İtaliyalı qonaqlar Bakı Dövlət Universitetində

 

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov İtaliyanın La Sapienza Universitetinin prorektoru Antonello Biagini, Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov və İtaliya Araşdırmalar Mərkəzinin nümayəndə heyəti ilə görüşmüşdür.

İtaliyanın elm və təhsil müəssisələri ilə əlaqələrin inkişaf etməsinə hazır olduğunu qeyd edən rektor Abel Məhərrəmov qonaqlara BDU haqqında məlumat vermiş, bu ali məktəbin bir çox xarici proqram və qrant üzrə işlədiyini və Boloniya prosesinə qoşulduğunu qeyd etmişdir. Bildirilmişdir ki, bu sistemin əsas məqsədi universitetlər arasında inteqrasiyanı gücləndirməkdir.  Bu baxımdan ölkədə çoxlu islahatların həyata keçirildiyi, bu mühiti Azərbaycan universitetlərinə gətirmək üçün xaricə tələbələrin göndərildiyi də qonaqların nəzərinə çatdırılmışdır.

Təmsil etdiyi ali təhsil ocağı haqqında danışan qonaq bildirmişdir ki, La Sapienza Universiteti 1303-cü ildə təsis edilib və İtaliyanın ən qədim universitetlərindən biridir. 145000 tələbəsi olan universitetin 4500 professoru var və 300-dən çox istiqamətdə tələbə hazırlayır. Prorektor görüşün məqsədinin universitetlər arasında əməkdaşlıq olduğunu vurğulamışdır.

Qonaqlar BDU-nun tədris və elmi-tədqiqat laboratoriyaları, Elektron Tədris Mərkəzi ilə tanış olmuşlar.

 

BDU-nun Mətbuat və informasiya şöbəsi

 

Azərbaycan müəllimi.- 2013.- 7 iyun.- S.4.