Təhsil Nazirliyində görüş

 

Fevralın 25-də təhsil naziri Misir Mərdanov Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan ofisinin rezident nümayəndəsi Kim Eun-Sukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Təhsil naziri Misir Mərdanov Azərbaycanla Koreya arasında mövcud olan əlaqələrdən və birgə əməkdaşlıq çərçivəsində təhsil sahəsi üzrə həyata keçirilən layihələrdən söz açıb. İki ölkə arasında təhsil sahəsində əməkdaşlıq üzrə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin gördüyü işlərin əhəmiyyətinə toxunan Misir Mərdanov mövcud əlaqələrin daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycan ofisinin rezident nümayəndəsi Kim Eun-Suk səmimi qəbula görə təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirib. KOICA-nın reallaşdırdığı layihələrin nəticələrindən bəhs edən qonaq təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün yeni layihələrin reallaşdırılmasının önəmli olduğunu vurğulayıb. Kim Eun-Suk bu baxımdan "Müəllimlərin distant əlavə təhsili" və "Azərbaycan təhsil sistemində elektron sənəd dövriyyəsi" layihələrinin əhəmiyyətinə diqqət çəkib, müvafiq istiqamətdə qarşılıqlı müzakirələrin aparılmasının zəruriliyini nəzərə çatdırıb.

Misir Mərdanov "Müəllimlərin distant əlavə təhsili" və "Azərbaycan təhsil sistemində elektron sənəd dövriyyəsi" layihələrinin həyata keçirilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsində Təhsil Nazirliyinin maraqlı olduğunu bildirib. Müasir müəllimdən yüksək hazırlıq və mütərəqqi yeniliklər barədə məlumatlı olmağın tələb edildiyini bildirən nazir bu baxımdan müəllimlərin distant əlavə təhsilinin tətbiqi məsələsinin əhəmiyyətli nəticələr verəcəyinə ümidvar olduğunu vurğulayıb.

Görüşdə daha sonra qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

 

 Azərbaycan müəllimi.- 2013.- 1 mart.- S.2.