Təhsil Nazirliyində xaricdə təhsilə dair Məlumat İdarəetmə Sisteminin yeni veb-saytın təqdimatı keçirildi

 

Fevralın 22-də Təhsil Nazirliyində "2007-2015-ci illərdə  Azərbaycan gənclərinin  xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na dair Məlumat İdarəetmə  Sisteminin  yeni veb-saytın (www.xaricdetehsil.edu.gov.az) təqdimat mərasimi keçirildi.

Tədbirdə təhsil naziri Misir Mərdanov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Təhsil Nazirliyi Aparatının məsul işçiləri, nazirliyin şöbə müdirləri və struktur bölmələrinin rəhbərləri, KİV nümayəndələri iştirak edirdilər.

Mərasimi təhsil naziri Misir Mərdanov açaraq qonaqları Təhsil Nazirliyində görməkdən məmnunluq hissi keçirdiyini söylədi. Nazir azərbaycanlı gənclərin xarici ölkələrdə təhsil almasına göstərilən dövlət qayğısından söz açaraq bu istiqamətdə görülən işləri diqqətə çatdırdı. Qeyd olundu ki, ölkə başçısı cənab İlham Əliyevin 16 aprel 2007-ci il tarixli 2090 nömrəli sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" uğurla həyata keçirilməkdədir. Təhsil naziri adıçəkilən Dövlət Proqramının əsas məqsədinin rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkənin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, Azərbaycan gənclərinin ümumbəşəri dəyərlər əsasında layiqli təhsil almaları üçün lazımi şəraitin yaradılması, istedadlı gənclərin dünyanın inkişaf etmiş ölkələrinin aparıcı universitetlərində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin səmərəliliyinin artırılmasını təmin etməkdən ibarət olduğunu diqqətə çatdırdı.

Nazir Misir Mərdanov Təhsil Nazirliyi tərəfindən müvafiq dövlət qurumları ilə birgə həyata keçirilən Dövlət Proqramı çərçivəsində indiyə qədər 1824  nəfərin xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil almağa göndərildiyini qeyd edərək azərbaycanlı gənclərin dünyanın ən qabaqcıl universitetlərində oxumaq üçün etdikləri müraciətlərin sayının ildən-ilə artmasını təqdirəlayiq hal kimi dəyərləndirdi. Bildirildi ki, Dövlət Proqramı  Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilir.

Dövlət Proqramı çərçivəsində xaricdə təhsilə yeni qəbul olunanların, təhsil alanların, xaric edilənlərin və məzun olanların məlumatlarının idarə olunması işinin daha mütəşəkkil şəkildə həyata keçirilməsi, seçim, icra və maliyyələşdirilmə prosedurlarında çoxtərəfli nəzarət vasitəsilə tam şəffaflığın təmin olunması məqsədilə Məlumat İdarəetmə Sistemininyeni veb-saytın istifadəyə verildiyini qeyd edən təhsil naziri bu sistemin geniş elektron xidmət imkanlarına malik olduğunu vurğuladı. Nazir Məlumat İdarəetmə Sisteminin  ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən elan edilmiş "İnformasiya-kommunikasiya texnologiyaları ili"ndə fəaliyyətə başlamasının xüsusilə əlamətdar olduğunu bildirdi.

Sonra təhsil nazirinin müavini Qulu Novruzov "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na dair Məlumat İdarəetmə Sistemininyeni veb-saytın hazırlanması ilə bağlı təqdimat-məruzə ilə çıxış etdi.

Dövlət Proqramına gənclərin böyük maraq göstərdiklərini və onun ictimaiyyət tərəfindən rəğbətlə qarşılandığını söyləyən nazir müavini bu istiqamətdə  görülən işlərdən söz açdı. 2012-2013-cü tədris ilində, eləcə də bütövlükdə bu günədək  Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq hüququ qazananların ölkələr, ixtisaslar, təhsil səviyyələri üzrə statistik göstəricilərini diqqətə çatdıran Qulu Novruzov onların hər birini ayrı-ayrılıqda ətraflı şərh etdi.

Nazir müavini "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 may 2011-ci il tarixli 429 saylı fərmanından irəli gələn müddəalara müvafiq olaraq yaradılan Məlumat İdarəetmə Sisteminin əsas xüsusiyyətləri və üstünlükləri barədə ətraflı məlumat verdi. Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almağa göndərilmiş bütün tələbələr haqqında zəruri məlumatları bundan sonra vahid elektron mənbədən əldə etməyin mümkünlüyünü söyləyən nazir müavini Məlumat İdarəetmə Sisteminin yaradılmasını bu istiqamətdə atılan mühüm addımlardan biri olduğunu dedi. Bildirildi ki, 2011-2012-ci tədris ilindən etibarən xaricdə təhsil üzrə Dövlət Proqramına ərizələrin qəbulu və digər müvafiq prosedurlar elektron şəkildə həyata keçirilir. Beynəlxalq təcrübədən istifadə edilərək hazırlanmış elektron ərizənin digər elektron ərizələrdən üstün cəhəti məhz ondadır ki, bu sistemdə ərizəçilər sənədləri Təhsil Nazirliyinə təqdim etmək məqsədilə onlara münasib olan tarix və vaxtı özləri seçirlər, doldurulan elektron ərizənin bir nüsxəsi isə onların ərizədə göstərdiyi elektron poçt ünvanına göndərilir. Məlumat İdarəetmə Sisteminin Dövlət Proqramının icrasının daha şəffaf şəkildə yerinə yetirilməsini təmin edəcəyini, həmçinin onun hökumətin elektron xidmətlər strategiyası çərçivəsində həyata keçirilməsində, tələbələrin təhsilinin maliyyələşdirilməsi prosedurlarının sadələşdirilməsi və operativliyin təmin olunmasında əhəmiyyətli rol oynayacağını söyləyən Qulu Novruzov bu sistemə Dövlət Neft Fondunun, digər müvafiq qurumların da qoşulmaq imkanının olduğunu dedi.

Çıxışında daha sonra Dövlət Proqramına dair yeni veb-saytın (www.xaricdetehsil.edu.gov.az) mövcud imkanlarından danışan nazir müavini saytda informasiyaların sosial şəbəkələr vasitəsilə paylaşılmasının təmin olunması, müvafiq normativ-hüquqi bazanın və təlimat xarakterli zəruri məlumatların yerləşdirilməsi, təqaüdə layiq görülənlərlə daha operativ ünsiyyət yaradılması və digər məsələlərin nəzərə alındığını bildirdi.

Çıxış üçün söz alan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na dair Məlumat İdarəetmə Sisteminin müasir tələblər baxımından üstün imkanlara malik olduğunu, görülən işlərin, həyata keçirilən tədbirlərin, ilk növbədə, şəffaflığa xidmət etdiyini bildirdilər. Xaricdə təhsil üzrə  Dövlət Proqramını ölkə başçısı cənab İlham Əliyevin Azərbaycan gəncliyinə qayğısının təzahürü kimi dəyərləndirən qonaqlar həmçinin bu proqram çərçivəsində bir sıra prosedurların sadələşdirilməsi məsələlərinə də toxundular.

 

 

Samirə KƏRİMOVA

 

Azərbaycan müəllimi.- 2013.- 1 mart.- S.2.