Beşyaşlıların
məktəb təliminə hazırlanması işinin vəziyyəti
və yaxşılaşdırılması istiqamətləri
üzrə tədqiqatlar müzakirə olundu
Fevralın 9-da Təhsil Nazirliyində
"Beşyaşlıların məktəb təliminə
hazırlanması üzrə işin vəziyyəti və
yaxşılaşdırılması istiqamətləri"
mövzusunda Təhsil Problemləri İnstitutunun əməkdaşları
tərəfindən aparılan tədqiqatların müzakirəsinə
həsr olunmuş tədbir keçirildi. Tədbirdə təhsil
naziri Misir Mərdanov, Təhsil Nazirliyinin, Təhsil Problemləri
İnstitutunun nümayəndələri, paytaxtın ümumi
təhsil müəssisələrinin direktorları və digər
şəxslər iştirak edirdilər.
Tədbirdə
məruzə ilə çıxış edən Təhsil
Problemləri İnstitutunun Məktəbəqədər
təhsilin kurikulumu şöbəsinin müdiri Laləzar Cəfərova mövzu üzrə aparılmış
araşdırmaların nəticələrini nəzərə
çatdırdı. L.Cəfərova
beşyaşlıların təhsilə
hazırlanmasının təmin olunması üçün
məktəblərin müvafiq ləvazimatlar,
əyani vəsait və didaktik materiallarla təchiz olunma
vəziyyəti barədə məlumat verdi.
Qısamüddətli təlim qruplarında
beşyaşlıların məktəbə hazırlanması
məsələsinə toxunan L.Cəfərova
məktəbəqədər təhsil müəssisələri
ilə məktəb arasında varisliyin
gözlənilmə səviyyəsindən söz
açdı. Şöbə müdiri
aparılan tədqiqatların nəticələrini,
problemlə əlaqədar
respublikanın 21 şəhər və rayonunda
(243 müəssisədə) vəziyyətin öyrənildiyini, paytaxt,
şəhər və kənd rayonları üzrə müvafiq statistik məlumatları
və bunlarla
əlaqədar bir sıra təkliflərini
nəzərə çatdırdı.
Təhsil
naziri Misir Mərdanov
tədbirdə çıxış edərək
respublikamızda məktəbəqədər təhsilin real vəziyyəti, əsas problemlər və
bu sahə ilə bağlı həlli vacib olan məsələlər
haqqında danışdı. Nazir məktəbəqədər
təhsil müəssisələrində, eləcə
də ailələrdə uşaqlarla
aparılan təlim-tərbiyə işlərinin mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı. Məhz məktəbəqədər
yaş dövrünün
uşağın psixi inkişafı və
şəxsiyyətinin formalaşmasında əhəmiyyətli
rol oynadığına diqqət
çəkən Misir Mərdanov bu səbəbdən də dünyanın əksər
ölkələrində məktəbəqədər təhsil
müəssisələrinin inkişafına xüsusi
diqqət yetirildiyini söylədi. Təhsil
naziri məktəbəqədər təhsillə
bağlı bir sıra qabaqcıl ölkələrin
təcrübəsindən söz
açdı və bu təcrübədən
yararlanmağın zəruriliyini bildirdi. Beşyaşlıların məktəb təliminə
hazırlığının yüksəlməsi üçün məktəbəqədər
müəssisələrdə məktəbəhazırlıq
qruplarının sayının artırılmasını məqsədəuyğun
hesab edən təhsil naziri
Misir Mərdanov məktəblərdə
təşkil edilən qısamüddətli qruplarda
uşaqların psixoloji, fiziki
və kommunikativ inkişafına xüsusi diqqət yetirilməsinin vacibliyini bildirdi.
Sonra mövzu
ilə bağlı bir sıra
çıxışlar dinlənildi, müvafiq
təkliflər irəli sürüldü.
Azərbaycan
müəllimi.- 2013.- 15 fevral.- S.2.