"10 dəqiqədən
artıq gecikən
tələbəni dərsə
buraxmırlar"
Böyük Britaniyanın Nyukasl Universitetində
təhsil alan azərbaycanlı tələbə ilə müsahibə
İlkin
Ağayev 1995-ci il avqustun 29-da Bakıda anadan olub. 2001-ci ildə
6 nömrəli məktəb-liseydə
I sinfə gedib.
4 il burada oxuduqdan sonra təhsilini 2005-ci ildən əvvəlcə
Bakı
Atatürk Liseyində,
2007-ci ildən
isə Bakı Özəl Türk Liseyində davam etdirib. 2012-ci ildə orta təhsilini başa vurduqdan sonra bir il ərzində Böyük Britaniyanın
Nyukasl Universitetində
hazırlıq kurslarına
(Foundation Year) qatılıb. Birillik hazırlıq kursunu başa vurduqdan sonra 2013-cü ildən "2007-2015-ci illərdə
Azərbaycan gənclərinin
xarici ölkələrdə
təhsili üzrə
Dövlət Proqramı"
çərçivəsində Nyukasl Universitetində dəniz texnologiyaları və mühəndisliyi ixtisası
üzrə bakalavr təhsilini davam etdirir. İlkinlə söhbətimizə
onun ilk təhsil illərindən başladıq:
- Orta məktəbdə oxuyarkən daha çox təbiət elmlərinə, riyaziyyata,
fizikaya marağım
vardı. Həndəsəni çox sevirdim. Texniki və təbiət fənlərindən qiymətlərim
"əla" və
"yaxşı" olub.
İstər məktəb, istərsə
də rayon səviyyəsində
keçirilən idman
yarışlarında da
iştirak etmişəm.
Əsasən yüngül atletika və futbola maraq göstərirdim.
- Necə oldu ki, dəniz mühəndisliyinə meyil
etdiniz?
- Bu sahəyə maraq
məndə uşaqlıqdan
yaranıb.
İxtisas seçimimdə atamın təsiri olub. O, gəmiqayırma sahəsində
mühəndisdir. Atam, ümumiyyətlə, həmişə mənim
maraq dairəmdə olub. Belə deyərdim ki, o mənim
üçün örnək olub.
Buna baxmayaraq, mənim ixtisas seçimim
müstəqil olub. Bu seçim mənim özümə məxsusdur.
Mən bu ixtisasa, necə deyərlər, görə-görə
gəlmişəm.
- Dövlət Proqramında tələbələrin
seçim prosesini necə qiymətləndirirsiniz?
- Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı çox uğurlu layihədir.
Biz gənclərə belə bir imkan
yaratdığına görə ölkə rəhbərliyinə
minnətdarlıq edirik.
Seçim prosesində iştirak etmək
üçün sənədlərimi hazırlayaraq Təhsil
Nazirliyinə təqdim etdim və mənə müsabiqənin keçirilmə
vaxtını xəbər verdilər. Bu proses mənim
üçün çox rahat keçdi. Müsabiqə
yüksək səviyyədə təşkil olunmuşdu. Müsahibə mərhələsi
yüksək ixtisaslı 3 nəfər mütəxəssisin
iştirakı ilə ingilis dilində keçdi. İlk dəfə işirak etdiyim müsabiqədən
təəssüratım çox böyük idi. Müsahibə vaxtı bizə ixtisasımız və
gələcək planlarımızla bağlı suallar verildi
və biz onları cavablandırdıq.
-Seçdiyiniz ixtisas
prioritet sahələrdəndir...
- Dəniz texnologiyaları
və mühəndisliyi burada çox
güclüdür. Britaniyada gəmi mühəndisliyi
ixtisası verən 3 universitet var ki, onlardan biri Nyukasldır. Ölkənin ən məşhur
gəmi mühəndisləri Nyukal Universitetində təhsil
alıblar. Qeyd edim ki, gəmi mühəndisliyi
sahəsində ən məşhur kəşflər də
Nyukasl Universitetində əldə olunub. Xüsusən də gəmi mühərrikləri
sahəsində ən əhəmiyyətli ixtiralar bu universitetin alimlərinə
məxsusdur. Alimlər gənc olmalarına
baxmayaraq, bu sahədə artıq nüfuz sahibidirlər.
- Dərsləriniz necə
keçir?
- Dərslərimiz maraqlıdır. Demək olar ki,
bütün vaxtımı ixtisasla bağlı fənlərin öyrənilməsinə
həsr edirəm. Yuxarı kurslarda dərs
yükü daha da ağırlaşır. Hələlik
bir çətinliyimiz yoxdur. Boş
vaxtlarımda əsasən kompüterlə məşğul
oluram. Asudə vaxtlarımda isə yoldaşlarımla futbol oynamağı
sevirəm. Türkiyədən,
Qazaxıstandan dostlarımız var. Onlarla görüşlərimiz
olur. Burada
Qazaxıstandan olan tələbələrlə birlikdə
tez-tez futbol yarışları keçiririk.
- Nyukaslda azərbaycanlılar
çoxdurmu? Bizim diaspor təşkilatları ilə əlaqəniz varmı?
- Burada 30-a yaxın
azərbaycanlı tələbə təhsil alır. Bizim sıx əlaqələrimiz
var. Biz tələbələr ASAİF-in (Xaricdə Təhsil
alan və Məzun olmuş Azərbaycanlı Gənclərin
Forumu) xətti ilə
keçirilən bir sıra tədbirlərdə fəal
iştirak etməyə çalışırıq. Azərbaycan həqiqətlərinin dünyaya
çatdırılmasına xidmət edən bir sıra
aksiyaların iştirakçısıyam. Biz
özümüz də
bir sıra tədbirlər keçiririk. Ötən
il Xocalı
soyqırımının
ildönümünə həsr
olunmuş tədbirdə iştirak etmək üçün
Nyukasldan Londona yollandıq. Gələn ilin fevralında da Londonda Xocalı
soyqırımına həsr olunmuş tədbir keçirməyi
nəzərdə tutmuşuq. Burada istər Dövlət
Proqramı çərçivəsində, istərsə də müstəqil surətdə təhsil
alan tələbələrimiz, eləcə də digər
soydaşlarmız bu tədbirlərdə fəal
olmağa çalışırlar. Hesab edirəm
ki, Azərbaycanı tanıtmaq bizim üçün çox əhəmiyyətlidir.
Bizim mənəvi borcumuzdur.
- Bu aksiyalar yerli
əhali tərəfindən necə qarşılanır?
-Tam normal və maraqla, deyərdim. Bu tədbirlərdə
çıxışlarımız olur. Biz
tələbələr Azərbaycanın ədalətli
mövqeyini, ölkəmiz barədə əsl həqiqətləri
dünya ictimaiyyətinə çatdıra bilirik. Yerli əhali arasında məlumatlandırma işi
aparılır. Biz
üzümüzə gələn ildə də Azərbaycanla bağlı bir
sıra mədəni-kütləvi tədbirlər keçirməyi nəzərdə tutmuşuq.
- Nyukasl Universitetində
imtahan sessiyası necə təşkil olunur?
- İlk növbədə,
onu deyim ki, imtahanın keçirilmə vaxtı əvvəlcədən məlumdur. İnternet vasitəsi ilə
hər bir tələbəyə imtahanın keçiriləcəyi
yer, gün barədə bildiriş göndərilir. Hər bir tələbəyə
ayrıca yer təyin
olunur. İmtahan günü tələbə
auditoriyada onun üçün ayrılmış yerdə
oturaraq yazılı imtahan verir.
Tələbə bütün imtahan materialları və
tapşırıqları ilə
əvvəlcədən tanış
olur. İmtahan
prosesinin gedişinə nəzarət çox
güclüdür. Proses
zamanı tələbələrin əvvəldən
tanımadıqları nəzarətçilərə
yaxınlaşması, onlardan nəsə soruşması
tamamilə qeyri-mümkündür. İmtahandan əvvəl tələbə
mənimsəyə bilmədiyi hər hansı dərs və ya
mövzu ilə bağlı
sorğu ilə müəlliminə müraciət edə, ondan məsləhət ala
bilər. Bu işdə müəllimlərimiz
bizə qarşı çox diqqətlidirlər və problemli
məsələlərdə kömək etməyə
çalışırlar. Bütün bu faktorlar imtahan prosesini çox
yüksək səviyyədə başa vurmağımıza
səbəb olur.
- Universitetdəki
nizam-intizam barədə
nə deyə bilərdiniz?
- Nyukasl Universitetində nizam-intizam
məsələsi çox ciddi səviyyədə qoyulub. Dərsə 10 dəqiqədən artıq gecikmək
qəti qadağandır. Tələbəni
artıq dərsə buraxmırlar. Hər bir tələbənin dərsdə
neçə faiz iştirakına dair göstərici var.
Əgər dərsdə iştirak faizi 1 faizdən azdırsa
(məsələn, 0,8 faiz), onda növbəti dəfə tələbənin
ölkəyə gəlişi zamanı çox ciddi çətinliklər baş verə bilər. Tələbə
dövlət sərhəd-keçid məntəqəsində "Dərsə niyə
getmirsən" kimi çoxsaylı suallar
qarşısında çaşbaş qala bilər. Tələbəyə xəbərdarlıq edilir ki,
onun dərsə davamiyyət faizi olduqca
aşağıdır, ehtiyatlı olmalıdır.
- Yaşadığınız şəhər barədə...
- Əsası
1834-cü ildə qoyulmuş Nyukasl
Universitetində 20 minə yaxın tələbə təhsil
alır. Bu universitet dünya universitetlərinin
reytinq cədvəlində təmsil olunur. Nyukasl
ölkənin şimalında yerləşir. Bu şəhərə
Londondan qatarla 3 saata getmək olar. Əhalisinin
sayı 200 min nəfərdir.
Biz şəhər mərkəzində
yaşayırıq. Nyukasl
həm modern, həm də klassikanı özündə təcəssüm
etdirən, olduqca
sakit bir şəhərdir. Bu şəhərdə qayda-qanunları çox
sevirlər. Nyukasl
çox təmiz şəhərdir.
- Sizin üçün
Böyük Britaniyaya adaptasiya necə keçdi, hər
halda, yad və olduqca mühafizəkar qayda-qanunların
hökm sürdüyü bir ölkə...
- Bu ölkəyə gedənlərin ən böyük çətinliyi
vətənləri və doğmaları
üçün darıxmalarıdır. Əsas məsələ
universitetdə xarici tələbələrin adaptasiyası
istiqamətində müəyyən olunmuş sistemi
tapmaqdır. Bu sistemi
tapdıqdan sonra universitetdə tam sərbəst hərəkət
etmək, zəngin kitabxanadan yararlanmaq, məşğələlərdə iştirak
mümkündür. Oxuduğun təhsil
ocağının, universitetin mövcud qayda-qanunlarına əməl
etməlisin. Özünü bu qanunlara
uyğun aparmağı öyrənməli, öz yerini bilməlisən.
İlk vaxtlardan universitetə yeni qəbul olunmuş tələbələrə
özlərini necə aparmaları barədə broşürlər
paylanılır, onlara özlərini universitetdə rahat hiss
etmələri üçün lazımi köməklik göstərilir. Tələbələrə
müəyyən problemli situasiyalardan neçə
çıxmalarına dair tövsiyə məzmunlu materiallar
verilir.
- Gələcək planlarınız
barədə danışaq...
- İlk növbədə, təhsilimi başa vuraraq vətənə
dönmək, Azərbaycana bu sahədə xidmət göstərmək
ən böyük arzumdur. Hesab edirəm ki, seçdiyin ixtisasa
mükəmməl yiyələnmək üçün onun
bütün inkişaf mərhələlərini dərindən
bilməlisən. Bu elə bir peşədir ki,
burada əmək fəaliyyətinə fəhləlikdən
başlamalısan. Mən bu sahədə
praktik təcrübə toplamaq və yalnız bundan sonra
magistr təhsili almaq niyyətindəyəm. Bu çox vacib, eyni
zamanda tam öyrənilməmiş sahədir. Bu sahənin Azərbaycan üçün önəmli
olduğunu düşünürəm. Sonda mən bütün
xalqımızı qarşıdan gələn 31
dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik
Günü və Yeni il bayramı münasibətilə təbrik etmək istərdim.
- Biz də sizi, xaricdə təhsil
alan bütün tələbələrimizi qarşıdan gələn
bayramlar münasibətilə ürəkdən təbrik edir,
həyat yollarında və təhsil
karyeranızda uğurlar
arzulayırıq!
Oruc
MUSTAFAYEV,
"Azərbaycan müəllimi"
Azərbaycan müəllimi.-
2013.- 27 dekabr.- S.7.