NDU ilə Cənubi
Koreyanın Kimçonq
Universiteti arasında tələbə mübadiləsinə
başlanıldı
Naxçıvan
Dövlət Universiteti ilə Cənubi Koreyanın
Kimçonq Universiteti arasında tələbə mübadiləsi
başlanıldı. Bu münasibətlə keçirilən
tədbirdə universitetin rektoru, akademik İsa Həbibbəyli
çıxış edərək Cənubi Koreya ilə
ölkələrarası siyasi, iqtisadi, mədəni əlaqələrin
inkişafında elmin, təhsilin və dilin müstəsna
rolundan danışdı.
Rektor, universitetin Cənubi Koreyanın
ali təhsil ocaqları ilə əməkdaşlığın
əhəmiyyətindən, muxtar respublika rəhbərliyinin və
Cənubi Koreyanın Azərbaycandakı səfirliyinin bu sahəyə
göstərdiyi diqqət və qayğıdan bəhs etdi.
Qeyd olundu ki, Naxçıvan Dövlət Universiteti Cənubi
Koreyanın Kimçonq və Busan Kyumqsunq universitetləri ilə
hərtərəfli əməkdaşlığa malikdir və
Boloniya sisteminin prinsiplərinə uyğun olaraq Cənubi
Koreyanın Kimçonq Universiteti ilə tələbə
mübadiləsinə başlanılmışdır.
Koreyanın qrant yardımı və texniki əməkdaşlıq
proqramlarını həyata keçirən KOICA dövlət
agentliyi ilə universitetə müasir informasiya
texnologiyalarının alınması, elektron idarəetmə
sisteminin yaradılması ilə bağlı birgə layihə
reallaşdırılması haqqında da məlumat verən
rektor, hazırda universitetdə 10 nəfərə yaxın
koreyalı tələbənin bakalavr, magistratura, doktrantura
üzrə təhsillərini davam etdirdiklərini
vurğuladı. Qeyd olundu ki, universitetin beynəlxalq münasibətlər
və xarici dillər fakültəsində
"Koreyaşünaslıq" seçmə fənni tədris
olunur. Buradakı Cənubi Koreya Mərkəzi uğurla fəaliyyət
göstərir. Mərkəzdə
Koreya dili üzrə hazırlıq kurslarının fəaliyyət
göstərməsi isə Koreya dilinin, ədəbiyyatının,
tarixinin, mədəniyyətinin öyrənilməsi
baxımından böyük önəm daşıyır. Tələbə
mübadiləsi məqsədilə Naxçıvan Dövlət
Universitetindən 3 nəfər tələbə - tərcümə
(ingilis dili - Azərbaycan dili) ixtisası üzrə birinci kurs
tələbəsi Nəsir Neymətli,
hüquqşünaslıq ixtisası üzrə birinci kurs tələbəsi
Əkbər Həsənli, stomatologiya ixtisası üzrə
birinci kurs tələbəsi Şahin Tağıyev Cənubi
Koreyanın Kimçonq Universitetində 6 ay müddətində
təhsillərini davam etdirəcəklər. Həmçinin
Kimçonq Universitetindən gələn 2 tələbə
Lee Sumi və Jeonq Seok bakalavr pilləsində təhsillərini
bir il müddətində Naxçıvan Dövlət
Universitetində davam etdirəcək.
Koreya dili hazırlıq
kurslarının müəllimi, Naxçıvan Dövlət
Universitetinin beynəlxalq münasibətlərin tarixi və nəzəriyyəsi
ixtisaslaşması üzrə magistrantı, Cənubi Koreya vətəndaşı,
ilk koreyaca-azərbaycanca danışıq
kitabçasının müəllifi Çanq Se Cunq Koreya
dili hazırlıq kursunun gedişi barədə məlumat
verdi. Cənubi Koreyaya göndərilən tələbələrin
bu kurslarda fəal iştirak etdiklərini və bir neçə
tələbənin arasından seçildiklərini
vurğuladı.
Kimçonq Universitetinin tələbəsi
Jeonq Seok çıxış edərək yaxşı təhsil
almaq üçün Naxçıvan Dövlət
Universitetində hər cür şərait
yaradıldığını, bu universitet haqqında Cənubi
Koreyada da müsbət fikirlərin olduğunu və təhsilini
bir illik davam etdirmək üçün məhz bu universiteti
seçməsindən məmnunluq duyduğunu qeyd etdi.
Stomatologiya ixtisası üzrə birinci
kurs tələbəsi Şahin Tağıyev
çıxışında tələbə mübadiləsini
yüksək qiymətləndirərək ölkəmizi Cənubi
Koreyada layiqli təmsil edəcəklərini və müvəffəqiyyətlə
ali təhsil almağa çalışacaqlarını
bildirdi.
Sonda universitetin rektoru, akademik İsa Həbibbəyli
Kimçonq Universitetinin elmi əsərlər jurnalında Azərbaycan-Cənubi
Koreya əlaqələri haqqında dərc olunmuş məqaləsini
universitetdə fəaliyyət göstərən Cənubi
Koreya Mərkəzinə təqdim etdi. Sonda rektor, akademik
İsa Həbibbəyli hər
iki universitetin tələbələrinə uğurlar arzuladı.
Mina
QASIMOVA,
NDU-nun
Mətbuat şöbəsinin əməkdaşı
Azərbaycan
müəllimi.- 2013.- 22 fevral.- S.6.