Böyük mütəfəkkirə ehtiram

 

Böyük demokrat yazıçı, görkəmli dramaturq Cəlil Məmmədquluzadənin doğum günü Naxçıvan Dövlət Universitetinin çoxsaylı kollektivi tərəfindən ənənəvi olaraq bu ilqeyd olundu.

Bu münasibətlə universitet rektorluğu, professor-müəllim heyətinin və tələbələrin bir qrupu Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, görkəmli yazıçı-publisist, böyük mütəfəkkir Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərindəki abidələrini, Ana dili abidəsini ziyarət etdilər, abidələrin önünə tər çiçək dəstələri qoyuldu. Rektor, akademik İsa Həbibbəyli Azərbaycan ədəbiyyatının və mətbuatının görkəmli nümayəndəsi, ictimai xadim Cəlil Məmmədquluzadənin  həyat və fəaliyyəti, nəsr, dramaturgiya yaradıcılığı, bədii publisistikası haqqında ətraflı məlumat verdi. Tələbələr tərəfindən ustad Mirzə Cəlilin publisistikasından nümunələr səsləndirildi. Tədbir Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərindəki ev-muzeyində davam etdirildi. Akademik, görkəmli mirzəcəlilşünas İsa Həbibbəyli böyük mütəfəkkirin yaşadığı və fəaliyyət göstərdiyi ictimai-siyasi mühit, nəsil şəcərəsi, başçılıq etdiyi mollanəsrəddinçi ədəbi məktəb haqqında ətraflı məruzə etdi. Qeyd olundu ki, "Ölülər", "Anamın kitabı", "Dəli yığıncağı", "Danabaş kəndinin əhvalatları" kimi məşhur dram və nəsr əsərlərinin, maraqlı hekayələrin müəllifi, Şərqdə satirik publisistikanın banisi olan böyük ədib, vətənpərvər ziyalı Cəlil Məmmədquluzadənin yaradıcılığının əsas qayəsini təşkil edən azərbaycançılıq ideologiyası, milli tərəqqi və dirçəliş, milli azadlıq və həmrəylik bugünkü demokratikinkişaf etmiş müstəqil Azərbaycanda təcəssüm etməkdədir.

Muzeyin əməkdaşı Səadət Qocayeva muzey haqqında məlumat verərək Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərindəki ev-muzeyinin ümummilli lider Heydər Əliyevin 1998-ci il 31 dekabr tarixli sərəncamı ilə yaradıldığını,  13 oktyabr 1999-cu ildə ulu öndərin iştirakı ilə istifadəyə verildiyini, muzeyin fəaliyyətinə, zənginləşməsinə daim dövlət qayğısı göstərildiyini bildirdi. Universitet kollektivi muzeydəki yeni eksponatlarla tanış oldu. Akademik İsa Həbibbəyli ənənəsinə sadiq qalaraq C.Məmmədquluzadənin məhz onun təşəbbüsü ilə Misirdə ərəb dilində, Macarıstanda macar dilində nəşr olunan əsərlərini, özünün mollanəsrəddinçi M.S.Ordubadidən bəhs edən "Böyük ədəbiyyat nəhəngi" adlı yeni tədqiqat əsərini, professor Yavuz Axundlunun "Elmin və təhsilin işığında" adlı kitabını muzeyə hədiyyə etdi. 

 

 

Mehriban SULTAN

 

Azərbaycan müəllimi.- 2013.- 1 mart.- S.3.