İrəvan
Pedaqoji İnstitutu Azərbaycan bölməsinin acı taleyi
Azərbaycan elmi-pedaqoji
fikir sferasında İrəvan Pedaqoji Texnikumu və İrəvan
Pedaqoji İnstitutunun öz yeri vardır. Onlar haqqında ədəbiyyatda
az yazılsa da bu təhsil ocaqları tariximizdə müəyyən
izlər qoymuşdur. Azərbaycan elminin və təhsilinin
inkişafında bu təhsil müəssisələrinin məzunlarının
rolu da az olmamışdır.
İlk
öncə onu deməliyik ki, İrəvanda heç zaman azərbaycanlılar
üçün ayrıca pedaqoji institut olmamışdır,
azərbaycanlı kadrlar İrəvan Erməni Pedaqoji
İnstitutunun nəzdindəki bölmələrdə
hazırlanmışdır. Ermənilər azərbaycanlılar
üçün müstəqil ali təhsil
ocağının olmasına, yüzlərlə azərbaycanlının,
həm də müəyyən elmi-mədəni
hazırlığa malik soydaşlarımızın bir yerə
toplanmasına qətiyyən imkan verməzdilər. Ona
görə də Ermənistanda azərbaycanlıların ali təhsil
almaq məsələsinə həmişə
qısqanclıqla yanaşılmışdır.
Qərbi Azərbaycanın elmi
potensialının mayasını təşkil edən,
deportasiyaya uğrayaraq 1948-ci ildə Bakıya
köçürülməklə fəaliyyətinə son
qoyulan İrəvan Pedaqoji İnstitutu nəzdindəki Azərbaycan
bölməsi uzun və kəşməkəşli bir yol
keçmişdir.
Çox təəssüf ki, qədim
tarixə malik olan Qərbi Azərbaycanın zəngin
mübarizə tarixi, maddi-mədəniyyət abidələri,
incəsənəti, etnoqrafiyası, o cümlədən məktəb
tarixi kifayət qədər sistemli öyrənilməmişdir.
İrəvan azərbaycanlıları təhsil sahəsində
də zamanın sərt üzü ilə dönə-dönə
qarşılaşaraq amansız təqiblərə, mənəvi
və fiziki basqılara məruz qalaraq çıxış
yolunu ancaq Azərbaycana köçməkdə
görmüşlər. Bir fakt danılmazdır ki, erməni
millətçiləri əsrin əvvəllərindən azərbaycanlıları
öz ata-baba yurdlarından çıxarmaqla
soyqırımı siyasətini ardıcıl davam etdirməyə
cidd-cəhdlə çalışmışdılar. Azərbaycanlılar
isə necə olursa-olsun bu çətinliklərə sinə
gərməli olmuş və 70 il duruş gətirə
bilmişlər. Basqılar, təqiblər güclü olsa da,
soydaşlarımızda elm, təhsil həmişə müqəddəs
amal kimi qalmışdır.
Sovet
rejimi öz ideoloji dayaqlarını möhkəmləndirmək
məqsədilə Azərbaycanda ermənilərin,
Gürcüstanda və Ermənistanda azərbaycanlıların
təhsil probleminin həlli sahəsində də müəyyən
işlər görmüşdür. Lakin digər müttəfiq
respublikalardan fərqli olaraq, şovinist Ermənistanda azərbaycanlıların
ali təhsil alması müşkül məsələyə
çevrilmişdi. "Böyük Ermənistan"
xülyası ilə yaşayan bu "fanatiklər" öz
çirkin məqsədlərinin həyata keçirilməsi
üçün min cür hiylələrə əl atır,
azərbaycanlıların ali təhsil almalarını əngəlləyirdilər.
Yüz minlərlə soydaşımızın
yaşadığı bu sovet respublikasında onların ali təhsil
almaları erməniləri heç də narahat etmirdi. Ona
görə də azərbaycanlılar ali təhsil almaq
üçün çox zaman Bakıya üz tutur, ümidlərini
Azərbaycana bağlayırdılar. Hər dəfə
ali təhsilli mütəxəssislərin hazırlanmasına
dair məsələ qaldırılanda ermənilər min bir bəhanə
ilə buna imkan olmadığını deyir, kadr
çatışmazlığını əsas tutaraq, öz
fikirlərini bir sıra arqumentlərlə əsaslandırırdılar.
Bəzi obyektiv, subyektiv səbəblər də hər dəfə
onların köməyinə gəlirdi. Odur ki, Ermənistanda
ali təhsilli azərbaycanlıların sayı
artmırdı, ayrı-ayrı rayonlarda ali təhsillilər
barmaqla göstərilirdi. Ermənilər də elə bunu
arzulayırdılar. Lakin bu məsələyə onlar nə qədər
müqavimət göstərsələr də, onun
qabağını tam kəsə bilmirdilər. Təsadüfi
deyildir ki, 1924-1925-ci dərs ilində azərbaycanlılar
üçün ilk dəfə İrəvanda türk
işçi fakültəsi açıldı. Bu iş
onların ürəyincə olmasa da, bu fakültə 15 il fəaliyyət
göstərə bildi, on beş il davam edən bu fakültədə
ilk ali təhsilli kadrlar hazırlandı. Bu barədə
mətbuatda da yazılar gedirdi. "Qızıl şəfəq"
qəzetində 1935-ci ildə bu barədə yazılan bir məqalədə
türk fakültəsinin çətinliklərlə
qarşılaşmasından bəhs edilirdi. Qəzetin məlumatına
görə, burada cəmi 18 tələbə oxuyurdu. Azərbaycan
dilində ədəbiyyatın yoxluğu, mütəxəssis
kadrların çatışmaması işin keyfiyyətinə
öz təsirini göstərirdi.
1936-37-ci
dərs ilində İrəvan Qiyabi Pedaqoji İnstitutu da təsis
edildi. Beynəlmiləlçilik siyasətinə müvafiq
olaraq onun nəzdində türk şöbəsi də
açıldı. Lakin qəbul qaydalarına, xüsusən
azərbaycanlılarla bağlı qoyulan bürokratik tələblər
sənəd qəbulunu ləngidirdi. Axırda bu
bölmədə yerlər boş qalırdı. Ona görə
də elə birinci il "Türk məktəblərində
coğrafiya, tarix müəllimlərinə olan böyük
ehtiyac nəzərə alınaraq" qiyabi institutun bu
bölməsinin coğrafiya və tarix şöbələrinə
sənəd qəbulu işi aprelin 10-dək
uzadılmışdı. İlbəil yaranan kəm-kəsirin
hesabına Azərbaycan məktəblərinin kadr
çatışmazlığı o yerə
çatdırılmışdı ki, məktəblər
bağlanmaq təhlükəsi ilə üzləşirdi, ona
görə də əlavə tədbirlərə əl atmaq
lazım gəlirdi. Az sonra, yəni 1937-ci
ildə İrəvanda ikiillik müəllimlər institutunun Azərbaycan
şöbəsi də açıldı. Burada 20 nəfərin
əyani, 20 nəfərin qiyabi təhsil alması
planlaşdırılmışdı. Tədris prosesinin səmərəli
təşkilinə imkan olmadığı üçün
müəllimlər əsasən Bakıdan dəvət
olunurdu. Dərsliklər də Bakıdan gətirilirdi. Lakin
ehtiyac yalnız bununla bitmirdi. Azərbaycanlılara lazımi
şərait də yaradılmırdı. Bir faktı
xatırlatmaq yerinə düşərdi ki, İrəvan
Dövlət Universitetinin nəzdindəki şərqşünaslıq
fakültəsində azərbaycanlıların oxumasına hər
cür maneçilik törədilirdi. Bura maraq göstərənlər
olsa da, qarşıya belə bir tələb qoyulmuşdu ki,
şərqşünaslıqda oxuyanlar erməni dilini mükəmməl
bilməlidirlər. Deməli, o fakültədə yalnız
ermənilər, ya da erməni məktəbini bitirənlər
oxuya bilərdi.
Bir haşiyə: Sonralar Azərbaycan
elminin korifeyi səviyyəsinə yüksəlmiş filologiya
elmləri doktoru, mərhum professor Mirəli Seyidov İrəvan
Pedaqoji İnstitutunun filologiya fakültəsində təhsil
alanda hiss edirdi ki, bu təhsil onda olan güclü, daxili elm
yanğınını təmin edə bilmir. Ona görə
də erməni dilini mükəmməl bildiyi
üçün o, 1941-ci ildə İrəvan Dövlət
Universitetinin şərqşünaslıq fakültəsinin
fars dili şöbəsinə daxil olur. Lakin 3-cü kursda ikən
universitetin rəhbərliyi onun gündüz pedaqoji institutda,
axşam isə universitetdə təhsil almasından xəbər
tutmuşdu. Çox çətinliklə olsa da, Mirəli
Seyidov 1945-ci ildə buranı bitirməyə müvəffəq
olur. Ermənilər bu istedadlı gəncin tədqiqatçılıq
marağını, çox dərinliklərə baş
vurmasını elə o zaman hiss etmişdilər. Ona görə
də başqa bir azərbaycanlıya belə fürsət
verilməsini daha istəmirdilər. Təsadüfi deyildir ki,
sonralar İrəvandakı erməni qaynaqlarından ilk dəfə
geniş profildə tədqiqatçı kimi istifadə edən
azərbaycanlı alim də elə Mirəli Seyidov olmuşdur.
Həqiqətən, bu görkəmli alimin ötən əsrin
80-ci illərində apardığı elmi axtarışlar məkrli
qonşulara kəskin cavablar verməkdə çox əhəmiyyətli
idi. Hətta ermənilər onu bütün ittifaqda şovinist
alim kimi tanıtmaq üçün əldən-ayaqdan gedirdilər.
O zaman İrəvan Pedaqoji İnstitutunun qonağı olan
professor Həmid Araslı Mirəli Seyidovun çox dəyərli
tədqiqatları ilə tanış olaraq ona Bakıya
köçməsini məsləhət bilir. Deportasiyanın
başlanması ərəfəsində İrəvanda daha
qala bilməyən M.Seyidov tezliklə Bakıya gəlir. O danışırdı ki, şərqşünaslıqda
yalnız ermənilər oxuyurdu və ən millətçi,
şovinist ünsürlər də, o cümlədən
daşnak ideyalı müəllimlər də oraya
toplaşmışdı. Erməni
saxtakarlığının ocağı olan bu fakültəni
qapalı saxlayırdılar. Çünki gələcək
erməni tədqiqatçılarına
özlərinə məxsus "iş üsulu", yəni
erməni saxtakarlığı da onlara elə burada
aşılanırdı. Onlar Matenadarandakı qiymətli əlyazmalarını
saf-çürük edir, özlərinə sərf etməyəndə
planlı şəkildə onu məhv edir, yandırır,
imkan olanda isə "özününküləşdirirdilər".
Kim bilir, bizim mədəni tariximizin nə qədər nadir
inciləri orada indi də yatıb qalmışdır.
Azərbaycanda
isə ermənilərin təhsilinə kifayət qədər
qayğı göstərilirdi. Hələ ötən əsrin
30-40-cı illərində Azərbaycan Pedaqoji İnstitutunda
erməni bölməsi fəaliyyət göstərirdi. Hətta
qəbul planının 15-20 faizi bu bölmə
üçün nəzərdə tutulurdu. Erməni alimlər
isə, hər il bunun az olduğundan yuxarılara şikayət
edirdilər, çox vaxt öz məqsədlərinə nail
olurdular.
Böyük
Vətən müharibəsi illərində Ermənistan
hökumətinin yuxarı dairələrində oturan millətçi-şovinistlərin
əl-qolu nisbətən bağlanmışdı, onlar müvəqqəti
olaraq öz qınlarına çəkilmişdilər. Ona
görə də bir sıra görüntülərlə
öz çirkin niyyətlərini ört-basdır edirdilər.
Artıq mətbuatda da kadr hazırlığı kəskinliyi
ilə qoyulurdu. Məsələn, "Zəngi"
qəzetində xırda millətlərin, o cümlədən
azərbaycanlıların problemlərinə toxunan məqalələrdə
məktəblərin kadrsız qalmaması üçün təcili
tədbirlər görmək təklifləri irəli
sürülürdü. Məhz bunların təsiri idi
ki, İrəvan Pedaqoji İnstitutunun 4 fakültəsinin Azərbaycan
bölməsində dil-ədəbiyyat, fizika-riyaziyyat,
tarix-coğrafiya müəllimləri hazırlanırdı. Onlar
buna mane olsa da, bu prosesi dayandırmağa qabil deyildilər. Azərbaycanlı ziyalılar isə bu yolda öz səylərini
davam etdirirdilər.
Uzun müddət Azərbaycan Pedaqoji
İnstitutunda çalışmış Fərhad Fərhadov
1942-1943-cü illərdə müharibədən
qayıtdıqdan sonra həm İrəvan Pedaqoji Texnikumunda, həm
də 1944-cü ildən başlayaraq İrəvan Pedaqoji
İnstitutunda dərs deməyə başlamışdır.
O, 1945-ci ildə İrəvanda "Qədim və orta əsrlər
ədəbiyyatına dair oçerklər" kitabının
nəşrinə də nail olmuşdu. Lakin Mərkəzi
hökumətin əli ilə həyata keçirilən azərbaycanlıların
"mədəni deportasiyası" 1948-ci ildə onun da
İrəvanı tərk etməsilə nəticələnmişdir.
Azərbaycan bölməsinin cəfakeşlərindən
olan professor Rəhim Allahverdiyev (1907-1973) 1945-ci ildən
deportasiyaya qədər İrəvan Pedaqoji İnstitutunda dərs
aparmışdır. İnstitut
köçürüləndə o da Bakıya gəlmiş,
burada dissertasiya müdafiə edərək, elmlər doktoru
adını almış, 400-dən çox məqalənin
müəllifi kimi tanınmışdır.
Ermənilərin
sıxışdırmalarının nəticəsi olaraq,
deportasiya ərəfəsində, yəni 1947-ci ildə İrəvan
Pedaqoji İnstitutunun Azərbaycan bölməsinin 4 fakültəsində
cəmi 20 tələbə oxuyurdu. Bu elə vaxt idi ki, azərbaycanlıların
deportasiyasının yeni dalğası gözlənilirdi.
Elə bu zaman İrəvan Pedaqoji İnstitutunun
Elmi Şurası Azərbaycan bölməsinin işini
müzakirəyə çıxararaq, onları bir qədər
də sıxışdırdı. 1947-ci il
22 iyunda bu barədə qəbul edilən qərara əsasən
Azərbaycan bölmələri erməni bölmələri
ilə birləşdirildi. Azərbaycan bölməsinin
dekanları isə erməni bölməsi dekanlarının
müavini vəzifəsinə keçirildi. Onların müstəqil qərar qəbul etmək səlahiyyəti
əllərindən alındı. Bununla da
bu fakültələrdə milli mənəvi dəyərlərə
ağır zərbə vuruldu. Müəllimləri
də, tələbələri də məcbur edirdilər ki,
ermənilərlə birgə nəfəs alsınlar, necə
deyərlər "onların çaldığı havalarla
oynasınlar". Ona görə də
günü-gündən Azərbaycan bölməsində kadr
potensialı zəifləyirdi. Buranın Azərbaycan
bölməsində dərs deyənlərin çoxu əsasən
İrəvan Pedaqoji Texnikumuna keçirdilər. Çünki stabil kollektivi parçalanan bu
institutdan fərqli olaraq texnikumda sanballı kadr potensialı hələ
də qalırdı. Bu mənəvi
sıxıntılara baxmayaraq, bu prosesi sönməyə
qoymayan tarixi səbəblər də vardı. Xatırladırıq ki, sovet hakimiyyətinin ilk illərində
Ermənistanda da Azərbaycan dilində təhsil ocaqları
şəbəkəsinin genişlənməsi orada təhsil
alanların sayının sürətlə artmasına təkan
vermişdi. Sovet hakimiyyətinin ilk illərində Qərbi
Azərbaycanda 1922-23-cü illərdə 36, 1924-cü ildə
62, 1929-30-cu illərdə 112, 1931-ci ildə isə 245 Azərbaycan
məktəbi fəaliyyət göstərirdi ki, bunlardan da
45-i ancaq İrəvan qəzasında idi. Elə bu sürətli
inkişaf da ali təhsilin pedaqoji kadrlar
problemini zəruri edirdi. Ali təhsilli müəllimlər
nəinki çatışmırdı, onlar yox dərəcəsində
idi. Bu məsələ 1922-ci ildə Ermənistan
Xalq Maarif Komissarlığı nəzdində "Azlıqda
qalan millətlər" şöbəsinin sənədlərində
də öz əksini tapmışdı. Müəllim
kadrlarının yerləşdirilməsi məsələsini
də məhz bu şöbə qaldırmışdı.
Ona görə də məktəblərin müəllim
kadrları ilə təmin olunması üçün ilk
vaxtlar İrəvanda xüsusi kurslar təşkil edildi.
Bu hazırlıq kurslarını birinci il
30 azərbaycanlı müəllim bitirsə də, məktəblərin
artmaqda olan tələbatı bununla bitmirdi. Bu məqsədlə
İrəvandan Bakıya 1923-cü ildə 16, 1925-ci ildə isə
38 nəfər müəllim ali təhsil
müəssisələrinə göndərilir. Onların ilk
nümayəndələri olan Zəhra Abbasova, Tacirə
Bağırova kimi gənc qadınlar ali təhsil
aldıqdan sonra İrəvana qayıdaraq bu prosesə
qoşulmuşdular.
Lakin ali təhsil
problemi yenə də öz həllini tapa bilmirdi. Müəllim çatışmazlığı əldə
bəhanə tutularaq çox vaxt türk məktəblərinə
qərəzli şəkildə erməni mənşəli
direktorlar təyin edilirdi, bir çox hallarda Azərbaycan dilini
bilməyən ermənilər azərbaycanlılara dərs
deyirdilər, onlara rəhbərlik edirdilər. Bu
azmış kimi, müəllim kadrlarına ciddi ehtiyac
olduğu halda, yüzlərlə azərbaycanlı tələbəyə
"bəy", "xan", "mülkədar",
"qolçomaq", "kulak" və s. övladı
damğası vuraraq pedaqoji təhsil müəssisələrindən
xaric edirdilər. Təkcə 1930-35-ci illərdə
102 nəfərdən artıq azərbaycanlı tələbə
və müəllim bu adlarla repressiyaya məruz
qalmışdılar.
Azərbaycanlıların
savadlanmasının qarşısını almaq
üçün pedaqoji kadr hazırlığına hər cür
maneçilik törədilsə də, onlar öz fəaliyyətlərini
davam etdirdilər. Məsələn,
1940-cı ildə İrəvanda Pedaqoji İnstitutun nəzdindəki
Azərbaycan bölməsi və 2 Azərbaycan texnikumu (pedaqoji
və kənd təsərrüfatı texnikumları) fəaliyyət
göstərirdi. "Sovet Ermənistanı" qəzetində
pedaqoji texnikum haqqında deyilirdi: "1925-ci ildə yeni təşkil
olunarkən burada 30 tələbəni əhatə edən bir
sinif olduğu halda, 1940-1941-ci dərs ilində 400-dən
çox tələbəni əhatə edən 18 sinif
vardı. Yalnız 1940-1941-ci dərs ilində məktəbə
232 tələbə qəbul olunmuşdur. Məktəb
birinci buraxılışında (1928-29-cu il)
28 nəfər, ikinci buraxılışda isə (1929-30-cu il)
azərbaycanlı məktəblərinə 32 müəllim
vermişdi. 1940-41-ci dərs ilində məktəblərimizə
150 nəfər müəllimin verilməsi nəzərdə
tutulmuşdu". Ümumiyyətlə, pedaqoji texnikum
1928-ci ildən 1941-ci ilə qədər 836 müəllim, eyni
müddət ərzində məktəbin qiyabi şöbəsi
242 müəllim, həmçinin birillik müəllimlər
kursunu bitirən təxminən 150-dən artıq müəllim
hazırlamışdı. Özünün 15
illik fəaliyyəti müddətində pedaqoji məktəbin
1228 nəfər məzunu müəllim diplomuna layiq
görülmüşdü. 1947-ci ilə
qədər isə texnikumu 1370 nəfərə qədər
pedaqoji təhsilli müəllim başa vurmuşdur.
Çox təəssüf ki, ali təhsilə
rəvac verilmirdi.
Azərbaycanın bir çox görkəmli
ziyalıları: C.Məmmədquluzadə, M.S.Ordubadi,
M.Müşfiq, M.Hüseyn, Əli Nazim, Mir Cəlal, Yusif Vəzir
Çəmənzəminli, Əbülhəsən, Sabit Rəhman,
Mikayıl Rəfili, Süleyman Rüstəm və
başqaları bu təhsil ocağının qonağı
olanda ali təhsil alan tələbələri də bu
görüşlərə dəvət edirdilər. Bu təhsil ocaqları arasında sıx əlaqə
vardı.
Ümumiyyətlə, İrəvanda azərbaycanlıların
ali təhsilə cəlbinə laqeydliklə
yanaşılırdı. Xatırladırıq ki, 1936-cı
ildə Qərbi Azərbaycan məktəblərində dərs
deyən 541 nəfər müəllimdən cəmi 5-i ali təhsilli idi. Bu işə
1935-ci ildə Gümrüdə və Dilicanda təşkil
edilmiş ikiillik qiyabi pedaqoji institutların bir qədər
köməyi dəymişdi. Buraya Bakıdan dəvət
edilmiş professor Əhməd Seyidov - pedaqogikadan, Muxtar
Qasımov - marksizm-leninizmdən, Məmmədağa Şirəliyev
- Azərbaycan dilindən, Məmməd Abbasov-psixologiyadan dərs
deyirdilər. Məhz onların köməyilə
1937-ci ildə İrəvan Pedaqoji İnstitutunda Azərbaycan
şöbəsinin açılması bu sahədə müəyyən
irəliləyişin yaranmasına səbəb olmuşdu.
Bir sözlə, birinci dərəcəli məktəblərdən
tutmuş, texnikumlar, ikiillik qiyabi pedaqoji institutlar və pedaqoji
institutun Azərbaycan bölməsinədək azərbaycanlı
gənclər səylə öz təhsillərinə davam
edirdilər.
İrəvanda və eləcə də
bütün Ermənistanda azərbaycanlıların
savadlanmasına ciddi çətinlik törədən əsas
iki amil var idi. Birinci amil ondan ibarət idi
ki, min ildən artıq bir dövrdə azərbaycanlılar ərəb
əlifbası əsasında təhsil almışdılar.
Yeni təhsil sistemi isə bunu qəbul etmirdi.
Hər şeyi yenidən başlamaq lazım gəlirdi.
İkinci amil o idi ki, yerlərdə buna mane
olurdular, ermənilərin millətçiliyi asta-asta öz
işini görürdü.
1935-ci ildə Ermənistanda sovet hakimiyyətinin
yubileyi günlərində belə azərbaycanlıların təhsil
alması üçün hələ də normal şərait
yaradılmamışdı. Bu haqda "Qızıl şəfəq" qəzetində
bir sıra məqalələr də dərc edilmişdi.
Belə məqalələr vəziyyətin
ağırlığından xəbər verirdi.
Məktəblilərin işini qaydaya salmaq
üçün ali təhsillilərə
ciddi ehtiyac yenə də qalırdı. Bütün çətinliklərə
baxmayaraq, İrəvanda yaşayan Cahangir Ələkbərbəyov,
Bala Əfəndiyev, Mehdi Kazımov, Miryusif Mirbabayev, Abbas Fərəcov,
Sadıq Fərəcov, Rza Vəlibəyov, Rza Şeyxzadə, Əkbər
Rzayev, Əsgər Əsgərzadə, Rəhim Allahverdiyev, Cəfər
Vəlibəyov, Bəhlul Yusifov, Ələşrəf Bayramov,
Həbib Məmmədzadə, Əli Yüzbaşıyev, Zaman
Vəliyev, Bülbül Kazımova, Tacirə Bağırova,
Fatma Qədimova, Həqiqə Abbasova və onlarla başqa azərbaycanlı
ziyalı İrəvanda elmin, maarifin, mədəniyyətin
inkişafında yorulmadan, ləyaqətlə
çalışırdılar. Bu millətsevər
ziyalılar xalqın savadlanması üçün dərs
deməkdən əlavə, elmin, maarifin əhəmiyyəti
haqqında təbliğat aparır, məruzələr edir, məqalələr,
proqram, dərs vəsaiti və dərsliklər
yazırdılar, "Sovet Ermənistanı",
"Qızıl şəfəq" qəzetlərində
çıxış edirdilər.
Lakin azərbaycanlıların kütləvi
deportasiyası yaxınlaşırdı.
SSRİ Nazirlər Sovetinin Azərbaycan xalqına qarşı
tarixi cinayət aktı olan 1947-ci il 23
dekabr və 1948-ci il 10 mart tarixli qərarlarından sonra
köçürülməsi vacib olan obyektlərdən biri
kimi siyahıda İrəvan Pedaqoji Texnikumu ilə
yanaşı, İrəvan Pedaqoji İnstitutunun Azərbaycan
bölməsi də salındı. Köçürmə
zamanı Azərbaycanın gələcək alimləri
professor Zərifə Budaqova, professor Bağır
Bağırov, uzun müddət "Azərbaycan məktəbi"
jurnalının baş redaktoru işləmiş, əməkdar
müəllim Zəhra Əliyeva və başqaları da
öz təhsillərini Azərbaycan Dövlət Pedaqoji
İnstitutunda davam etdirməli oldular.
Bir
haşiyə: İrəvan Pedaqoji İnstitutunun Azərbaycan
şöbəsinin acı taleyindən söz açanda Azərbaycan
qadın dilçiləri arasında ilkin olaraq filologiya elmləri
namizədi adını alan, sonralar Azərbaycan SSR EA-nın
müxbir üzvü, Dilçilik İnstitutunun direktoru səviyyəsinə
yüksələn Zərifə Budaqovanın tərcümeyi-halından
bir hissəni yada salmaqla onun İrəvan Pedaqoji İnstitutu ilə
bağlı bəzi nüansları xatırlamağa ehtiyac
duyulur:
İrəvan şəhərində orta məktəbin
yeddinci sinfini bitirdikdən sonra 1942-1945-ci illərdə İrəvan
Pedaqoji Texnikumunda oxuyan Zərifə Budaqova 1946-cı ildə
İrəvan Pedaqoji İnstitutunun Azərbaycan filologiyası
fakültəsinə daxil olur. Həmin fakültə 1948-ci ildə Bakıya
köçürüləndə o, təhsilini 1949-cu ildə
Bakıda başa vurdu, elmi istiqamət götürdü və
aspiranturaya daxil oldu. O, öz elmi tapıntıları ilə
xalqımızın alim qızı kimi layiqli ad qazandı.
Başqa
bir haşiyə: Azərbaycan təhsil işçilərinin
yaxşı tanıdığı, uzun müddət Maarif
Nazirliyində Baş Məktəblər idarəsinin rəisi,
"Azərbaycan məktəbi" jurnalının baş
redaktoru işləmiş mərhum Zəhra Əliyeva 1942-ci
ildə İrəvan Pedaqoji Texnikumuna daxil olmuş və texnikumu 2
ilə bitirmişdir. O, 1946-1948-ci illərdə İrəvan
Pedaqoji İnstitutunda oxuyarkən arxivlərə də baş
vurmuşdur. Sonralar ədəbi əlaqələrlə
bağlı namizədlik işini yazarkən yenidən İrəvan
arxivlərinə müraciət etmişdir. O, Avetik
İsaakyanın arxivində bir qeydə rast gəlmişdi. Orada Avetik İsaakyanın əli ilə
yazılmışdı ki, bir qrup Azərbaycan
yazıçısı İrəvana səfərə gedərkən
Səməd Vurğun Qazaxda gecələməli olur. Onu qarşılamaq üçün Avetik İsaakyan
Dilicana gəlir. Onunla
görüşürlər, maşınla gedərkən yolun
kənarında bir çobana rast gəlirlər. Səməd Vurğun maşını
dayandırır və Avetik İsaakyandan xahiş edir ki, bu mənzərəli
yerdə bir quzu alıb bulağın başında kabab
çəksinlər. Razılaşırlar.
Səməd Vurğun quzunun pulunu çobana vermək
istəyəndə Avetik İsaakyan ona mane olur və deyir ki, əzizim
Səməd, sən qonaqsan, pulu biz verməliyik. Səməd
Vurğun isə pulu çobana uzadır və özünəməxsus
təmkin və sərtliklə, "Nə vaxtdan mən öz
torpağımda qonaq sayılıram", - deyir. Sonralar bunu qələmə
alan Avetik İsaakyan qeyd edir ki, mən onda
başa düşdüm ki,
"Yenə gördüm səni, Dilcan dərəsi,
Yadıma çox köhnə zamanlar gəlir",
- deyəndə Səməd Vurğun nəyə
işarə edirmiş (Yəni, bu yerlərin qədim Azərbaycan
torpaqları olduğunu nəzərdə tuturmuş). Sonra
Avetik İsaakyan qeydlərini aşağıdakı sözlərlə
bitirir: "Bizim nəsillər bilsin ki, S.Vurğun beynəlmiləlçi
yox, qatı millətçi olmuşdur". Zəhra
xanım bu sənədin üzünü köçürə
bilməmişdi, əlbəttə, buna imkan da verilməzdi,
ancaq məzmununu yaddaşında yaxşı saxlaya
bilmişdi. Zəhra xanımın dediyi
kimi qəzetlərimiz də bunu çap edə bilməzdi.
Məlum səbəblərdən o özü də
buna israr etməmişdir. Lakin zaman belə sirləri
saxlamır... İndi bunu hamı bilməlidir.
Zəhra xanım o illəri xatırlayaraq "Azərbaycan məktəbi"
jurnalında yazırdı: - "Azərbaycanlıların Ermənistandan
deportasiya edildiyi 1948-ci ildə İrəvan Pedaqoji
İnstitutunun nəzdində olan Azərbaycan şöbəsini
bağladılar. Yeni dərs ilinin ilk günlərindən
müəllimlərimizə və biz tələbələrə
institutun binasına daxil olmağa belə icazə vermədilər.
Tələbələrin bir hissəsi, o cümlədən mən
N.Tusi adına ADPU-da təhsilimizi davam
etdirdik, əksəriyyəti isə Azərbaycanın müxtəlif
rayonlarına köçdüyü üçün təhsilini
davam etdirə bilmədilər" ("Azərbaycan məktəbi",
1998, ¹ 1).
Zəhra Əliyevanın
yazdığına görə, o zaman bu tələbələrin
taleyi ilə maraqlananlar az olsa da, APİ-də
kafedra müdiri işləyən professor Mehdi Mehdizadə bu tələbələrin
aqibəti ilə çox maraqlanırmış. Hətta İrəvan şəhərindən zorla
köçürülən tələbələrin qrupunda
pedaqogikadan mühazirəni o özü oxuyurmuş. O bu
tələbələrə çox qayğıkeşliklə
yanaşırmış.
Beləliklə, rəsmi bir qərarla
dövlət siyasətinin nəticəsi olan soyqırımla
azərbaycanlıların ali təhsil almaq
məsələsinə son qoyuldu. Lakin tarix təkrar
olunur. İrəvan ziyalıları
deportasiyadan əvvəlki vəziyyətə qayıtmaq
üçün əzmlə çalışırdılar.
Bu məqsədlə yuxarı distansiyalara
çoxlu ərizələr gedirdi. O da məlumdur ki,
deportasiyadan sonra Ermənistanda yüz minlərlə azərbaycanlı
qalırdı, həm də 1948-1953-cü illər
deportasiyası Stalinin ölümündən sonra
dayandırılmışdı. Hətta azərbaycanlıların
bir qismi yenidən Ermənistana qayıdırdı. Ermənilərin millətçi-şovinist əhvali-ruhiyyəsi
də bir qədər mülayimləşmişdi. Stalinin ölümündən sonra imperiyanın siyasətində
də dəyişiklik əmələ gəlmişdi. Ona görə də, 1954-cü ildə İrəvan
Pedaqoji İnstitutu nəzdində yenidən Azərbaycan
şöbəsi açıldı. İki fakültəyə:
Azərbaycan dili və ədəbiyyatı, fizika-riyaziyyat
fakültələrinə qəbul üçün "Sovet
Ermənistanı" qəzetində elan verildi. Hər fakültə üçün 25 nəfər
planlaşdırılmışdı. Çoxdan
bəri bunu gözləyən azərbaycanlı gənclərinin
sevincinin hədd-hüdudu yox idi. Bakıya
gəlməyə imkanı olmayanlar üçün bu vəziyyət
lap göydəndüşmə olmuşdu. Təşkilati məsələlər
başlandı. İrəvandakı
ziyalıların instituta müəllim kimi cəlb edilməsi
birinci addım oldu. İrəvanın
çox hörmətli ziyalıları bunu rəğbətlə
qarşıladılar. İrəvan
ziyalıları instituta üz tutdular. Ermənistanda nəşr
olunan "Qızıl şəfəq" qəzetinin, həmçinin
"Sovet Ermənistanı" qəzetinin baş redaktoru
olmuş, bir neçə çağırış Ermənistan
Ali Sovetinə deputat seçilmiş Rza Vəlibəyov
(1903-1974) bu işə həvəslə qoşuldu və o,
İrəvan Pedaqoji İnstitutunun Azərbaycan bölməsinin
ilk müəllimlərindən biri oldu və burada siyasi iqtisad
fənninin tədrisi ona həvalə edildi. Eləcə də
Azərbaycan pedaqoji ictimaiyyətinə yaxşı
tanış olan Ermənistan Ali
Soveti sədrinin müavini, "Sovet Ermənistanı" qəzetinin
baş redaktoru Məhərrəm Bayramov xarici ədəbiyyatın
tədrisini üzərinə götürdü. Çox təəssüf ki, onun da həyatı faciə
ilə nəticələndi. Tanınmış
rəssam, 500-dən çox əsərin müəllifi Cabbar
Quliyev də Azərbaycan şöbəsində dərs
aparırdı. "Sovet Ermənistanı"
qəzetinin baş redaktorunun müavini Sabir Əsədov isə
fəlsəfə dərslərini aparırdı. Mərd, cəsarətli bir insan olan Sabir müəllim
bu institutun Azərbaycan bölməsinin nüfuzunun qorunub
saxlanmasına çox böyük səy göstərmişdi.
Onun bu sahədəki xidmətləri hörmətlə
yad edilir. Uzun müddət İrəvan
Pedaqoji Texnikumunun direktoru işləmiş Bəhlul Yusifov da
Azərbaycan bölməsinin aparıcı müəllimlərindən
biri idi. Azərbaycan bölməsində bunlardan əlavə,
filologiya elmləri doktoru Əkbər İrəvanlı, Əli
Dalqılıçov, Adil Süleymanov, Fərrux Rzayev,
Mikayıl Heydərov, Lətif Hüseynzadə, Məhərrəm
Hüseynov, Arzuman Qəmbərov kimi irəvanlı alimlər
də çalışırdılar. Ümummilli
liderimiz Heydər Əliyevin müəllimi olmuş Lətif
Hüseynzadənin xidmətləri də danılmazdır.
Tələbələri onu indi də yaddan
çıxarmırlar. Lakin iki
buraxılışdan sonra fizika-riyaziyyata qəbul
dayandırıldı. Az sonra, yəni
1958-ci ildə Azərbaycan dili və ədəbiyyat fakültəsinin
də profilində dəyişiklik edildi və ədəbiyyatla
yanaşı, onlara tarix ixtisası da verildi.
Qədim tarix üzrə əhəmiyyətli
lüğət hazırlamış və Herodotun əsərlərini
Azərbaycan dilinə tərcümə etmiş görkəmli
alim, ADU-nun professoru, kafedra müdiri Mehdi Erivanski İrəvan
Pedaqoji İnstitutunda mühazirə oxumağa dəvət
edilmişdi. O, eyni zamanda Mahaçqala və
Pyatiqorskinin ali məktəblərində də
mühazirə oxuyurdu. Onun tələbəsi olmuş
AMEA-nın Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir
üzvü, professor Yaqub Mahmudov xatırlayır ki, "O,
gözəl pedaqoq, alim olmaqla yanaşı, həm də
çox milli adam idi". Belə
bir adamın İrəvan Pedaqoji İnstitutunda dərs deməsi
böyük hadisə idi. 1950-ci ildə İrəvan
Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini bitirən
mərhum lüğətşünas İbrahim Xəlilovun
dediklərindən: "1957-58-ci illərdə Mehdi Erivanski bizə
İrəvan Pedaqoji İnstitutunda dərs deyirdi. Bir gün yay aylarında imtahandan sonra İrəvanın
təxminən 25-30 km-də yerləşən Dərəçiçək
kəndinə getdik. Xoş bir məclisdən sonra Mehdi
müəllim oturmuş vəziyyətdə əli ilə ətrafdakı
təpələrin üstündəki sarayları göstərib
dedi: "Bunlar babamın mülkləridir, yay aylarında gəlib
burada dincəlirdik". Azərbaycan dili və ədəbiyyat
bölməsində professor Knyaz Mirzəyev də
aparıcı şəxsiyyətlərdən
sayılırdı. O, həm də formal da olsa, dekan
müavini vəzifəsini aparırdı. Hazırda
o, Almatı Dövlət Universitetinin professorudur, akademikdir.
Azərbaycan bölməsinin müəllimlərindən
professor Hüseyn İsmayılov İrəvandan gələndən
sonra Azərbaycan MEA-nın Folklor İnstitutuna
başçılıq etmişdir. Adıçəkilən
müəllimlər Azərbaycan bölməsini, demək olar
ki, öz gücləri hesabına yaşada bilirdilər.
Onlar qorxmadan, çəkinmədən axır
günlərə qədər öz mübarizliyindən əl
çəkmədilər. Sonralar isə, təbii
ki, onlar yenə həyatda öz yerlərini tutdular. Azərbaycan dili kafedrasının müəllimi Aida
Salahova hazırda Azərbaycan Dövlət Neft Akademiyasında
kafedra müdiridir. Biologiya müəllimi
Arzuman Qəmbərov Təhsil Problemləri İnstitutunun
aparıcı elmi işçisidir. Filologiya
elmləri namizədi Məsim Məmmədov, dosent Həsən
Səfərov dünyasını dəyişmişlər.
İrəvan Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsinin
məzunları da öz iş yerlərində sayılıb,
seçilən kadrlar kimi tanınmışlar. İlk
məzunlardan olan Məmməd Kərimov uzun müddət Azərbaycan
Milli Ensiklopediyasında şöbə müdiri,
ensiklopediyanın redaktorlarından biri olmuşdur. Nəsilli-nəcabətli bu şəxsin atası Məmmədrəhim
müəllim özü də İrəvan Pedaqoji Texnikumunun
ilk məzunlarından biri kimi, öz kəndlərindəki
ibtidai məktəbin əsasını qoymuşdu. Məzunlardan Rəşid Quliyev Amasiya rayonunda ən
qabaqcıl məktəblərdən birinin direktoru olmuşdur.
1988-ci il hadisələrindən sonra da o
Bakı şəhəri Qaradağ rayonunda məktəb
direktoru işləmişdir. Onun böyük
qardaşı Ənnağı İrəvan Pedaqoji Texnikumunun
məzunu, digər qardaşı Əli İrəvandan
köçürülən Xanlar Pedaqoji Məktəbinin məzunu
olmuşdur. Rəşid müəllim Qərbi
Azərbaycanda böyük ənənələri davam etdirən
maarif işçisi kimi tanınırdı. 60 illiyi münasibətilə Rəşid müəllim
Azərbaycan Respublikası təhsil naziri Misir Mərdanovun
imzası ilə Fəxri fərmanla təltif edilmişdir.
Tarix-filologiya fakültəsinin məzunlarından Yunis Yusifov,
Eldar Sadıqov, Yunis Məmmədov, Rəşid Talıbov
(Aşıq Ələsgərin nəvəsi), Hüseyn Əmirov,
Knyaz Əyyubov, Xurşud Məmmədov, Tariyel Tağıyev,
İskəndər Mirzəliyev və başqaları müxtəlif
vəzifələrdə çalışmış,
onların bir qismi dissertasiya müdafiə edərək elmlər
doktoru, elmlər namizədi adını almışlar.
Təxminən on il
sonra, yəni 1963-cü ildə İrəvan Pedaqoji
İnstitutunun tarix-filologiya fakültəsinə qəbul
dayandırıldı, yalnız ibtidai sinif müəllimi
hazırlayan 25 nəfərlik qrup saxlandı. Buraya
yenə də Bakıdan müəllimlər dəvət
olunurdu. Azərbaycan EA-nın müxbir üzvü Maqsud
Cavadov, Azərbaycan alimlərindən: Zeynal Tağızadə,
Azər Hüseynov, Həmid Əliyev, Elməddin Əlibəyzadə,
Mehdi Erivanski kimi alimlər tez-tez İrəvana ezam olunur, bir
müddət orada qalır, ixtisasları üzrə dərs
aparırdılar. Hər dəfə onların gəlişi
bu instituta yeni ab-hava gətirirdi.
İrəvan Pedaqoji İnstitutunun rəhbərliyini
isə bunlar az maraqlandırırdı. Ona görə də bəzi dərslər boş
keçir, nəticədə tədrisin keyfiyyəti aşağı
düşür, Azərbaycan bölməsinin mövqeyini zəiflətmək
siyasəti davam etdirilirdi.
Bir faktı qeyd etmək yerinə
düşər ki, Azərbaycan bölməsinə rəhbərlik
erməni bölməsinin dekanlarına
tapşırılmışdı. Azərbaycan bölməsini illər boyu
"yamaq" kimi sıxışdırırdılar. Tələbələr
hər bir adi məsələ üçün yalnız
milliyyətcə erməni olan dekana müraciət etməli
idilər. Azərbaycan bölməsi müəllimlərinin
təşkilati işlərə qarışması yalnız
onların vasitəsilə mümkün olurdu.
Daim təqiblərə məruz qalan İrəvan
Pedaqoji İnstitutunun Azərbaycan bölməsinin ən
ağır günləri yaxınlaşırdı.
XX əsrin 80-ci illərinin ortalarından etibarən
keçmiş SSRİ məqamında və ilk növbədə
Ermənistan SSR ərazisində antiazərbaycan, antitürk təbliğatı
gücləndirildikdə ermənilər öz çirkin niyyətlərini
açıq-aşkar reallaşdırmağa imkan tapdılar.
Nəticədə Ermənistan SSR ərazisindən,
öz tarixi etnik torpaqlarından - 185 kənddən və
başqa yaşayış məntəqələrindən 250
min azərbaycanlı qovuldu. Ermənistan
SSR monoetnik bir qondarma "dövlət"ə çevrildi.
1988-ci il Dağlıq Qarabağ hadisələri
İrəvan Pedaqoji İnstitutunda toplanmış
daşnakların da iç üzünü açdı, gizli
düşmənçilik hissləri baş qaldırdı. Onlar mübarizənin açıq formasına
keçdilər.
İrəvan
Pedaqoji İnstitutunda Azərbaycan dili dərslərini
aparmış, 1988-ci il hadisələrinin
canlı şahidi olmuş, hazırda Azərbaycan Dövlət
Pedaqoji Universitetində filologiya fakültəsinin dekan
müavini işləyən, dosent Məhərrəm
Hüseynovun dediklərindən:
- Dağlıq Qarabağ hadisələri
başlanana qədər Azərbaycan şöbəsinə
biganəlik örtülü şəkildə gedirdi.
Hər il 25 nəfər azərbaycanlı
tələbənin qəbuluna onlar müxtəlif yollarla
maneçilik törədirdilər. Qəbul
imtahanlarını ixtisas fənlərindən azərbaycanlılar,
xarici dildən isə ermənilər götürürdülər.
Xarici dil sona saxlanılırdı. Əvvəlki imtahanlardan qiymət alanlara məhz bu
imtahanda divan tutulurdu. Abituriyentlərin
çoxuna qeyri-müvəffəq qiymət verilirdi. Ona
görə də hər il qəbul
planı dolmurdu. Boş yerləri isə erməni
bölməsinə verirdilər. Hər il
axıra 18 nəfərdən artıq qalmırdı. 1988-ci il qəbulunda isə vəziyyət daha da
ağırlaşdı. Saqqallılar
imtahanın gedişinə müdaxilə edirdi. Bir də görürdün ki, bir neçə
saqqallı imtahana girir, azərbaycanlı tələbələrin
üst-başını gəzir, onları təhqir edirdilər.
Onların bu təzyiqinin nəticəsi idi ki, həmin il cəmi 9 nəfər müvəffəq qiymət
ala bilmişdi. Məlumdur ki, onlara da burada oxumaq
qismət olmadı. Vəziyyət isə
günü-gündən ağırlaşırdı.
Sumqayıt hadisələrindən sonra keçirilən bir
yığıncaqda SSRİ xalq artisti, kinorejissor Henrix Malyan
açıq-aşkar bildirdi ki, əgər Bakının ali məktəblərində
erməni bölməsi yoxdursa, İrəvanda niyə belə
bölmələr saxlanmalıdır. Ona qocaman professorumuz
Knyaz Mirzəyev çox kəskin cavab verdi.
O dedi ki, Bakı ali məktəblərində
həmişə erməni bölmələri olubdur. Lakin Stepanakertdə (Xankəndində) ayrıca
pedaqoji institut yaradılanda o bölmələr bu instituta
köçürülmüşdür. Onlar
isə öz qərəzli iddialarından əl çəkmirdilər
və açıq-açığına deyirdilər ki,
artıq SSRİ yoxdur, daha heç kəs bizi türklərlə
dostluq etməyə məcbur edə bilməz. Ermənistanı Qarabağ Komitəsi idarə edirdi.
Belə günlərdə
çağırılan Elmi Şuranın iclaslarının
birində Nalbandyan familiyalı bir alim tələb etdi ki,
Sumqayıtda baş verən hadisələr üçün
azərbaycanlı müəllimlər erməni xalqından
üzr istəsinlər. Qocaman professor Fərrux Rzayev
çəkinmədən ayağa durdu və "hələ
bilmək olmaz kim kimdən üzr istəməlidir",
- cavabını verdi. Artıq bıçaq
sümüyə dirənmişdi. Pedaqoji
İnstitutun Azərbaycan bölməsi son günlərini
yaşayırdı. Pedaqoji İnstitutun
Elmi Şurasında Azərbaycan bölməsinin bağlanması
məsələsi qoyuldu. Lakin bizim arqumentlərimiz
onlarınkından daha tutarlı olduğu üçün
Elmi Şura Azərbaycan bölməsini bağlamaq qərarını
açıq qoydu. Yəqin
düşünürdülər ki, onsuz da bu bölmə
öz fəaliyyətini dayandıracaqdır. Bütün bunlar isə ermənilərin şovinist
fikirlərinin cücərməsinə hər gün münbit
şərait yaradırdı.
Bakıda, Azərbaycan Pedaqoji
İnstitutunda isə uzun illər erməni bölməsindəkilərə
qayğı ilə yanaşılırdı.
Hətta sonra bu bölmə genişləndirilərək
Xankəndində müstəqil pedaqoji institut kimi fəaliyyət
göstərdi. Əlbəttə,
bütün bunlar tarixdə ermənilərlə azərbaycanlıların
hər birinin bir millət kimi hansı səviyyədə
dayanmalarına ən tutarlı sübut kimi qalacaqdır və
tarix bunlara öz həqiqi qiymətini verəcəkdir. Çox təəssüf ki, bu kiçik
yazımızda Azərbaycan bölməsinin tarixinə dair əlçatmaz
faktlara istinad edə bilmədik. Lakin nələrisə
unutmamaq üçün deməyi lazım bildik.
Əminik ki, Qərbi Azərbaycanda məktəb,
təhsil məsələləri milli tariximizin şanlı səhifələri
kimi hələ bundan sonra da öyrəniləcək, ermənilərin
məkrli niyyətlərinə obyektiv qiymət veriləcəkdir.
Nəcəf
NƏCƏFOV,
ADPU-nun
Azərbaycan ədəbiyyatı
tarixi kafedrasının dosenti,
Azərbaycan
Jurnalistlər Birliyinin
üzvü, əməkdar
müəllim,
akademik M.Mehdizadə və
"Qızıl
qələm" mükafatları laureatı
Azərbaycan
müəllimi.- 2013.- 1 mart.- S.7.