NDU-da "Gənclik və müasirlik" mövzusunda elmi konfrans keçirilib

 

Naxçıvan Dövlət Universitetində 2 fevral - Gənclər günü münasibəti ilə "Gənclik və müasirlik" mövzusunda elmi konfrans keçirilmişdir.

NDU-nun tərbiyə işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor, əməkdar müəllim Məmməd Rzayev konfransı açaraq ümummilli lider Heydər Əliyevin gənclər siyasətindən, müstəqil Azərbaycanın inkişafında aparıcı qüvvə kimi gəncliyə daimi diqqət və qayğı göstərməsindən söz açdı. Qeyd olundu ki, Gənclər günü 1996-cı ildə ulu öndərimiz Heydər Əliyevin sərəncamı ilə qeyd olunmağa başlamışdır. Natiq Azərbaycan gəncliyinin yüksək intellektual potensiala, milli mənəviyyata və müasir dünyagörüşünə malik olduğunu vurğuladı. Prezident İlham Əliyevin və Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun hərtərəfli qayğısı və yüksək etimadı sayəsində gənclərimizin sosial-siyasi, iqtisadi və digər sahələrdə böyük uğurlar qazanmasından bəhs olundu.

Sonra Universitet Gənclər Təşkilatının sədri, magistr Arzu Abdullayev  "Azərbaycan gəncliyi inkişaf mərhələsində", YAP Tələbə Gənclər Birliyinin sədri, beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin ikinci kurs tələbəsi Aytən İsmayılova "Gənclik Yeni Azərbaycan Partiyası sıralarında", Tələbə Elmi Cəmiyyətinin sədri, sosial idarəetmə və hüquq fakültəsinin ikinci kurs tələbəsi Ramazan Abdullayev "Universitet gəncliyi və elmi mühit", Tələbə Həmkarlar Təşkilatının sədri, sosial idarəetmə və hüquq fakültəsinin ikinci kurs tələbəsi Mətin Quluzadə "Gənclərə dövlət qayğısı və Tələbə Həmkarlar Təşkilatının vəzifələri", Tələbə İdman Şurasının sədri, pedaqoji fakültənin birinci kurs tələbəsi Nicat Abdullayev "Universitet idmanı inkişaf yolunda" mövzularında məruzələr etdilər. Məruzələrdə gənclərin ölkədəki ictimai-siyasi proseslərdə fəal vətəndaşlıq mövqeyi tutmalarından, sosial-iqtisadi islahatların aparılmasında müstəsna rol oynamalarından, Azərbaycanı dünya miqyasında layiqincə təmsil etmələrindən söz açıldı. Bildirildi ki, universitetdə oxuyan tələbə gənclər də dövlət siyasətini yekdilliklə dəstəkləyir, beynəlxalq və ümumrespublika səviyyəli simpozium və konfranslarda, olimpiadalarda, idman yarışlarında iştirak edərək xalqının və təhsil aldıqları ali məktəbin adını şərəf və ləyaqətlə doğruldurlar. Tələbə gənclər müstəqil Azərbaycanın tərəqqisi üçün bundan sonra da əzmlə fəaliyyət göstərəcək.

Universitetdə təhsil alan banqladeşli tələbə Zaman Kehruz azərbaycanlı həmkarlarını əlamətdar bayram münasibətilə təbrik etdi.

 

 

Mina QASIMOVA,

NDU-nun Mətbuat şöbəsinin əməkdaşı

 

Azərbaycan müəllimi.- 2013.- 8 fevral.- S.4.