Naxçıvan Özəl
Universiteti ilə daha üç ali təhsil müəssisəsi
arasında əməkdaşlıq müqavilələri
imzalandı
Bu günlərdə Naxçıvan
Özəl Universitetinin bir qrup əməkdaşı Azərbaycan
Turizm İnstitutunda, Xəzər və Qafqaz universitetlərində
olmuş, hər üç ali təhsil ocağı ilə əməkdaşlıq
müqaviləsi imzalamışlar. Müqavilələr
universitetlərarası əməkdaşlığın
inkişafında mühüm əhəmiyyət kəsb edir.
Universitetlər arasında bağlanan əməkdaşlıq
müqavilələrində tələbə
mübadiləsi proqramının həyata keçirilməsi,
uyğun ixtisaslarda mütəxəssislərin mübadiləsi, eləcə də
müxtəlif aspektli birgə simpoziumların, konfransların,
treninqlərin, kursların təşkili
və digər məsələlər öz əksini
tapmışdır.
Naxçıvan Özəl Universitetinin
rektoru, professor İsmayıl Əliyev hər üç ali təhsil
ocağının rektoru ilə keçirilən
görüşlərdə keyfiyyətin idarə edilməsi,
1+4 sisteminin tətbiqi məsələlərinə
toxunmuşdur. Rektor çıxışında
vurğulamışdır ki, ikili və ya ortaq diplom layihələrinin
həyata keçirilməsi sahəsində işlərin daha
da dəqiqləşdirilməsi və intensivləşdirilməsi
qarşıda duran vacib məsələlərdən biridir.
Bağlanan əməkdaşlıq müqavilələrinin
uğurla həyata keçirilməsi onu deməyə əsas
verir ki, hər üç ali təhsil ocağı arasında
daha geniş əməkdaşlıq
əlaqələri yaradılacaqdır.
Nuray ƏSGƏROVA,
Naxçıvan
Özəl Universitetinin əməkdaşı
Azərbaycan
müəllimi.- 2013.- 15 fevral.- S.3.