7 yaşlı Avropa çempionu

 

Ümid Fuad oğlu Aslanov 2006-cı il yanvarın 23-də Bakıda anadan olmuşdur. Xırdalan şəhər 1  nömrəli tam orta məktəbin birinci sinif şagirdidir. Ailəsinin şahmata olan marağından sonra Ümidin də bu idman növünə sevgisi yaranmışdır.  

 

O, 5 yaşından 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama Məktəbinə qəbul olaraq, şahmatın sirlərini öyrənməyə başlamışdır. Təcrübəli müəllimlərdən dərs alan balaca  Ümid valideynlərinin və onu sevənlərin arzularını gerçəkləşdirmək üçün çalışmışdır. 2012-ci ildə 6 yaşlı şahmatçılar arasında Bakı çempionatında iştirak edən və fərqlənən Ü.Aslanov beynəlxalq yarışlara vəsiqə qazanmışdır. Həmin ilin mayın 10-15 tarixlərində Rumıniyada 45-ə yaxın ölkənin 7 yaşa qədər  şahmatçıları arasında keçirilən dünya çempionatında o,  V yerin sahibi olmuşdur. Ümidləri doğrultmağa çalışan Ümid bundan başqa 2012-ci ildə Gürcüstanın  Poti şəhərində Nana Aleksandriya adına beynəlxalq turnirdə 7 yaşlı şahmatçılar arasında rəqiblərindən fərqlənərək fəxri kürsünün yüksək pilləsinə çıxmışdır. 2013-cü  ilin mayında Yunanıstanın Portokaros şəhərində 50-yə yaxın ölkənin şahmatçılarının   iştirakı ilə keçirilən yarışda da fərqlənən Ü.Aslanov  III yeri tutmuşdur. Həmin ilin iyunun 20-28 tarixlərində Serbiyanın Novisad şəhərində Avropa çempionatında iştirak edən Ümid 7 yaşlı şahmatçılar arasında I yeri tutaraq fəxri kürsünün yüksək pilləsinə qalxmışdır. Ümidə tanınmış şahmatçı olmağı, Azərbaycanımızın idman şərəfini beynəlxalq yarışlarda uca tutmağı, onu sevənlərin ümidlərini həmişə doğrultmağı arzulayırıq. 

 

Rəşad ZİYADOV

 

Azərbaycan müəllimi.- 2013.- 5 iyul.- S.7.