteqrasiyası
sahəsində yeni uğurlar
əldə etmişdir. Cənab
Prezident ölkəyə rəhbərliyinin
ilk illərindən başlayaraq
təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir informasiya və kommunikasiya texnologiyalarının təhsil
sisteminə tətbiqi, bu sahədə
çalışan işçilərin sosial
müdafiəsinin təmin edilməsi, tələbə və
aspirantların sosial və maddi
durumunun
yaxşılaşdırılması və s.
istiqamətlərdə əhəmiyyətli fərman və sərəncamlara
imza atmışdır.
Azərbaycan
təhsilinin sürətli inkişaf yolu keçərək hazırkı səviyyəyə
çatmasında Heydər Əliyev Fondu
və şəxsən Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban
xanım Əliyevanın da böyük əməyi vardır.
Azərbaycanda yeni-yeni məktəb binaları tikilir, köhnə məktəb binaları əsaslı
təmir edilir, laboratoriyalar,
emalatxanalarla təchiz edilir.
Təhsil müəssisələrinin maddi-texniki
bazası möhkəmləndirilir, Azərbaycan
Respublikasının dövlət büdcəsindən təhsilə
ayrılan vəsaitin həcmi də ilbəil
artırılır. Müəllim əməyinin qiymətləndirilməsi,
onların sosial durumunun
yaxşılaşdırılmasına yönəlmiş
addımlar atılır.
Bir neçə ay
öncə biz ölkə
başçısının müəllim əməyinin qiymətləndirilməsinə
yönəlmiş daha bir
addımının şahidi olduq. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 avqust
2013-cü il tarixində
imzaladığı sərəncamla
təhsil işçilərinin əməkhaqları, eləcə
də doktorantların, ali, orta
ixtisas və peşə təhsili müəssisələrində
təhsil alan tələbə və
şagirdlərin təqaüdləri
növbəti dəfə artırıldı. Hesab edirəm ki, ölkə başçısının bu sərəncamları təhsil
işçilərinin həyat səviyyəsinin
artırılmasına, ali və orta ixtisas təhsili müəssisələrində
təhsil alan tələbələrin sosial problemlərinin aradan
qaldırılmasına töhfə olacaqdır.
Ölkəmiz
üçün savadlı və
bacarıqlı kadrların hazırlanması məsələsi
də diqqətdən kənarda qalmır, vaxtaşırı olaraq tələbə və aspirantların təqaüdləri
artırılır, gənclərin xarici
ölkələrdə təhsil imkanları daha da genişləndirilir. Təsadüfi deyildir ki, hazırda
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
Dövlət Proqramı"na əsasən 2600-dən çox Azərbaycan gənci dünyanın inkişaf etmiş ölkələrinin
aparıcı ali təhsil müəssisələrində
dövlət hesabına təhsil alır, onların bütün xərcləri dövlətimiz tərəfindən
ödənilir. Bu gənclərin gələcəkdə
layiqli vətəndaş kimi
yetişərək ölkəmizin inkişafına xidmət
etmələri üçün hər cür şərait yaradılır.
Hörmətli qurultay nümayəndələri!
Azərbaycanda təhsil
siyasətini həyata keçirən dövlət orqanı Azərbaycan
Respublikasının Təhsil Nazirliyidir. Hesab edirik ki,
bu dövlət qurumu uğurlu fəaliyyəti ilə seçilir və üzərinə düşən
vəzifələri layiqincə icra edir. Lakin bu
o demək deyildir ki, digər qurumlar, ictimai təşkilatlar bu
sahənin inkişafına kömək göstərməməlidir.
Bu sahənin inkişafına hər birimiz öz töhfələrimizi
verməliyik. Biz Azərbaycan Təhsil
İşçiləri Azad Həmkarlar
İttifaqı olaraq bu
prinsipi fəaliyyətimizdə əsas
istiqamət elan etmişik.
Hörmətli qurultay iştirakçıları!
Azərbaycan
Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqının fəaliyyətinin əsas istiqamətləri təhsil sahəsində oxuyan və işləyən ittifaq
üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi, işəgötürənlə
əməkdaşlıq çərçivəsində ittifaq üzvlərinin
mənafelərini təmsil etməsi, kollektiv
danışıqların aparılması, kollektiv
müqavilələrin, sazişlərin bağlanması və
onların yerinə yetirilməsinə nəzarətin həyata
keçirilməsidir.
Eyni zamanda ittifaq
üzvlərinin, onların ailə üzvlərinin
sağlamlığına qayğı göstərilməsinə,
onların pensiya təminatının, sanatoriya, kurort müalicəsinin
və istirahətlərinin təşkil edilməsinə, bədən
tərbiyəsi və idmanın inkişaf
etdirilməsinə, əməyin mühafizəsinə, ətraf
mühitə, sağlamlığa
mənfi təsir göstərən faktorların aradan qaldırılmasına, üzvlərin sağlam və təhlükəsiz iş şəraiti ilə təmin edilməsinə
ittifaq ciddi nəzarət
edir. Azərbaycan Təhsil
İşçiləri Azad Həmkarlar
İttifaqı yuxarıda qeyd olunan istiqamətlər üzrə
qarşısında duran vəzifələrin
uğurla həyata keçirilməsinə
çalışır.
Hörmətli
nümayəndələr!
Öz növbəsində Azərbaycan
Respublikasının Təhsil Nazirliyi və
onun yerli
strukturları həmkarlar ittifaqı təşkilatları ilə sosial partnyorluq və mövcud qanunlar əsasında əməkdaşlıq edir. Təhsil Nazirliyi
təhsil işçilərinin əmək, sosial,
iqtisadi hüquqları və qanuni mənafelərinin müdafiəsi ilə
bağlı həmkarlar ittifaqı təşkilatları tərəfindən
həyata keçirilən tədbirlərdə ən yaxın
tərəfdaşlarımızdan biridir.
Nəzərinizə
çatdırım ki, 1992-ci ildən başlayaraq Azərbaycan Respublikasının
Nazirlər Kabineti ilə Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyası arasında Baş
Kollektiv Saziş
bağlanır. 2001-ci ildən Baş Kollektiv Sazişin
hazırlanmasında və bağlanmasında Azərbaycan
Respublikasının Sahibkarlar Təşkilatları
Milli Konfederasiyası da iştirak edir.
Tərəflər sazişdə mövcud qanunvericiliyə əsaslanaraq sosial-iqtisadi siyasəti və sosial-əmək
münasibətləri üzrə
razılaşdırılmış mövqelərini və
birgə fəaliyyətlərini müəyyən edirlər. Saziş
ölkə iqtisadiyyatının daha da gücləndirilməsinə, rəqabət
qabiliyyətinin artırılmasına, əmək
bazarının səmərəli inkişafına, təhlükəsiz
iş şəraitinin yaradılmasına,
sosial stabilliyin
qorunub-saxlanmasına və əhalinin sosial
müdafiəsinin təmin edilməsinə istiqamətlənir.
Bildiyiniz kimi, Baş
Kollektiv Saziş əsasında
1998-ci ildən başlayaraq Azərbaycan Təhsil
İşçiləri Azad Həmkarlar
İttifaqı Respublika Komitəsi ilə Təhsil Nazirliyi
arasında Kollektiv Saziş,
rayon həmkarlar ittifaqı komitələrinin
və onların xidmətlərində olan
ilk həmkarlar ittifaqları təşkilatları
ilə müvafiq təhsil müəssisələri rəhbərləri
arasında isə kollektiv müqavilələr
bağlanır.
Bu il iyul
ayının 10-da biz Təhsil Nazirliyi ilə növbəti 2013-2015-ci illər
üçün Kollektiv
Saziş imzaladıq. Sənəd təhsil
işçilərinin və təhsilalanların sosial hüquqlarının müdafiəsi ilə
bağlı bir çox
vacib məqamları özündə əks
etdirir. Biz həmkarlar
təşkilatları olaraq bu sənəddə öz
əksini tapan müddəaların yerinə
yetirilməsinə bilavasitə nəzarət edir,
həmçinin öz öhdəliklərimizi
yerinə yetirməyə çalışırıq. Kollektiv Sazişdə üzərimizə götürdüyümüz öhdəliklərdən
biri də ittifaq
üzvlərinin və onların ailə üzvlərinin
müalicə və istirahətlərinin təşkili ilə
bağlıdır.
Biz hər il minlərlə təhsil işçisi və onların ailə üzvlərinin
müalicə və istirahətini təmin edirik.
İttifaq üzvlərinin ehtiyacını
nəzərə alaraq büdcəmiz
hesabına əlavə yollayışlar alaraq
hər il daha çox sayda təhsil işçisinin müalicə və istirahətini
təşkil edirik. Bu sahədə daha çox müsbət
nəticə əldə etmək üçün
əlavə kompleks tədbirlər də
həyata keçiririk.
Bilirsiniz ki, ATİAHİ Respublika Komitəsi öz
üzvlərinin istirahətini daha
yaxşı təşkil etmək məqsədi ilə Nabran istirahət zonasında 5,8 hektar torpaq sahəsi
almış və 2008-ci ildən başlayaraq
"Təhsil" istirahət kompleksinin
tikintisinə başlamışdır. Bu ilin 1 iyul tarixində biz istirahət kompleksinin rəsmi
açılış mərasimini keçirdik.
Sizi əmin
etmək istəyirəm ki, ATİAHİ ittifaq üzvlərinin əmək, sosial, iqtisadi
hüquqlarının və qanuni mənafelərinin
müdafiəsi ilə əlaqədar üzərinə götürdüyü öhdəliklərin
yerinə yetirilməsi ilə bağlı fəaliyyətini bundan sonra da
davam etdirəcək və təhsilimizin
inkişafına öz töhfələrini
verən pedaqoji ictimaiyyətin, təhsil
sahəsində çalışan insanların
qayğısına qalacaqdır.
Hörmətli qurultay iştirakçıları!
Mən sonda bir daha
müqəddəs peşə sahibi olan müəllimlərimizi təbrik edir, onlara uzun
ömür və qurultayın işinə
uğurlar arzulayıram.
Diqqətinizə
görə təşəkkür edirəm!
Azərbaycan müəllimi.- 2013.- 20 dekabr.- S.4.