Akkreditasiya Şurasının növbəti iclası

 

Fevralın 13-də Təhsil Nazirliyində Akkreditasiya Şurasının növbəti iclası keçirilib.

İclasda Bakı şəhər 225 nömrəli tam orta məktəb, Gəncə şəhər İ.Məmmədov adına 27 nömrəli fizika-riyaziyyat və informatika təmayüllü məktəb-lisey, Mingəçevir şəhər 10 nömrəli tam orta məktəbin akkreditasiyasının nəticələri müzakirə olunub. 

Təhsil naziri Misir Mərdanov iclası giriş sözü ilə açaraq ümumi təhsil müəssisələrinin akkreditasiyasının tədris ocaqlarının fəaliyyət səviyyəsinin yüksəldilməsi və tədrisin keyfiyyətinin yaxşılaşdırılması baxımından əhəmiyyətini qeyd edib.

Bakı şəhər 225 nömrəli tam orta məktəbdə aparılmış akkreditasiyanın nəticələri barədə məlumat verən həmin müəssisə üzrə Akkreditasiya Komissiyasının sədri Fikrət Xəlilov 225 nömrəli tam orta məktəbdə tədrisin təşkili, təhsil müəssisəsinin pedaqoji kollektivi və şagird kontingenti, məzunların ali məktəblərə qəbulu, eləcə də digər bu kimi məsələlərdən söz açıb.

Gəncə şəhər İ.Məmmədov adına 27 nömrəli fizika-riyaziyyat və informatika təmayüllü məktəb-lisey üzrə Akkreditasiya Komissiyasının sədri Novruz Dəmirov qeyd olunan müəssisədə aparılmış araşdırma barədə məlumatı nəzərə çatdırıb. N.Dəmirov məktəb-liseyin fəaliyyətinin ayrı-ayrı istiqamətlər üzrə göstəriciləri, pedaqoji kollektivi, maddi-texniki bazası haqqında danışıb, habelə təhsil müəssisəsinin fəaliyyətinin statusuna uyğunluğu göstəricilərini qeyd edib.

Mingəçevir şəhər 10 nömrəli tam orta məktəb üzrə aparılmış araşdırmanın nəticələrini nəzərə çatdıran Təhsil Nazirliyinin Akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev təqdimat-məruzəsində liseyin fəaliyyəti, şagirdlərin bilik səviyyəsi, təhsil müəssisəsinin maddi-texniki təminatı haqqında məlumat verib. H. Zərbəliyev məktəbdə təhsilin səmərəli təşkili baxımından yaradılmış şərait, təhsilin məzmunu, məzunların ali məktəblərə qəbul göstəricilərindən bəhs edib və Akkreditasiya Komissiyasının təkliflərini nəzərə çatdırıb.

Qeyd olunan təhsil müəssisələri üzrə aparılmış akkreditasiyanın nəticələri barədə iclas iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 Təhsil naziri Misir Mərdanov ümumi təhsil müəssisələrinin akkreditasiyası ilə bağlı qarşıda duran vəzifələrə dair fikirlərini bildirib, müvafiq tövsiyə və tapşırıqlarını verib.

İclasda Bakı şəhər 225 nömrəli tam orta məktəb, Gəncə şəhər İ.Məmmədov adına 27 nömrəli fizika-riyaziyyat və informatika təmayüllü məktəb-lisey, Mingəçevir şəhər 10 nömrəli tam orta məktəbin fəaliyyətinin "kafi" qiymətləndirilməsi, qeyd olunan təhsil müəssisələrinin akkreditə olunması barədə qərar qəbul edilib.

 

 

Azərbaycan müəllimi.- 2013.- 15 fevral.- S.3.