Fəal təlimin
mahiyyəti və məzmunu
Dünya təcrübəsi
göstərir ki, fəal (interaktiv)
təlim metodu dərsin keyfiyyətini
artırmaq məqsədi ilə güclü
vasitə ola bilir. Fəal təlim həm məzmunun öyrənilməsinin,
həm də tətbiqinin səmərəliliyini
artırır və şagirdlərin dərketmə fəaliyyətini
daha da inkişaf
etdirir.
Fəal
təlim üsullarının tətbiqi ilə aparılan dərs
əsasən aşağıdakı mərhələlərdən
ibarətdir.
Fəal
dərsin birinci mərhələsi sinfin fəallaşdırılmasına
həsr olunur.
Dərsin
ikinci mərhələsi motivasiya
adlanır. Motivasiya - hər hansı fəaliyyətin mexanizmini
işə salan qüvvədir. Ona görə də tədqiqata başlamazdan əvvəl müəllim təfəkkür prosesini hərəkətə gətirmək,
şagirdlərin bilikləri əsasında özləri tərəfindən
tədqiqat sualının formalaşdırılması üçün motivasiyadan
istifadə edir.
Üçüncü mərhələdə suallar və fərziyyələr dəqiqləşdirildikdən
sonra artıq tədqiqat işinə başlamaq olar. Tədqiqat
müxtəlif formalarda - bütün
siniflə birlikdə, kiçik qruplarda, cütlüklər şəklində
və ya fərdi şəkildə
aparıla bilər.
İnformasiya
mübadiləsi dördüncü mərhələdə aparılır. Qoyulmuş
tədqiqat sualının
cavabını tapmaq istiqamətində
görülən işlər tədqiqat
iştirakçılarını bir-birinin
dəlillərini dinləmək zərurəti
qarşısında qoyur.
Dərsin
beşinci mərhələsində
informasiyanın müzakirə və təşkili prosesi başlayır.
Bu ən mürəkkəb mərhələdir. Belə ki, bu mərhələdə təfəkkürün
müxtəlif növlərinin səfərbərliyə
alınması baş verir.
Müəllim bu mərhələdə fasilitasiya funksiyasını yerinə yetirir. Əldə
olunmuş faktlar
sistemləşdirilir və əlaqələr aşkara
çıxarılır.
Altıncı
mərhələdə ümumiləşdirmə və nəticənin
çıxarması işi
aparılır. Müəllim
qazanılmış biliklərin ümumiləşdirilməsi
və sistemləşdirilməsi məqsədilə suallar qoyur və bu suallar əsasında
biliklər və informasiyalar sistemləşdirilir.
Yaradıcı
tətbiqetmə mərhələsində
əldə olunan biliklər hər
hansı məsələnin həllinə yönəldilir və
ya yeni tədqiqat üçün stimul
yaradılır.
Dərsin
sonuncu mərhələsində qiymətləndirmə
və ya refleksiya prosesi başlayır.
Son illərdə şagirdlərdə
kimya elminə daha çox maraq oyatmaq, onların elmi dünyagörüşünü
formalaşdırmaq, idrak fəaliyyətini
gücləndirmək üçün fəal(interaktiv)
təlim metodlarından lazımi qaydada
istifadə edən müəllimlərimizin səmərəli
və öyrənilməli iş təcrübələri
də inkişaf etməkdədir.
Çoxillik pedaqoji
təcrübəsi olan kimya
müəllimlərimizin və yeni təlimin tələblərinə əsaslanaraq gündəlik dərsin
planlaşmasının nümunəsini göstərək.
Mövzu: Maddələr. Maddələrin
xassələri.
Standart: 1.1.1. Şagird:
Maddələri
(bəsit, mürəkkəb, saf),
qarışıqları tərkibinə
və fiziki xassələrinə görə
fərqləndirir.
Məqsəd:
Şagird:
1.cism və
maddələri fərqləndirir və təsnifatını verir.
2.Maddələrin
fiziki və kimyəvi xassələrini fərqləndirir.
3.Qarışıqları
saf maddələrdən fərqləndirən
xüsusiyyətləri tanıyır.
İnteqrasiya: Həyat bilgisi, fizika, biologiya.
İş forması: Kollektivlə iş, qruplarla
iş.
İş üsulu: Beyin həmləsi,Venn diaqramı, anlayışın
çıxarılması.
Dərsin tipi: Yeni biliyin mənimsənilməsi.
Resurslar: Dərslik, iş vərəqi, sınaq şüşələri, kolba
, ayırıcı qıf,
maqnit, stəkan, menzurkalar, su, duru yağ, süd, neft, şəkər,qum, gil, təbaşir,gips,dəmir tozu,
kükürd, spirt, xörək duzu, soda, oduncaq kəpəyi.
Dərsin gedişi: Dərsin gedişində müəllimin
mövzunun məzmununu
əyaniləşdirməyə kömək olan təcrübələri və
İnternetdən götürülməsi
mümkün olan slaydları da nümayiş etdirməsi dərsin daha maraqlı olmasına səbəb olar.
Fəal təlimin təşkili bütün dərs formalarına və sinifdənxaric işlərin
təşkilində nəzərə
alınmalıdır. Dərsin
təşkilində və
gedişində müəllimin
də fəallığı
danılmazdır. Şagirdlərin
bilik və bacarıqlarının hesaba
alınması və qiymətləndirilməsi təlim
prosesinin tələblərindən
biridir. Qabaqcıl kimya müəllimlərinin
iş təcrübəsinə
və uzunillik pedaqoji təcrübəmizə
əsaslanaraq demək
olar ki, müəllim şagirdlərin yarım illik və illik
biliklərini müəyyən
etmək məqsədi
ilə kimyadan universal
sorğu cədvəlindən
(Bax: "Azərbaycan
müəllimi", 30 mart 2012-ci il) istifadə etməklə vaxtdan səmərəli istifadə
edir, sinifdə olan hər bir
şagirdin bilik və bacarığını
qiymətləndirə bilir.
Cədvəl üç bölmədən
ibarətdir. Birinci bölməni cədvəlin
sol və yuxarı tərəfində qeyri-üzvi
və üzvi birləşmələrin mühüm
siniflərinin
adları, cədvəlin
ikinci bölməsini
662 sayda ədədlər təşkil
edir.
Cədvəlin üçüncü bölməsində
ədədlərdən aşağıda
qeyri-üzvi və üzvi birləşmələrin
mühüm siniflərinin
nümunəsi verilmişdir.
Müəllim hər bir sinfin mənimsəmiş
olduğu məlumatları
nəzərə alaraq
cədvəldən ədədləri
müəyyən edir
və tapşırıq
verir. Məsələn,
IX sinif şagirdlərinə
dərs ilinin sonunda qeyri-üzvi kimyanı əhatə edə bilən suallar verə bilər.
Bakının Səbail rayonundakı 49 nömrəli məktəbin
kimya müəllimi Sevda Axundovanın sinfində şagirdlərin 125, 209 və
288 ədədlərinin cavablandırılmasını
yoxladıq.
Qəbələ rayonunun Vəndam kənd məktəbində
Ülviyyə Hüseynovanın
və Qaradağ rayonundakı 228 nömrəli
məktəbin kimya müəllimi Rima Hüseynovanın dərs dediyi XI sinifdə iki variantda 80 və 422,
127 və 490 ədədlərin
cavabları araşdırıldı.
Aparılan sorğudan
bir nümunəni nəzərdən keçirək.
209-cu ədədin cavabını vermək məqsədi ilə şagirdlər cədvəlin sol tərəfində
209 ədədinin kəsişməsini
əmələ gətirən
istənilən qələvilərdən
cədvəlin yuxarısında
verilən ədədin
kəsişməsində olan
istənilən amfoter
əsaslardan birini götürə bilər.
Beləliklə, şagirdlər
qələvilərlə amfoter
əsasların qarşılıqlı
reaksiyasına aid tənliklər
yaza bilərlər.
XI sinif şagirdləri
80-ci ədədin cavablandırılmasında köməkçi
materiallardan
istifadə etməklə
cavab yaza bilmişlər. Beləliklə,
universal sorğu cədvəlindən
tədris prosesində
istifadə edilməsi
həm şagirdlərin
bilik və bacarıqlarının müəyyən
edilməsində, həm də qazanılmış biliyin
inkişaf etdirilməsində
çox böyük əhəmiyyət kəsb
edir. Fəal təlimin mərhələlərinə və
səmərəli metodlarına
əsaslanan kimya müəllimlərinin fəallaşması
diqqəti cəlb etməkdədir.
Digər fənn
müəllimləri kimi
kimya müəllimlərinin
də "Ən yaxşı müəllim"
müsabiqəsinin iştirakçısı
və qalibi olanlarının sayı artmaqdadır. Bu müsabiqədə
respublikamızın rayonlarından da kimya müəllimlərinin
iştirak etməsini istərdik.
Mürşüd FƏRƏCOV,
TPİ-nin aparıcı
elmi işçisi,
dosent
Azərbaycan müəllimi.- 2013.- 8 fevral.- S.6.