İKT-dən
düzgün istifadə kadr hazırlığında mühüm
rol oynayır
Astara
Pedaqoji Kollecində Respublikamızın 35-dən artıq
şəhər və rayonundan olan oğlan və qızlar təhsil
alır. Tələbələrin təhsilinin və məişət
şəraitinin yaxşılaşdırılması daim diqqət
mərkəzindədir. Tələbələrin təlim və
tərbiyəsi ilə 3 fəlsəfə doktoru, 3 dissertant,
100-ə yaxın yüksək ixtisaslı müəllim,
pedaqoq-metodist və psixoloq məşğul olur.
Tələbələr 100 nəfərlik
yataqxanadan, 200 nəfərlik akt zalından, 150 nəfərlik
bufet və yeməkxanadan istifadə edirlər. Təcrübəli
və gənc müəllimlərin müstəqil işləmələri,
elmi və ədəbi yaradıcılıqla məşğul
olmaları, rayon və respublika mətbuatında, xüsusi ilə
pedaqoji mətbuatda müxtəlif mövzulu yazılarla
çıxış etməsi üçün burada
lazımi şərait yaradılmışdır. Kollecin
müəllim və tələbələri rayon və
respublika miqyaslı tədbirlərdə fəal iştirak
edirlər. Kollecdə 14 ixtisas üzrə kadrlar
hazırlanır.
Azərbaycan Respublikasının təhsil
naziri Misir Mərdanovun "Ali və orta ixtisas təhsili
müəssisələrində 2012-2013-cü tədris ilinin
qış imtahan sessiyasının təşkili və
keçirilməsi haqqında" 18 dekabr 2012-ci il tarixli əmrini
əsas tutaraq Astara Pedaqoji Kollecinin direktoru Əlihəsən
Həmzəyevin əmri ilə 2012/2013-cü tədris ilinin
qış imtahan sessiyasında əyani və qiyabi şöbələr
üzrə tələbələrin biliyinin qiymətləndirilməsində
şəffaflığı və obyektivliyi təmin etmək,
yarana biləcək neqativ halları aradan qaldırmaq və digər
müvafiq tədbirləri həyata keçirmək məqsədi
ilə 13 nəfərdən ibarət "İmtahan qərargahı"
yaradılmışdır. "İmtahan qərargahı"nın
üzvlərinə tapşırılmışdır ki,
imtahan sessiyasının mövcud normativ sənədlər əsasında
təşkil olunmasını təmin etsinlər, sessiya
zamanı obyektivliyin qorunmasına, yarana biləcək
münaqişə və şikayətlərin operativ həll
olunmasına nail olsunlar və vətəndaşların
müraciətlərinə operativ baxılması və həmin
müraciətlərin araşdırılması istiqamətində
tədbirlər həyata keçirsinlər. Bununla
yanaşı, kollecin direktorunun əmri ilə
"Münaqişə komissiyası" da
yaradılmışdır. Artıq qış imtahan
sessiyası başa çatmışdır. Sessiya müddətində
heç bir neqativ hadisə baş verməmiş və tələbələr
layiq olduqları qiymətləri almışlar.
Məlum olduğu kimi, Azərbaycan
Respublikası Prezidentinin sərəncamı ilə 2013-cü
il Azərbaycan Respublikasında "İnformasiya-kommunikasiya texnologiyaları
ili" elan edilmişdir.
Yeni texnologiyaların kollecdə tətbiqi
ilə əlaqədar görülən tədbirlər
haqqında Astara Pedaqoji Kollecinin direktoru, fəlsəfə
doktoru, dosent, respublikanın əməkdar müəllimi Əlihəsən
Həmzəyev məlumat verərək bildirmişdir ki,
müasir pedaqoji təhsilin məqsədi informasiya cəmiyyətinin
tələblərinə uyğun olaraq yeni formatlı müəllim
kadrları hazırlamaqdır. Bu gün Avropa və dünya təhsil
sisteminə inteqrasiya, təhsil sisteminin
informasiyalaşdırılması sahəsində Dövlət
Proqramı icra edilir. "Azərbaycan Respublikasında fasiləsiz
pedaqoji təhsil, müəllim hazırlığının
konsepsiya və strategiyası" təsdiq edilmiş,
2008-2015-ci illər üçün bu strategiyanın icrası
ilə əlaqədar müvafiq tədbirlər planı
hazırlanmışdır. Təhsil sisteminin informasiyalaşdırılması
üzrə Dövlət Proqramında pedaqoji təhsilin
informasiyalaşdırılması istiqamətində
aşağıdakı tədbirlərin həyata keçirilməsi
nəzərdə tutulmuşdur:
1. Müəllim
hazırlığında İKT-nin, yeni təlim
üsulları və texnologiyaların təbliği.
2. Pedaqoji ixtisaslar üzrə təhsil
alan tələbələrin biliyinin cari və yekun qiymətləndirilməsi
zamanı yeni üsulların, texnologiyaların, İKT vasitələrinin
tətbiqi.
3. Pedaqoji təhsil müəssisələrində
distant təhsil formasının tətbiqi.
4. Pedaqoji təhsil müəssisələrinin
kompüterləşdirilməsi, elektron təhsilin həyata
keçirilməsi.
Astara Pedaqoji Kollecində bu istiqamətlərdə
müəyyən işlər görülür. Kollecdə
Kompüter Mərkəzi yaradılmışdır. Məqsəd
pedaqoji təhsilin informasiya - təhsil məkanının
formalaşması, bu əsasda pedaqoji təhsilin keyfiyyətlərinin
təmin edilməsidir. Kompüter mərkəzinin illik iş
planı və onun icrası üçün layihələr
sistemi müəyyənləşdirilmişdir. Tələbələrin
biliklərinin qiymətləndirilməsində "Elektron test
sistemi" layihəsi hazırlanıb müvəffəqiyyətlə
sınaqdan çıxarılıb və bu gün kollecdə
uğurla tətbiq edilir.
Builki qış imtahan sessiyasında bir
neçə ixtisas üzrə imtahanlar kompüterlə
aparıldı. Kompüter mərkəzində İnternetə
çıxışlar da var idi.
Bütün bunlar bir daha sübut edir ki,
müasir təhsil sistemində tətbiq olunan yeniliklər səviyyəli
kadr hazırlığında mühüm rol oynayır. Bu
baxımdan Astara Pedaqoji Kollecində yeni texnologiyaların tətbiqi
faydalı nəticələr verir.
Azad
ABDULLAYEV
Azərbaycan
müəllimi.- 2013.- 8 fevral.- S.3.