Sumqayıtda gənc müəllimlərlə görüş keçirildi

 

Sumqayıt ŞTŞ-nin müdiri Mahal Əliyev  Sumqayıt  şəhər Gənc Müəllimlər Şurasının  ən fəal üzvləri və gənc müəllimlərlə görüşdü. "Dəyirmi masa" ətrafında keçən görüşdə M.Əliyev bildirdi ki, bu gün hər bir gənc müəllimin əsas vəzifəsi Azərbaycan dövləti qarşısında  öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqlarına və azadlıqlarına hörmət edən, vətənpərvərlik  və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirməkdir. Bütün bunlara nail olmaq üçün, ilk növbədə, gələcəyimiz olan gənclər gələcək nəslə həmişə nümunə olmalı, təşəbbüskar və yenilikləri qiymətləndirməyi  bacaran, nəzəri və praktiki bilikləri sintez edərək "açıq dərs"lər verməyi və elmi-praktik konfranslarda  məruzələrlə və layihələrlə çıxış etməyi bacarmalıdırlar.

 

Tanışlıq xarakteri daşıyan bu görüşün məqsədi açıqlanandan sonra  gənc müəllimlər təkliflərini  və məktəbdə olan problemlərini  səsləndirdilər.

Çıxışlarda problemlərlə yanaşı, maraqlı təşəbbüslər də diqqətə çatdırıldı. Gənc müəllimlər - Aygün Rəhimova (28 nömrəli məktəbin tarix müəllimi), Lalə Tarverdiyeva (15  nömrəli məktəbin  laborantı), Aygün Əhmədova (TET gimnaziyanın biologiya müəllimi), Şəfa Rzayeva (13 nömrəli məktəbin ingilis dili müəllimi, GMŞ-nın sədri), Samirə Tağıyeva (39 nömrəli məktəbin informatika müəllimi), Sidqiyyə Xıdırova (25 nömrəli məktəbin ingilis dili müəllimi), Səidə Xəlilova (45 nömrəli uşaq bağçasının  tərbiyəçisi), Leyla Bayramova (47 nömrəli uşaq bağçasının tərbiyəçisi) və başqaları çıxış edərək öz şəxsi təcrübələrindən danışdılar. Eyni zamanda  onlar Mahal Əliyevi öz "açıq dərs"lərinə dəvət etdilər.

İşgüzar şəraitdə keçən bu görüşdə müəllimlərin qaldırdıqları problemlərin bəzi  həlli  yolları  elə auditoriyada  həm müəllimlər, həm də rəhbərlik tərəfindən cavablandırıldı.

Tədbirin sonunda  Mahal müəllim  bildirdi ki,  bu gün təhsil sektoruna  dövlət tərəfindən göstərilən xüsusi  diqqət və qayğı göz qabağındadır. Respublikamızda gənclər siyasəti uğurla həyata keçirilir. Ölkə Prezidentinin təhsil sistemi qarşısında qoyduğu vəzifələrə uyğun olaraq Təhsil Nazirliyi ən ciddi problemlərlə bağlı strateji təhlillər əsasında inkişaf proqramlarını reallaşdırır. Təhsil tariximiz üçün yeni və çox əhəmiyyətli bir haldır ki, hazırda  təhsil sisteminin müxtəlif sahələri üzrə çoxlu sayda Dövlət Proqramı hazırlanmış, təsdiq edilmiş və həyata keçirilməkdədir. Dövlət Proqramları təhsilin məzmununun yeniləşdirilməsi, yeni proqram, dərslik və dərs vəsaitlərinin hazırlanması, təhsilin idarə olunmasının təkmilləşdirilməsi, təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi, tədris prosesində müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə olunması, istedadlı uşaq və gənclərin yaradıcılıq potensialının inkişafı, xaricdə  təhsil və digər əhəmiyyətli  sahələri  əhatə edir.

Bildirildi ki, Sumqayıt şəhərində yüksək intellektual səviyyəyə və praktiki iş qabiliyyətinə, yeni texnologiyalara yiyələnən, informasiya axınında çevik istiqamət tapmağı bacaran gənclər çoxdur. Güclü intellektual kadr potensialına ehtiyac həmişə var. Təbii ki, gənclər də öz növbəsində bu diqqət və qayğıya layiqli cavab verməli, onlara göstərilən yüksək etimadı bütün imkanlardan  istifadə etməklə doğrultmalıdırlar.

 

 

Azərbaycan müəllimi.- 2013.- 1 fevral.- S.7.