"Google SketchUp qrafik redaktorunda
hazırlanmış ən yaxşı
üçölçülü model" adlı müsabiqə
keçirildi
2011-2012-ci tədris ilində 7-ci
sinif "İnformatika" dərsliyinə Google SketchUp qrafik
redaktoru daxil edildi. Google SketchUp proqramı obyektlərin
üçölçülü modellərini yaratmaq
üçün nəzərdə tutulan müasir
proqramlardandır. Autodesk Maya, 3D Max, AutoCAD kimi mükəmməl
və mürəkkəb proqramlarda işləmək
üçün Google SketchUp proqramı çox uğurlu
başlanğıcdır.
Bu proqramda iş vərdişlərinin
formalaşdırılması informatikanın riyaziyyat, təsviri
incəsənət, texnologiya fənləri ilə
inteqrasiyasını təmin edir. Bu
baxımdan informatika özünün metafənn
statusunu bir daha təsdiq etmiş olur.
Şagirdlərin bu tipli tətbiqi proqramlara olan hədsiz maraqlarını,
məktəblilərin və
informatika müəllimlərinin
çoxsaylı müraciətlərini
nəzərə alaraq
dərslik müəllifləri
"Bakı" nəşriyyatının
dəstəyi ilə
"Google SketchUp qrafik
redaktorunda hazırlanmış
ən yaxşı üçölçülü model" adlı müsabiqə keçirmək qərarına
gəldilər.
Bu ilin yanvar
ayında Facebook sosial şəbəkəsinin
"İnformatika müəllimləri"
qrupunda və
www.informatik.az saytında belə
bir müsabiqənin keçiriləcəyi haqqında
elan verildi.
Müsabiqənin iki turda keçirilməsi qərara
alındı. Birinci turda
müəllimlər öz
məktəblərindən ən yaxşı işi göstərilən
sayta göndərir və ikinci turda iştirak etmək üçün qeydiyyatdan keçirdilər. Müsabiqənin şərtlərinə görə ikinci turda hər məktəbdən yalnız
bir şagird iştirak edə bilərdi.
Müsabiqənin yekun turu 24 fevral
2013-ci il tarixində Bakı şəhəri Binəqədi
rayonu 283 nömrəli
tam orta məktəbdə
keçirildi.
Müsabiqə ilk dəfə keçirildiyindən
ikinci turun yalnız Bakı və Sumqayıt məktəbliləri arasında
keçirilməsi nəzərdə
tutulmuşdu. Lakin gözlənilmədən
müsabiqəyə Şəki
və Şamaxı şəhərlərindən də
şagirdlər gəlmişdilər.
Münsiflər heyəti
soyuq və yağmurlu hava şəraitində uzaq yol qət edib
müsabiqəyə gəlmiş
şagirdlərin həvəsini
yüksək qiymətləndirərək
onların da bu turda iştirakına
icazə verdi.
Müsabiqənin başqa bir özəlliyi də var idi.
Şagirdlərlə birlikdə gəlmiş
müəllim və valideynlərə müsabiqənin
işində çox
yaxından iştirak etmək imkanı verilmişdi. Beləliklə,
müsabiqənin ikinci
turunda 20 şagird: Şamaxıdan 1, Şəkidən
1, Sumqayıtdan 2, Bakıdan
isə 16 məktəbli
iştirak edirdi. Doğrudur,
Google SketchUp proqramını
dərsliyə daxil edərkən onun şagirdlər arasında
böyük marağa
səbəb olacağı
gözlənilirdi. Ancaq respublika
məktəblilərinin bu
qısa müddətdə
proqramı belə mənimsəmələri dərslik
müəllifləri, müəllimlər
və valideynlər üçün xoş sürpriz idi.
Əvvəlcədən
5 tarixi memarlıq abidəsi seçilmişdi:
Hökumət evi, Nizami məqbərəsi, Şirvanşahlar sarayı,
Bibiheybət məscidi,
Opera və Balet Teatrının binası. Püşkatma nəticəsində 5 obyekt arasından Opera və Balet Teatrının
binasının şəkli
seçildi. 2 saat ərzində şagirdlər Google SketchUP
proqramında onun 3D modelini hazırlamalı idilər. İlk baxışdan tapşırıq
çox mürəkkəb
görünürdü. 20-ci əsrin əvvəllərində
inşa edilmiş bu memarlıq incisinin 7-ci sinif şagirdləri tərəfindən
üçölçülü modelinin hazırlanması şagirdlərdən təkcə
Google SketchUp proqramında
işləmək bacarığı
tələb etmirdi.
Onlar həm də fəza təsəvvürlərini
nümayiş etdirməli,
fotoşəkillər əsasında
binanın bütün
tərəflərdən görünüşlərini
yaratmalı idilər.
Binanın bir neçə
tərəfdən görünüşü
dərhal çap edilərək hər bir şagirdə verildi. Bütün müsabiqə müddəti
binanın fotoşəkli
proyektorla da nümayiş etdirilirdi.
İlk dəqiqələrdən
şagirdlərin çox
hazırlıqlı və
həvəsli olduqları
görünürdü.
Zaman ötdükcə şagirdlərin
binanın hissələrini
addım-addım necə
yaratdıqlarını görən
müəllim və valideynlər müsabiqədən
sözün əsl mənasında həzz alırdılar.
Nəhayət, vaxt bitdi.
Şagirdlərin işlərini onlarla
birlikdə gəlmiş
müəllimlər qiymətləndirməyə
başladılar. Qiymətləndirmənin şəffaflığını və obyektivliyini təmin etmək üçün prosesdə
valideynlər də iştirak edirdilər.
Ekspert qiymətləndirməsindən
sonra münsiflər heyəti qiymətləndirmənin
nəticələrini yoxlamaq
üçün işlərlə
daha yaxından tanış oldular. Ramin Mahmudzadə, İsmayıl
Sadıqov, Fərman Abdullayev, Naidə İsayeva və Gülnarə Səlimovadan
ibarət münsiflər
heyəti şagirdlərin
işlərini bir daha bir-bir və
diqqətlə nəzərdən
keçirdilər. Qiymətləndirmənin bu mərhələsində
hər ehtimala qarşı, yarana biləcək təsadüfi
səhvlərin aradan qaldırılması məqsədi
ilə şagirdlərin
topladıqları ballarla
onların işlərinin
adekvatlığı yoxlanıldı.
Bir-birindən maraqlı işlər
arasında qaliblərin
ədalətli seçimini
təmin etmək asan deyildi. Nəhayət, hamının
razılıqla qarşıladığı
belə bir qərar qəbul olundu: 1 iş 1-ci yer, 2 iş
2-ci yer, 3 iş isə 3-cü yer. Münsiflər, müəllimlər,
valideynlər və şagirdlərin iştirakı
ilə müsabiqənin
nəticəsi belə
oldu:
I yer
Rəsulov Cavid,
Bakı şəhəri,
291 nömrəli ekologiya
liseyi.
II yer
Vəlizadə Xavər, Bakı şəhəri, 70 nömrəli
məktəb-lisey,
Quliyev Elgiz, Bakı şəhəri, 229 nömrəli
tam orta məktəb.
III yer
Qasımova Məryam, Bakı
Modern Məktəbi,
Əmrahov Nail, Bakı şəhəri,
6 nömrəli məktəb-lisey,
İsgəndərov Amil, Sumqayıt
şəhəri, 36 nömrəli
tam orta məktəb.
Bütün iştirakçılara
sertifikatlar verildi.
Müsabiqənin qaliblərinə diplom və qiymətli hədiyyələrlə
yanaşı "Beynəlxalq
informatika olimpiadaları"
kitabı da hədiyyə edildi. Bu kitab şagirdləri
müşayiət edən
müəllimlərə də
bağışlandı.
Müsabiqənin respublikada yüksək maraqla izləndiyini nəzərə
alaraq bütün işlər və mükafatçıların qiymətləndirilməsi
prosesi Facebook şəbəkəsinin "İnformatika
müəllimləri" qrupunda
və www.informatik.az saytında
dərhal yerləşdirildi.
Respublika müəllimlərinin və
şagirdlərin müraciətlərini
nəzərə alaraq,
bu il
informatika üzrə bir neçə müsabiqə keçirilməsi
nəzərdə tutulur.
Bu işdə bütün müəllim
və şagirdləri
fəal iştirak etməyə dəvət edirik.
Azərbaycan
müəllimi.- 2013.- 1 mart.- S.6.