"Müəllimlərin
distant əlavə təhsili" və "Azərbaycan
təhsil sistemində elektron sənəd dövriyyəsi"
layihələrinin təqdimatı olub
Fevralın 28-də Təhsil Nazirliyində
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan
ofisinin rezident nümayəndəsi Kim Eun-Sukun rəhbərlik
etdiyi nümayəndə heyəti ilə görüş
keçirilib.
Təhsil naziri Misir Mərdanov
qonaqları salamlayaraq təhsil sisteminin müasir tələblər
səviyyəsində inkişafına xidmət edən
"Müəllimlərin distant əlavə təhsili" və
"Azərbaycan təhsil sistemində elektron sənəd
dövriyyəsi" layihələrinin maraq doğurduğunu
bildirib.
"Müəllimlərin distant əlavə
təhsili" layihəsi üzrə ekspert Çoi Seon Mook təqdimat-məruzəsində
layihə barədə ətraflı məlumat verib. Çoi
Seon Mook müəllimlərin iş yerlərindən
ayrılmadan və xüsusi vaxt müəyyənləşdirmədən
əlavə təhsilə cəlb olunmasına imkan verən
layihənin həyata keçirilməsi mexanizminin üstün
cəhətlərindən söhbət açıb. Qonaq
layihə üzrə proqram və mövzuların Təhsil
Nazirliyi tərəfindən hazırlanacağını nəzərə
çatdırıb, distant əlavə təhsil
kurslarından keçən müəllimlərin müəyyən
olunmuş mövzuları mənimsəmə səviyyəsinin
elektron vasitələrdən istifadə edilməklə qiymətləndiriləcəyini
bildirib.
KOICA-nın Azərbaycan ofisinin rezident
nümayəndəsi Kim Eun-Suk "Müəllimlərin distant
əlavə təhsili" layihəsinin
reallaşdırılması üçün qarşıda
duran məsələlərdən bəhs edib. Kim Eun-Suk
bildirib ki, ilkin mərhələdə video-dərslər
hazırlanaraq müvafiq bazada yerləşdiriləcək və
distant əlavə təhsil kurslarına cəlb olunan müəllimlər
onlara verilmiş xüsusi icazə vasitəsilə bu vəsaitlərdən
istifadə edə biləcəklər.
"Azərbaycan təhsil sistemində
elektron sənəd dövriyyəsi" layihəsi üzrə
ekspert Çul Yun Kim təqdimat-məruzəsində layihənin
əhəmiyyəti barədə fikirlərini bildirib. Qonaq
qeyd edib ki, layihə çərçivəsində Təhsil
Nazirliyi, rayon (şəhər) təhsil şöbələri
və nazirliyin digər qurumları arasında elektron sənəd
dövriyyəsi sistemi yaradılacaqdır. Layihənin Təhsil
Nazirliyinə elektron müraciət imkanlarını genişləndirəcəyini
vurğulayan Çul Yun Kim elektron sənəd dövriyyəsi
zamanı elektron imzadan istifadə ediləcəyini söyləyib.
Misir Mərdanov KOICA-nın
"Müəllimlərin distant əlavə
təhsili" və "Azərbaycan təhsil sistemində elektron sənəd dövriyyəsi" layihələrinin
həyata keçirilməsi istiqamətində gördüyü
işləri yüksək dəyərləndirib və qeyd olunan sistemlərin
yaradılmasının ölkəmizdə müasir təhsil sisteminin
təşkilinə dəstək verəcəyini bildirib. Eyni zamanda layihələrin
icrasının müəllimlərin peşəkarlıq səviyyəsinin
artırılmasına, virtual öyrənmə
mühitinin yaradılmasına, təlim və
tədris resurslarına sərbəst girişin
təmin edilməsinə, təhsil sistemində elektron idarəetmənin genişlənməsinə
təkan verəcəyini nəzərə
çatdıran nazir bu
işdə əməyi olan hər kəsə
təşəkkürünü bildirib.
Daha sonra
görüşdə layihələrin reallaşdırılması
ilə bağlı maraq doğuran
bir sıra digər məsələlər
ətrafında müzakirələr aparılıb, müvafiq rəy və təkliflər səsləndirilib.
Azərbaycan
müəllimi.- 2013.- 1 mart.- S.3.