Azərbaycan
təhsilinin uğurları
"Beynəlxalq Elm və
Mühəndislik Sərgisində qalib gəlmək üçün əlimizdən
gələni edəcəyik"
Suad Baxşıyev 1996-cı ildə
Bakı şəhərində anadan olub. I sinfə
Bakıdakı 20 nömrəli məktəbdə qədəm
qoyub. IV sinifdən isə Qərb Universiteti nəzdində məktəbdə
təhsilini davam etdirib. IX sinifdən akademik Zərifə Əliyeva
adına liseydə oxuyur və hazırda bu liseyin XI sinif
şagirdidir. Texniki təmayül üzrə təhsil
alır. Gələcəkdə inşaatçı-mühəndis
olmaq arzusundadır və maşınqayırma ixtisası üzrə ikinci ali təhsil almağı da
qarşısına məqsəd qoyub. Onda bu arzu, istək
uşaqlıqdan yaranıb. Belə ki, atasının bu sahədə
çalışması ona əlavə stimul verib. Rəsm,
çertyoj çəkməyi,
üçölçülü qrafik proqramlarda işləməyi yaxşı bacarır. Asudə vaxtlarında
atasına layihələri işləməkdə kömək
edir, fikirlərində olan layihələrin eskizlərini çəkir. Daim
axtarışda olan Suad digər istedadlı şagirdlər
kimi olimpiada və müsabiqələrdə iştirak edib. "Sabahın alimləri"
müsabiqəsinə qatılan Suad həmin müsabiqənin
qalibi olub.
Suad
Baxşıyevin dediklərindən: Bu müsabiqəyə mən
liseyimizin X sinif şagirdi Elnur Əliyev ilə
hazırlaşırdım. Biz mövcud layihələri nəzərdən keçirərkən gördük
ki, yaxşı layihələr olsa da, onların praktik tətbiqi
yoxdur və ya bu layihələr bu gün üçün real
deyil. Bu layihələrin həyata keçirilməsi üçün vacib olan vəsaitlər
kifayət qədər deyildi.
Elnurla birgə bu aktual
problemi seçərək, onun sadə, aydın və sərfəli
həllini tapmağı qərara aldıq. Bu gün ciddi sayılan problemlərdən biri
korroziya problemidir. Biz ayrı-ayrı avadanlıqları
optimallaşdıraraq istehsalat xəttinə yeniliklər əlavə
etdik və məsələnin həllini tapdıq. Bununla da biz korroziyaya qarşı daha
davamlı və iqtisadi cəhətdən sərfəli yeni material əldə etdik. Yəqin
ki, münsiflər heyətinin diqqətini də cəlb edən
məhz bu oldu. Müsabiqədəki
çıxışımıza hazırlıq mərhələsi
olan son iki-üç həftə çox gərgin
keçdi. Mən və Elnur, elmi rəhbərimiz Aygün Əzizova
layihə ilə bağlı araşdırmalarımızı
aparmaq üçün demək olar ki, bütün
günümüzü liseydə və Qafqaz Universitetində
keçirirdik. Müsabiqədəki
çıxışımızdan sonra qəribə bir hal
keçirdim. Mənə elə gəldi ki, istədiyimizi
münsiflər heyətinə
lazımi səviyyədə çatdıra bilmədik.
Lakin təhsil naziri Misir Mərdanov qaliblərin adını
açıqlayanda məlum oldu ki, bizim işimiz birinci yerə layiq
görülüb. Daha sonra
adımızı ABŞ-a gedəcək komandaların
sırasında görəndə isə sevincimizin hədd-hüdudu
yox idi. Müsabiqədə qalib
olmağımız məndə beynəlxalq miqyaslı müsabiqələrdə
təkcə iştirak etmək
deyil, həmçinin qələbə
qazanmaq həvəsi oyatdı. Söz veririk ki, bu müsabiqədə də qalib gəlməyimiz
üçün əlimizdən gələni edəcəyik. Qalib gələrək doğma vətənimiz
Azərbaycana medal gətirəcəyik. Bu işdə bizə
dəstək olan hər kəsə təşəkkürümü
bildirirəm.
Onu da
qeyd edim ki, təhsilimi ABŞ-da davam etdirmək arzusundayam.
Artıq sənədlərimi bir sıra universitetlərə
göndərmişəm və Kolorado Universiteti artıq mənim
məktubuma müsbət cavab göndərib.
"Arzum
ABŞ-ın Massaçusets Texnologiya İnstitutuna daxil
olmaqdır"
Elnur Əliyev 1997-ci ildə Bakıda anadan
olub. Bakıdakı Tahir Həsənov adına 23 nömrəli məktəbdə I
sinfə daxil olan Elnur IX sinifdən akademik Zərifə Əliyeva
adına liseydə təhsilini davam etdirir. Hazırda liseyin texniki təmayül
üzrə X sinif şagirdidir. Riyaziyyat və
fizika fənninə xüsusi maraq göstərir. O,
riyaziyyatı yorulmadan oynaya biləcəyi bir oyuna bənzədir.
Siyasət və iqtisadiyyat ilə yaxından
maraqlanır. Bundan başqa, idmanın
müxtəlif növlərinə-xokkey, futbol, reqbiyə rəğbəti
böyükdür. Mütaliəni
çox sevir və boş vaxtlarında dünya ədəbiyyatından
kitablar oxuyur. Liseyin ictimai həyatında fəal
iştirak edən Elnur bu təhsil ocağında fəaliyyət
göstərən Şagird Parlamentinin vitse-spikeridir. Bundan başqa, ictimai fəallığı ilə
seçilən Elnur 2010-cu ildə Rusiya Federasiyasında
"Orlyonok" düşərgəsinə göndərilmişdir.
Orada təşkil olunan astronomiya olimpiadasına
qatılaraq həmin olimpiadanın qalibi olmuşdur. Onun qazandığı ən böyük uğur isə
"Sabahın alimləri" II Respublika müsabiqəsinin
qalibi olmasıdır.
Elnur Əliyev müsabiqə və layihə
haqqında fikirlərini belə izah etdi: Mən və komanda
yoldaşım Suad Baxşıyev korroziya proseslərinə
qarşı daha davamlı Super Qalvanik materialların
istehsalı üçün hazırlanmış yeni
istehsal xəttini müəssisə mühəndisləri ilə
birlikdə təhlil edərək yeni əlavələr təklifi
verdik. İş prosesi zamanı ABŞ-ın
"Galfan Technology Centre" və Qafqaz Universiteti ilə əməkdaşlıq
edirdik.
Bilirik ki, polad bir çox yerdə
-avtomobillərdə, gəmilərdə, neft, boru kəmərlərində
istifadə olunur. Lakin polad korroziyaya uğraya
bilər. Korroziyaya qarşı bir çox
üsullar mövcuddur. Ancaq bu üsullar həm
iqtisadi, həm də ekoloji cəhətdən kifayət qədər
effektiv deyildir. Biz həm mövcud sistemləri
optimallaşdırmaqla, həm də öz yeniliklərimizi əlavə
etməklə qalvanizasiya üsulunu mükəmməlləşdirdik.
Nəticədə biz qalvanizasiyanın klassik
üsuluna nisbətən hər tonda 360 manat qənaət
edirik. Nəzərə alsaq ki, bizim xətt ildə 60 min
ton istehsal etmək gücünə malikdir, onda ildə 20
milyon manata qənaət edə bilərik. Tədqiqatlarımız
tam başa çatmayıb, ümid edirik ki, işlərimizi
ABŞ-da tamamlayacağıq. ABŞ-dan
medalla dönmək ümidindəyəm. İstəyirəm
ki, ölkəyə bu müsabiqədən birinci medalı biz
gətirək. Müsabiqəni uğurla
başa vurduqdan sonra ABŞ-ın Massaçusets Texnologiya
İnstitutunun tətbiqi riyaziyyat fakültəsinə daxil
olmaqdır. Qazandığım bu uğurlara görə
Zərifə Əliyeva adına liseyin
direktoru Məhəbbət Vəliyevaya, həmçinin liseyin
kollektivinə, komanda yoldaşım Suad Baxşıyevə,
elmi rəhbərimiz Aygün Əzizovaya və mütəxəssis
Yusif Abdullayevə təşəkkürümü bildirirəm.
Ümid edirəm ki, onların dəstəyi və
köməyi ilə biz daha bir qələbəyə nail
olacağıq.
Akademik Zərifə Əliyeva adına liseyin müəllimi, Elnur və
Suadın elmi rəhbəri Aygün Əzizovanın dediklərindən:
Artıq neçə ildir ki, şagird potensialının
üzə çıxması üçün dövlətimiz
tərəfindən müxtəlif müsabiqələr
keçirilir. Biz müəllimlərin də
üzərinə belə müsabiqələrdə iştirak
edəcək şagirdləri yetişdirmək məsuliyyəti
düşür. Elə buna görə də qurduğumuz dərs prosesində
şagirdlərimizi tədqiqata yönəldirik ki, bu da onlarda
yaradıcı təfəkkürün formalaşmasına səbəb
olur. Şagirdlərdə elmə olan maraq artır və onlar
dərk edirlər ki, bu gün öyrəndiklərini sabah həyatda necə tətbiq edəcəklər.
Hər iki şagird maraqla və həvəslə
layihə üzərində artıq bir ildir ki,
çalışır və həmin layihə münsiflər
heyəti tərəfindən birinci yerə layiq
görüldü. Onu da qeyd edim ki, layihənin
ideyası da Elnur və Suad tərəfindən
hazırlandı. Onların fikirlərinin
maraqlı və ümidverici olduğu üçün mən
də bu layihəyə ürəklə qoşuldum. Onlara bu işin təşkili üçün
lazımi məsləhətlər verdim və daima işlərini
nəzarətdə saxladım. Layihələrinə
çox məsuliyyətlə yanaşan şagirdlər digər
alim və mütəxəssislərlə də əməkdaşlıq
edərək maraqlı nəticələr əldə etdilər.
Bir il ərzində
üzərində işlədiyimiz bu layihə həm
aktuallıq, həm də elmi
baxımdan uğur qazandı. İndi biz
respublikamızı təmsil etmək üçün
ABŞ-ın Arizona ştatının Feniks şəhərində
keçiriləcək final turuna hazırlaşırıq.
Qalib olmaq üçün əlimizdən gələni
edəcəyik. Layihəmizi təqdim etmək
üçün onun elmi nəticələrini ingilis dilində
mükəmməl və aydın şəkildə
Amerikanın münsiflər heyətinə
çatdıracağıq. Hər ikisinə
uğur arzulayıram. Düşünürəm
Amerikada onlar özlərini itirmədən, liseyin hər bir
müəlliminin onlara verdiyi biliyi doğruldacaqlar.
"ABŞ-da
vətənimizi təmsil edəcəyimiz üçün
çox böyük fərəh hissi keçirirəm"
Mustafa Hacıyev 1997-ci ildə Bakı
şəhərində anadan olub.
2003-cü ildə Bakıdakı M.İbrahimov adına
153 nömrəli tam orta məktəbin birinci sinfinə gedib. 2008-ci ildə BDU nəzdindəki "Gənc
istedadlar" liseyinin VI sinfinə qəbul imtahanları vasitəsilə
daxil olub. Təhsil aldığı
müddət ərzində daha çox texniki fənlərə
meyl göstərən Mustafa riyaziyyat, fizika və kimya fənləri
ilə də yaxından maraqlanır. Hazırda
"Gənc istedadlar" liseyinin X sinif şagirdidir. Liseydə yaradılan nizam-intizam, keyfiyyətli dərs
prosesləri, lisey rəhbərliyinin ciddi nəzarəti sayəsində
öz biliklərini artırmaq və uğurlar əldə etməyi
qarşısına məqsəd qoyan Mustafa bir çox
olimpiada və bilik yarışmalarında iştirak edərək
uğurlar qazanıb. Ötən ildən
respublikamızda keçirilən "Sabahın alimləri"
müsabiqəsində "Gənc istedadlar" liseyinin
şagirdlərinin qalib olması və ABŞ-da keçirilən "İntel İSEF" - Beynəlxalq
Elm və Mühəndislik Sərgisinə vəsiqə
qazanaraq respublikamızı təmsil etmələri liseyin digər
şagirdlərində də böyük maraq oyatmış,
bu il Mustafanın həmin yarışmaya həvəslə
qatılmasına zəmin yaratmışdır.
Mustafa müsabiqə haqqında təəssüratlarını
bizimlə bölüşdü: - Bu yarışmada şagirdlər
öz elmi kəşflərini, özlərinə məxsus
texniki yenilikləri təqdim edirlər. Yarışmanın
ilk ilində üç qalib yerdən ikisi bizim liseyimizə nəsib
oldu. Bu il də biz "Sabahın
alimləri" bilik yarışmasına qatıldıq və
liseyimizin liderliyini əldən vermədik. "Sabahın alimləri" bilik
müsabiqəsində layihəmiz bəyənildi və biz I
yerə sahib olduq. İndi biz bu layihə ilə may ayında
ABŞ-ın Arizona ştatının Finiks şəhərində
çıxış edəcəyik. Mən və
yoldaşım Nuru Nurdil əvvəl
araşdırmamızı azot molekulunun ətrafında
apardıq. Layihənin elmi rəhbərləri
BDU-nun əməkdaşları Məhəmmədəli
Ramazanov və İsmət Əhmədovdur.
Apardığımız araşdırmalar nəticəsində
nanohissəciklərin köməyi ilə ən az enerji və təzyiq sərf edərək
ammonyak alırıq. Dünya təcrübəsində
ammonyakın alınması üçün enerji, təzyiq sərfiyyatı,
eyni zamanda katalizatorlardan istifadə çox olur. Məlumdur ki, ammonyak həyatın müxtəlif sahələrində,
sənayedə, tibdə geniş istifadə olunur. Bunun əhəmiyyətini nəzərə alaraq bu
işə daha məsuliyyətlə yanaşdıq.
Mən arzu edirəm ki, orada da layihəmiz bəyənilsin
və uğur qazanaq. Qazandığım
bu uğur mənə ikiqat sevinc bəxş etdi. Belə ki, bir şagird, bir fərd olaraq ABŞ-da vətənimizi
təmsil edəcəyimiz üçün çox
böyük fərəh hissi keçirirəm. Fikirləşəndə ki, dünyanın çox
ölkələri arasında vətənimin də adı
çəkiləcək, bayrağı görünəcək,
onda ürəkdən sevinirəm.
Sonda bu işdə bizə şərait
yaradan və köməklik edən BDU-nun rəhbərliyinə,
elmi rəhbərimiz M.Ramazanov və İ.Əhmədova,
liseyimizin direktoru, professor Qasım Hüseynova, müəllimlərimə
öz dərin minnətdarlığımı bildirirəm.
Biz də Mustafanın arzularına
qoşularaq ona uğurlar arzulayırıq.
"Sabahın
ailmləri" Respublika müsahibəsinin birincisi
Vəfa Tağıyeva 1997-ci ildə
Bakı şəhərində ziyalı ailəsində anadan
olub. 2003-cü ildə Bakı
şəhəri 82 nömrəli orta məktəbin I sinfinə
qəbul olan Vəfa 2007-2008-ci tədris ilində təhsilini
147 nömrəli texniki-humanitar liseydə davam etdirib. 2008-ci ildə Bakı Dövlət Universitetinin nəzdindəki
"Gənc istedadlar" liseyinin VI sinfinə qəbul olub və
hazırda həmin liseyin 10-cu sinfində təhsilini davam etdirir.
"Gənc istedadlar" liseyində təhsil
aldığı müddətdə bir çox müsabiqə
və yarışlarda iştirak edən Vəfa 2009-cu ildə
biologiya fənni üzrə keçirilən fənn
olimpiadasında Yasamal rayonu üzrə I yerə layiq
görülüb. Bundan başqa, 2010-cu ildə məktəblilər
arasında keçirilən "İntellekt marafonu"
yarışmasında 3-cü,
2010-cu ildə "Araz" kurslarında təşkil
edilən "Bilik" yarışmasında IV qrup üzrə
II yeri, 2011-ci ildə 4-cü "İntellekt"
olimpiadasında sürət nominasiyasında III yeri, 2012-ci ildə
daha böyük uğura imza ataraq kimya fənni üzrə
Respublika olimpiadasında I yeri tutub.
2013-cü ildə "Sabahın alimləri"
Respublika müsabiqəsində biologiya nominasiyasında
"Gümüş nanohissəcikləri sintez edən göbələklər"
adlı elmi işlə iştirak edən Vəfa
Tağıyeva 1-ci yeri tutmuş və ABŞ-da keçiriləcək
"İntel İSEF" yarışmasında Azərbaycan
Respublikasını təmsil etmək hüququ qazanıb. Bu
layihədə Vəfanın layihə rəhbəri BDU-nun
mikrobiologiya kafedrasının müdiri, biologiya elmləri
doktoru, professor Xudaverdi Qənbərov
olmuşdur.
Vəfa Tağıyeva haqqında "Gənc
istedadlar" liseyinin direktoru, professor
Qasım Hüseynovun dediklərindən: Müsabiqədə biologiya
nominasiyası üzrə I yerə layiq görülmüş
və ABŞ-da keçiriləcək beynəlxalq müsabiqədə
respublikamızı təmsil etmək hüququ qazanmış
liseyimizin X sinif şagirdi Vəfa Tağıyeva dərs əlaçısıdır.
Yüksək təlim və tərbiyəsi olan
Vəfa əzmkarlığı,
çalışqanlığı sayəsində elmin sirlərini
dərindən öyrənməyə, kimya və biologiya elmlərinə
isə xüsusi maraq göstərir. Hazırda
Vəfa "İntel İSEF" Beynəlxalq Elm və Mühəndislik
Sərgisində qalib olmaq üçün səylə
çalışır. Onu da qeyd edim ki, liseyimizin 14
şagirdi "Sabahın alimləri" II Respublika müsabiqəsinə
9 layihə təqdim etmişdir ki, həmin layihələrdən
3-ü I, 4-ü isə II yerə layiq görülüb. Müsabiqədə "Gənc istedadlar"
liseyinin komandası böyük üstünlüklə qalib gəlmişdir.
"Gənc
istedadlar" liseyinin şagirdi Beynəlxalq Elm və Mühəndislik
Sərgisində iştirak edəcək
Nuru Nurdil 1999-cu ildə ABŞ-ın
Massaçusets ştatının Boston şəhərində
anadan olub. Atasının işi ilə
əlaqədar müxtəlif ölkələrdə olan Nuru
2005-ci ilə qədər Fransanın paytaxtı Paris şəhərində
yaşayıb. Məktəbəqədər təhsili
Parisdə alan Nuru elə həmin şəhərdə
də I sinfə gedib. O, 2005-ci ildən Bakıda yaşayır
və II sinfi Xəzər rayonu
Mərdəkan qəsəbəsi 181 nömrəli məktəbdə,
III və IV sinifləri isə Bakı şəhəri Yasamal
rayonu 53 nömrəli məktəbdə alıb. V sinifdən isə təhsilini Bakı Dövlət
Universitetinin nəzdindəki "Gənc istedadlar" liseyinin
rus bölməsində davam etdirir. Nuru
müəllimlərinin onda yaratdıqları həvəs sayəsində
texniki elmlərə, xüsusən də kimya, riyaziyyat və
fizika elmlərinə daha çox maraq göstərir. Bununla bağlı bir çox olimpiada və
müsabiqələrdə iştirak edib. Azərbaycan,
rus, fransız və ingilis dillərində sərbəst
danışan Nuru Nurdil artıq respublikamızda ikinci dəfə
keçirilən "Sabahın alimləri" II Respublika
müsabiqəsinə kimya fənni üzrə qatılıb. "Gənc istedadlar" liseyinin X sinif şagirdi
Mustafa Hacıyevlə birgə "Nanohissəciklər vasitəsi
ilə azotun ammonyaka fiksasiyası" mövzusunda layihə ilə
müsabiqədə iştirak edərək I yerə layiq
görülüb. Münsiflər heyəti tərəfindən
maraqla qarşılanan layihə ilə bu ilin may ayında
ABŞ-da keçiriləcək "İntel İSEF" -
Beynəlxalq Elm və Mühəndislik Sərgisinə
qatılacaq.
Nuru Nurdilin dediklərindən: Məktəbimizin
direktoru Qasım müəllim texniki elmlərə olan həvəsimizi
görərək bizə "Sabahın alimləri"
yarışması haqqında məlumat verdi
və bu müsabiqəyə qatılmağa həvəsləndirdi.
Qarşımıza müsabiqədə qalib gəlmək
məqsədi qoyaraq layihə hazırladıq və bu layihə
üzərində işləməyə başladıq.
Layihə haqqında onu deyim ki, azot
molekullarının fiksasiyası mexanizminin
aydınlaşdırılması son yüz ilin ən aktual
problemlərindən biridir və indiyə qədər tam həll
edilməmişdir. Azot molekulu
üçqat kimyəvi rabitə ilə birləşmiş
iki azot atomlarıdır. Bu rabitələri
qırmaq üçün böyük enerji tələb
olunur. Azot molekullarında olan rabitələrin
qırılması azotun fiksasiyası adlanır. Bu proses
təbiətdə yalnız azot fiksəedici bakteriyalar tərəfindən
aparılır. Kimyəvi yolla isə ilk dəfə
1913-cü ildə alman alimi Haber tərəfindən həyata
keçirilmişdir. Kimyəvi yolla azotun
fiksasiyası üçün 450 dərəcə temperatur,
700 atmosfer təzyiq və güclü katalizatorlar
lazımdır. Adi şəraitdə isə
(otaq temperaturu və ya bir qədər yüksək; normal
atmosfer təzyiq) azotun fiksasiyasını indiyə qədər
aparmaq mümkün olmamışdır. Nanotexnologiyanın
intensiv inkişafı imkan verir ki, nanohissəciklər
molekullararası rabitəni qıra bilsin. Verilmiş tədqiqat
işində
nanohissəciklərin bu xüsusiyyətlərindən
istifadə edərək onların sulu məhlulunda azot
molekullarının fiksasiyası həyata
keçirilmişdir. Bu proses normal atmosfer təzyiqi və
temperaturda baş vermişdir. Azot molekullu ammonyak
adi otaq temperaturunda 1 günə, 80oC-də isə bir saat ərzində
sintez olunmuşdur. Ammonyak sənayedə
geniş istifadə edilir. Xüsusən
tibdə - naşatır spirtinin alınmasında, boya sənayesində,
plastmasların, partlayıcı maddələrin və gübrələrin
alınmasında geniş istifadə olunur. Hər il dünyada 500 milyon ton ammonyak gübrəsi
istehsal olunur. Zavodlardan çıxan karbon qazını alıb ammonyaka
birləşdirərək ən vacib gübrələrdən
biri olan karbamid adlı gübrə almaq olar. Və
nəticədə nəinki asanlıqla gübrə almaq, həm
də zavodların karbon qazı vasitəsi ilə havanı
çirkləndirməsinin qarşısını almaq olar.
Bizim bu mövzumuz münsiflər heyətinin
böyük marağına səbəb oldu və I yerin qalibi
olduq. 2013-cü il may ayında
ABŞ-da bu mövzu ilə çıxış edəcəyik
və orada da qalib olacağımıza və ölkəmizə
medalla qayıdacağımıza inanırıq. Biz Azərbaycana nəinki
qızıl medalla qayıtmağa, həm də gələcəkdə
ölkəmizə ilk Nobel mükafatı gətirməyi
ümid edirik. Belə böyük uğur mənim gələcəkdə
təhsil almaq istədiyim ali məktəblərə
qəbul olmağıma da kömək ola bilər. Mənim ən
böyük arzularımdan biri də ABŞ-ın Kaliforniya
ştatında yerləşən Stanford Universitetinə qəbul olmaqdır. Gələcək təhsilimi isə Boston şəhərindəki
dünyanın ən böyük universitetlərindən biri
olan Massaçusets Texnologiya İnstitutunda almaq istəyirəm.
Bu universiteti seçməyim mühəndisliyə
olan böyük həvəsimdən irəli gəlir. Bu sənəti seçməyim isə bu işin
çoxlu kreativlik tələb etdiyinə görədir. Dünyanın ən
məşhur mühəndisləri sırasına düşmək
və Azərbaycanı bütün dünyaya tanıtmaq əsas
arzularımdan biridir. Mən mühəndisliyin
bütün insanlığın inkişafında böyük
rol oynadığını düşünürəm.
Biz də Nuruya bu yolda uğurlar
arzulayırıq.
Səhifəni
hazırladı: Niyazi RƏHİMOV
Azərbaycan
müəllimi.- 2013.- 22 fevral.- S.4.