Məktəbdə
kimya həftəliyinin təşkili
Şagirdlərin hər
hansı fənnə marağını artırmaq
yollarından biri də sinifdənxaric
işlərdir. Buna məktəblərdə
məzmunlu və səmərəli təşkil olunmuş fənn həftələri də aiddir. Kimya həftələri də digər sinifdənxaric
işlər kimi şagirdlərin dünyagörüşünün və dərsləri
mənimsəmə səviyyəsini artırır, onlar kimyanın praktikada və
gündəlik həyatımızdakı rolunu
daha aydın anlayırlar.
Artıq
20 ildir ki, pedaqoji fəaliyyətlə məşğul oluram.
Hər il tədris etdiyim
fənlə əlaqəli sinifdənxaric tədbirlər, kimya həftəlikləri təşkil edirəm. Adətən
dərs ilinin ortalarına
planlaşdırdığım bu tədbirlərə
hazırlıq dövründə şagirdlərdə böyük ruh yüksəkliyi,
elmə həvəs və maraq
müşahidə edirəm. Bəzən paralel
siniflər arasında təşkil edilən yarış xarakterli viktorinalar, olimpiadalar və breyn-rinqlər də
şagirdlərdə sağlam rəqabət
hissi yaradaraq kimyanın mənimsənilmə səviyyəsini
xeyli artırır. Aşağıda belə
həftəliyin keçirilməsi variantlarının biri haqqında qeydlərimi oxucuların diqqətinə
çatdırmaq istəyirəm.
Həftəliyin
ilk günü "Kimya ölkəsinə səyahət" mövzusunda radiotranslyasiya
təşkil olunur. Bu çıxış
zamanı kimya həftəliyinin
keçirilmə müddəti və planı barədə məlumat
vermək, kimyanın gündəlik həyatımızda, elmin müxtəlif sahələrində, texnika və kənd təsərrüfatında
oynadığı rol barədə məruzə
etmək olar. Həftə
ərzində kimya mövzusunda
keçirilməsini istədiyiniz rəsm, nəşr və ya buklet (Publisher proqramında), İKT-dən istifadə
edərək yaradılmış ən yaxşı şagird təqdimatı (Power
Point proqramında) müsabiqəsi barədə
elanı səsləndirmək, "Bilirsinizmi?"
rubrikasında dinləyiciləri kimyadan
maraqlı faktlarla tanış etmək
olar.
İkinci gün
- yuxarı sinif şagirdlərinin məktəbin
müxtəlif sinifləri üçün
hazırladıqları məruzələrin oxunuşunu
təşkil etmək olar.
Bu məruzələr "Kimya elminin tarixi
inkişafı", "Su - həyat deməkdir",
"Kimya sehrlərinin sirləri",
"Kimya məişətdə" və
s. mövzularda ola bilər. Məruzələr zamanı bəzi
təcrübələri nümayiş
etdirmək olar.
Məsələn,
təcrübə 1: Donan stəkan.
Bir şüşə
parçasına və ya karton
kağıza bir
qədər su tökülərək
isladılır və onun üzərinə
içərisində 50 ml su
olan stəkan qoyulur.
Stəkanın içinə 35 qram ammonium nitrat (NH4NO3) əlavə
edilib intensiv
qarışdırıldıqda, stəkan şüşəyə
və ya nəmli kartona
donub yapışacaq (bu
reaksiya istiliyin
udulması ilə getdiyi üçün).
Təcrübə
2: "Sehrli" mürəkkəb.
Kimya stəkanına 30 - 50 ml su əlavə edilir və üzərinə bir
neçə damcı yodun kalium-yodiddəki
məhlulundan və 1 - 2 ml duru
xlorid turşusu əlavə
edilir. Daha sonra 0,5 ml nişasta məhlulu əlavə olunduqda, maye dərhal
qırmızı rəngə boyanır (nişastanın yodla kompleksli birləşməsi
alınır). Əgər stəkanı qızdırsaq maye rəngsizləşəcək
(nişastanın yodla yaratdığı kompleksli
birləşməsi parçalanacaq), stəkanı soyutduqda
isə yenidən maye
qırmızı rəng alacaq (çünki nişastanın yodla
yaratdığı kompleksli birləşmə
bərpa olunacaq). Bu çevrilməni bir
neçə dəfə nümayiş
etdirmək olar.
Həftəliyin
üçüncü günü
məktəbin VIII-XI sinif şagirdləri
arasında olimpiadanın və ya breyn-rinqin keçirilməsi.
Olimpiadaya salınan məsələ
və çalışmalar həmin vaxta
qədər keçilən mövzulardan
və şagirdlərin ümumi bilik səviyyəsindən asılıdır.
Dördüncü gün
siniflərdə proqrama uyğun
kinofilmlər və şagird təqdimatlarından
seçilmiş nümunələr nümayiş etdirmək olar.
Beşinci gün
"Kimya partlayış və
işıltılarda" adlı maraqlı təcrübələr
məşğələsi aparılır. Məsələn:
"Vulkan" püskürməsi.
Asbest lövhəciyinin
üstünə topa halda
2 çay qaşığı ammonium-bixromat tökülür
(NH4)2Cr2O7). Şüşə çubuq spirt lampasında qızdırılıb bixromat topasının içərisinə
salınır.
Reaksiya başladıqdan sonra
çubuq çıxarılır.
Alışaraq yaşıl tozun
püskürməsi müşahidə olunur.
Bu görüntü kiçik miniatür
vulkanı xatırladır. Vulkanı daha da effektli etmək üçün ammonium -
bixromatı azacıq maqnezium
metalının yonqarı ilə qatırlar. Bu
zaman ərinmiş "lava"
ilə közərmiş daş hissəcikləri
də qıraqlara sıçrayacaq. Ammonium-bixromat
azacıq qızdırıldıqda yaşıl xrom (III) oksidinə, qaz
halında olan azota və
suya parçalanır. Reaksiya
istiliyin ayrılması ilə gedir, yəni ekzotermikdir.
(NH₄)₂Cr₂O₇)
→ Cr₂O₃ + N₂ + 4H₂O
Məşğələ
üçün digər təcrübələri
Ə.Əbdürrəhimovun "Kimyadan əyləncəli
təcrübələr", V.V.Ryuminin
"Əyləncəli kimya", J.Van Cleavenin "Uşaqlar üçün
kimya" kitablarından götürmək
olar. Məşğələnin sonunda yekun olaraq şagirdlərə qabaqcadan
təqdim olunmuş viktorina
suallarının cavabları dinlənilir, həftə içi rəsm, buklet, nəşr,
şagird təqdimatı müsabiqəsinə
təqdim olunan işlərin qiymətləndirilməsi
aparılır, keçirilən kimya
olimpiadasının qalibləri elan olunur, onlar hədiyyələr
və tərifnamələr ilə
təltif olunurlar.
Əlavə
edim ki, həftəlik
ərzində şagirdləri kimya
zavodlarına, qənnadı fabrikinə və ya
kimya elmi - tədqiqat
laboratoriyalarına ekskursiyaya aparmaq, kimyaçı alimlərimiz və
pedaqoqlarımızla görüşlər təşkil etmək
olar.
Sonda qeyd
etmək istəyirəm ki, hər
hansı bir sinifdənxaric tədbir
yaradıcılıq işi olduğundan onun konkret bir ssenarisi
olmur. Hər bir müəllim
müxtəlif yanaşmaya, təfəkkürə
malikdir. Amma müəllimlər
bir-birinin iş təcrübəsi
və metodları ilə paylaşanda özü üçün
hər hansı bir yenilik
aşkar edir və öz prizmasından keçirərək fəaliyyətində
tətbiq edir.
Şirin
MƏMMƏDOVA,
Bakıdakı 318 nömrəli
orta məktəbin və BakıModern Məktəbinin kimya-biologiya müəllimi
Azərbaycan
müəllimi.- 2013.- 7 iyun.- S.7