Azərbaycan təhsilinin uğurları
Beynəlxalq
fənn olimpiadalarının qalibləri
Təhsil ictimaiyyətimizi
hər il beynəlxalq fənn olimpiadalarındakı qələbələri
ilə sevindirən "Çağ" Öyrətim
İşlətmələri Şirkəti Azərbaycan -
Türkiyə özəl liseylərinin şagirdləri ötən
ilin dekabrı və bu ilin yanvarında növbəti
uğurlara imza atmışlar. Belə
ki, liseylərin 4 şagirdi 2012-ci il 1-10 dekabr tarixlərində
İran İslam Respublikasının paytaxtı Tehran şəhərində
keçirilmiş Beynəlxalq təbiət elmləri
olimpiadasında, daha 4 nəfər şagird isə bu il
yanvarın 13-dən 20-dək Qazaxıstanın Almatı şəhərində
təşkil olunmuş Beynəlxalq Jautikov fizika-riyaziyyat
və informatika olimpiadasında qələbə qazanaraq bu təhsil
ocaqlarının 20 illik tarixində mötəbər bilik
yarışlarında əldə olunmuş medalların
sayını artırmışlar. Həm təhsil
aldıqları liseylərin kollektivlərinə, həm də
təhsil ictimaiyyətimizə sevinc bəxş edən həmin
şagirdlərin üçü haqqında qəzetimizin
ötən saylarının birində məlumat vermişdik.
Aşağıda isə daha dörd nəfər olimpiada
medalçısını təqdim edirik.
Üçüncü
cəhd medalla nəticələndi
Olimpiada qalibləri olan
şagirdlər haqqında yazı hazırlamaq
üçün bu günlərdə onların növbəti
bilik yarışlarına hazırlaşdıqları Bakı
Özəl Türk Liseyinə yollandıq. Bilirdik ki,
müsahibimiz olacaq şagirdlər
yuxarı siniflərdə təhsil alırlar. Gəncliyin
astanasında olan yuxarı sinif şagirdləri isə adətən
boy-buxunlu olur, öz görkəmləri ilə orta siniflərdə
oxuyan yeniyetmələrdən fərqlənirlər.
Lakin
BÖTL-də gözlədiyimizin əksi ilə
qarşılaşdıq: şagirdlərin demək olar ki,
hamısı boyca kiçik, sısqa, el arasında deyildiyi
kimi, çəlimsiz idi. Bəzi valideynlərin tez-tez
yaxşı oxuyan övladları haqqında dedikləri
"çox oxumaq uşağımı sıxıb"
sözləri fikrimizdən keçdi. Lakin, əlbəttə,
valideyn qayğısından, narahatlığından doğan
bu fikirlərin elmi əsasının olmadığını
da bilirdik.
İlk
müsahibimiz Şirvan özəl türk liseyinin X sinif
şagirdi Mehdi Məhərrəmov oldu. Mehdi Rahib oğlu Məhərrəmov
1997-ci ildə Hacıqabul rayonunda anadan olub. Onda riyaziyyata həvəs
və bu sahədəki qabiliyyəti özünü lap
kiçik yaşlarından büruzə verib. Valideynləri
riyaziyyatçı olmasalar da Mehdinin bu elmə
marağını və qabiliyyətini erkən
yaşlarından duya biliblər və 4 yaşından ona
riyaziyyatı öyrətməyə başlayıblar. Mehdi
2004-cü ildə Hacıqabul səhər 1 nömrəli tam
orta məktəbin I sinfinə qəbul olunub. 6 il burada oxuyub.
VI sinfin sonlarında isə müvəffəqiyyətlə
imtahan verərək Şirvan
özəl türk liseyinə daxil olub. Onun riyaziyyat sahəsindəki
bilik və hazırlığı səviyyəsi liseyin müəllimlərinin
də diqqətindən yayınmayıb və Mehdi onların
tövsiyəsi ilə fizika-riyaziyyat olimpiadalarına
hazırlıq məqsədi ilə keçirilən
seçim turunda iştirak edib. Seçim imtahanlarından
uğurla keçərək olimpiadaya hazırlıq qrupunda
oxumaq şansı qazanıb. Qrupun ən fəal şagirdlərindən
olan Mehdi 8-ci sinifdə təhsil alarkən keçirilən
sınaqlarda da uğur qazanıb və Bakı Özəl
Türk Liseyində fəaliyyət göstərən
olimpiadaya hazırlıq mərkəzinə cəlb olunub. O
vaxtdan burada hazırlıq keçir. Dediyinə
görə, burada onlarla hazırlıqlı müəllimlər,
xüsusən də vaxtilə olimpiadalarda iştirak edərək
qələbə qazanmış və sonralar müəllimlik
sənətinə yiyələnmiş adamlar, eləcə də
müxtəlif ali məktəblərdən, xüsusən də
Qafqaz Universitetindən dəvət olunmuş müəllimlər
dərs deyir, onlarla beynəlxalq olimpiada proqramları üzrə
hazırlıq aparırlar.
Mehdinin
iştirak etdiyi ilk beynəlxalq olimpiada ötən ilin
yayında, daha dəqiq desək, 19-24 iyun tarixlərində
Yunanıstanda keçirilən Beynəlxalq Balkan Olimpiadası
olub. IX sinfi bitirib X sinfə keçən Mehdi bu olimpiadada
medalçılar sırasına düşə bilməyib.
O, ilk beynəlxalq bilik
yarışmasındakı iştirakını belə
xatırlayır: "Olimpiada Yunanıstanın Vediya şəhərində
təşkil olunmuşdu. İlk dəfə idi ki, xaricə gedirdim. Şəhər çox
xoşuma gəldi. İlk gün açılış oldu.
Sonrakı gün bizə istirahət verdilər, şəhərlə
tanış olduq. Üçüncü gün olimpiada
keçirildi. Səhəri yenə bizə istirahət verib
şəhərin görməli yerlərini gəzdirdilər.
Olimpiadanın bağlanışı və qaliblərin
mükafatlandırılması günü məlum oldu ki, yer
tuta bilməmişəm. Pərt oldum. Lakin müəllimlərim
mənə ürək-dirək verdilər. Qarşıda hələ
çox olimpiadaların olacağını dedilər".
Mehdinin iştirak etdiyi ikinci mötəbər
yarışma isə ötən il iyul ayında Argentinada
keçirilən Beynəlxalq riyaziyyat olimpiadası olub.
İyulun 8-16-sı arası baş tutan bu bilik
yarışında da Mehdi qaliblər sırasına
düşə bilməyib. Lakin bu olimpiadadan da onun
yaddaşında xoş xatirələr qalıb. Sirli, uzaq
Argentina ilə bağlı xatirələr...
Nəhayət,
üçüncü cəhdi medalla nəticələnib. Bu, 2013-cü ilin yanvar ayında Qazaxıstanın
Almatı şəhərində keçirilmiş Beynəlxalq
Jautikov fizika-riyaziyyat və informatika olimpiadasında olub. 16
ölkədən 53 komandanın iştirak etdiyi həmin bilik
yarışmasında Azərbaycan komandasının üzvləri
1 gümüş, 3 bürünc medal və 2 həvəsləndirici
sertifikat alıblar. Mehdi isə riyaziyyat üzrə
bürünc medala sahiblənib.
Ona ilk
medal qazandıran bu olimpiada haqqında təəssüratlarını
Mehdi bizimlə daha həvəslə bölüşdü:
"Almatıya
yanvarın 13-də gəldik. Axşam buradakı
fizika-riyaziyyat təmayüllü məktəbin yataqxanasında
qaldıq. Ertəsi gün açılış mərasimi
oldu. Mərasim çox təntənəli keçdi.
Sonrakı gün proqrama uyğun olaraq istirahət etdik və
olimpiadaya hazırlaşdıq. Proqramın 3-4-cü günləri
yarışlar təşkil olundu. Həm 3-cü, həm də
4-cü gündə keçirilən olimpiadanın hərəsi
3 sualdan ibarət idi. 3 sualı cavablandırmağa 4 saat
yarım vaxt verildi. Bu, özü yarışmanın necə
çətin olduğunu göstərir. Birinci gün
yaxşı oldu. Suallarımın hamısını
cavablandırdım. İkinci gün isə mənim
üçün o qədər də ürəkaçan
olmadı. Nəticədə bürünc medal aldım.
Gümüş medala cəmi 1 balım çatmadı. Buna
baxmayaraq medal alanda çox sevindim".
Mehdi
olimpiadaların ona çoxlu dostlar
qazandırdığını da deyir. Hazırda digər olimpiadaçı yoldaşları
ilə birgə Mehdi də növbəti beynəlxalq bilik
yarışmalarına hazırlaşır. Qarşıda onu
ötən il uğur qazana bilmədiyi Beynəlxalq Balkan
Olimpiadası gözləyir. Həmin bilik yarışması
bu ilin aprel-may aylarında keçiriləcək. Mehdi
bürüncünü gümüşə və ya
qızıla dəyişmək üçün bu
yarışmaya ciddi hazırlaşır.
Gənc
istedadın arzuları, planları çoxdur. Bütün həyatını
riyaziyyata həsr etmək istəyir. Təhsilini davam etdirmək,
ABŞ-da ali təhsil almaq fikrindədir.
Söhbətimizin
sonunda Mehdidən riyaziyyat sahəsində ən böyük
beynəlxalq mükafatın hansı olduğunu soruşdum.
Dedi ki, bu, Filds mükafatıdır. Gələcəkdə
onu almaq da Mehdinin arzularındandır. Çox təəssüf
edir ki, riyaziyyatçılara
Nobel mükafatı verilmir.
İnanırıq ki, üçüncü cəhdində
olsa da beynəlxalq olimpiadanın medalını qazanan Mehdi nə
vaxtsa Filds medalı da ala bilər.
İki beynəlxalq olimpiada - iki
mükafat
Beynəlxalq olimpiadalar,
bilik yarışları və müsabiqələr də bir
növ idman turnirləri kimidir. Nə qədər yaxşı
hazırlaşsan da bəzən təsadüflər, müəyyən
situasiyalar yarışmanın nəticələrinə təsir
göstərə bilir. Bunu söhbət etdiyimiz beynəlxalq fənn
olimpiadalarının qalibləri də təsdiqləyirlər.
Deyirlər ki, bəzən bir bal, kiçik bir diqqətsizlik,
yanlışlıq adamı medaldan məhrum edir və ya
qızıl, gümüş əvəzinə bürünc
medal almalı olursan.
Lənkəran özəl türk
liseyinin X sinif şagirdi Nizami Həşimlinin ilk dəfə
çıxış etdiyi biologiya üzrə keçirilən
23-cü Beynəlxalq Sinqapur Olimpiadasında da başına belə
hadisə gəlib.
Kiçik
bir yanlışlıq ona qaliblər üçlüyünə
düşməyə imkan verməyib. Nəticədə, həvəsləndirici
medal alıb. Həmin olimpiada haqqında bir qədər ətraflı
danışan Nazim bildirdi ki, ötən ilin iyul ayında
Sinqapur şəhərlərində keçirilmiş Beynəlxalq
biologiya olimpiadası onun ciddi sınaq qarşısında
qaldığı ilk mötəbər yarış olub.
Sinqapur dünyanın ən inkişaf etmiş ölkələrindəndir.
Sinqapur şəhərinin özü də çox gözəldir.
Bu qənaəti məndə olimpiadanın keçirildiyi
günlər ərzində şəhərə təşkil
olunan gəzintilər yaratdı. Proqrama uyğun olaraq olimpiada
yarışı 2 gün ərzində keçirildi: birinci
gün nəzəri, ikinci gün praktik. Beynəlxalq olimpiadalarda suallar orta məktəb
proqramı səviyyəsindən yüksək, ali məktəblərin
I kurs proqramı səviyyəsində olur. Burada da suallar çətin idi.
Aralarında məntiqi suallar da var idi. Nəzəri olimpiada 100 sualdan ibarət idi. Hər sual üçün isə 6 cavab variantı
nəzərdə tutulmuşdu. Cavablandırmağa
6 saat vaxt verildi.
Nizami nəzəri imtahanları uğurla
verib. Praktik imtahanda isə o qədər
də yüksək nəticə göstərməyib. Praktik imtahan layihə şəklində olur. Qaliblər hər iki imtahanın nəticələrinə
əsasən ballar toplanmaqla müəyyənləşdirilir.
Oxucuların diqqətinə
çatdıraq ki, Azərbaycanın istedadlı, yüksək
intellektə malik şagirdlərindən olan Nizami Etibar
oğlu Həşimli 1997-ci il dekabrın
15-də Lerik şəhərində anadan olub. 2003-cü
ildə Lerik şəhər 3 nömrəli orta məktəbin
I sinfinə gedib. VI sinifdə Azərbaycan-Türkiyə
özəl liseylərinə keçirilən seçim
imtahanlarında iştirak edərək Lənkəran özəl
türk liseyinə daxil olub və VII sinifdən
başlayaraq burada təhsil alır. Hazırda X
sinif şagirdidir. Nizaminin dediyinə
görə, cənub bölgəsinin 4 rayonunun liseyə qəbul
imtahanlarında iştirak edən və qəbul olunan
şagirdləri arasında VII nəticə göstərib.
VII sinifdən beynəlxalq fənn
olimpiadalarına hazırlığa cəlb olunub.
Ayda və ya iki ayda bir Bakı Özəl
Türk Liseyinə gələrək buradakı olimpiadaya
hazırlıq mərkəzində hazırlıq keçir.
Sevdiyi və təbii ki, olimpiadalarda iştirak
etdiyi fənn biologiyadır. Liseydə
yaxşı oxuyur. Vaxtaşırı beynəlxalq
olimpiadalara hazırlıq və iştirak üçün
doğma liseyindən ayrılmalı olsa da dərslərində
problem yaranmır. Baş liseylər idarəsi
bunu nəzərə alıb. Əyalətlərdə
fəaliyyət göstərən özəl türk liseylərinin
şagirdləri gündəlik dərslərini beynəlxalq
olimpiadalara hazırlıq dövründə Bakı Özəl
Türk Liseyində keçirlər.
"İki beynəlxalq olimpiadada iştirak
etmisən, hansı daha çox yadında qalıb" -
sualımıza Nizami "Əlbəttə, bürünc medal
aldığım Tehran olimpiadası" cavabını verərək
bu bilik yarışması haqqında təəssüratlarını
bizimlə həvəslə bölüşdü.
"Hər il fərqli ölkədə
keçirilən Beynəlxalq Təbiət Elmləri
Olimpiadası ötən il dekabrın 1-dən 10-dək
İranın paytaxtı Tehranda təşkil olunmuşdu.
Bu olimpiada da Sinqapur olimpiadası kimi 2 hissədən-nəzəri
və praktik imtahanlardan ibarət idi. Lakin
kiçik bir fərq də vardı. Belə ki, burada
praktik hissədə verilən tapşırıqları hər
şagird tək özü deyil, komandanın tərkibində
- üçlü qruplar şəklində həll edirdik və
oradan alınan bal hamımıza bərabər
paylanırdı. Mükafatlandırma olanda hər kəsin nəzəri
hissədəki balı ayrı
hesablanır, amma praktik hissədən
yığdığı bal eyni olurdu. Belə
olduğuna görə də hər iştirakçı fərqli
medal ala bilir. Mən iki
tapşırığın nəticəsinə görə
bürünc medal aldım".
Nizami gələcəkdə həkim
olmağı qarşısına məqsəd qoyub.
Biologiyaya məhəbbət də onda ailəsinin
təsiri ilə yaranıb. Nizaminin 6
bacısı və bir qardaşı var. Bacılarından
yalnız biri Nizamidən kiçikdir. Qalanları,
o cümlədən də qardaşı orta məktəbi
çoxdan bitiriblər. Qardaşı
biologiya müəllimi, bacılarından biri isə tibb
bacısıdır. Nizamidə biologiyaya həvəsi
onlar oyadıblar.
Bizimlə söhbətində istedadlı
gənc liseylərindəki şəraitdən, o cümlədən
də Bakı Özəl Türk Liseyində onlara göstərilən
diqqət və qayğıdan razı qaldığını
bildirdi, qazandıqları uğurda müəllimlərinin
böyük payı olduğunu vurğuladı.
Beynəlxalq
təbiət elmləri
olimpiadasının
bürünc mükafatçısı
Tehran Olimpiadasının bürünc
medalçılarından biri də Ağdaş özəl
türk liseyinin onuncu sinif şagirdi Cavid Əhmədovdur.
İlk dəfə beynəlxalq olimpiadada
iştirak edən bir şagird üçün bu yaxşı
göstəricidir.
Cavid 3 turdan ibarət olan bilik
yarışının birinci turunda 30 testin 15-nə
düzgün cavab verib. İkinci turda olimpiada
iştirakçıları hər sualın bir balla qiymətləndirildiyi 30 ənənəvi
suala cavab veriblər. Cavid bu turda daha yaxşı nəticə
göstərərək 25 bal toplayıb.
Üçüncü turda qaydaya görə
ayrı-ayrı ölkələri təmsil edən məktəblilər
komanda halında təcrübə aparıblar.
Bu turda Azərbaycan komandasının eksperimenti
(elektroforez) 35 balla qiymətləndirilib. Beləliklə,
Cavidin ilk dəfə qatıldığı beynəlxalq bilik
yarışı onun üçün böyük uğurla
başa çatıb.
Səfər təəssüratlarını
bizimlə bölüşən Cavid deyir ki, olimpiadanın
keçirildiyi günlərdə xüsusi proqramla bir-birindən
maraqlı gəzintilər, oyunlar, idman yarışları təşkil
olunmuşdu. Hər keçən gün
daha zəngin təəssüratlarla yadda qalırdı. Olimpiada iştirakçıları üçün
vaxtlarını maraqlı keçirmələri məqsədilə
hər cür şərait yaradılmışdı. Biz daha çox Türkmənistan, Qazaxıstan və
Rusiyadan gəlmiş məktəblilərlə dostluq edir,
onlarla fikir mübadiləsi aparır, biliklərimizi
bölüşürdük.
Cavid Əhmədov 1997-ci il
aprelin 21-də Bakıda anadan olub. 2003-cü ildə
İ.Hacıyev adına "Tərəqqi"
texniki-humanitar liseyinin birinci sinfinə gedən Cavid təhsil
aldığı illərdə həmişə dəqiq elmlərə,
xüsusən riyaziyyat və fizikaya böyük maraq göstərib.
Elə bu maraq da onu 2009-cu ildə özəl
türk liseyinə gətirib.
Burada Cavidin ən çox xoşuna gələn
cəhət təlimlə yanaşı, tərbiyəyə də
çox ciddi diqqət yetirilməsidir.
Bu liseydə təhsil almasından çox
məmnun olduğunu bildirən Cavid deyir ki, burada
uşaqların dərsdənkənar vaxtlarının səmərəli
keçməsinə də xüsusi diqqət yetirilir.
Mənim ən çox xoşuma gələn isə
yay tətillərində təşkil olunan gəzintilərdir.
Biz vətənimizin səfalı, əsrarəngiz təbiəti
olan gözəl guşələri ilə tanış
oluruq. Təbiət qoynunda
saldığımız yay düşərgələrində
isə müxtəlif maraqlı tədbirlər keçirir,
açıq havada gəzintilərdən böyük zövq
alırıq. Bütün bunlardan başqa, şagirdlər
tez-tez müxtəlif xarici ölkələrə səfərlərə
gedir, idman turnirlərində, müsabiqələr və bilik
yarışlarında iştirak edir, eləcə də turist
kimi bu ölkələrin təbiəti, insanları və
yaşayış səviyyəsi ilə tanış
olurlar.
Kimya fənnini çox sevən Cavid
hazırda Beynəlxalq Mendeleyev Olimpiadasına
hazırlaşır. O bu olimpiadada
qızıl və ya gümüş medal almağı
qarşısına məqsəd qoyub. Buna
görə də öz üzərində ciddi
çalışır, müəllimlərinin tövsiyə
və məsləhətlərinə dəqiq əməl edir,
çoxlu əlavə ədəbiyyat tapıb oxuyur.
Yeri gəlmişkən qeyd etmək
lazımdır ki, Rusiya Federasiyasının yığma
olimpiada komandasını bu nüfuzlu bilik yarışına
ölkənin ən tanınmış, görkəmli alimləri
hazırlayırlar. Həmin alimlər M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı
filialına da gəlir və olimpiadaya hazırlıq məqsədilə
burada məşğələlər aparırlar. Beynəlxalq Mendeleyev Olimpiadasına hazırlaşan
digər şagirdlər kimi Cavid də bu məşğələlərdə
fəal iştirak edir. O deyir ki, qocaman rus alimləri,
kimya elmi üzrə tanınmış mütəxəssislər
azərbaycanlı şagirdlərin bilik səviyyəsindən həmişə
razı qalırlar, bu uşaqların çox istedadlı,
çalışqan və məsuliyyətli olduqlarını
bildirirlər. Bu isə bizim möhtəşəm
bilik yarışında böyük uğur qazanmağa
ümidimizi daha da artırır.
Cavid Əhmədov liseyi bitirdikdən sonra
təhsilini Böyük Britaniyanın London İmperial Kollecində
davam etdirmək istəyir. O,
burada tibb sahəsi üzrə təhsil alaraq bacarıqlı
kardioloq kimi yetişmək arzusundadır. Son dövrlər bir
çoxları xarici ölkələrdə ali
təhsil aldıqdan sonra orada qalmağa can atırlar. Cavid isə onlardan fərqli olaraq mütləq
doğma yurduna, el-obasına qayıtmaq, xalqının
sağlamlığı keşiyində durmaq niyyətindədir.
Ona bu xeyirxah amalına çatmaqda uğurlar diləyirik.
"İsveçrədə
keçiriləcək XXIV Beynəlxalq biologiya
olimpiadasından da medalla qayıdaram"
Elmar Məmmədli
1998-ci il Cəlilabadda anadan olub. Hələ
lap kiçik yaşlarından artıq hamı onu çox
qabiliyyətli, xüsusi istedada malik uşaq kimi tanıyıb.
Buna görə də birinci sinfə beş
yaşında gedib. Cəlilabad rayonundakı 8 nömrəli
tam orta məktəbdə oxuduğu illərdə həmişə dərslərə
yüksək səviyyədə hazırlığı,
çalışqanlığı ilə seçilib.
Gündəlik dərslərindən ancaq
"əla"
qiymət alıb. Lakin istedadına, öyrədilən bilikləri
çox asanlıqla mənimsəməsinə görə
heç vaxt arxayınlaşmayaraq təhsilə ciddi yanaşıb, daha çox
oxumağa can atıb. Maraqlıdır ki, Elmar dərs proqramına uyğun
keçilən hər bir mövzuya aid mütləq əlavə
nə isə öyrənməyi qarşısına məqsəd
kimi qoyub.
2009-cu ildə o, Lənkəran özəl
türk liseyinə qəbul imtahanlarında böyük
uğur qazanıb və təhsilini həmin ildən burada
davam etdirməyə başlayıb. Elmar həmin hadisəni
belə xatırlayır:
- Mən heç vaxt oxuduğum məktəbi
dəyişmək fikrinə düşməmişdim. Çünki
oxuduğum sinifdən, dostlarımdan, ailəmdən,
doğmalarımdan ayrılmağı heç ağlıma da gətirməzdim. Sadəcə
özümü sınamaq üçün həmin il Lənkərandakı özəl türk liseyinə qəbul
imtahanlarında iştirak etdim. Nəticələri gözlədiyim
müddət ərzində liseylə yaxından tanış oldum - sinif otaqları,
laboratoriyalar, idman və akt zalları, şagirdlərin dərsdən
sonrakı asudə vaxtlarını maraqlı və səmərəli
keçirmələri üçün yaradılan gözəl
şərait çox xoşuma gəldi. Başa
düşdüm ki, nə qədər çalışqan
olsan da elmlərin sirlərinə dərindən yiyələnmək,
bilikləri mənimsəmək üçün buradakı
kimi geniş imkanlardan da yararlanmalısan. Və
bütün bunlardan sonra valideynlərimin
razılığı ilə Lənkəran özəl
türk liseyində oxumaq qərarına gəldim.
Elmar liseydə də biliyi,
bacarığı, dərslərə hazırlığı
və çalışqanlığı ilə seçilib.
O, bütün fənlərdən yüksək qiymət alsa
da təbiət elmlərinə, xüsusən biologiyaya daha çox maraq göstərir.
Elmar gələcəkdə həkim olmaq
istəyir. Qeyd etmək lazımdır
ki, bu, təsadüfi deyil.
Onun valideynləri, eləcə də qohumlarının əksəriyyəti
bu peşənin sahibidir. Elmar ağlı kəsəndən
doğmalarının xəstələrə şəfa vermələrinin,
sevinc bəxş etmələrinin şahidi olub, insanların
onlara dediyi minnətdarlıqla
dolu sözləri eşidib. Bəlkə də məhz buna
görə başqa peşəyə yiyələnmək fikrini heç
ağlına da gətirməyib.
Elmar üçün bu dünyada insanlara gərəkli, çətin
olsa da ən şərəfli peşə həkimlikdir. O bu məqsədinə
çatmaq üçün xarici ölkələrin ən
nüfuzlu ali məktəblərinin birində tibb sahəsi
üzrə təhsil almaq və
bacarıqlı cərrah kimi vətənə qayıdaraq
xalqına xidmət etmək fikrindədir.
Digər istedadlı şagirdlər kimi
Elmar Məmmədli də 2010-cu ildən olimpiadaya hazırlıq qrupuna
seçilib. O bu qrupda təbiət elmlərini xüsusi
proqrama əsasən öyrənir və dərindən mənimsəyə
bilir. Adama elə gəlir ki, bu
qrupa cəlb edilən uşaqlar müəyyən istiqamətdə
olimpiadalara hazırlaşdıqlarından yalnız buna aid olan
bir neçə fənnə
xüsusi diqqət yetirirlər. Əslində isə,
olimpiadalara hazırlıq onsuz da istedadlı olan bu şagirdlərin
bütün bilik və bacarıqlarını tam səfərbərliyə
almalarına səbəb olur, qabiliyyətlərini
artırır. Buna görə də həmin uşaqlar gündəlik
dərslərə daha asanlıqla, həvəslə
hazırlaşırlar. Nəticələri də
həmişə əvvəlkindən yüksək olur.
Elmar Məmmədli ilk dəfə
iştirak etdiyi beynəlxalq bilik yarışında - 2012-ci
ilin iyulunda Sinqapurda keçirilən XXIII Beynəlxalq biologiya
olimpiadasında həvəsləndirici mükafata layiq
görülüb. Elmar deyir ki, bu səfər mənim
üçün çox maraqlı keçdi. Sinqapur o qədər də böyük deyil, şəhər-ölkədir. Heç bir təbii sərvəti
olmasa da həyat səviyyəsi yüksəkdir. İnsanlar təbiəti
daha çox qoruyurlar, ona görə də çirklənmə
daha azdır.
Bu olimpiadada iştirak etməyimiz bizim
üçün çox faydalı oldu.
Medal qazanmasaq da müəyyən təcrübə
əldə etdik, digərləri ilə müqayisədə
bilik səviyyəmizi öyrəndik, təbiət elmlərinə
marağımız daha da artdı, müxtəlif ölkələrdən
gəlmiş uşaqlarla dostluğumuz yarandı.
Növbəti beynəlxalq olimpiada onun
üçün daha uğurlu olub. 1-10
dekabr 2012- ci ildə İran İslam Respublikasının Tehran
şəhərində keçirilmiş Beynəlxalq təbiət
elmləri olimpiadasında Lənkəran özəl türk liseyinin X sinif
şagirdi Elmar Məmmədli bürünc medal qazanıb. 3
turda keçirilən olimpiadanın I turunda o, 30 testin 23-nə, II turda 30 açıq sualın 25-nə düzgün cavab yazıb. III turda azərbaycanlı şagirdlər komanda şəklində
yarışaraq 40 mümkün baldan 35 bal toplayıblar.
Bu səfərlə bağlı təəssüratlarını
bizimlə bölüşən Elmar bildirdi ki, olimpiadanın
proqramı gözəl tərtib olunmuşdu.
Tehran şəhərində gəzintilər
bütün uşaqların çox xoşuna gəldi. Təbiət muzeyinə ekskursiya isə bizim
böyük marağımıza səbəb oldu və orada
gördüklərimiz indiyədək gözlərimizin
önündə canlanır. Orada
olduğumuz müddətdə diqqətimizi bir şey də cəlb
etdi ki, yerli əhali bizdə olduğu kimi xarici mala
üstünlük vermir, hamı öz ölkələrində
istehsal olunmuş geyim və əşyalardan istifadə edir.
İsveçrədə keçiriləcək
24-cü Beynəlxalq biologiya olimpiadasından da medalla
qayıdaram, - deyən Elmar hazırda bu bilik
yarışına ciddi hazırlaşır.
Bu istedadlı oğlan vətənə ən
azı gümüş medalla qayıtmaq fikrindədir.
Ona növbəti bilik yarışında böyük uğur
qazanmağı arzulayırıq və gələcəkdə
qarşıya qoyduğu bütün məqsədlərə
çatacağına inanırıq.
Yusif ƏLİYEV
Hicran
ƏKBƏROVA
Azərbaycan
müəllimi.- 2013.- 1 mart.- S.4.