Coğrafiya fənni
və şagirdlərin vətənpərvərlik tərbiyəsi
Orta məktəblərdə
tədris olunan elmlər içərisində coğrafiya fənninin
öz yeri, öz xüsusiyyətləri var. Şagirdlərin
dünyagörüşünün formalaşmasında,
onların vətənpərvərlik ruhunda tərbiyə
olunmalarında bu fənnin rolu çox böyükdür.
Belə
ki, hələ XX əsrin əvvəllərində Azərbaycanda
coğrafiya fənninə aid ilk dərsliklərin müəllifi
kimi tanınmış Qafur Rəşad Mirzəzadə
coğrafiyanı öyrənməyin həyati əhəmiyyəti
olduğunu qeyd edərək yazırdı:
"Coğrafiyanı öyrənməyin faydası
böyükdür. Yer insanın məskəni olduğuna
görə coğrafiyanı öyrənmək Yeri öyrənmək
deməkdir".
Vətənimizin
müharibə şəraitində olduğu bir vaxtda
şagirdlərin ölkəmizin yaşayış məntəqələrini,
dağlarını, düzənliklərini,
çaylarını, göllərini daha yaxşı tanımalarına
böyük ehtiyac var. Şagirdlər nəinki coğrafi
adları bilməli, həmçinin bu adların yaranma tarixini, mənşəyini
öyrənməli, adları dəyişdirilmiş yurd yerlərimiz
haqqında məlumata malik olmalıdırlar. Şagirdləri
Vətənimizin füsunkar təbiəti ilə yaxından
tanış etmək üçün bu fənnin çox
böyük imkanları var. Xüsusilə VIII sinif "Azərbaycanın
fiziki coğrafiyası", "Azərbaycanın iqtisadi və
sosial coğrafiyası" dərsliklərinin rolu
böyükdür. Bu kitabların yenidən (əlavələrlə,
yeni məlumatlarla) nəşri, atlasların yenidən işlənilməsi
(VI-VIII siniflər üçün) biz coğrafiya müəllimlərini
çox sevindirir. Bu dərs vəsaitləri
ölkəmizin təbiəti və iqtisadiyyatında baş
vermiş yeniliklərlə şagirdləri tanış edir,
işğal edilmiş ərazilərdə
dağıdılmış yaşayış məntəqələri
(890-dan çox), məktəb, tarixi abidələr, meşə
sahələri (280 min hektar) və s. haqqında məlumat verir.
Ona görə də bu dərsliklərdəki
mövzuların tədrisinə xüsusi diqqətlə
yanaşılmalıdır.
Müasir
dövrümüzdə şagirdlərin idrak fəallığını
artırmaq üçün interaktiv təlim metodlarından
istifadə edilir. Bu isə şagirdlərdə müstəqil
düşünmək, nəticələr çıxarmaq,
yeni fikirlər söyləmək vərdişləri
yaradır. Bu metodlardan istifadə edərək (əsasən
beyin həmləsi, Venn diaqramı, diskussiya və s.)
coğrafiyanın başlanğıc kursunda (VI sinif fiziki
coğrafiya) ölkəmiz haqqında (çayları, gölləri,
iqlimi) təsəvvür yaradıram. VI sinifdə keçilən
mövzuları izah edərkən çalışıram ki,
Azərbaycan Respublikasının xəritəsi üzərində
iş aparım. Atlasın (VI sinif) ilk səhifəsində
verilmiş xəritə dərslərimizdə mühüm yer
tutur. Ümumiyyətlə, coğrafiya dərslərində
bütün mövzuların şərhi xəritələr
üzərində qurulmalıdır. Xəritə üzərində
çalışma həlli, hər hansı bir coğrafi
obyektin təyini, müqayisəsi şagirdlərdə dərsə
maraq yaradır.
Şagirdləri
xəritə üzərində işlədərkən Azərbaycan
Respublikasının xəritələri əsas
götürülməlidir. Mən
çalışıram ki, şagirdlərim ölkəmizin xəritəsini
daha mükəmməl bilsinlər, işğal altında olan
torpaqlarımız, adları dəyişdirilmiş yurd yerlərimiz
haqqında məlumatlar onların yaddaşına həkk
olunsun. Şagirdlər öz Vətənlərini yaxşı
tanısınlar, onu sevsinlər. VI sinifdə
çaylar, göllər, dağlar və düzənliklər
haqqında mövzuların tədrisi zamanı şagirdlərə
Azərbaycanda olan bu təbii obyektlərin adlarını həm
xəritədən, həm də valideynlərinin köməyi
ilə yazmalarını tapşırıram, özüm isə
eyni zamanda həmin mövzular əsasında şagirdlər
üçün suallar və tapşırıqlar
hazırlayıram. Bu tapşırıqlar həm əyləncəli,
həm də maraqlı olmalıdır. Məsələn, sual
və tapşırıqlardan bir neçəsini nəzərdən
keçirək:
- Azərbaycanın
hansı rayonlarının adları çay adları ilə
eynidir?
- Azərbaycanda
adları rəng adları ilə bağlı olan
çayların, dağların, göllərin adlarını
deyin.
- Azərbaycanın
hansı şairləri çay adlarını özləri
üçün ləqəb götürmüşlər?
- Xəritədə
sərhədlərimizdə yerləşən təbii obyektlərin
(çayların, dağ silsilələrinin və s.) təyin
edilməsi.
Murov,
Qarabağ dağ silsilələrinin və Qarabag Vulkan
yaylasının ən hündür zirvələrinin təyini
və s.
Bu
tapşırıqlar şagirdlərdə xəritə üzərində
müstəqil işləmək bacarığı yaradır.
VI sinifdə artıq şagirdlər ölkəmizin coğrafi
mövqeyi, təbii ehtiyatları, relyefi, iqlimi, bitki və
heyvanlar aləmi ilə tanış olurlar. VII sinifdə isə
eyni ilə hər bir mövzunu ölkəmizin
coğrafiyası ilə əlaqələndirməyə
çalışıram. Məsələn, "Dünya
okeanı", "İqlim əmələ gətirən
amillər", "Afrika materiki" mövzuları üzrə
belə suallar verirəm:
-
Hansı okeanlar Azərbaycanın iqliminə təsir edir
(etmir)?
-
Relyefin ölkəmizin iqliminə təsirini nə ilə izah
etmək olar?
- Azərbaycan
hansı iqlim qurşaqlarında və iqlim tiplərində
yerləşir?
-
Hansı hava kütlələri Azərbaycanın iqliminə təsir
edir (etmir)?
-
Afrikada Asuan su anbarını hansı azərbaycanlı mühəndis
inşa etmişdir?
Belə
sualları başqa mövzular üzərində də qurmaq
olar. Bütün bu səylərimiz ona gətirib
çıxarır ki, VIII sinifdə artıq şagirdlərimiz
vətənimiz haqqında çoxlu məlumatlara malik olurlar.
Dərsin daha maraqlı keçməsi üçün
şagirdlərimə sərhəd rayonlarımız, təbii
sərvətlərimiz, qoruqlarımız, coğrafi toponimlərimiz
(yer adlarımızın mənası) və s. haqqında məlumat
toplamağı tapşırıram. Bu məlumatlar əsasında
qurulan dərslər şagirdlərin ölkəmiz haqqında
biliklərini daha da genişləndirir.
Güldəstə ƏHMƏDOVA,
Bərdə şəhər
8 nömrəli tam orta məktəbin coğrafiya müəllimi
Azərbaycan
müəllimi.- 2013.- 14 iyun.- S.6.