Onbirinci sinif şagirdi dünya çempionudur

 

 Son illər Azərbaycan gənclərinin müxtəlif idman növləri üzrə keçirilən dünya çempionatı, Avropa kuboku, beynəlxalq turnir və olimpiya yarışlarında qələbələr qazanmaları ölkəmizdə idmanın yüksək səviyyədə inkişaf etdiyini bir daha göstərir. Azərbaycanda hər bir idman sahəsində olduğu kimi, kikboksinq növü üzrə də güclü idmançılar yetişir. Bu idmançılardan biri də Bakıdakı 158 nömrəli tam orta  məktəbin XI sinif şagirdi Emil Mövsümzadədir.

 

Emil Mövsümzadə 1995-ci ildə Bərdədə anadan olub. 7 yaşından kikboksinq idman növü ilə məşğul olur. Məşqçi-müəllimi, əməkdar məşqçi, kikboksinq üzrə Azərbaycanın gənclər və yeniyetmələrdən ibarət milli yığmasının baş məşqçisi Hikmət Hacıyevdir.

Qeyd edək ki, Emil kikboksinq idman növü üzrə keçirilən yarışlarda ilk uğurlarını Rusiyada yaşadığı müddətdə qazanıb. Belə ki, Emil 67 kq çəki dərəcəsində 3 dəfə Rusiyanın Uzaq Şərq çempionu olub. 2010-cu ilin sentyabrında Serbiyanın paytaxtı Belqradda kikboksinq üzrə keçirilən yarışda 3 döyüşdən 2-nin qalibi olub. 2011-ci ilin fevral ayında Bakıda keçirilən boks üzrə respublika çempionatında Gəncədən olan idmançını 2:0, "Sərhəd" İdman Klubunun yetirməsini 2:1, sumqayıtlı idmançını isə 3:1 hesabı ilə məğlub edərək finala çıxıb. Finalda Emil rəqibi olan Avropa çempionunu 2 dəfə nokaut vəziyyətinə salmasına baxmayaraq, hakimlərin qərarı ilə 2:3 hesabı ilə məğlub olub. İstedadlı idmançı 2011-ci ilin sentyabrında İtaliyanın Liqnano şəhərində  təşkil olunan  Avropa çempionatında 3 döyüşdən 2-də mübarizəni qələbə ilə başa çatdırıb.

Diqqətə  çatdıraq ki, 8-15 sentyabr 2012-ci il tarixində Slovakiyanın Bratislava şəhərində 17 yaşlı kikboksçular arasında dünya çempionatı keçirilib. Çempionatda Emil  Mövsümzadə Xorvatiya, Monteneqro və Afrika idmançılarını məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Gənc idmançımıza gələcək yarışlarda da böyük idman nailiyyətləri diləyirik.

 

 

Rəşad ZİYADOV

 

Azərbaycan müəllimi.- 2013.- 1 fevral.- S.7.