Elmi tədqiqatların nəticələrinin müzakirəsinə həsr olunmuş növbəti seminar

 

Fevralın 16-da Təhsil Nazirliyində Təhsil Problemləri İnstitutunun əməkdaşları tərəfindən aparılan elmi tədqiqatların nəticələrinin müzakirəsinə həsr olunmuş növbəti seminar keçirilib.

 

"İbtidai sinfin bir müəllim və ya fənn müəllimləri tərəfindən aparılmasının mümkünlüyünün müqayisəli təhlili" mövzusunda aparılmış araşdırmaların nəticələrinin müzakirə olunduğu seminarda təhsil naziri Misir Mərdanov, Təhsil Nazirliyinin struktur-bölmə rəhbərləri, Təhsil Problemləri İnstitutunun rəhbər işçiləri və əməkdaşları, bir sıra ümumi təhsil müəssisələrinin direktorları və ibtidai sinif müəllimləri iştirak edirdilər.

Seminarda Təhsil Problemləri İnstitutu İbtidai təhsilin kurikulumu şöbəsinin müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Bibixanım İbadova mövzu üzrə aparılmış araşdırmaların nəticələrinə dair geniş  məruzə-təqdimat etdi. Öncə tədqiqatla bağlı görülmüş işləri diqqətə çatdıran məruzəçi müvafiq işçi qrupunun yaradıldığını, tədqiqata cəlb olunacaq rayon və məktəblərin müəyyənləşdirildiyini, Ağstafa, İmişli, İsmayıllı, Masallı, Qax, Göyçay RTŞ-larından statistik məlumatlar alındığını, məktəb rəhbərləri, müəllimlər, şagirdlər və valideynlərlə anket sorğularının keçirildiyini, dərslərin dinlənildiyini, beynəlxalq məsləhətçilərin dəstəyi ilə bir sıra ölkələrin təcrübəsinin öyrənildiyini, respublikanın ali və orta ixtisas məktəblərində kadr hazırlığı ilə bağlı müəyyən pedaqoji sənədlərin araşdırıldığını bildirdi. Problemlə bağlı mövcud vəziyyətin bir neçə parametr üzrə öyrənildiyini qeyd edən B.İbadova həmin araşdırmalar nəticəsində tədqiqata cəlb olunmuş 6820 nəfər ibtidai sinif müəllimindən 4693-nün xarici dil və informatika fənlərindən başqa bütün fənləri tədris etdiklərini söylədi. İbtidai siniflərdə Azərbaycan dili və riyaziyyatın tədrisinin bir, həyat bilgisi, təsviri incəsənət, musiqi, fiziki tərbiyə, texnologiya fənlərinin digər ibtidai sinif müəllimləri, xarici dil və informatika fənlərinin isə ixtisaslı müəllimlər tərəfindən tədrisi vəziyyətinin araşdırılması əsasında tərtib olunmuş cədvəli seminar iştirakçılarının diqqətinə çatdıran məruzəçi araşdırma aparılan rayonların ibtidai siniflərində dərs deyən 6820 müəllimdən 1778 nəfərinin məktəblərdə "yığma fənlər" kimi adlandırılan həyat bilgisi, təsviri incəsənət, musiqi, fiziki tərbiyə və texnologiya fənlərini tədris etdiyini söylədi. Bir çox tədris ocaqlarında isə ibtidai siniflərdə xarici dil və informatika fənlərindən başqa Azərbaycan dili, riyaziyyat, həyat bilgisi, texnologiya, təsviri incəsənət fənlərinin ibtidai sinif müəllimləri, musiqi və fiziki tərbiyə fənlərinin isə ixtisas müəllimləri tərəfindən aparılması faktlarının da olduğunu deyən B.İbadova müvafiq statistikanı nümayiş etdirib "yığma fənlər"i yaradan səbəblərdən söz açdı.

Məruzəçi çıxışının sonunda mövzu üzrə aparılmış tədqiqatın ümumiləşdirilmiş nəticələri və bu sahədə görüləsi işlərlə bağlı irəli sürülmüş tövsiyələri seminar iştirakçılarının diqqətinə çatdırdı.

Təhsil naziri Misir Mərdanov seminarda çıxış edərək mövzunun aktual olduğunu, tədqiqatın əhatəli aparıldığını bildirdi və onun nəticələri barədə hazırlanmış məruzə-təqdimatın metodik vəsait kimi çap olunmasını tövsiyə etdi. İbtidai sinfin bir müəllim və ya fənn müəllimləri tərəfindən aparılmasının hansının daha yaxşı olmasını bu gün birmənalı deməyin mümkün olmadığına diqqəti çəkən nazir bu işin müəllimin hazırlığından asılı olduğunu, ümumilikdə təhsil-təlim işində müəllimin şəxsiyyətinin aparıcı rol oynadığını söylədi və müasir müəllimdən tələb olunan keyfiyyətlər barədə fikirlərini bildirdi. Təhsil naziri bir və ya bir neçə müəllimin dərs dediyi ibtidai siniflərin təxminən 10 ildən sonrakı vəziyyətlərinin müqayisəli təhlili üzrə aparılacaq tədqiqatların da ibtidai sinifdə bir və ya bir neçə müəllimin dərs deməsinin hansının daha yaxşı olmasını müəyyənləşdirməkdə kömək edə biləcəyini vurğuladı.

Seminarda söz alan Təhsil Nazirliyinin şöbə müdirləri İlham Mustafayev, Faiq Şahbazlı, Ağababa İbrahimov, Aydın Əhmədov müzakirə olunan məsələ ilə bağlı öz fikirlərini bildirdilər, təkliflər irəli sürdülər.

 

 

Yusif ƏLİYEV

 

Azərbaycan müəllimi.- 2013.- 22 fevral.- S.3.