Dalğa
mexanikası nəzəriyyəsinin banisi
Ervin Rudolf Yozef Aleksandr
Şredinger - avstriyalı dahi
fizik-nəzəriyyəci, 1933-cü il fizika üzrə Nobel
mükafatı laureatı, Vyana, Ştutqart, Breslau, Berlin, Oksford, Qrats, Gent universitetlərinin
professoru, Dublin Ali Tədqiqatlar İnstitutunun təsisçisi
və direktoru, kvant mexanikası və materiyanın dalğa nəzəriyyəsinin
müəllifidir. E.Şredinger Nobel
mükafatından əlavə, İtaliya Milli Elmlər
Akademiyasının Matteuççi qızıl medalı,
Alman Fiziki Cəmiyyətinin Maks Plank medalı, AFR hökumətinin
"Xidmətlərinə görə" medalı ilə təltif
olunub. O, Qenta, Dublin, Edinburq universitetlərinin fəxri
üzvü, Papa Elmlər Akademiyasının, London Kral Cəmiyyətinin,
Berlin Elmlər Akademiyasının, SSRİ Elmlər Akademiyasınn,
Dublin Elmlər Akademiyasının, Madrid Elmlər
Akademiyasının üzvü olub.
İbtidai təhsilini evdə
almış dahi
Ervin Şredinger 1887-ci il avqustun 12-də Vyanada
Rudolf Şredinger və Georgina Emili Brendin ailəsində anadan
olub. Atası
Rudolf Şredingerin Vyanada kiçik müşənbə
fabriki var idi. O, rəssamlıqla məşğul
olurdu, botanika elminə də
böyük marağı var idi. Anası həssas,
qayğıkeş və həyatsevər qadın olub. Ervinin xoşbəxt uşaqlıq illəri
xeyirxahlıq, elm və incəsənətin hökm
sürdüyü bir ailədə keçib. Ervin ailənin yeganə övladı idi. Təbiət elmlərinə meyilli olan atası hərtərəfli
inkişaf etmiş insan idi. Müstəsna qabiliyyətlərini
çox erkən
büruzə verən oğluna qarşı
xüsusi diqqət ayırmışdı. 11
yaşa qədər Ervin evdə oxuyub. Onun
ilk müəllimi atası olmuşdu. Sonralar Ervin xatirələrində
atasını "dost, müəllim və həmsöhbətinin
yorğunluğundan xəbərdar olmayan" insan kimi xarakterizə etmişdi.
Fizika və riyaziyyata çox erkən maraq göstərməsinə
baxmayaraq, o, bütün fənlər üzrə eyni dərəcədə
müvəffəqiyyət qazana bilmişdi, qədim dilləri, klassik alman və
xarici poeziyanı sevirdi və ingilis dilini çox gözəl
öyrənmişdi. Onun ana tərəfdən nənəsi
ingilis idi, ona görə də hələ uşaqlıqdan
Ervin bu dildə sərbəst danışırdı.
1898-ci ildə sınaq imtahanlarını
uğurla verərək Akademik Gimnaziyaya daxil olub və
buranı 1906-cı ildə başa vurub.
Bu gimnaziya nüfuzlu təhsil ocağı hesab
olunurdu və əsasən humanitar təmayüllü idi.
Buraxılış imtahanlarını "əla"
qiymətlərlə verən Ervin seçim
qarşısında riyaziyyat və fizikanı seçib.
O, sinifdə yunan, latın, klassik ədəbiyat, riyaziyyat, fizika fənlərindən
birinci şagird olub. Gimnaziya illərində Ervin
teatra da maraq göstərib. Ervin
keçilmiş materialı elə dərsdəcə mənimsəyirdi.
Hər bir dərsdən sonra müəllim onu
lövhəyə dəvət edər və mühazirə
materialının şagirdi tərəfindən dolğun və
aydın şərhindən heyrətlənərdi.
Universitet illəri
Ervin
Şredinger 1906-cı ildə Vyana Universitetinə daxil olub, bir
il sonra isə Fridrix Qazenerlin fizika üzrə
mühazirələrinə qatılıb. Bu mühazirələr
Ervində dərin təəssürat buraxıb.
1906-1910-cu illərdə artıq I.Losmidt, I.Stefan və L.Bolsman
kimi alimlərin sayəsində nəzəri və eksperimental fizika
üzrə kifayət qədər tanınan Vyana Universitetində
tam formalaşıb. Məhz
burada L.Bolsmanın tələbələri F.Qazenerl və Frans Eksner kimi
böyük alimlərin təsiri altında Şredingerin elmi
dünyagörüsü formalasıb.
1910-cu ildə doktorluq dissertasiyası müdafiə edən Ervin
Vyana Universitetininin II Fizika İnstitutunda fizik-eksperimentator Frans
Eksnerin assistenti olur. O, bu vəzifədə İkinci Dünya müharibəsinə
qədər çalışıb. 1913-cü ildə Ervin
Şredinger radium elementinin eksperimental tədqiqatlarına görə
Xaytinqer İmperator Akademiyasının mükafatına layiq
görülüb. Müharibə zamanı Ervin
Şredinger ön cəbhədən uzaqda, dağlarda yerləşən
hərbi qarnizonda zabit-artilleriyaçı kimi xidmət edib.
Azad vaxtlarından səmərəli istifadə etməyə
çalışan Ervin Albert Eynşteynin ümumi nisbilik nəzəriyyəsi
ilə maraqlanırdı. Müharibədən sonra
Vyanadakı II Fizika
İnstitutuna qayıdan Ervin ümumi nisbilik nəzəriyyəsi,
statistik mexanika və rentgen şüalarının
difraksiyası kimi problemlərlə məşğul olmağa
başlayır. Məhz bu dövrdə Ervin
Şredinger rəng və rəngin qavrayışı nəzəriyyəsi
üzrə nəzəri və eksperimental araşdırmalar
aparıb. 1920-ci ildə
Şredinger Almaniyaya yola düşür, o, Yen Universitetində
Maks Vinin assistenti olur. 4 ay
sonra isə o,
Ştutqart Universitetinin adyunkt-professoru təyin
olunur. Tezliklə Ervin Ştutqartı tərk edir və Breslau
(Polşanın indiki Vroslav şəhəri) Universitetində
professor yerini tutur. Daha sonra Ervin İsveçrəyə gedərək
professor vəzifəsinə təyin olunur. Sürix Universitetində Albert Eynşteyn və Maks fon
Lauenin varisi olur, ondan əvvəl bu kafedraya A.Eynsteyn,
P.Debay və M. fon Laue başçılıq ediblər.
1921-1927-ci illər ərzində Sürixə
qayıdan Ervin Şredinger termodinamika və statistik
mexanikanın əsasları və onların qazlar və bərk cismlərin
təbiətinin öyrənilməsinə tətbiqi məsələləri
ilə məşğul olur.
Fiziki problemlərin geniş dairəsi ilə maraqlanan
Şredinger kvant nəzəriyyəsinin uğurlarını izləyir
və 1925-ci ilə qədər (Eynşteyn Lui de Broylun
dalğa materiyası nəzəriyyəsinə müsbət
qiymət verənə qədər) əsas diqqətini bu sahəyə
yönəldir.
İlk addımlar
Onun ilk müəllimləri nəzəriyyəçi
fiziklər Fridrix Qazenerl və eksperimentator Frans Eksner olub.
Sonralar Nobel çıxışında Şredinger Birinci
Dünya müharibəsi illərində həlak olmuş
Qazenerlin mühazirələrinin onda çox güclü təəssürat
buraxdığını yazmışdı. Prussiya Elmlər Akademiyasına üzv seçilməsi
mərasimindəki çıxışında Şredinger
çox böyük ehtiramla xatırlayırdı ki, Eksnerin rəhbərliyi
ilə aparılan məşğələlərdən sonra
o, "ölçmək nə olduğunu" anlayıb.
Şredingerin çoxşaxəli istedadı hələ
universitet illərində özünü göstərib.
1910-cu ildə Şredinger universiteti fəlsəfə doktoru
elmi dərəcəsi ilə bitirib. Elə həmin ildə
onun "Nəm havada izolyator səthində elektrik
keçiriciliyinə dair" ilk məqaləsi işıq
üzü görüb.
Ervin alman elmi ierarxiyasının
bütün pillələrini çox sürətlə
keçib. Tez bir vaxtda Yen Universitetinin privat dosenti, Ştutqart Universitetində
ekstraordinar professor, Breslau Universitetində ordinar professor
seçilib. Bu illərdə Ervin Şredingerin elmi maraqları
hələlik tam müəyyənləşməyib. Bu
dövrdə onun ən maraqlı elmi işlərindən 3
hissədən ibarət
"Gündüz işığında metrik rənglər
nəzəriyyəsinin əsas prinsiplərinə dair"
böyük həcmli məqaləsi işıq üzü
görüb. Görmə rənginin özünəməxsus
riyaziləşdirilməsi
problemi Şredinger
üçün uzun illər ərzində müəyyən
mənada bir xobbiyə çevrilib. O, rənglər haqqında təlimdə,
onun öz sözləri ilə desək, o dövrkü atom
fizikası ilə tanışlıq zamanı keçirdiyi
qeyri-məmnunluqdan özünəməxsus
sığınacaq tapmışdı. Onun həyatında həlledici
an 1921-ci ildə Sürix Universitetinin kafedra müdiri təyin
olunması ilə yetişdi. Elə o vaxtdan da Şredinger
çox ciddi surətdə Albert Eynşteyn və Nils Borun elmi
məqalələrində öz inkişafını
tapmış istilik şüalanması və atom fizikası
problemləri ilə ciddi surətdə məşğul
olmağa başlayıb.
Şredingerin bu yeni elmi sahədə ilk işləri
termodinamika və izotopiya hadisələrinin öyrənilməsinə
həsr olunub. "İzotopiya və Gibbs paradoksu" (1921) və
"Doppler prinsipi və Bor tezlik şərtləri" (1922)
məqalələri dərc olunub.
Sürixdə keçən 6 il
alim üçün çox məhsuldar olub. Məhz
burada Şredinger özünün
atomun epoxal dalğa mexanikasını yaradıb.
1900-cü ildə kvant nəzəriyyəsinin
əsası qoyulub, Maks Plank cismlərin temperaturları və
maddələrin istilik buraxması arasında nisbətə
dair nəzəriyyəsini təklif edib. Bu nəticə uzun
müddət digər alimlərin diqqətindən
yayınıb. Lakin sonradan Eynşteyn, Bor və Rezervord bu nəzəriyyəyə
əl qoyublar.
Şredinger
tənliyi
Kvant nəzəriyyəsinin mahiyyətcə
yeni özəlliyi 1924-cü ildə görkəmli fizik Lui de
Broyl materiyanın dalğa xarakterinə dair radikal fərziyyə
irəli sürdükdən sonra üzə çıxıb.
Bu fərziyyəyə görə, elektromaqnit dalğaları,
məsələn, işıq özünü bəzən
hissəcik kimi aparır. Lakin elektron müəyyən şəraitlərdə
özünü dalğa kimi də apara bilər. Mikrohissəciklərin
dalğa nəzəriyyəsinin işlənib
hazırlanması kimi çox
çətin və məsuliyyətli bir vəzifənin
həllinə ilk olaraq Ervin Şredinger girişdi. Öz nəzəriyyəsinin
ilkin müddəaları barədə danışan gənc
alim mənbə kimi, ilk növbədə, Lu de Broylun bu mövzuda yazmış olduğu
dissertasiya işindəki dərin ideyalardan yararlandığını
qeyd edirdi. Şredinger elektronların dalğa təsvirini ilk dəfə atomun qeyri-adekvat Bor
modeli ilə əlaqəsi olmayan davamlı kvant nəzəriyyəsinin
qurulmasına tətbiq etməyə cəhd edib. O,
sözün klassik mənasında, kvant nəzəriyyəsini
klassik fizika ilə yaxınlaşdırmağa cəhd edib.
Klassik fizikada dalğaların riyazi təsvirinə dair
çoxlu miqdarda nümunələr toplanmışdı.
Şredingerin 1925-ci ildə ilk cəhdi uğursuz
alındı. Onun nəzəriyyəsində elektronların
sürəti işıq sürətinə yaxın idi, bu isə
Eynşteynin xüsusi nisbilik nəzəriyyəsinin tətbiqini,
eləcə də böyük
sürətlərdə elektonların kütləsinin
böyüməsi kimi faktın nəzərə
alınmasını tələb
edirdi. Şredingerin üzləşdiyi
uğursuzluğun səbəblərindən biri onda idi ki, o,
elektronların hazırda spin
adlandırılan xüsusi xassəsini nəzərə
almamışdı. Spin anlayışı o vaxtlar hələ
heç kimə tanış deyildi. Alim növbəti cəhdini
1926-cı ildə edib. Bu dəfə elektronların sürəti
o qədər az götürülmüşdü ki, nisbilik nəzəriyyəsinin
nəzərə alınmasına ehtiyac qalmamışdı.
Alimin ikinci cəhdi dalğa funksiyası terminlərində
materiyanın riyazi təsvirinə imkan verən dalğa tənliyinin
(Şredinger tənliyi) kəşfi
ilə nəticələndi. Şredinger öz nəzəriyyəsini
dalğa mexanikası adlandırdı. Dalğa tənliyinin həlli
eksperimental müşahidələr
ilə tam üst-üstə düşdü və kvant mexanikasının sonrakı inkişafına çox
böyük təsir göstərdi.
Şredinger öz elmi nəticələrini 1926-cı
ilin yazında "Annalen der Physik" jurnalında dərc
etdirmişdi.
"Sizin
tədqiqat işiniz əsl dahilikdən xəbər verir"
Ervin Şredingerin dalğa nəzəriyyəsi o dövrün ən məşhur
alimləri tərəfindən həyəcan və
heyranlıqla qarşılanmışdı. Nəzəriyyəçi
alim tezliklə öz pərəstişkarı dahi Albert
Eynşteyndən məktub almışdı. Məktubda
deyilirdi: "Sizin tədqiqat
işiniz əsl
dahilikdən xəbər verir". Şredinger
dalğa mexanikası və matrik mexanikanın riyazi ekvivalent
olduğunu sübut edib.
Hazırda ümumi kvant mexanikası adı ilə
tanınan iki nəzəriyyə kvant hadisələrinin
çoxdan gözlənilən izahını verib. Fiziklərin
çoxu dalğa mexanikasına üstünlük verirdi,
çünki onun əsasında duran riyazi məzmun onlara daha
çox tanış idi. Onun
anlayışları daha çox fiziki mahiyyət
daşıyırdı, matrik nəzəriyyə isə daha mürəkkəb
və çətin anlaşılan
idi.
1927-ci ildə Şredinger Maks Plankın dəvəti
ilə Berlin Universitetinin nəzəri fizika
kafedrasında onun varisi olur. O burada aralarında böyük yaş fərqi
olmasına baxmayaraq, Eynşteyn və Plankla daha sıx
münasibətdə olur. O, işdən sonra boş vaxtlarda
dahi fiziklərlə saatlarla vaxt keçirirdi. 1929-cu
ildə Şredinger Prussiya Elmlər Akademiyasının
üzvü seçilib. Heyzenberq və Şredinger tərəfindən
kvant mexanikasının işlənib hazırlanmasından
sonra Pol Dirak
daha ümumi nəzəriyyə işləyib hazırladı
ki, bu nəzəriyyədə xüsusi nisbilik nəzəriyyəsinin
elementləri əksini tapmışdı. 1933-cü ildə nasistlərin
hakimiyyət başına gəlməsindən sonra düşüncə
azadlığının boğulmasına, məsələn,
küçədə mənşəcə yəhudi olan
assistentlərindən birinə qarşı hücuma etiraz
olaraq Şredinger Berlin
Universitetinin nəzəri fizika kafedrasını tərk edib. Alim Almaniyadan dəvət olunmuş professor qismində
Oksforda yola düşüb. Oksforda çatanda
Şredingerə Nobel mükafatına layiq görülməsi xəbərini
veriblər. Şredinger atom nəzəriyyəsinin
yeni produktiv formalarının kəşfinə görə ali elm mükafatına layiq görülüb. Təqdim olunma mərasimində
çıxış edən İsveç Kral
Akademiyasının üzvü Hans Pleyel qeyd edib ki,
Şredingerin nəzəriyyəsi atom və molekulların
daxilində hərəkətin təsvirini verən yeni mexanika
sistemidir. Dalğa mexanikası nəinki
atom fizikasında bir sıra problemlərin həllinə
kömək edir, həm də atom və molekulların xassələrinin
öyrənilməsi üçün sadə və uyğun
metoddur və fizikanın inkişafına çox güclü
stimul verib. Kvant mexanikasının yaradılması
kimyanın möhkəm nəzəri əsaslarını
hazırlamağa imkan verib, onun köməyi olmadan kimyəvi
rabitənin təbiətinin müasir izahı mümkün
olmazdı. Kimyanın inkişafı, öz
növbəsində, molekulyar biologiyanın
formalaşmasına ciddi təsir edib. Məşhur alim,
iki dəfə Nobel mükafatı laureatı Laynus Polinq
yazırdı: "Mənim düşüncəmə görə,
ədalətli söyləmək lazımdır ki, dalğa tənliyini
irəli sürməklə Şredinger müasir biologiyanın inkişafına
görə əsas məsuliyyəti öz çiyinlərinə
çəkib".
1936-cı ilin payızında Şredinger
Avstriyaya qayıdaraq Qrats Universitetinin professoru olur.
Lakin nasistlər onu burada da haqlayır. Avstriyanın faşistlər tərəfindən
işğalından sonra o, arzuolunmaz şəxs kimi
bütün vəzifələrdən
uzaqlaşdırılıb.
Barəsində daha ağır cəza
növü seçilməsini gözləməyən
Şredinger İtaliya, sonra isə İsveçrədən
keçməklə İngiltərəyə qaçır.
Oksfordda qısamüddətli səfər zamanı Şredinger İrlandiyanın
ixtisasca riyaziyyatçı olan o vaxtkı baş nazirinin dəvətini
qəbul edərək yeni yaradılmış Dublin Ali Tədqiqatlar
İnstitutunda nəzəri fizika kafedrasına rəhbərlik
etməyə razılıq verir.
17 il burada çalışan
Şredinger dalğa mexanikası, statistika, statistik termodinamika,
sahə nəzəriyyəsi və ümumi nisbilik nəzəriyyəsi
üzrə tədqiqatlarını davam etdirir.
"Cənablar,
sizin kimi mən də istərdim ki, mənə dəqiq desinlər:
atom nədir?"
Ötən əsrin 20-ci illərinin əvvəllərində
Gettingendə (Almaniya) fiziklərdən Maks Born, Ceyms Frank,
riyaziyyatçı David Gilbert "materiya üzrə
seminar" təşkil edirdilər. Seminarlarda o
dövrün məşhur fizikləri ilə yanaşı,
sonralar məşhurlaşmış gənc fiziklər də
iştirak edirdilər. Hər bir seminarı Gilbert bu sözlərlə
açardı: "Beləliklə, cənablar, sizin kimi mən
də istərdim ki, mənə dəqiq desinlər: atom nədir?". Bu suallara cavab vermək xeyli çətin idi. Ciddi fiziki anlayışlar tələb olunurdu. "Elektron nədir - dalğa və ya hissəcik"
sualı dönə-dönə səslənirdi.
1926-cı ildə atom fizikasında maraqlı vəziyyət
yaranmışdı: bir-birindən
xəbərsiz və bir-birindən asılı olmayaraq iki
kvant mexanikası meydana gəldi. Nils Bordan sonra
Verner Heyzenberq yəqin etmişdi ki, elektron hissəcikdir.
O özünün matrisa tənliyini bu inam əsasında
yaratmışdı. 1920-ci ildə 30
yaşlı Luyi de Broyl atomun dayanıqlığı problemi
üzərində işləyərkən özünün məşhur
düsturunu çıxardı. Broylun bu kəşfi barədə
Eynşteynin yazdığı tərifli məqalə
Şredingerə geniş imkanlar açdı. Dahi
alimin məqaləsi və Broylun materiya dalğası barədə
fərziyyəsi onda dərin inam yaratdı. Şredinger iddia edirdi ki, hissəciklərin hər
hansı hərəkəti həmişə dalğaların
yayılmasına çox oxşardır.
Dalğa mexanikası üzrə mübahisələr
saatlarla və günlərlə davam edirdi.
Şredinger Albert Eynşteyn, Maks Plank, fon Lauye, Luyi de Broyl kimi
kvant nəzəriyyəsinin Kopenhagen interpretasiyasını qəbul
etmirdi və bu inamına sona qədər
sadiq qaldı. 1926-cı ilin sentyabrında
Şredinger Kopenhagenə məşhur Nils Borun yanına gələndə
qızğın mübahisələr son həddə
çatmışdı. Şredinger diskussiyalardan o qədər yorulmuşdu ki,
Kopenhagenə gələn kimi xəstələndi və Borun
evində bir neçə gün yatmalı oldu. Qonağın
xəstə yatdığı günlərdə Bor onun
yatağı yanından uzaqlaşmırdı. Bu barədə
Nobel mükafatı laureatı Verner Heyzenberq öz xatirələrində
yazırdı: "Hərdənbir Nils Bor tanış bir hərəkətlə
barmağını qaldıraraq təkrar-təkrar Şredingerə
üz tuturdu: - "Amma Şredinger, siz hər halda razı
olmalısınız". Bir dəfə
Şredinger demək olar ki, ümidini itirmiş adamlar
kimi ucadan dedi: - "Əgər bu lənətə gəlmiş
kvant sıçrayışlarını saxlamaq istəyiriksə,
onda mən ümumiyyətlə təəssüf edirəm ki,
atom nəzəriyyəsi ilə məşğul
olmuşam!"
Nils Bor isə tövrünü pozmadan ona
"Onda başqaları sənə son dərəcə minnətdardır"
demişdi". Tezliklə matrisa və dalğa
mexanikası tərəfdarlarının baxışları
yaxınlaşdı. Şredinger onların riyazi ekvivalentliyini sübut
etdi. Elektronların difraksiyasına aid təcrübələrdən
sonra de Broyl və Şredinger nəzəriyyələrinə
inam artdı və fiziklər başa düşdülər
ki, dalğa-hissəcik dualizmi eksperimental faktdır və bunu
müzakirəsiz qəbul etmək lazımdır.
Bütün
uğurlarına
görə müəllimlərinə minnətdarlıq
edirdi
O, həyatda nail olduğu bütün
nailiyyətlərə görə müəllimlərinə,
xüsusən də Fris Qazenerlə minnətdarlıq edirdi.
1929-cu ildə Nobel çıxışında Şredinger
demişdi: "Əgər Birinci Dünya müharibəsində
Qazenerl həlak olmasaydı, o, bu gün mənim əvəzimə
burada dayanacaqdı". Məhz Qazenerl Vyana Universitetinin ikinci
kurs tələbəsinə onun həyat yolunun nəzəri
fizikadan keçdiyini başa düşməsində kömək
edib.
Ervin Şredinger 1920-ci ildə Annamariya
Bertel ilə ailə qurub. Onların uşaqları olmayıb. Əməkdaşları
arasında Şredinger qapalı, bir qədər qəribə
xarakterli insan kimi tanınırdı, onun həmfikirləri az idi. Nobel
mükafatı laureatı Pol Dirak Şredingerin Brüsseldə
keçirilən nüfuzlu Solveyev konqresinə gəlişini belə xatırlayırdı:
"Onun bütün əşyaları belindəki səfər
çantasında yerləşmişdi. O, sanki avara kimi
görünürdü, mehmanxana işçisini uzun müddət
dilə tutmaq lazım gəldi ki, o, Şredingerin əşyalarını
mehmanxana nömrəsinə aparsın".
Nasizmə nifrətinə baxmayaraq o,
heç vaxt açıq şəkildə öz hisslərini
büruzə vermir, siyasətə qarışmaq istəmədiyini
deyirdi. Almaniyanı tərk etməsinin səbəbini
isə o, belə izah edirdi: "Məni siyasətlə təngə gətirmələrinə
dözə bilmirəm. Mən müstəqil olmaq istəyirəm, böyük mənada
ikiüzlü ola bilmərəm".
Ervin Şredinger bir çox keyfiyyətləri ilə
müasirləri olmuş dahilərdən seçilirdi.
"Həm elmi işlərimdə, həm
də şəxsi həyatımda mən heç vaxt
hansısa baş xəttə üstünlük verməmişəm,
uzun müddət üçün nəzərdə
tutulmuş rəhbər proqram əsasında hərəkət
etməmişəm. Baxmayaraq ki, mən
kollektivlə, çox təəssüflər olsun ki, eləcə
də şagirdlərlə işləməyi pis
bacarıram, mənim işlərim heç vaxt tam müstəqil
olmayıb, çünki mənim hər hansı məsələyə
qarşı marağım həmişə
başqalarının adıçəkilən məsələyə
göstərdikləri maraqdan asılı olub. Mən nadir hallarda
sözü birinci deyirəm, lakin ikinci sözü həmişə
deyirəm".
Fizik,
riyaziyyatçı, filosof, şair, heykəltəraş, səyyah...
E.Şredingerin çoxşaxəli
istedadı hələ universitet illərində özünü göstərib.
O, tələbəlik illərində səyahətə və
alpinizmə həvəs göstərib, teatr həvəskarı idi. Musiqiyə isə kifayət qədər soyuq
münasibəti ilə seçilirdi. Şredinger elmi işlərdən kənar
vaxtlarda piyada gəzintilərə, şəhərətrafına çıxmağa, alpinist yürüşlərinə
həvəs göstərirdi. Hətta heykəltəraşlığa da aludə olmuşdu. Bütün bunlar isə onun dərin istedad və
zövqlərindən xəbər verirdi. Onun
poeziyaya sevgisi daimi idi. 1945-ci ildə o, hətta
AFR-də öz şeirlərindən ibarət kitabça dərc
etdirmişdi. Bu kitabda alimin ingilis dilindən tərcümələri
də yer almışdı. Ümumiyyətlə,
onun maraq dairəsi olduqca geniş idi. Şredinger
təkcə elmlə deyil, həm də fizikanın fəlsəfi
aspektləri ilə maraqlanıb. Fizikanın
biologiya ilə əlaqəsinə dair düşüncələrə
dalan alim "Həyat nədir? Canlı orqanizmlərin fiziki aspektləri"
("What is Life? The Physical Aspects of a Living Cell", 1944) kitabında genlərin
öyrənilməsində molekulyar yanaşma ideyasını
irəli sürüb. Bu kitab Frensis Krik və
Moris Uilkins (Nobel mükafatı laureatları) kimi bioloq alimlərə
güclü təsir edib.
O bu kitabında canlı materiya və fizika
arasındakı problemlərin nisbətini müzakirə
edirdi. Onun yardıcılıq həvəsinin
digər məhsulu - "Təbiət və qədim
yunanlar" kitabı idi. Şredinger
fizikanın metodoloji problemlərinə dair bir çox məqalələr
yazıb. O, mütəmadi olaraq elmin
populyarlaşmasına xidmət edən yazılarla
çıxış edirdi. "Elmi nəzəriyyə və
insan", "İndeterminizm və azad iradə",
"Kainatın və materiyanın quruluşu",
"Elementar hissəcik nə deməkdir?" kimi kitablar
yazmışdır. Bu kitablar bu günə qədər
maraqla oxunur.
İkinci Dünya müharibəsindən
sonra Avstriya hökuməti Şredingeri vətənə
dönməyə razılıq verməyə cəhd edib.
Lakin o, hər dəfə təklifdən imtina
edib. 1956-cı ildə Şredinger
xüsusi olaraq onun üçün Vyana Universitetində
yaradılmış nəzəri fizika kafedrasına rəhbərliyi
qəbul edib. Bu onun həyatında qəbul etdiyi sonuncu vəzifə olub.
Bu illərdə onun səhhəti pisləşib.
1958-ci ildə 71 yaşında istefaya
çıxıb. 1961-ci il
yanvarın 4-də dalğa mexanikasının banisi uzunsürən
xəstəlikdən sonra vəfat edib. Vəsiyyətinə uyğun olaraq alim Vyana
yaxınlığında çox sevdiyi kiçik Aplaçe
kəndində dəfn olunub.
Hazırladı:
Oruc MUSTAFAYEV
Azərbaycan
müəllimi.- 2013.- 1 fevral.- S.6.