Bulaq olaydım...

 

...Bulaq olaydım... Adicə bir dağ bulağı... Xəzəlli dərələrdən süzülə-süzülə, durula-durula öz həzin, kövrək nəğməmi oxuyaydım. Quşların nəğməsinə sirdaş, təbiətin fəsillərinə yoldaş olaydım. İnsanlara gərək olaydım. Torpağın sinəsində öz izim qalaydı.  Bulaq olaydım...

 

Bu lirik, həzin, poetik bir dildə yazılmış, böyük məna kəsb edən yazını Şamxəlil Məmmədov 1967-ci ildə qələmə almışdı. Elə haqqında söhbət açmaq istədiyimiz, elmi redaktoru pedaqogika üzrə elmlər doktoru, professor, əməkdar elm xadimi Fərrux Rüstəmov, tərtibçiləri Bəhruz Cabbarlı, Aynur Cabbarlı və Aytən Məmmədova, ön sözün müəllifi, yazıçı, "Təhsil" jurnalının baş redaktoru Nizami Mirzə olan bu kitabın "Bulaq olaydım..." adı da Şamxəlil müəllimin əvvəldə bir parça verdiyim yazısı əsasında meydana gəlib.

"Elm və təhsil" nəşriyyatı tərəfindən nəfis şəkildə tərtib edilərək oxuculara çatdırılan 160 səhifəlik bu kitabda tanınmış jurnalist, alim, "Azərbaycan müəllimi" qəzetinin şöbə redaktoru, Sumqayıt Dövlət Universitetinin "Folklorşünaslıq" elmi tədqiqat laboratoriyasının müdiri, "El sözü" jurnalının təsisçisi və baş redaktoru, akademik M.Mehdizadə, "Qızıl qələm" və "Araz" ali ədəbi mükafatı laureatı, pedaqogika üzrə fəlsəfə doktoru, respublikanın əməkdar jurnalisti, "Tərəqqi" medallı Şamxəlil Hətəm oğlu Məmmədovun həyatı, elmi-pedaqoji və jurnalistik fəaliyyətindən bəhs olunur, onun haqqında həmkarlarının, iş yoldaşlarının, dostlarının, əzizlərinin ürək sözləri və acılı-şirinli xatirələri verilib.

Kitabda toplanmış hər bir ürək sözlərini oxuyanda Şamxəlil müəllimin bir jurnalist, bir müəllim, bir alim kimi nurlu siması göz önündə canlanır. Qızları Aytən Məmmədovanın "Sən həmişə yaşayacaqsan...", Aynur Cabbarlının "Ay Ata...", Aynurun həyat yoldaşı Bəhruz Cabbarlının "Ümidim, pənahım Təbriz..." adlı yazıları isə qəlbi sızladaraq insanı kövrəldir.

Onu da deyim ki, bu il yanvarın 23-də Şamxəlil müəllimin il mərasiminə yığışdığımız zaman bizlərə verilmiş "Bulaq olaydım..." kitabı bu gün hamımızın stolüstü kitabıdır. Bu qiymətli kitabı araya-ərsəyə gətirənlərə iş yoldaşları, dostları adından təşəkkür edirəm.

Şamxəlil müəllim "Bulaq olaydım..." - deyirdi. Amma o, elə bir saf, şəffaf, şirin sulu bulaq idi ki, yazıları ilə oxucularının, alimliyi ilə elm adamlarının, mühazirələri ilə tələbələrinin, şagirdlərinin, şirin söhbətləri ilə dostlarının, qayğıkeşliyi ilə ailəsinin, övladlarının qəlbinə süzülərək dolub, özü demişkən, insanlara həmişə gərək olub. Elə buna görə də o, dünyasını dəyişsə də, qəlbimizdə əbədi yaşayır.

 

Ədalət DAŞDƏMİRLİ

 

 

Azərbaycan müəllimi.- 2013.- 8 fevral.- S.7.