Təhsil
Nazirliyində Beynəlxalq fənn olimpiadalarında mükafata
layiq görülən şagirdlərlə görüş
keçirilib
Məlum olduğu kimi,
"Çağ" Öyrətim İşlətmələri
Şirkətinin beynəlxalq fənn olimpiadalarında, bilik
yarışları və müsabiqələrində
iştirak edən şagirdləri hər il fəaliyyət sahəsini
daha da genişləndirir, daha çox ölkədə
dövlətimizi, təhsilimizi ləyaqətlə təmsil
edirlər. 2012- 2013-cü dərs ilində onlar iki beynəlxalq
fənn olimpiadasında - 1-10 dekabr 2012- ci il tarixlərində
İran İslam Respublikasının paytaxtı Tehran şəhərində
keçirilmiş Beynəlxalq təbiət elmləri
olimpiadasında (İJSO) və
13-20 yanvar 2013-cü il tarixlərində Qazaxıstan
Respublikasının Almatı şəhərində
keçirilmiş Beynəlxalq Jautikov fizika-riyaziyyat və
informatika olimpiadasında iştirak edərək mükafata
layiq yerlər tutmuşlar.
Fevralın 13-də Təhsil Nazirliyində
həmin şagirdlərlə görüş keçirildi. Tədbirdə
Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov,
nazir müavini Qulu Novruzov, aparatın rəhbəri İlham
Pirməmmədov, nazirliyin şöbə müdirləri, eləcə
də "Çağ" Öyrətim İşlətmələri
Şirkəti İdarə Heyətinin sədri Ənvər
Özərən, Azərbaycan-Türkiyə Özəl Liseylərinin
Baş İdarəsinin rəisi Məsud Kurnaz, tədris
işləri üzrə müavini Murad Topçu, şirkətin
olimpiadalar üzrə koordinatoru Fuad Qarayev, "Dədə Qorqud" özəl türk liseyinin
müdiri Yusuf Duran, Sumqayıt özəl türk liseyinin
müdiri Ahmet Çamalan və şagirdlər iştirak
edirdilər.
Təhsil naziri Misir Mərdanov mərasimi
açaraq iştirakçıları salamladı. Nazir
ölkəmizdə istedadlı uşaq və gənclərin
vaxtında aşkar olunması, onlara xüsusi diqqət və qayğı göstərilməsinin
daim, xüsusən son dövrlərdə dövlət siyasətinin
prioritet istiqamətlərindən biri olduğunu
vurğuladı.
Bu işin respublikamızda müxtəlif
proqramlar çərçivəsində davam etdirildiyini deyən
Misir Mərdanov "Çağ" Öyrətim İşlətmələri
Şirkətinin Azərbaycanda bu sahədəki fəaliyyətini
çox yüksək dəyərləndirdi. Nazir qeyd etdi ki,
bu iş yüksək səviyyədə təşkil
olunduğundan "Çağ"ın şagirdləri hər
il dünyanın müxtəlif ölkələrində
keçirilən olimpiadalarda, bilik yarışları və
müsabiqələrində fəal iştirak edir və nailiyyətlər
qazanırlar. Beləliklə, bir tərəfdən Azərbaycan
dünyada tanınır, digər tərəfdən
istedadlı gənclər aşkarlanaraq gələcək
inkişafları üçün lazımi şərait
yaradılır. Təhsil naziri bütün bunlara görə Ənvər
bəyə və onun əməkdaşlarına təşəkkürünü
bildirdi.
Sonra nazir yuxarıda adıçəkilən
olimpiadalar haqqında məlumat verdi. Qeyd olundu ki, Azərbaycan
məktəbliləri Beynəlxalq Jautikov fizika-riyaziyyat və
informatika olimpiadasında 2006-cı ildən etibarən hər
il iştirak edirlər. Olimpiada Qazaxıstan Respublikası Təhsil
Nazirliyi tərəfindən Almatı şəhərində
keçirilir. MDB ölkələri ilə yanaşı,
Türkiyə, Hindistan, Rumıniya, Bolqarıstan, Monqolustan,
Nigeriya kimi ölkələr də bu yarışda iştirak
edirlər. Olimpiadada şagirdlər həm fərdi, həm də komanda şəklində
yarışırlar. Hər komanda 3 nəfər riyaziyyat, 2 nəfər
fizika və 2 nəfər informatika fənni üzrə olmaqla
ümumilikdə 7 şagirddən ibarətdir. Hazırda ABŞ-ın Stanford Universitetinin
doktorantı olan Ağdaş özəl türk liseyinin məzunu
Cəfər Cəfərov 2007 - ci ildə bu olimpiadada təqdim
olunan bütün sualları tam həll edərək
"qaliblərin qalibi" (First of first) adına layiq
görülmüşdür. Bəzi ölkələr
olimpiadada bir neçə, Rusiya və Qazaxıstan isə
10-dan çox komanda ilə təmsil olunurlar.
Qazaxıstanın ən nüfuzlu universitetləri
olimpiadanın təntənəli bağlanışı mərasimində
olimpiadanın qızıl, gümüş və
bürünc mükafatçılarına dövlət və
özəl universitetlərə qəbul haqqında sənəd
təqdim edirlər. 13-20 yanvar 2013-ci il tarixlərində
keçirilmiş olimpiadada 16 ölkədən 53 komanda
iştirak etmişdir. Şagirdlərimiz 1 gümüş, 3
bürünc medal və 2 həvəsləndirici sertifikat
almışlar (Süleyman Həsənzadə - Lənkəran özəl türk
liseyinin 11-ci sinif şagirdi, riyaziyyat fənni üzrə
gümüş medal; Mehdi Məhərrəmov- Şirvan
özəl türk liseyinin 10-cu sinif şagirdi, riyaziyyat fənni
üzrə bürünc medal; Fərid Verdiyev - Gəncə özəl türk
liseyinin 10- cu sinif şagirdi, riyaziyyat fənni üzrə
bürünc medal; Rəşid
Qaziyev - Sumqayıt özəl türk liseyinin 11-ci sinif
şagirdi, informatika fənni üzrə bürünc medal).
Ümumilikdə Azərbaycan məktəbliləri bu
olimpiadalarda 3 qızıl, 10 gümüş və 13 bürünc olmaqla cəmi 26
medal əldə etmişlər.
Beynəlxalq təbiət elmləri
olimpiadası (İJSO) 2004-cü ildən etibarən
keçirilməyə başlanmışdır. Bu olimpiadada təxminən
40-45 ölkə iştirak edir.
Bunlara misal olaraq İngiltərə, Almaniya, Rusiya, Çin,
Hindistan, İrlandiya, Türkmənistan, İndoneziya, Cənubi
Koreya, Sinqapur, Braziliya və s. göstərmək olar. Olimpiada
hər il növbə ilə fərqli ölkələrdə
keçirilir. 2009-cu ildə XI
İJSO Azərbaycanda keçirilmişdir.
2012-2013-cü tədris ilində 1-10
dekabr tarixləri arasında İran İslam
Respublikasının Tehran şəhərində
keçirilmiş bu olimpiadada Azərbaycan məktəbliləri
də iştirak etmiş və 4 bürünc medal (İzzət
Məmmədov - "Dədə Qorqud" özəl türk
liseyinin 10-cu sinif şagirdi; Elmar Məmmədli - Lənkəran
özəl türk liseyinin 10- cu sinif şagirdi; Cavid Əhmədov
- Ağdaş özəl türk liseyinin 10-cu sinif
şagirdi; Nizami Həşimli -
Lənkəran özəl türk liseyinin 10-cu sinif
şagirdi) qazanmışlar.
Ümumilikdə, Azərbaycan məktəbliləri bu
olimpiadada 2 gümüş və 19 bürünc medal olmaqla, cəmi
21 medal əldə etmişlər.
Daha sonra Azərbaycan məktəblilərinin
beynəlxalq bilik yarışlarında, müsabiqə və
olimpiadalarda iştirakının əhəmiyyətindən
söz açan nazir qeyd etdi ki, bu layihələrdə
uğur qazanılmasında elmi-tədqiqat işləri
mühüm rol oynayır. Bu məqsədlə ümumi təhsil
məktəblərinin AMEA-nın elmi- tədqiqat
institutları və ali təhsil müəssisələri ilə
əlaqələrinin möhkəmlənməsinin vacibliyini
önə çəkən nazir xüsusən gənc alimləri
məktəblərə cəlb etməyi, onlarla maraqlı
görüşlərin keçirilməsini tövsiyə
etdi.
Təhsil naziri olimpiada qaliblərini,
onların valideyn və müəllimlərini təbrik edərək
şagirdlərə şəxsi həyatlarında
böyük uğurlar, gələcəkdə keçiriləcək
ən nüfuzlu beynəlxalq olimpiadalarda yeni-yeni nailiyyətlər
qazanmağı arzuladı.
Sonra olimpiada qaliblərinə qiymətli
hədiyyələr təqdim olundu. Onlar təhsil naziri Misir Mərdanovla
xatirə şəkli çəkdirdilər.
Hicran
ƏKBƏROVA
Azərbaycan
müəllimi.- 2013.- 15 fevral.- S.3.