Bayrağımızı
yüksəklərə qaldıran Azərbaycan gənci
Naxçıvan Müəllimlər
İnstitutunun tələbəsi beynəlxalq
türk dili
olimpiadasında qızıl və gümüş
medal qazanmışdır
Müstəqil fəaliyyətinin 10
illiyini qeyd etməyə hazırlaşdığımız
Naxçıvan Müəllimlər İnstitutu son dövrlərdə
bir sıra uğurlara imza atmışdır. İstər tədrisin
keyfiyyətinin yüksəldilməsi, istər elmi - nəzəri
biliklərin qazanılması, istərsə də dünyaya
inteqrasiya sahəsində müəllim və tələbələrimizin
uğurları getdikcə artır.
Maarifləndirici tədbirlərin nəticəsi
olaraq təlim texnologiyalarına əsaslı surətdə yiyələnməyə
çalışan tələbələrimiz həm də
İnternet vasitəsi ilə dünya gənclərinin forum və
simpozium çağırışlarına qatılır, dəvətlər
alır və Azərbaycanımızı, o cümlədən
doğma Naxçıvanımızı ləyaqətlə təmsil
edirlər. Xarici ölkələrin universitet tələbələri
cərgəsində öz sözlərini deyən, institutumuza
başucalığı gətirən belə gənclərimizdən
təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə IV
kurs tələbələri Murad Məmmədov və Yaqut Rəhimovanın
adlarını fəxrlə çəkmək olar. Son vaxtlar
onlar beynəlxalq tələbə yarışmalarına
qatılmışlar və uğurlu nəticələr əldə
etmişlər.
Yaqut Rəhimova Avropada ən böyük
tələbə assosiasiyası olan "Avropa tələbə forumu"na (AEÇEE) "Şəbəkə
görüşü"nə
dəvət alaraq 18-21 aprel 2013-cü il tarixlərində
İstanbul şəhərində keçirilmiş bu tədbirə
qatılmışdır.
O,
Avropanın 43 ölkəsinin 240 şəhərindən olan 15000-dək tələbənin
qatıldığı "Dünya bir səma altında toplansın" adlı tədbirin
"Mədəniyyət gecəsi"ndə yurdumuzu
uğurla təmsil etmişdir.
Murad Məmmədov isə XI
Beynəlxalq Türk dili
Olimpiadasında "Hacı Zeynalabdin
Tağıyev - sevdamın adı millət" mövzusunda təqdim etdiyi
yazısı ilə birinci turda
iştirak etmişdir.
Albaniya, Əfqanıstan, Azərbaycan, Belarus, Bosniya-Herseqovina, Xorvatiya, Kosovo, Misir, Monqolustan,
Rumıniya, Tacikistan, Türkmənistan, Ukrayna, Yunanıstan və Krım Muxtar Vilayəti ali təhsil
müəssisələrinin tələbələri son tura vəsiqə
almışlar. Naxçıvan Müəllimlər
İnstitutunun tələbəsi Murad Məmmədov
Azərbaycan universitetləri arasında birinci
yerə çıxaraq bu ölkələr
içərisindən seçilən 15 universitet üzrə keçiriləcək son turda
iştirakçı olmaq haqqı
qazanmış və mükafat
almışdır.
Beynəlxalq
Türk dili
Olimpiadasına vəsiqə alan Murad Məmmədov 31 may
2013-cü il tarixdə son
tura qatılmaq üçün
Ankara şəhərinə yola düşmüşdür.
Türk dili
yarışması şifahi və
yazılı (inşa) olmaqla
iki istiqamətdə keçirilmişdir.
Azərbaycanı
əsas iştirakçı kimi
Naxçıvan Müəllimlər İnstitutu
təmsil edirdi.
Yarışmanın
final turunda Murad Məmmədov iki nominasiya üzrə iştirak
edirdi. O, türk şifahi nitqi üzrə
keçirilən yarışmada qızıl, inşa
yazıdan isə gümüş medal alaraq Azərbaycan himninin sədaları altında
bayrağımızın ən yüksək yerə
qalxmasını təmin etmişdir.
Murad Məmmədovun yüksək
mükafata layiq
görülməsi təkcə Naxçıvan Müəllimlər
İnstitutunun qələbəsi deyil, eyni zamanda
Azərbaycan gəncliyinin və dövlətimizin gənclərin
təhsilinə göstərdiyi qayğının bariz nümunəsidir. Tələbələrimizin
bu cür
yarışmalarda iştirakı təsadüfi deyildir.
Ümumilikdə
götürdükdə isə bütün
bunlar institutumuzun,
Naxçıvanda təhsil alan tələbə
gənclərimizin də dünya gənclik forumlarında iştirakının
nümunəsi deməkdir. Bu həm də
gənclərimizin gələcəkdə daha
fəal olmalarına, daha ciddi
forumlarda iştirak etmələrinə
zəmin yaradır.
Dünya səviyyəsində bu cür tədbirlərin
keçirilməsinin əhəmiyyəti hər bir tələbənin öz
yaşadığı ölkənin mədəniyyəti,
iqtisadiyyatı, milli mənəvi dəyərləri
ilə ora gələn
iştirakçıları tanış etmək və digər
ölkələrin tələbələrinin
çıxışlarını dinləmək və o ölkələri öyrənməkdən
ibarətdir.
Eyni zamanda
bu cür tədbirlərin
keçirilməsi dünyanın məhəlli müharibələr
və sabitsizliklə çalxalandığı indiki dövrdə dünya
gənclərini bir araya
gətirmək, onlar arasında dostluq əlaqələri və münasibətlərini
yaratmaq, bu gün daha da
kiçilən dünyamızı
gələcək bəlalardan qurtarmaq yolunda ən vacib
addımdır.
Ankaradaki
mötəbər yarışmadan qızıl və gümüş medalla
qayıdan Murad Məmmədovu iki yüksək mükafat
alması münasibəti ilə təbrik edirik.
Həsənəli EYVAZLI,
filologiya
üzrə fəlsəfə doktoru,
Naxçıvan Müəllimlər İnstitutu Xarici əlaqələr
şöbəsinin müdiri
Azərbaycan
müəllimi.- 2013.- 21 iyun.- S.5.