Kompüter və televizorun
uşaqlar üçün faydası və zərəri
Müasir dövrdə texnologiyanın sürətlə inkişaf etməsi nəticəsində günün tələblərinə uyğun olaraq kompüter və televizor həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin adını çəkdiyimiz cihazlardan istifadə nə qədər zəruri olsa da, hamımıza məlumdur ki, sağlamlıq hər şeydən vacibdir. Kompüter və televizordan ən çox istifadəyə meyilli olanlar isə uşaqlardır. Uşaqların saatlarla televizor və ya kompüterə bağlı qalmaları onların sosial mühitlə əlaqələrini zəiflədir, bu kimi cihazlardan asılı vəziyyətə salır. Bu asılılıq yetkinlik yaşındakı uşaqlarda özünə qapılma, məktəb yoldaşları və ətrafına qarşı aqressiv davranışlara və digər xoşagəlməz hallara gətirib çıxarır. Buna görə də istər kompüterdən, istərsə də televizordan istifadə müəyyən çərçivədə olmalıdır. Bəs görəsən, mütəxəssislər bu haqda nə fikirləşirlər?
Dilşad MƏMMƏDOVA,
Bakıdakı Heydər Əliyev adına liseyin psixoloqu
Müasir həyatı İnternetsiz
və televiziyasız təsəvvür etmək mümkün deyil. Məhz
buna görə də XXI əsr "İnformasiya
və texnologiyalar" əsri
adlandırılır. Sivil dünyanın
bir parçası olan
vətənimiz Azərbaycanda da informasiya texnologiyaları sürətlə inkişaf etmiş və
etməkdə davam edir.
Lakin bu onu deməyə əsas
vermir ki, hər bir insan, xüsusilə məktəb
yaşlı uşaqlar heç
bir məhdudiyyət olmadan
bu texnologiyalardan
istifadə etməlidirlər. İnternetin
və televiziyanın uşaq orqanizmi və psixologiyası üçün
mənfi və müsbət cəhətləri vardır.
Təəssüf hissi ilə qeyd etmək olar ki, bunların mənfi cəhəti müsbət
cəhətlərindən daha çoxdur.
Müsbət cəhəti
ondan ibarətdir ki, uşaqlar İnternet vasitəsilə kifayət qədər sürətli
məlumat əldə etmək imkanına malikdirlər. Belə
ki, tədris zamanı şagirdlərin tarix, coğrafiya, ədəbiyyat
və sair fənlərdən verilən
tapşırıqları İnternetdən aldıqları məlumatlar
vasitəsi ilə daha səmərəli və
keyfiyyətli yerinə yetirirlər.
Bu, uşaqların dünyagörüşünün,
savadının artmasına səbəb olur.
İnternet və televiziya
uşaqlara onları maraqlandıran suallara cavab tapmaqda köməklik edir.
Yaxşı ilə pisi
bir-birindən ayırmağa, fantaziyasının inkişaf etdirilməsinə, müxtəlif
elmlər sahəsində yeni məlumatlar əldə
etməsinə köməklik etməklə bərabər
onların məntiqini, təfəkkürünü inkişaf etdirir, diqqətliliyi
artırır. Bir sözlə, hər
bir uşağın inkişafına xidmət
göstərmiş olur.
Mənfi cəhəti
isə ondan ibarətdir ki,
İnternetdən çox istifadə etdikdə
bu, ilk növbədə,
uşaqlarda kompüter
asılılığı yaradır. Bu
asılılıq da xəstəliyə çevrilir
ki, bunu da narkomaniya, alkoqolizm və digər asılılıqla eyniləşdirmək
olar. Bu asılılıq uşaqların səhhətinə
ciddi surətdə zərər vurur. Belə ki,
ilk növbədə, görmə qabiliyyətini
aşağı salır, onurğa sütununun düzgün
inkişafına mane olur,
tənəffüs sistemində problemlər yaradır, baş ağrıları əmələ gətirir,
yuxu pozulmasına, yorğunluğa
və narahatlığına səbəb olur.
Həmçinin uşaqların kompüterin
və televiziyanın qarşısında çox
vaxt keçirmələri onları dərsdən
yayındırmaqla yanaşı dərs
hazırlamalarını arxa plana keçirir. Həssas
uşaqlarda döyüş
və ölüm səhnələri ilə
bol olan emosional kompüter
oyunlarından və televiziyada nümayiş etdirilən filmlərdən sonra əsəbilik, aqressivlik,
qəddarlıq və zorakılıq hissləri üstünlük təşkil edir. Həmin hisslərlə yanaşı onlarda qorxu hissi
əmələ gətirir.
Televiziya və kompüter
uşaqların, demək olar ki, ən yaxın dostlarından birinə çevrilir. Bu da uşaqların valideynləri, ailə
üzvləri və dostları ilə çox
az ünsiyyətdə olmasına səbəb
olur. Uşaqlar qrammatik cəhətdən düzgün
danışmamaqla öz fikirlərini
aydın ifadə edə bilmirlər. Məsələn, son vaxtlar uşaqlar
öz dostları ilə masa
arxasına əyləşdikləri zaman birbaşa ünsiyyətdə olmaq
əvəzinə mobil telefon
vasitəsi ilə İnternetdən istifadə etməklə
ünsiyyətdə olmağa daha çox üstünlük verirlər. Belə hallara nəinki uşaqlar,
hətta böyüklər arasında da tez-tez rast gəlmək olar.
D. Mendeleyevin
gözəl bir kəlamı var: "Həyatda ziyanlı heç
bir şey yoxdur, ziyanlı həcm var".
Uşaqda televizor və kompüter haqqında ilk
yanlış məlumatı məhz valideyn
yaradır. Əli yeni-yeni əşya tutan uşağın ilk
oyuncağı telefon və kompüter olur. Uşaqlar buna əyləncə
vasitəsi kimi baxır, müəllifi
bilinməyən musiqilərlə sakitləşir, qorxunc cizgi filmləri ilə
başlarını qatırlar. Valideyn isə
öz işi ilə məşğul
olur, uşağı nə ilə məşğul
olursa-olsun, təki ona
mane olmasın, - deyə düşünür.
Bununla da uşaqda texniki vasitələrə
yanlış yanaşma üsulu
formalaşır.
Buna görə də valideynlər
uşaqlarının İnternet və televiziyadan düzgün
istifadə etməsinə nəzarət etməlidirlər. Onlar uşaqlarının saatlarla
kompüter arxasına əyləşməsindən
və televizora baxmasından narahat olmalıdırlar. Yaddan
çıxartmaq olmaz ki,
kompüter və televiziya
asılılığının qarşısını almaq daha asandır, nəinki
onu müalicə etmək. Bir
çox hallarda
uşaqların, xüsusilə, İnternetdən düzgün istifadə etməməsində
valideynləri günahlandırmaq olar. Belə ki, bəzi valideynlər kiçik yaşlarından
uşaqlarını mobil telefonla
və kompüterlə təmin etməyə
çalışırlar. İllər keçdikcə onlar uşaqlarını texnikanın son nailiyyətləri ilə zəngin olan telefon və
kompüterlə təmin edilməsində
daha da həvəsli olurlar. Sanki valideynlər
arasında bununla əlaqədar gizli rəqabət mövcuddur.
Bu da uşaqlarda
kompüter oyunlarına marağı daha da artırmış olur. Valideynlər uşaqlarını belə
hədiyyələrlə sevindirməkdən maksimum
dərəcədə yayınmalıdırlar. Yaxşı olar ki, valideynlər
övladları ilə ünsiyyətə daha
çox vaxt sərf
etsinlər. Uşaqların maraq
dairəsinə daxil olan
məsələləri onlarla birlikdə
müzakirə etməli və onlarla fikir mübadiləsi aparmalıdırlar.
Ünsiyyət zamanı uşaqların gün
ərzində nə ilə məşğul olduqları ilə maraqlanmalı və özünün
gördüyü işlər barədə
də məlumat verməlidirlər. Uşaqlara
icazə verilməlidir ki, dostlarını
evə dəvət etsinlər və dostları ilə daha çox canlı
ünsiyyətdə olsunlar. Eyni zamanda kompüterdən
istifadə etməsinə və
televizor qarşısında əyləşməsinə
məhdudiyyət qoyulmalıdır. Xüsusilə də gecə
saatlarında. Həmçinin valideynlər
uşaqlarının hansı televiziya
verilişlərinə baxdıqlarına və hansı kompüter oyunlarını oynamasına nəzarət
etməlidirlər. Uşaqlara İnternetdən
biliyin artırılması məqsədilə
istifadə etməsini öyrətməli və buna həvəsini artırmalıdır. Ailəliklə
teatra, muzeyə, konsertlərə, kafelərə
və təbiətin qoynuna getməlidirlər. Hər bir valideyn bilməlidir ki, uşaqlar üçün ən əsas valideyinləri
ilə ünsiyyətdə olmaqdır. Valideynlər uşaqları ilə nə
qədər çox ünsiyyətdə olsalar, bu, onların televiziyadan və İnternetdən az istifadə etmələrinə səbəb olar.
Ülviyyə HƏSƏNOVA,
Bakının Yasamal
rayonundakı 13
nömrəli uşaq poliklinikasının həkimi
Uşaqlar və gənclər kompüterdən
istifadəyə daha çox
maraq göstərirlər. Bu
da uşaqlarda səhhətlərində
və inkişaf dövründə müəyyən
problemlər yaradır. Uşaqlıq dövrü
insan həyatının inkişafında
elə bir mərhələdir ki, uşaq bu
dövrdə fiziki, emosional,
intellektual və mənəvi cəhətdən
inkişaf edir. Həmin
keçid dövründə kompüter və İnternetdən hədsiz dərəcədə
istifadə isə uşaqların inkişafına çox mənfi təsir edir.
Uşaqların fiziki inkişafı
dövründə qeyd etdiyimiz
cihazlardan çox
istifadə hipodinamiya yaradır. Belə ki, kompüterdən asılılıq
uşaqları real həyatdan
ayırır, onları idman, musiqi və digər məşğuliyyətlərdən uzaqlaşdırır. Bundan başqa, kompüter arxasında olarkən ayaqüstü qidalardan
istifadə edirlər ki, bu
da onlarda artıq çəki və zəiflik
yaradır. Kompüter və televizor arxasında uzun
müddət oturanlarda daha
çox onurğa ilə
bağlı problemlər də yaranır. İnkişaf
dövrü keçən uşaqlarda
bu daha çox
özünü büruzə verir. Belə ki, həmin
uşaqların qaməti əyilir və müəyyən yaş dövründən sonra
onurğalarında yırtıq və sürüşmələr
əmələ gəlir. Bununla
bağlı digər məsələ isə görmə
qabiliyyəti ilə bağlıdır. Kompüter
arxasında uzun muddət oturmaq,
monitorla lazımi - 70 sm
məsafəni saxlamamaq nəticəsində
görmə qabiliyyəti zəifləyir. Monitorda
dəyişkən şəkillər, kiçik
şriftli yazılar və işıq dəyişiklikləri
göz əzələlərinin və torlu qişanın gərginliyini
artırır.
Məsələnin
digər tərəfi isə bu cihazlardan çox istifadə
edən uşaqların emosional dəyişiklikləridir.
Uşaqların aqressiv oyun
oynaması, sürətli maşın sürmə səhnələri,
döyüş və hərbi oyunlara üstünlük
verməsi nəticəsində onlarda
artıq həyəcan, stres və əsəbilik
yaradır. Bu kimi oyunlarda uşağın qəhrəmanı onun şüuraltına daxil
olur və müəyyən vaxtlarda uşaq həmin qəhrəmanının
hərəkətlərini və davranışlarını tətbiq
etməyə çalışır. Bu cür uşaqlar evdə,
məktəbdə lazımsız yerə
qışqırır, sakit oynaya bilmir.
Ətrafındakı insanlarla, hətta valideyn və müəllimlərlə belə
kobud rəftar edirlər.
Azyaşlı
uşaqlara gəldikdə isə həddindən
artıq televizor izləyən uşaq sadəcə informasiya
almağa alışır, praktik zəkası yaxşı inkişaf etmir. İki yaşında uşaqlar
televizor qarşısında yalnız 20-30
dəqiqəyə qədər qısa cizgi
filmləri və tərbiyəvi yönümlü uşaq
proqramları izləyə bilər. Uşağın
inkişafının ilk üç
ilində həddindən artıq televizor
izləməsi uşağın gec dil açmasına və ətraf mühitlə
problemlər yaşamasına səbəb ola
bilər. Uşaqla söhbət etmək, oyun oynamaq və xobbilər
üçün zaman
ayrıldığında uşaqlar televizor izləməkdənsə, valideynləri
ilə vaxt keçirməyi daha çox istəyirlər.
Uşaqların bu vərdişlərdən
uzaqlaşdırılması, kompüter və
televizordan müəyyən vaxt çərçivəsində istifadə
etməsi məqsədəuyğundur. Lakin
bunu tədricən və qəti qadağalar qoymadan etmək
lazımdır ki, uşaqların
psixologiyası pozulmasın. Onlara bu cihazlardan düzgün istifadə qaydaları və əsasən
də lazımsız vaxt itkiləri
haqqında ətraflı məlumat verməklə meyil və maraqlarını başqa
səmtə yönəltmək lazımdır. Bu vərdişlərin yaranmaması üçün uşaqlara
valideynlər tərəfindən ciddi nəzarət
edilməlidir. Ən əsası isə vaxt
bölgüsüdür. Belə ki, gün ərzində kompüter və televizorlardan
istifadə 6 yaşa qədər uşaqlarda 20-25 dəqiqə, 7-8 yaşlarda 40-60 dəqiqə, 12 yaşadək
60 dəqiqə, 12 yaşdan yuxarı uşaqlarda isə 2 saatdan
artıq olmamalıdır.
Könül ŞAHBAZOVA,
BDU-nun nəzdində "Gənc
istedadlar" liseyinin
Azərbaycan
dili və ədəbiyyat müəllimi
Düşünürəm
ki, ətrafımızdakı insanlardan televiziyadan istifadə
etməyən tapılmaz. Kompüter və
İnternetdən isə məlumdur ki, hələ
də bir çox insanlar istifadə edə bilmirlər. Uşaqlara gəldikdə isə hesab edirəm ki, kompüterin ən çox
istifadəçiləri məhz onlardır. Bu
gün hər kəsin evində demək olar ki, həm kompüter, həm də televizor
var. Bu cihazların
istifadəsi isə birmənalı qarşılanmır.
Şagirdlərlə işlədiyim üçün
bütün bunların onlarda
müsbət və mənfi təsiri açıq şəkildə
görünür. Lakin
keçid dövründə olan şagirdlərə bu
vasitələrin xeyrindən çox mənfi
təsiri olduğu daha
çox nəzərə çarpır. Bu, hər birimizi narahat edən məsələlərdəndir.
Qloballaşan dünyada
şagirdləri ətraf mühitdən təcrid etmək,
onların dünyagörüşünün
inkişafına mane olmaq
da düzgün hal hesab edilmir.
Ancaq
ağıllı və düzgün
yönəldilən şagird istər İnternetin, istərsə də
televiziyanın müsbət tərəflərindən istifadə
edir. Özünə lazım olan istənilən materialı İnternetdə
tapır, elektron kitablar
yükləyir, intellektual, tarixi
verilişlərlə öz biliklərini daha da genişləndirir.
Bunun üçün,
ilk növbədə, şagirdlər
arasında maarifləndirmə işləri aparmaq
lazımdır. Axı bütün uşaqlar İnternet və
televiziyanın məhz yaxşı tərəfindən istifadə
etmir.
İnternetdən
istifadənin yaş həddi bu gün çox
"cavanlaşıb" desək yanılmarıq. Bir çox ailələrdə,
hətta bağçaya gedən 3-5
yaşlı uşaq da
İnternetə girir, orada
xoşuna gələn oyunları
oynayır.
Bu gün İnternetin şagirdlərin həyatına ən
mənfi təsiri erkən yaşdan
lazım olduğundan artıq və
lazımsız informasiyaları almasıdır. Girişinə
qadağa qoyulmayan bir çox saytlar, müxtəlif
açıq-saçıq forumlar
şagirdlərin tərbiyəsinə mənfi təsir göstərir.
Bu gün
QİÇS-ə, narkomaniyaya yoluxma halları, uşaq
yaşından törədilən cinayətlər kifayət qədərdir.
Bütün bunlarda İnternetin rolu
danılmazdır. Belə ki, uşaqlar bilmədiyi bilgiləri də İnternet vasitəsilə əldə edirlər.
Belə sürətli inkişaf əqidəsi
zəif olan uşaqların dərsə
marağını azaldır. Onlar daha çox əyləncə
axtarırlar. Bu səbəbdən biz müəllimlərin
də işi çətinləşir.
Şagirdləri daim nəzarətdə saxlamaq, sözsüz ki, mümkünsüz bir işdir. Ona görə də bu
işdə təkcə müəllimlər deyil,
bütövlükdə cəmiyyət əl-ələ verib çalışmalıdır. İnternet klubların fəaliyyətinə nəzarət
güclənməlidir. Valideynin qida almaq üçün
verdiyi pullarla evdə
girə bilmədiyi saytlara İnternet
klublar vasitəsilə
daxil olan uşaqlara diqqət
artırılmalıdır. Bu işdə
valideynlərin üzərinə ağır yük
düşür.
Niyazi
RƏHİMOV
Azərbaycan
müəllimi.- 2013.- 27 dekabr.- S.9.