Veteran məşqçi, beşqat
dünya çempionu
Sambo üzrə idman
ustası Vahid Hüseynov
bütün həyatını idmana bağlamış fədakar bir insandır. O, 1945-ci il
mayın 9-da Qazax
rayonunun Saloğlu
stansiyasında dünyaya göz
açıb. Uşaq yaşlarından idmana böyük maraq göstərən V.Hüseynov
ilk vaxtlarda məşhur pəhləvanlardan
güləşin sirlərini öyrənməyə
başlayıb. Qədim adət-ənənələr
üstündə köklənən kənd, məhəllə
yarışları 13-14 yaşlı uşağın
marağını bu sahəyə daha da artırıb. Qurşaq tutmaq, toy mağarlarında güləşmək,
ağır çəki daşlarını qaldırmaqla güclü fiziki
hazırlıq dövrü keçən Vahidin ətraf kəndlərdə qolunun qüvvətinə həsəd
aparanların sayı çoxalır.
Ömrünü idmana həsr edən Vahid müəllim
vaxtilə əfsanəvi güləşçi Anatoli
Xarlampiyevdən dərs alıb. Hazırda Bakıdakı 16
nömrəli Uşaq-Gənclər
İdman Məktəbində sambo üzrə məşqçi
işləməklə yanaşı, beynəlxalq
yarışlarda da uğurla iştirak edir. O, son illər
usta-peşəkarlar arasında keçirilən dünya
çempionatlarının daimi iştirakçısı və
beşqat dünya çempionudur. Yeni Azərbaycan Partiyasının
üzvü, Qarabağ
veteranı və ehtiyatda olan zabitdir.
Ötən əsrin sonlarında öz
müstəqilliyini bərpa etmiş müasir Azərbaycanın hər sahədə
inkişafı göz qabağındadır. Ölkəmizdə
sosial-iqtisadi həyatın bir çox sahələrini əhatə
edən tərəqqi tendensiyası idman sahəsindən də
yan keçmir. Ümummilli liderimiz Heydər Əliyevin daimi
qayğısı və diqqəti sayəsində Azərbaycan
idmanı yüksək inkişaf səviyyəsinə
çatıb.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin
1997-ci ildə Milli Olimpiya Komitəsinə prezident seçilməsindən
sonra idmanımız inkişaf tempini daha da artırdı.
"Əvvəl şərait, sonra nəticə" prinsipini
əsas götürən cənab İlham Əliyev
idmançıların uğur qazanması üçün
mümkün olan hər şeyi etmişdir.
Respublikamızın ayrı-ayrı bölgələrində
olimpiya kompleksləri istifadəyə verilmiş, yeni-yeni idman klubları və cəmiyyətləri
yaradılmışdır.
Azərbaycan idmançıları
idmanın müxtəlif növləri üzrə Avropa birinciliklərində,
dünya çempionatlarında, digər beynəlxalq idman
yarışlarında iştirak edib böyük uğurlar
qazanmışlar. Bu ənənə bu gün də uğurla
davam etdirilir. Bu uğurların qazanılmasında xidməti
olanlardan biri də idman veteranı Vahid Ömər oğlu Hüseynovdur.
Redaksiyamızın qonağı olan təcrübəli məşqçi söhbətə
müstəqilliyin ölkəmizin idman həyatında
köklü dəyişikliyə səbəb olduğunu deməklə
başladı:
- İndi güləşçilərimiz
dünyanın müxtəlif yerlərində, irili-xırdalı beynəlxalq
turnirlərdə iştirak edirlər. Azərbaycan dünya və
Avropa çempionatları kimi iri idman tədbirlərinə ev
sahibliyi edir. Keçmiş idmançı kimi heç vaxt
ağlımıza gətirə bilməzdik ki, Azərbaycan onlarca ölkənin
idmançısını qonaq edər, dünyanın ən
say-seçmə güləşçilərini Bakıda
görə bilərik. Veteran güləşçi kimi bu bizi
çox sevindirir.
- Vahid
müəllimin dünyaya göz açdığı
yurd yeri haqqında düşüncələri?
- Qazax
torpağı təbii ki, mənim üçün daha
doğmadır. Uşaqlıq illərim gözümün
önündən getmir. Ətraf kəndlərdən, Daş
Salahlıdan, Aşağı Salahlıdan və başqa kəndlərdən
bizim kəndə gələn güləşçilərin
çoxlarının arxasını yerə vurmuşam. Az-az
adam tapılardı ki, mənim qurşağımdan
yapışsın. 1964-cü ildə hərbi xidmətə
gedəndə yolasalma mərasimində
bütün stansiya camaatı toplaşmışdı.
Saloğluda anam mənə xeyir-dua verəndə dedi ki,
oğul, çalış ki, orada yaxşı ad
çıxarasan. Aşıq Ədalətin sazının və
"Cəngi" sədalarının altında əsgərliyə
getməyim məndə vətənpərvərlik hisslərini,
içimdəki güc-qüvvəti daha da artırdı.
1968-ci ildə ordudan tərxis olunandan
sonra ümumittifaq yarışlarında birinci və ikinci yerlərə
sahib oldum. Bakıda
"Dinamo" cəmiyyətində məşqçi kimi fəaliyyətə
başladım. Məni SSRİ miqyasında, demək olar ki,
hamı tanıyırdı. Hələ əsgərlik
dövründə samboçular arasında ləqəbim var
idi. Meydana çıxanda mənə "Çyornı
Pantera" gəldi deyirdilər. Samboçular fiziki
hazırlığımdan və
yarışlarda döyüşümdən heyrətə gəlirdilər. Məni SSRİ
idmançıları arasında "Sansey" deyə
çağırırdılar. Əsgərlik vaxtı ermənilər
"Sansey" eşidəndə əl-ayağa
düşürdülər. İdman ustası adını
qazandıqdan sonra məşqçi kimi işləyirdim. Qarabağ müharibəsi
vaxtında Qazaxda erməni terrorçularının Əskipara
kəndində evləri yandırması, bir neçə ailənin
vəhşicəsinə qətlə yetirilməsi məni
könüllü şəkildə Müdafiə Nazirliyinə
gəlməyə sövq etdi. Hərbi
hissələrdə fiziki hazırlıq rəisi işlədim. Əsgərlərə
əlbəyaxa döyüşü öyrətməklə
onların fiziki hazırlığı ilə məşğul
oldum.
- Vahid müəllim, ölkəmizdə
sambonun hazırkı vəziyyətindən
razısınızmı?
- Sambo Azərbaycana Ceyhun Hüseynov, Tərlan Poladov, Zülfiyyə
Hüseynova, Mövlud Mirəliyev kimi idmançılar verib.
Cüdo ölkəmizdə intişar tapanda çoxları
sambonu cüdoya dəyişdi. Amma
mən samboya sadiq qaldım. 35 ildən çoxdur ki, məşqçiyəm,
bu gün də sənətimi sevə-sevə öyrədirəm.
Malta şəhərində veteranlar
arasında keçirilən dünya
çempionatında mən ölkəmizi 30 dövlət
arasında birinci etdim. Qızıl medal sahibi kimi qələbələrimi ağır
çətinliklər hesabına əldə etmişəm.
Dünya çempionluğuna gedən yol
Vahid Hüseynovun beynəlxalq miqyasda
tanınmasına yol açan 1999-cu ilin noyabrın 15-də Maltada keçirilən veteran
samboçuların beynəlxalq çempionatı olub. 30-a
yaxın ölkənin idmançısının
qatıldığı dünya
çempionatında ölkəmizin şərəfini qorumaq
Hüseynovun qismətinə düşür. Veteran
idmançılar arasında keçirilən yarışlarda
90 kq çəki dərəcəsində
çıxış edən təmsilçimiz rəqiblərinin
hamısını məğlub edərək fəxri
kürsünün ən yüksək pilləsinə
qalxır. Üçrəngli Dövlət
bayrağımız Maltada dalğalanır, Azərbaycanımızın
himni birinci səslənir. Qızıl medala sahib olmaq
uğrunda mübarizə aparan veteran samboçumuz arzusunu reallaşdıraraq ilk
uğuruna imza atır.
"Yanıq
Kərəm"in sədaları altında dünya
çempionu oldu
2000-ci il sentyabrın 13-dən 25-dək
Maltada keçirilən veteranlar arasında növbəti dünya
çempionatında veteran idmançılardan ölkəmizi
təmsil edən Vahid Hüseynov rəqib
idmançıları məğlub edərək ikinci dəfə qızıl medala sahib olub.
"Maltada veteranlar arasında dünya birinciliyi
keçirilirdi. Mən də orada çıxış edirdim.
Yarışa gedəndə özümlə Azərbaycandan
aşıq Ədalətin
audio kasetini
götürmüşdüm. Yarımfinalda çox
güclü bir ispan güləşçisi ilə
qarşılaşdım. Rəqibim sambo ilə yanaşı, idmanın
qaydasız döyüş növü üzrə də
ixtisaslaşmış idmançı idi. Onunla
döyüşə çıxanda uşaqlara dedim ki,
aşıq Ədalətin ifasında "Yanıq Kərəm"i
havasını səsləndirsinlər. Baxmayaraq ki, orada buna
icazə vermirdilər, bu hava alçaq tonda da olsa səsləndirildi.
Bundan sonra elə bil mənə ikiqat güc gəldi. Mən
o, idmançını 1 dəqiqə 30 saniyəyə məğlub
etdim. Sonra finalda ukraynalı idmançı Kulikavla güləşdim,
"Yanıq Kərəm"in sədaları altında bu
döyüşdə də qalib gələrək veteranlar
arasında yenidən dünya çempionu adını qazandım.
Himnimizi səsləndirdim, bayrağımızı yüksəklərə
qaldırdım.
Sonradan 2001-ci il Fransanın Kap Martin
şəhərində və 2002-ci il Yunanıstanda
keçirilən növbəti dünya çempionatlarında
da dünya çempionu olaraq ölkəmizi layiqli şəkildə
təmsil etdim".
2003-cü il oktyabrın 15-18 tarixlərində
Fransanın Kap Martin şəhərində keçirilən
veteran usta samboçular arasında növbəti dünya
çempionatında ölkəmizi təmsil etmiş Vahid
Hüseynov qızıl medal qazanmaqla Azərbaycan
bayrağını məhz
möhtərəm
İlham Əliyevin şərəfinə
qaldırıb. "Yarışda
olarkən eşitdim ki, İlham müəllim Prezident
seçilib. Bu xəbər mənə daha da qüvvət
verdi və sonrakı döyüşlərimdə daha
böyük ruh yüksəkliyi ilə yarışdım. 30
ölkənin 25-dən çox idmançısının
arasında üçrəngli bayrağımızı
Prezidentimiz İlham Əliyevin
şərəfinə dalğalandırdım.
Vaxtilə ümummilli liderimiz Heydər Əliyev
idman sahəsində qazanılmış uğurlarda veteran
idmançıların zəhmətini yüksək qiymətləndirirdi. Azərbaycanın idman veteranları
ölkəmizdə idmanın inkişafı üçün
çox işlər görüb, yaxşı ənənələr
yaradıb, gənclərimiz üçün yaxşı yol
açıblarE Bugünkü gənclərimizin idman sahəsindəki
nailiyyətləri veteranların zəhməti sayəsindədir,
gənclərin məşqçilərinin, müəllimlərinin,
onlara rəhbərlik edən idman ustalarının fəaliyyətinin
nəticəsidir. Müstəqilliyimizin
ilk illərində səriştəsiz rəhbərlərin
günahı ucbatından böhran günü-gündən dərinləşir,
ölkə dağılıb gedir, torpaqlarımız
bir-birinin ardınca işğal olunurdu. Təbii ki, idman və
bədən tərbiyəsi də tamam unudulmuşdu. Qarnizonun
idman rəisi idim. Əsgər
və zabitlərin fiziki cəhətdən möhkəmlənməsi
üçün məşqlər keçir, onlara sambo və
əlbəyaxa döyüş fəndini öyrədirdim. Təəssüf
ki, bu sahəyə o vaxt lazımi diqqət göstərilmirdi.
Yalnız xalqın xahişi və təkidi ilə Heydər Əliyevin
hakimiyyətə qayıdışı bizi bütün bəlalardan
xilas etdi. Siyasi, iqtisadi sahələrdə olduğu kimi, ordu
quruculuğu prosesində də dönüş yarandı,
ölkədə idmanın inkişafına xüsusi diqqət
yetirildi. Veteran idmançılar işə cəlb olundu.
1995-ci ildən başlayaraq hərbi hissələrdə
müxtəlif idman yarışlarının keçirilməsi
ənənə halını aldı. Peşəkar
idmançıların yetişdirilməsində veteran
idmançıların əməyindən istifadə
olunması uğurların qazanılmasında əsas amilə
çevrildi.
Veteran idmançıların beynəlxalq
yarışlara qatılması da dövlət
başçımız, MOK-un
prezidenti İlham Əliyevin qayğısı sayəsində
mümkün olmuşdur. 1999-cu ildən bəri Maltada, Kanadada,
Fransada, Yunanıstanda keçirilən birinciliklərin
qızıl medallarını qazanmışam. Yaşım
70-i haqlasa da, hələ özümü gümrah hiss edirəm,
həvəsdən düşməmişəm.
Bu gün Azərbaycan idmanı yüksəliş
mərhələsindədir. Ölkəmizdə həm siyasi,
sosial-iqtisadi həyatın, həm də idmanın yüksəlişi,
dövlət başçımızın bu sahəyə
qayğısı yeni-yeni uğurlarımızdan soraq
verir.
Rəşad
ZİYADOV
Azərbaycan
müəllimi.- 2013.- 22 fevral.- S.8.