İsmayıllı
Peşə Tədris Mərkəzinin
direktoru Zaur Muradovun
çıxışı
Hörmətli sədarət!
Hörmətli qurultay iştirakçıları!
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 oktyabr
2013-cü il tarixli Sərəncamı
ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası"nda göstərildiyi kimi,
son illər ərzində həyata
keçirilən məqsədyönlü islahatlar
ölkədə siyasi və iqtisadi sabitliyin bərqərar olmasına,
sosial-iqtisadi inkişaf
meyillərinin möhkəmlənməsinə şərait
yaratmışdır. Ölkəmiz inkişaf
etdikcə hədəfləri yenilənir və bir zaman xəyal etdiyimiz məqsədlər hazırda məqsədyönlü
sosial-iqtisadi siyasət nəticəsində
uğurla həyata keçirilir.
Respublikamız özünün
sosial-iqtisadi inkişafında keyfiyyətcə
yeni mərhələyə qədəm qoymuşdur. Ölkədə bütün
resurslardan, o cümlədən
əmək ehtiyatlarından səmərəli istifadəni təmin
etməklə iqtisadi cəhətdən güclü və yüksək sosial standartlara malik cəmiyyətin qurulması bu mərhələnin əsas prioritetinə çevrilmişdir.
İlk peşə-ixtisas təhsili ümumi təhsilin tərkib hissəsi olmaqla yanaşı, ölkənin sosial-iqtisadi inkişafında da
mühüm rol
oynayır. Belə ki, əmək
bazarını ixtisaslı işçi
qüvvəsi ilə təmin edən bu
sahə sağlam vətəndaş cəmiyyətinin
formalaşmasına da təsir edir. Cəmiyyətimizdə heç
də həmişə peşə təhsilinə birmənalı
münasibət bəslənilməyib. Bu da peşə təhsili sahəsinin inkişaf etməsinə öz
mənfi təsirini göstərib və göstərməkdə
davam edir. Belə ki, inkişaf
etmiş ölkələrdə yuxarı sinif şagirdlərinin 40-60%-i öz
təhsillərini peşə təhsili müəssisələrində
davam etdirməyə üstünlük
vermələrinə və bununla da gələcək karyeralarını erkən
vaxtlardan qurmağa
başlamalarına baxmayaraq, ölkəmizdə
hələ də bəzi vətəndaşlarımız
öz övladlarını peşə təhsili
müəssisələrinə göndərməkdə tərəddüd
edirlər. Fikrimcə, peşə təhsili
işçilərinin qarşısında duran
əsas məqsədlərdən biri də
məhz yaxın illərdə ictimaiyyətdə peşə təhsili
haqqında formalaşmış mənfi münasibətin aradan qaldırılması ilə əlaqədar
olaraq ciddi səy
göstərmələridir.
Bu gün
hamımızı düşündürən məsələlərdən
biri də peşə təhsilinin gələcək
inkişafının necə olmasıdır. Bir
peşə təhsili müəssisəsinin rəhbəri kimi məni də düşündürən
məsələlərdən biri məhz
müəssisəmizin ölkə, region və
dünya kontekstində
inkişafını necə təmin etməkdir. "Azərbaycan
2020: Gələcəyə baxış" İnkişaf
Konsepsiyasında göstərildiyi kimi,
enerji resursları və digər xammal ixracatçısı kimi
tanınan ölkədən yüksək səviyyəli və
rəqabətqabiliyyətli məhsullar istehsal
edən ölkəyə çevrilməyi əsas hədəf
kimi götürən respublikamız bütün sahələrdə
olduğu kimi, təhsil
sistemini də bu hədəfə
nail olmaq üçün istiqamətləndirir. Belə
ki, ilk növbədə
insan resurslarının inkişaf
etdirilməsi zəruridir. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin təbirincə desək,
"qara qızıl"ın insan kapitalına çevrilməsi üçün təhsil sistemi,
o cümlədən, bu
sistemin tərkib hissəsi olan
ilk peşə-ixtisas təhsili də yenidən
müasir dövrün
tələblərinə uyğun formalaşmalıdır.
Hörmətli qurultay iştirakçıları!
Peşə
təhsili sisteminin müasir
dövrün tələblərinə uyğun olaraq
formalaşdırılması zamanı biz
ölkə və dünya
iqtisadiyyatında baş verən inkişaf
tendensiyalarını nəzərə almalı, bu tendensiyaları qarşılaya biləcək
sistemin qurulmasına
çalışmalıyıq. Bu gün dünya əmək bazarında iş və işçiyə olan
münasibət dəyişməkdədir. Artıq
texnologiyaların sürətlə inkişaf
etdiyi bir dövrdə
işəgötürənlər tərəfindən
işçiyə qoyulan tələblərin
dəyişilməsini müşahidə edirik.
Belə ki, Avropa
Peşə Təhsili İnkişaf Mərkəzinin
məlumatına əsasən, 2010-cu illə müqayisədə
2020-ci ilə qədər daha yüksək
bacarıqlar tələb edən iş
yerlərinin sayı 29%-dən 34%-ə qədər artacaq, eyni zamanda
funksional baxımdan çox
mürəkkəb olmayan iş yerlərinin sayı isə 23%-dən
18%-ə qədər azalacaqdır. Bu gün işəgötürənlər sadə
funksiyaları icra edə biləcək
işçilərdən çox universal bacarıqlara malik olan işçilərə üstünlük
verirlər. Beləliklə, müasir
peşə təhsili sistemi dinləyicilərə
yalnız standart peşə bilikləri və
bacarıqları deyil, həmçinin onlarda kreativlik, tənqidi
təfəkkür, çevik idarəetmə
və qərarvermə qabiliyyətlərinin, kollektivdə
işləmək və təşəbbüskarlıq vərdişlərinin
formalaşmasına yardım etməlidir.
Hazırda
ölkəmizdə iqtisadiyyatın müxtəlif sahələri
üzrə innovativ və yüksək texnologiyalar üzrə sənaye müəssisələri,
texnoparkların yaradılması, alternativ
enerji mənbələrindən geniş istifadə edilməsi, yaşıl texnologiya sahələri üzrə layihələr
həyata keçirilməkdədir. Bu həm ölkənin
iqtisadiyyatının şaxələnməsinə yardım edir, həmçinin təhsil sistemi
üçün də yeni
hədəflərin müəyyənləşdirilməsinə
təsir edir. Belə ki, artıq peşə təhsili sistemi də illərlə
formalaşmış ənənəvi sahələr üzrə
ixtisaslı kadrların hazırlanması ilə yanaşı,
müasir və bəzi hallarda
mürəkkəb sayılan sahələr üzrə
kadrların hazırlanmasına istiqamətlənməlidir.
Yenə də Avropa Peşə
Təhsili İnkişaf Mərkəzinin verdiyi məlumata əsasən, 2020-ci ilə qədər
yaşıl iqtisadiyyat sahəsi üzrə
yaradılacaq iş yerlərinin sayı 20
milyona çatacaqdır və biz əgər bu sahədə
inkişaf etmiş
ölkələrlə rəqabət aparmaq
istəyiriksə, mütləq surətdə peşə
təhsili sistemini də bu
tələblər əsasında formalaşdırmağa
çalışmalıyıq.
Bununla yanaşı, zənnimcə, peşə
təhsilinin fəlsəfəsində də müəyyən
dəyişikliklərin edilməsi vaxtı
çatıbdır. Belə ki, uzun müddət peşə təhsili
yalnız işəgötürənlər üçün
ucuz, ixtisaslı işçi
qüvvəsi hazırlayan bir sahə kimi formalaşıb. Lakin müasir dövrdə biz
ixtisaslı işçi qüvvəsi
hazırlamaqla yanaşı, həmçinin gələcəyin
işəgötürənini də hazırlamalıyıq. Yəni
çalışmalıyıq ki, dinləyicilərimizə
elə bilik, bacarıq və kompetensiya aşılaya bilək ki, onlar qısa müddət
ərzində öz işlərini qura və işəgötürən kimi fəaliyyətlərini davam
etdirə bilsinlər.
Hörmətli qurultay iştirakçıları!
Peşə təhsilinin
inkişafına işəgötürənlərin
iştirakı olmadan nail
olmaq çox çətindir.
Belə ki, peşə təhsilinin
inkişaf etdiyi
ölkələrin təcrübəsi göstərir ki, təhsil müəssisələri ilə
işəgötürənlər arasında sosial
partnyorluq əlaqələrinin inkişaf etdirilməsi kadr
hazırlığının keyfiyyətinə və nüfuzuna müsbət təsir göstərir. Fikrimcə, bu gün peşə təhsilinin
əsas problemlərindən biri məhz
işəgötürənlərlə səmərəli əlaqələrin
olmamasıdır. İnkişaf etmiş ölkələrin təcrübəsi
göstərir ki, peşə təhsili sisteminin səmərəliliyinin və nəticəyönümlülüyün
təmin edilməsi üçün
işəgötürən təşkilatların bu prosesdə fəal iştirak
etməsi zəruridir.
Fikrimcə, peşə
təhsili müəssisələri işəgötürənlərlə
əməkdaşlıq əlaqələrinin gücləndirilməsində
təşəbbüskarlığı öz
üzərlərinə götürməklə kadr hazırlığı prosesinin
keyfiyyətinin yüksəlməsinə nail
olmalıdırlar. Bu gün peşə təhsili
müəssisələri nəinki işəgötürənlər
tərəfindən kadr
hazırlığına dair təkliflər
gözləməli, eyni zamanda
özləri aktiv olaraq
əmək bazarına müxtəlif proqramları təklif edərək
işəgötürənlər, işsiz və iş axtaran vətəndaşlar üçün
alternativ imkanlar
yaratmalıdır. Bununla yanaşı, müasir tipli peşə təhsili müəssisələrinin
yaradılması və dövrün tələblərinə
müvafiq proqramların inkişaf
etdirilməsi vasitəsilə biz yaxın zamanda işəgötürənlərin diqqətini
öz üzərimizə cəlb edə və
peşə təhsilinin inkişafına nail
ola bilərik.
Təsadüfi
deyil ki, Azərbaycan
Respublikasının Təhsil Nazirliyi
peşə təhsili sisteminin əhatə
dairəsinin genişləndirilməsi və kadr
hazırlığı prosesinin keyfiyyətinin
yüksəldilməsi məqsədilə son
zamanlar həyata keçirdiyi
"Müasir Azərbaycan peşəkarları"
layihəsinin icrasına başlamışdır. Əslində
layihənin adı bu gün peşə təhsilinin
əsas məqsədini xarakterizə edir.
Belə ki, bu gün bizim əsas məqsədimiz
əmək bazarının tələbinə müvafiq
olaraq peşəkarların
hazırlanmasıdır. Layihələrin icmalı göstərir
ki, peşəkar kadrların hazırlanmasına
sistemli yanaşdıqda kadr
hazırlığı prosesinin səmərəli
və keyfiyyətli olmasına nail olmaq olar. Həyata
keçirilən layihələr çərçivəsində
Təhsil Nazirliyinin maddi
və metodiki dəstək verməsi ilə
yanaşı, işəgötürənlərin bu prosesdə fəal iştirak
etməsi əmək bazarında, doğrudan
da yüksək ixtisaslı kadrlara olan tələbatı
artırır.
Bundan başqa, bu
günlərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Dövlət Neft
Şirkəti və "Azərsu" Açıq Səhmdar
Cəmiyyəti arasında ilk peşə-ixtisas
təhsili müəssisələrinin fəaliyyətinin dəstəklənməsi
barədə ikitərəfli əməkdaşlıq
memorandumlarının imzalanması, ayrı-ayrı biznes
qurumları və işəgötürənlərlə qurulmuş işgüzar
münasibətlər sübut edir ki, yaxın vaxtlarda peşə
təhsili üzrə təhsilverənlərin və təhsilalanların
bilik və bacarıqlarının
artırılması, onların elmi-texniki
yeniliklərə yiyələnməsi istiqamətində
birgə tədbirlərin həyata keçirilməsi və
peşə təhsili sisteminin ictimai statusunun yüksəldilməsi
məsələləri öz həllini
tapacaqdır.
Respublikamızın
iqtisadiyyatının sürətlə inkişafı
kontekstində ayrı-ayrı sahələr üzrə
ixtisaslı və peşəkar kadrlara tələbat
yaranır ki, bu da təbii olaraq ömürboyu təhsilalma
zərurətinin yaranmasına səbəb olur.
Bununla
yanaşı, əmək bazarının təhlili göstərir
ki, informasiya və
texnologiyanın sürətlə inkişaf
etdiyi bir dövrdə
müəyyən müddət əvvəl əldə edilmiş bilik və
bacarıqlar istifadəyə yararsız və yaxud
qismən yararlı olur və ya bu kompetensiyalar
fərdin inkişafına səbəb ola
bilmir. Eyni zamanda əmək
bazarında aparılan araşdırma
göstərir ki, məşğul əhalinin
1/3 hissəsi işlədikləri sahə üzrə heç bir peşə təhsili
sənədinə və yaxud həmin sahədə işləyə biləcək
müvafiq sənədə sahib deyillər. Lakin
təhsil sənədlərinin olmaması bilik
və bacarıqlarının, kompetensiyalarının olmaması
demək deyil, sadəcə, onların
karyeralarının inkişafına maneə törədir. Belə ki, vətəndaşların
təhsil sənədinin olması onların gələcək
karyeralarının inkişafına yardım edəcəkdir.
Belə olduğu təqdirdə vətəndaşların
fasiləsiz peşə təhsili ilə əhatə olunmasına
ehtiyac vardır. Yaşlıların və
praktiki bacarıqları olan
peşəkarların qısamüddətli təhsil
kurslarına cəlb edilməsi günün
tələbinə çevrilmişdir.
Hörmətli qurultay iştirakçıları, əziz
müəllimlər, mən də
ilk öncə öz
adımdan sizi və sizin
timsalınızda bütün Azərbaycan
müəllimlərini təbrik edirəm. Sizə fəaliyyətinizdə
yeni-yeni uğurlar arzu edirəm.
Azərbaycan müəllimi.- 2013.- 20 dekabr.- S.7.