Mənim doğma dilim - ana dilim!
Heç təsadüfi deyildir ki, hələ
XV əsrdə Azərbaycanı
birləşdirib qüvvətli
bir dövlət yaratmış, Azərbaycan
dilini də dövlət dili elan etmiş Şah İsmayıl Xətai zamanından başlayaraq Azərbaycan dilinin nüfuz dairəsi artmış, rəsmi dillər sırasında xüsusi yer tutmuş və inkişaf etmişdir. Həm Şah İsmayıl Xətai, həm də onun müasirləri
çox sadə, ahəngdar bir dildə "Dəhnamə",
"Nəsihətnamə" və "Leyli və Məcnun", M.P.Vaqifin qoşmaları kimi əsərlər yaradaraq bədii dilimizin möhkəm özülünü qoymuşlar.
Məhz XVI əsrdə Məhəmməd Füzuli
də bu yolu davam etdirmiş,
xüsusi ustalıq nəticəsində Azərbaycan
sözləri və Azərbaycan dilinin qrammatik quruluşu əsasında dilimizin klassik nümunələrini
yaratmışdır.
Mövzunun adından da görünür ki, söhbət dildən, dilimizin gözəlliyindən, onun
musiqililiyindən, doğma
dilimizin qorunub saxlanmasından gedir.
Bildiyiniz
kimi, Azərbaycan dili türk dilləri qrupuna daxildir. M.Ə.Rəsulzadə
haqlı olaraq deyir: "gözəl ilə böyüyə - türk, gözəllik ilə böyüklüyə
- türklük, gözəl
və böyük sözə - türkcə,
gözəllik və böyüklük diyarına
- Türküstan" deyilir...".
Baxmayaraq ki, dilimiz
bu qədər əzablı yollar keçib, artıq püxtələşib, o, bir
sərvətə çevrilmişdir,
özü də mənəvi sərvətə.
Bu baxımdan M.Füzulinin
Azərbaycan dilinin poeziya dili üçün
çətin olduğunu
deyənlərə qarşı
fikrini poetik şəkildə belə ifadə edir:
"Məndə tövfiq olsa bu düşvari asan eylərəm,
Növbahar olğac dikəndən bərgi-gül
izhar olur".
Hər il 21 fevral
bütün dünyada
Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. YUNESKO-nun təsis etdiyi bu günün qeyd olunmasında məqsəd dünyada dillərin qorunub saxlanmasına diqqəti cəlb etməkdir. Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən
dillərin qorunması
məqsədilə hər
il keçirilən Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək,
onunla qürur duymaq, onu qorumaq,
inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır.
Ən sadə şəkildə desək, dil ünsiyyət vasitəsidir,
eyni zamanda dil millətin simasını səciyyələndirən
amillərdən biri, bəlkə də birincisidir. O, hər hansı bir xalqın varlığının
təzahürü, onun
milli sərvəti, qan yaddaşıdır. Bu mənada, dilimizin
dövlət dili statusu qazanması, həqiqətən, qürur
gətirən tarixi hadisədir. Bu gün dilimizin dövlət statuslu dillər arasında olmasına görə dilimizin mənəvi saflığı uğrunda
misilsiz xidmətlər
göstərmiş, "Dilimiz
çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz
ana dilimi çox sevir və bu dildə
danışmağımla fəxr
edirəm" deyən
ümummilli lider Heydər Əlirza oğlu Əliyevə minnətdar olmalıyıq.
Ona görə minnətdar olmalıyıq ki, ümummilli lider bir zamanlar öz
dilində danışmağı
ar bilən kəsləri, hətta rəsmi dairələrdə
belə ana dilində - öz doğma dilində danışmağa məcbur
etdi. Onları başa saldı
ki, hər bir kəs əvvəl
öz dilini incəliyinə qədər
bilməli, duymalı,
sevməli və sevdirməyi bacarmalıdır.
Mən özüm məktəb direktoru olmağımdan savayı,
həm də filoloq, metodist alim, bir müəllim
kimi gələcəyimiz
olan balalarımızın
dilinin saflığı,
təmizliyi uğrunda
mübarizə aparıram.
Dünyanın ana dili uğrunda belə qətiyyətlə mübarizəyə
qalxması çox mühüm əhəmiyyət
kəsb etdiyindən, həm nitqimizdə, həm də yazılarımızda ədəbi
dilin tələblərinə
tabe olmaq, onun qayda-qanunlarına əməl etmək hər birimizin müqəddəs müəllimlik,
vətəndaşlıq borcumuzdur.
Dil insanın mənəvi aləminin əks-sədasıdır.
Ulu Tanrının insana bəxş etdiyi ən ecazkar və qüdrətli nemətidir. Dil hər
bir millətin, xalqın varlığı
deməkdir. Öz doğma
dilimiz olan ana dili - Azərbaycan
dili isə bizim üçün mövcud olan dillərin sırasında
ən möhtəşəmidir.
Ona görə də dilin şirinliyi, təbiiliyi bu gün də qorunub saxlandı. Heç şübhəsiz,
əgər müəllim
olmasa, heç birimiz cəmiyyətdə
tutduğumuz yeri tuta bilməz, fəaliyyət göstərə və
dilimizi qoruyub saxlaya bilməzdik.
Həyat göstərdi ki, Heydər Əliyev bütün ömrü boyu Azərbaycan dilinə məhz millətin taleyi kimi yanaşaraq,
onu sevməklə bərabər, keşiyində
mərdliklə dayandı,
nüfuzunu qaldırdı,
tərəqqisi üçün
illərlə mübarizə
apardı və istəyinə nail oldu.
Dərk etdirdi ki, sözün qədrini bilmək, hər sözü yerində işlətmək,
az sözlə
bütöv bir fikri ifadə etmək mümkün və daha gözəldir.
Necə ki, Səfəvi hökmdarı
qüdrətli şair
Şah İsmayıl Xətai bir qoşmasında sözün
qüdrətini tərif
edir, xalq arasında çox yayılmış və yerində işlənmiş
hikmətli sözlərin
qədrini bilməyə
çağırırdı:
Sözünü bir söyləyənin,
Sözünü edər sağ bir söz,
Pir nəfəsin
dinləyənin,
Yüzünü edər ağ
bir söz.
Söz vardır kəsdirər başı,
Söz vardır kəsər savaşı.
Söz vardır ağulu aşı,
Bal ilən
edər yağ bir söz.
İstər dərs prosesində, istərsə
də yığıncaqlarda
şagirdlərimizə çatdırıram
ki, ana dili
anamızın dili, müqəddəs varlığımızın
dilidir. Bu dildə yazılmış
gözəl əsərlərimizi
oxuyun, mütaliə edin, öyrənin. Ana dilindən bəhs
edən əsər həmişə müasirdir.
Ana dilimizi lazımsız
söz axınlarından
qorumaq lazımdır.
Ulu öndər Heydər Əliyevin sözlərini
onların yadına salıram, "Musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini təsdiq
edən onun dilidir. Əgər Azərbaycan dili
olmasa, Azərbaycan dilində ədəbiyyat da olmaz, Azərbaycan
dili olmasa, Azərbaycan dilində mahnılar da olmaz, musiqi də
olmaz". Bütün bunları
qoruyub göz bəbəyi kimi saxlamaq, yadlara verməmək, öz milli adət-ənənələrimizi
yaşatmaq şagirdlərin
üzərinə düşür.
Azərbaycan dilinin ahəngdarlığı,
poetik vüsəti təkcə azərbaycanlılar
tərəfindən deyil,
qədirbilən digər
xalqlar tərəfindən
də yüksək qiymətləndirilir. Məsələn, gürcü
şairi Georqi Leonidzenin Səməd Vurğun poeziyası haqqında dediyi sözləri xatırlamaq
kifayətdir:
"Səməd Vurğun Azərbaycan Sovet poeziyasının balı və südü, duzu və çörəyidir,
öz xalqının canlı təcəssümüdür.
Onun parlaq, qüdrətli istedadı önündə
baş əyirəm.
Səməd Vurğunun adı
bizim hamımıza yaxın və əzizdir. Onun poeziyasının sönməz şəfəqi
Azərbaycan və gürcü xalqlarının
nəhayətsiz dostluğu
yolunda əbədi şölə saçacaqdır".
Bu sözlər Səməd Vurğunun poetik dilinə - Azərbaycan dilinə verilmiş yüksək qiymətdir. Bu yüksək qiyməti saxlamaq isə bizim mənəvi
borcumuzdur.
Azərbaycan
dili dövlətçiliyin əsas rəmzi
kimi qiymətləndirildiyindəndir ki, bu qədər qərarlar,
sərəncamlar verilir. Biz
də dilimizin keşiyində mətin
durmalı, iri addımlarla Azərbaycanımız
naminə irəli getməliyik.
Elmira
İSMAYILOVA,
275 nömrəli tam orta məktəbin
direktoru, pedaqogika üzrə fəlsəfə
doktoru
Azərbaycan
müəllimi.- 2013.- 1 mart.- S.8.