Azərbaycan Diplomatik Akademiyasının
prorektoru Fariz İsmayılzadənin
çıxışı
Hörmətli sədarət!
Əziz müəllimlər!
Xanımlar və cənablar!
Mən bu gün sizin
qarşınızda çıxış etməkdən böyük şərəf duyuram.
Cənab nazir, təşəkkür edirəm
ki, mənə belə möhtəşəm
auditoriya qarşısında
çıxış etmək, təhsil sahəsində nailiyyətlər
və çağırışlar barədə fikirlərimlə
bölüşməyə imkan verdiniz.
İlk öncə qeyd edim ki, mən burada bir qürurlu
azərbaycanlı kimi
çıxış edirəm. Orta məktəb vaxtlarından bəri mən müxtəlif
ölkələrin təqaüdlərinin hesabına xaricdə
təhsilimi davam etdirmişəm. Əvvəl
ABŞ-da, sonra
İngiltərə və Norveçdə. 1990-cı illərdə
ölkəmiz gənc və iqtisadi
imkanlarımız məhdud olduğundan biz gənclər
digər dövlətlərin yardımına üz tuturduq. Amma son illər mənzərə tam
dəyişdi. Ölkə başçısı möhtərəm
cənab Prezident İlham
Əliyevin təşəbbüsü və bilavasitə
qayğısı nəticəsində xaricdə təhsil
proqramı yaradıldı və yüzlərlə azərbaycanlı
gənc xaricdə təhsil almaq imkanı əldə
etdi. Böyük
fəxrlə qeyd etmək istərdim ki, mən də bu il bu gözəl imkana sahib oldum
və İspaniyada təhsilimi davam etdirmək üçün
Azərbaycan dövlətinin təhsil təqaüdünü
qazandım.
Xaricdə təhsil
proqramı əfsanəvi bir imkandır. Burada Harvard Universitetindən
tutmuş dünyanın 500 ən güclü və mötəbər
universitetində təhsil almaq imkanı olur. Proqram həm təhsil,
həm yaşayış, həm nəqliyyat və digər xərcləri
ödəyir. Belə təminat, sözün
əsl mənasında, heç bir ölkədə yoxdur.
Gənclərimiz xaricdə ən innovativ
və qabaqcıl bilik və bacarıqlara
yiyələnirlər, ölkəmizə dönüb
onun inkişafına töhfə verirlər
və dövlətimizi daha da gücləndirirlər. Təhsil
aldıqları zaman onlar
xarici ölkələrdə
diasporamıza yardımçı olur,
minlərlə siyasi və mədəni aksiyalar keçirir, Azərbaycanımızı
beynəlxalq arenada yaxından tanıtmağa
kömək edirlər. Bu günə kimi 2612 gənc azərbaycanlı
bu proqrama qəbul olunub, dünyanın onlarca
ölkəsində təhsilini davam etdirir. Çox sevindirici haldır ki, bu proqrama ölkəmizə
təcili lazım olan peşələr, o cümlədən tibb,
mühəndislik, informasiya texnologiyaları
və digərləri daxildir.
Xaricdə təhsil
proqramı nə qədər gözəl olsa
da, onun yaranması, eyni zamanda ölkəmizdə
təhsil səviyyəsinin və keyfiyyətinin dünya standartlarına və ölkəmizin
ehtiyacına kifayət qədər uyğun
olmamasına bir işarədir. Sirr deyil ki,
ölkəmizdə bazar iqtisadiyyatı
sürətlə inkişaf edir, yeni peşəkar kadrlara ehtiyac
günü-gündən artır, lakin
şirkət və hətta dövlət qurumları istənilən
kadr potensiallarını doldura
bilmirlər. Beləliklə, gənc kadrlarımızı xarici universitetlər hesabına yetişdirməyə
məcburuq. Bu da, öz növbəsində, xarici
universitetlərin maliyyələşdirilməsinə gətirib
çıxarır. Uzunmüddətli perspektivdə biz mütləq gərək təhsil
standartlarımızı təkmilləşdirək və yerli universitetlərin potensiallarını
qaldıraq. Xaricdə təhsil proqramı kadr
probleminin həlli üçün
qısamüddətli bir tədbirdir, lakin uzunmüddətli həll yolunu
bizim öz yerli ali təhsil
ocaqlarımızın potensialının gücləndirilməsində
görürəm.
Bu məqsədlə cari
ilin oktyabr ayında
dövlət başçısı yeni təhsil
strategiyasını imzalamışdır. Bu
təhsil strategiyası ölkəmizin təhsil sisteminin üzümüzə gələn illərdə
islahatını əhatə edir. Strategiyada
başlıca məqsəd ölkədə səriştəli
təhsilverənlərə, ən yeni texnologiyalara əsaslanan infrastruktura
malik, keyfiyyət nəticələri və
əhatəliliyinə görə dünya
ölkələri sırasında qabaqcıl mövqe
tutan təhsil sistemini
yaratmaqdır. Azərbaycanın təhsil sistemi
iqtisadi cəhətdən dayanıqlı
və dünyanın aparıcı təhsil sistemlərinin
standartlarına uyğun olmalıdır.
Belə təhsil sistemi ölkənin modernləşməsi
üçün zəruri olan
insan kapitalını inkişaf
etdirməklə Azərbaycan Respublikasının beynəlxalq
rəqabət qabiliyyətini yüksəltməyə nail ola bilər.
Yeni təhsil strategiyasında mühüm
məqsədlər müasir tələblərə
cavab verən təhsil məzmununun
yaradılması, yüksək nüfuzlu
müəllimlərin formalaşdırılması, şəffaf
və səmərəli tənzimləmə mexanizmlərinə
malik yeni idarəetmə
sisteminin formalaşdırılması, ömür
boyu təhsili təmin edən təhsil infrastrukturunun və nəhayət, təhsilin
dayanıqlı və müxtəlif mənbələrdən istifadə
olunmaqla yeni maliyyələşdirmə
mexanizminin yaradılmasıdır.
Məmnunluq
hissi ilə qeyd etmək
istərdim ki, yeni təhsil
strategiyasının yazılmasında
çalışdığım Diplomatik
Akademiyanın bir sıra təklifləri,
o cümlədən çevik
kurikulumlar, tələbələr üçün sərfəli faizlər ilə
təhsil krediti, universitetlərdə İnkişaf Fondlarının yaradılması və digərləri öz əksini tapmışdır. Yeri gəlmişkən qeyd
etmək istərdim ki, universitetlərin İnkişaf Fondları təhsilə dövlət-ictimai
və dövlət-biznes partnyorluğunu gətirməyə
kömək edəcək.
Yəqin
razılaşarsınız ki, belə əhatəli
strategiyanı həyata keçirmək üçün
məhz xaricdə təhsil proqramının məzunları
önəmli ola bilər. Onları ölkəyə
geri qayıdandan sonra
təhsil ocaqlarımıza cəlb etmək elə də asan iş deyil.
Məvaciblərin az olması, təhsil sektorunda tədqiqatlar üçün
fondların məhdudluğu, ümumi pedaqoji fəaliyyət üçün
stimulların az olması xaricdə təhsil
almış kadrlarımızı təhsil sektorundan
uzaqlaşdırır. Xaricdə təhsil almış məzunların
çoxu Bakıda özəl sektorda və beynəlxalq təşkilatlarda
çalışmağa üstünlük
verir.
Bu
yerdə qeyd etmək istərdim ki, ölkədə təhsilin
adambaşına maliyyələşdirilməsinə
keçdikdən və Nazirlər Kabinetinin
keçənilki sərəncamından sonra
universitetlərdə müəllimlərə maaşların
verilməsi üçün dövlət
tarifləri ləğv olunub, müəyyən
azadlıqlar yaradılıb. Universitet rəhbərləri xaricdə
təhsil almış gəncləri tədrisə cəlb etmək
üçün yeni innovativ yollar tapmalı,
büdcədənkənar fondlar
hesabına onların əmək fəaliyyətini
stimullaşdırmalıdır. Bu təcrübə
Azərbaycan Diplomatik Akademiyasında uğurla tətbiq olunur və
bu günə kimi
ABŞ və Avropada doktorantura
səviyyəsini bitirmiş 20-dən çox gənc azərbaycanlı bizim akademiyada hazırda pedaqoji fəaliyyətə cəlb olunub.
Bəzən özəl
sektorda çalışan və xaricdə
təhsil almış məzunlarımıza maliyyə stimulu da heç
lazım olmur. Onların maaşları
kifayət qədər yüksək olur.
Sadəcə onlar pedaqoji
fəaliyyətə cəlb olunmalı və dərs demək
imkanları verilməlidir, onların bilik
və təcrübələrindən təhsil prosesində yararlanmağa can
atılmalıdır. Bəzi hallarda onlar üçün xüsusi ingilisdilli
qrupların yaradılması, xarici ədəbiyyatla
təmin olunması zəruridir. Yalnız belə yolla universitetlərimizə gənc pedaqoji qüvvə cəlb edə bilərik.
Xanımlar və cənablar.
Azərbaycan dünya iqtisadiyyatının bir
parçasına çevrilib. Biz dünyada hər bir sahədə rəqabət
apardığımız kimi, təhsil sahəsində
də rəqabətlə üzləşirik. Sərhədlər
açılıb, məzunlarımız artıq təkcə
digər azərbaycanlılar ilə yox, çinli, yapon, sinqapurlu, kanadalı, finlandiyalı, cənubi
koreyalı gənclərlə rəqabət aparır. Mən bu ölkələrin adlarını təsadüfən
çəkmədim. Bunlar son
sorğular nəticəsində
dünyanın ümumtəhsil səviyyəsinə görə
ən aparıcı ölkələridir. Orada
təhsil innovativ texnologiyaların ən son nailiyyətlərinə arxalanan,
bu texnologiyaları gündəlik tətbiq
edən və yaradıcı azadlığa malik
olan bir mühitdə keçirilir. Hədəfimiz belə təhsil
sisteminə keçidi təmin etmək
olmalıdır. Bunun üçün
ölkədə kifayət qədər siyasi
iradə var və cəmiyyətimizin bütün təbəqələri təhsildə
dönüş etməyin vaxtının
çatdığını vurğulayır. Bu
keçidi reallaşdıra bilsək,
ölkəmiz bilik iqtisadiyyatı qurmağa nail olacaq. Sizlərə bu
önəmli missiyada və qurultayın
işinə uğurlar arzulayıram.
Azərbaycan müəllimi.- 2013.- 20 dekabr.- S.6.