Azərbaycan
təhsilinin uğurları
İntel Beynəlxalq Elm və
Mühəndislik Sərgisinin mükafatçıları olan əkiz
qardaşlar
Əkizlər Yaradanın bir möcüzəsidir.
Əkiz övladların valideyni olmaq isə həm də
Tanrı tərəfindən mükafatlandırılmaq deməkdir.
Akademik Zərifə Əliyeva adına liseyin 11-ci sinif şagirdləri Elxanla
Orxanı anaları Gülarə xanımın yanında
görəndə "sanki bir
almanı iki yerə bölüblər" deyimini
xatırladım. Bu əkiz qardaşları bir-birindən
ayırmaq çətindir. Əgər onları
ayrı-ayrılıqda görsəydim, eyni qardaşla
görüşdüyümü zənn edərdim. Boyları
bir, görkəmləri bir, səsləri bir... Ürəyimdə:
"Tanrı sizi qorusun" - dedim. Söhbətə
qardaşından cəmi bir neçə dəqiqə
böyük olan Elxanla başladıq:
Elxan: -
Mən, Məmmədov Elxan
Elşən oğlu, 30 oktyabr 1996-cı ildə Bakı
şəhərində anadan olmuşam. Orxan mənim əkiz
qardaşımdır.
-
Valideynləriniz hansı sənətin
sahibidirlər?
Elxan: - Atam hərbiçidir, anam isə
kimyaçı. O, AMEA-da elmi işçi vəzifəsində
çalışır.
Bizdən böyük Turan adlı bir qardaşımız
da var. O, xarici ölkələrin birində əczaçılıq
üzrə ali təhsil alır.
- İlk təhsil illəriniz?
Elxan: - Biz birinci sinifdən
dördüncü sinfi bitirənə kimi Bakının Yasamal
rayonundakı 153 nömrəli orta məktəbdə,
beşinci sinifdən doqquzuncu
sinfə keçənə kimi isə İlyas Əfəndiyev
adına "Elitar" Gimnaziyada oxumuşuq. Doqquzuncu sinifdən akademik
Zərifə Əliyeva adına liseydə təhsil
alırıq. Hazırda 11-ci
sinifdəyik.
- Məktəbdə
hamı hər ikinizi
nizam-intizamlı, tərbiyəli, dərs əlaçısı,
nümunəvi şagird kimi tanıyır. Sizin
başqalarından seçilməyiniz
ailənizlə bağlıdır, yoxsa məktəblə?
Orxan: -
Mənə elə gəlir ki, hər ikisi, yəni, ailə də,
məktəb də şagirdin təhsilində,
dünyagörüşünün formalaşmasında
mühüm rol oynayır.
Elxan: -
Doqquzuncu sinfə qədər bizimlə evdə valideynlərimiz
də məşğul olurdular. İndi oxuduğumuz liseyə
keçdikdən sonra bizim dərslərimizlə ancaq məktəbin
müəllimləri məşğul
olur.
-
Heç "4" qiymət aldığınız vaxt olubmu?
Orxan: -
Doqquzuncu sinfə qədər bir, ya da iki dəfə olub. Onda
da özümüz- özümüzü danlamışıq
ki, niyə belə oldu?
Elxan: -
Öz üzərimizdə işləməklə, daha ciddi
çalışmaqla az bir
zamanda vəziyyəti düzəltmişik.
-
Hansı müəllimin əməyi üzərinizdə daha
çoxdur?
Elxan: -
Məktəb müəllimlərimizin hamısının əməyi
üzərimizdə böyükdür. Onları bir-birindən
seçmək, fərqləndirmək çətindir.
Orxan: -
Biz onuncu sinfə qədər şahmatla da məşğul
olmuşuq. Elxan və mən şahmat üzrə birinci dərəcəni
qazanmışıq. Bizim bir şahmat müəllimimiz
vardı. O, şahmatın sirləri
ilə yanaşı, həm də həyatdakı çətin
situasiyalardan necə çıxmağı da bizə başa
salırdı. Məsələn, hansısa şahmat
kombinasiyalarını həyatla bağlayır və düzgün yol seçməyin
qaydalarını öyrədirdi.
-
Hansı ixtisas üzrə ali məktəbə gedəcəyinizi
müəyyənləşdirmisiniz?
Elxan: -
Biz artıq doqquzuncu sinifdən
öz seçimimizi etmişik. Hər ikimiz kompüter
mühəndisi olmaq arzusundayıq. Liseyimizdə hər bir
ixtisas üzrə xüsusi qruplar yaradılıb. Biz birinci
ixtisas qrupunu seçdiyimiz üçün, dərs prosesində
də əsas texniki fənlərə üstünlük verilir.
- Niyə
məhz kompüter mühəndisi olmağı qərarlaşdırmısınız?
Orxan: -
Hər şey atamızın biz birinci sinfə gedəndə
evə kompüter alıb gətirməsi ilə
başladı. Biz kompüterdə necə işləməyi,
proqramlaşdırmanı, qrafikanı çox erkən
yaşlarımızda öyrəndik.
Kompüterdə məşğul olduqca onun necə
"savadlı" olmasına təəccüblənməklə
yanaşı, eyni zamanda fikirləşirdik ki, hər halda, bu
cihazın özü də insan beyninin məhsuludur. Bizi
kompüter mühəndisi olmaq fikrinə məhz kompüterin
özü yönəldib.
Elxan: -
Biz yalnız kompüter mühəndisliyini
yox, digər sferalar üzrə də
mühəndisliyi bacarmaq arzusundayıq.
Orxan: -
Məsələn, neft üzrə
mühəndisliyi də...
Elxan: -
Həyatda ən böyük arzum
budur: Mən gələcəkdə elə bir mütəxəssis olmaq istəyirəm ki, öz övladlarımı ən
müasir səviyyədə təmin edə bilim, onları cəmiyyət üçün savadlı, layiqli
bir vətəndaş kimi yetişdirə bilim. Elə bir həyat
yaşayım ki, heç bir zaman təəssüflənməyim.
-
Şagirdin ən böyük vəzifəsi nədir?
Elxan: -
Mən belə hesab edirəm ki, dərslərini yüksək
səviyyədə oxumaq, olimpiadalarda, yarışlarda daha da böyük nailiyyətlərə imza atmaq.
-
Bildiyimə görə hər
ikiniz ötən ilin may
ayında Amerikada beynəlxalq olimpiadada iştirak etmiş,
oradan mükafatla qayıtmısınız.
Orxan: -
İntel Beynəlxalq Elm və Mühəndislik Sərgisində
(ISEF) iştirak etmişik. Əvvəlcə respublika
müsabiqəsində birinci olduq.
2012-ci
ilin fevral ayında keçirilmiş
seçim turunda isə bizi seçdilər ki, Amerikanın Pensilvaniya
ştatının Pitsburq şəhərinə gedib orada Azərbaycanı
təmsil edək.
Elxan: -
2011-ci ildə Amerikada keçirilən olimpiadada Azərbaycan müşahidəçi kimi
iştirak etmişdi. Həmin müşahidəçilər
məktəbimizə gəlib
olimpiada barədə bizi məlumatlandırdılar. Bu məlumatlar
bizi çox maraqlandırdı və
hazırlaşıb həmin bu müsabiqədə
iştirak etməyi qərara aldıq.
Orxan: - Beləliklə, 2012-ci ilin may
ayında biz Amerikaya getdik. Müsabiqənin yekununda iki
cür təltif vardı. Birinci təltifdə, məsələn,
mühəndislik üzrə kim fərqlənsə, onlara tutaq
ki, beş nəfərə birinci yer, beş nəfərə
ikinci yer, beş nəfərə də üçüncü
yer verilirdi və s.
İkinci təltifdə isə hansısa
kompaniyalardan nümayəndələr
bu müsabiqəyə gəlirdilər, baxırdılar
iştirakçıların
layihəsinə, sual-cavab keçirirdilər, əgər hər hansı bir layihə
onları maraqlandırırdısa, onlar layihənin müəllifinə
priz, sertifikat və pul mükafatı verirdilər. Təqdim
etdiyimiz layihəyə görə, Amerikanın Geofizika
Araşdırmalar Cəmiyyəti
bizi sertifikatla və 1000 ABŞ dolları məbləğində
pul ilə mükafatlandırdılar. Bundan əlavə,
bizi bu cəmiyyətə gənc
üzvlər kimi qəbul edib, üzvlük kitabçaları
ilə də təltif etdilər.
- Amerika ilə bağlı təəssüratlarınız?
Elxan: - Biz ilk gün orada öz layihəmizi
yerləşdirdik. Həmin
günün sonunda təntənəli bir görüş keçirildi.
Bütün iştirakçılar
çox böyük bir konsert zalına dəvət
edilmişdi. Zalda hər bir
iştirakçının təmsil
etdiyi ölkənin adı çəkilirdi.
Respublikamız o müsabiqədə
birinci dəfə iştirak etdiyindən ilk dəfə Azərbaycanın
adı həmin görüşdə səsləndirildi.
Görüşdən əvvəl
demişdilər ki, Azərbaycan haqqında bizə bir
"poster" çəkin.
Biz o "posteri" çəkdik və bizi çox dostcasına
qarşıladılar.
- Qarşıda orta məktəbin
buraxılış və ali məktəbin qəbul
imtahanları gəlir. Narahat deyilsiniz ki?
Elxan: - Mən öz biliyimə
arxayınam. Ona görə ki, doqquzuncu sinifdən başlayaraq
məktəbimizdə keçirilən bütün sınaq
imtahanlarında iştirak etmişəm və hər dəfə
yüksək bal toplamışam.
Orxan: - Mən də həmçinin.
Sınaq imtahanlarında bəzən Elxan məndən 20-30 bal
artıq toplayıb, bəzən də mən Elxandan
artıq bal toplamışam.
- Adətən evdə dərslərinizə
ayrı-ayrı hazırlaşırsınız, yoxsa birlikdə?
Elxan: - İkimiz də zalda otururuq, amma hərə öz dərsi
ilə məşğul olur. Təbii ki, qarşımıza
sual çıxanda bir-birimizdən soruşuruq. Çətinliyə
düşəndə də bir-birimizə kömək edirik.
- Orxan, bayaq Elxan ən böyük
arzusundan söz açdı. Bəs sənin arzuların?
Orxan: - Mənim ən böyük arzum ali
təhsil aldıqdan sonra böyük bir korporasiya yaratmaq, ona rəhbərlik
etməkdir. Bu gün isə bizim əsas vəzifəmiz
çalışmaq, yüksək göstəricilər əldə
etməkdir. Ancaq mən "məktəb-ev", "ev-məktəb" prinsipinin də
əleyhinəyəm. Şagird dərs oxumaqla yanaşı,
tam inkişaf etmiş, səviyyəli,
dünyagörüşlü olmaq üçün dərsdən
sonra idmana, musiqiyə, şahmata və sairə lazımlı
sahələrə də vaxt ayırmalıdır.
- Sən özün hansısa dərnəyə
getmisən?
Orxan: - Bəli, yeddinci sinfə kimi radio dərnəyinə
getmişəm, onuncu sinfə qədər də şahmata...
- Dostlarınız eynidir, yoxsa hər kəsin öz ətrafı
var?
Elxan: - Biz üç qardaş, Turan, Orxan
və mən bir-birimizin ən yaxın dostlarıyıq.
Arzumuz da, sevincimiz də birdir.
- Orxan, bəs sənin Amerikadakı təəssüratların?
Orxan: - Orada birinci gün iki hissədən
ibarət bir görüş keçirildi. Məktəbimizin
direktoru Məhəbbət xanım və digər nümayəndələrimiz
də yanımızda idi.
Biz oraya gələndə
iştirakçı uşaqların bir-birilə tanış
olması çox maraqlı idi. Bir-birimizə öz ölkəmizin
döş nişanını, bayrağını, gerbini hədiyyə
edirdik. Ən azı on nəfərdən yeddisi Azərbaycanı
tanıyırdı. Hesab edirəm ki, biz orada ölkəmizi təmsil
edib mükafatlandırıldıqdan sonra Azərbaycan daha da
çox tanındı.
- İstərsənmi xaricdə oxuyasan?
Orxan: - Azərbaycanda təhsilin səviyyəsi
məni qane edir. Ona görə də istəyirəm ki, əvvəlcə
Azərbaycanda seçdiyim ali məktəbə daxil olum, sonra
Avropada - skandinav ölkələrindən birində, tutaq ki,
Finlandiyada və yaxud da Kanada
dövlətində təhsilimi davam etdirim.
- Özünü o dövlətlərdə
oxumağa hazır bilirsən?
Orxan: - Bizim o dövlətlərdə oxuya
bilməməyimiz üçün birinci problem odur ki,
oradakı ali məktəblərə 18 yaşından tez tələbə
qəbul etmirlər. Bizim isə 18 yaşımız orta məktəbi
bitirəndən hələ il yarım sonra tamam olacaq.
İkincisi, mən İnternetdə
onların təhsil sistemi ilə maraqlanmışam, hələ
ki özümü onların proqramına tam hazır hiss etmirəm.
Ona görə də ilk ali təhsilimi öz respublikamızda
ala-ala, həm də gələcək məqsədlərimi həyata
keçirməkdən ötrü ciddi surətdə
hazırlaşacağam.
Elxan: - Yeri gəlmişkən,
biz- Orxan da, mən də Kanadada oxumaq üçün
seçim turunda iştirak etmişik və tələb olunan qədər
bal toplayıb orada oxumaq üçün dəvətnamə də almışıq. Ona görə də
biz hər ikimiz xaricdə oxumaq üçün lazım olan
proqramlar üzrə indidən hazırlaşırıq.
- Ana dilimizdən başqa hansı dilləri
bilirsiniz?
Orxan: - Hər ikimiz rus və ingilis dillərini normal səviyyədə bilirik.
- Bu dilləri öyrənmək
üçün sizinlə xüsusi müəllimlər məşğul
olub?
Elxan: - Xeyr. Biz hər iki xarici dili orta məktəbdə
keçirilən proqram əsasında öyrənmişik və
bu sahədə öz üzərimizdə də ciddi
çalışmışıq.
Bayaqdan söhbətimizə diqqətlə
qulaq asan Gülarə xanım
sonda öz ürək sözlərini dinləməyimi
xahiş etdi. O, "Mən kimyaçıyam. Amma aspiranturada təhsilimi
neft-qaz üzrə davam etdirmişəm. Hazırda texnika elmləri
üzrə fəlsəfə doktoruyam. Azərbaycanda bu gün təhsilin səviyyəsindən
çox razıyam. Bununla bərabər, akademik Zərifə Əliyeva
adına liseyin tədris səviyyəsini həm bir ana, həm də bir elmi işçi kimi həqiqətən çox yüksəklərdə
görürəm" - dedi.
- Elxan, Orxan, sizin hər ikinizə ən
böyük arzum odur ki, dünyaya birlikdə gəldiyiniz kimi,
təhsil və həyat
yollarında da həmişə birlikdə addımlayasınız.
Bütün arzularınıza çatasınız. Öz
biliyinizlə, savadınızla cəmiyyətimizə,
xalqımıza, respublikamıza layiqli övlad olasınız.
Biz sizinlə fəxr edirik, biz sizə güvənirik, Azərbaycanı kənarda
tanıdan təhsilimizin
istedadlı nümayəndələri!
Beynəlxalq
Mendeleyev Olimpiadasının bürünc
mükafatçısı
Beynəlxalq
müsabiqələr, olimpiadalar, müxtəlif elmi yarışlar şagirdlərin
bilik səviyyəsini yüksəldən, onlarda özünə
inam hissini artıran ən mühüm amillərdəndir. Bu
günlərdə yolumu Bakı
Dövlət Universitetinin nəzdində 2007-ci ildə
yaradılan "Gənc istedadlar" liseyindən saldım.
Öyrəndim ki, liseydə təhsil alan şagirdlər
2008-ci ildən indiyə kimi hər il respublika fənn
olimpiadalarında iştirak edirlər. Olimpiada qalibləri barədə liseyin direktoru Qasım Hüseynov,
direktor müavinləri Cabbar müəllim və Məleykə
xanım ağızdolusu
danışdılar. Bu yazıda
liseyin olimpiada qalibləri
olan iki şagirdini oxucularımızla tanış edəcəyik.
Quluzadə Sona Adəm qızı
2011-2012-ci illərdə kimya fənni üzrə Respublika fənn
olimpiadasında birinci yeri qazanıb.
Bilik yarışlarında əldə
etdiyi yüksək nəticəyə görə
Qazaxıstanın Astana şəhərində keçirilən
Beynəlxalq Mendeleyev Olimpiadasında iştirak etmək
hüququ qazanıb və həmin olimpiadadan
üçüncü mükafatçı kimi qayıdıb.
Dərs əlaçısıdır. İngilis və rus dillərini
sərbəst bilir.
Sonanın söhbətini dinləyirəm:
1996-cı il fevralın 23-də Bakı şəhərində
anadan olmuşam.
Yeddinci sinifdən təhsilimi "Gənc
istedadlar" liseyində davam etdirirəm. Onu da deyim ki, məktəbə
getdiyim ilk gündən bütün fənləri sevə-sevə
oxumuşam. Doqquzuncu sinfə keçəndən sonra isə
kimyaya daha çox diqqət göstərirəm.
Çünki mən ixtisas fənni
kimi kimya elmini seçmişəm.
Ona görə digər dərslərimi də
yüksək səviyyədə oxumaq şərti ilə kimya
fənni ilə daha ciddi məşğul olmağa
başlamışam. Kimya elminə
dərindən bələd olduqca, o, daha çox
xoşuma gəlir. Bu elmin sirlərinə vaqif olduqca onun nə
qədər maraqlı və gərəkli olduğunu
görürəm...
Kimya dərsinə məhəbbət mənə daha çox ailəmizdən gəlib.
Mənim atam da kimyaçıdır. Özümdən
böyük iki qardaşım
var. Onlardan biri məktəbdə oxuyanda kimya üzrə
keçirilən olimpiadada qalib olmuşdu. Qardaşımın
uğuru məndə həm böyük sevinc
oyatmışdı, həm də kimya elminə olan diqqətimi
daha da artırmışdı. Elə həmin amil mənim
ixtisas seçimimi müəyyənləşdirdi. Kimya dərslərinə
daha çox vaxt ayırmağa başladım.
Qardaşım
da məndən köməyini əsirgəmədi. O, mənə kimyadan bilmədiklərimi həm yorulmadan
başa saldı, izah etdi, öyrətdi, həm də olimpiadalarda iştirak etməyin
mahiyyətini açıqlayıb
məni də iştirakçı olmağa
ruhlandırdı.
Beləliklə, dərslərimi arxa plana
keçirməməklə, olimpiadalara da
hazırlaşmağa başladım.
İki il - 2011 və 2012-ci illərdə
keçirilən respublika fənn olimpiadalarında kimya fənni
üzrə birinci yer qazandım. Əldə etdiyim yüksək
nəticəyə görə 2012-ci ilin aprel ayında
Qazaxıstanın Astana şəhərində keçirilən
Beynəlxalq Mendeleyev Olimpiadasında iştirak etmək
hüququ qazandım. Beynəlxalq
olimpiadalarda iştirak etmək ən böyük arzum idi. Mən
həmin beynəlxalq müsabiqədə
üçüncü mükafatçı oldum.
Məktəbimizdə kimya dərsi deyən Xamməd Əsədovun
olimpiadada qalib gəlməyimdə əvəzsiz rolunu
xüsusi qeyd etmək istəyirəm. O, seçdiyim ixtisas
üzrə müəllimim olmaqla yanaşı, həm də məni olimpiadaya
hazırlaşdırdı. Xamməd müəllim kimya fənnini
o qədər maraqlı və səviyyəli
keçir ki, biz şagirdlər tənəffüs
vaxtının necə tez gəlib
çatdığına təəccüb edirik.
Mendeleyev olimpiadasına ilk
hazırlaşmağa başladığım dövrdə bu
hazırlıq prosesinin özü mənim üçün
çox maraqlı idi.
Çünki kitabdan, məktəb kursundan öyrəndiklərimiz dərslik proqramı həcmində
idi. Təbii ki, dərs
proqramı ilə olimpiadada tətbiq
olunan proqramın arasında
müəyyən fərqlər vardı. Mən həm müəllimimin,
həm də qardaşımın köməyi ilə
kimyanın dərinliklərinə vardıqca, bu elmin
sırf həyatla, ətraf
mühitlə, insanın özü ilə nə qədər
sıx bağlı olduğunu dərk
edirdim. Kimya üzrə olimpiada turlarının həm də
bir başqa sirli aləmi də var. Bir sualın cavabını
tapmaq üçün bir mənbəni axtarırsan. Sonra o mənbədən
keçid edirsən başqa bir mənbəyə, zəncirvari
bir proses alınır.
Mən beynəlxalq olimpiadaya cəmi bir il
hazırlaşdım və qalib oldum. Olimpiada başlanarkən
ilk dəqiqələrim çox həyəcanlı
keçdi. Sonra özümü ələ alıb
soyuqqanlı olmağa çalışdım. Səbrlə, təmkinlə
olimpiadanın tapşırıqlarını diqqətlə
yerinə yetirməyə başladım. Olimpiada iki hissədən
- həm nəzəri turdan, həm
də eksperimental turdan ibarət idi.
Üçüncü
mükafatçı kimi öz adımı qaliblərin
sırasında eşitdiyim an sevincim
yerə-göyə sığmırdı.
Mənim ən böyük arzum bilirsiniz, nədir?
Kimya üzrə elə kəşflərə,
elə ixtiralara imza atım ki, sonunda Nobel
mükafatçısı olum.
Liseyi bitirdikdən sonra Amerikada -
Massaçusets Texnologiya İnstitutunda oxumaq, ali təhsil
aldıqdan sonra isə yenə də vətənə
qayıtmaq, respublikamızın daha da irəliləməsi
yolunda öz bacarığımı əsirgəməmək
niyyətindəyəm.
Bizim liseydə
savadlı, bilikli uşaqlar çoxdur. Mən istərdim
ki, liseyimizin, o cümlədən
bütün ümumtəhsil məktəblərimizin
şagirdləri, həm Azərbaycanda, həm də
respublikamızdan kənarda keçirilən müxtəlif bilik
yarışmalarında
yaxından iştirak etsinlər. Çünki məhz
belə yarışlar
şagirdlərin bilik və bacarıqlarını daha
qabarıq üzə çıxarır, onlarda özlərinə
inam hissini formalaşdırır.
Respublika
fənn olimpiadasının qalibi
Abbasova
Nərmin Bəxtiyar qızı 2012-ci ildə keçirilən
respublika fənn olimpiadalarında Azərbaycan dili və ədəbiyyat
fənni üzrə birinci yer qazanıb.
Nərminin
ürək sözləri:
1996-cı il yanvarın 10-da Naxçıvan şəhərində
doğulmuşam. Ailədə uşaqlardan böyüyü mənəm.
Məndən kiçik bir bacım, bir də qardaşım
var.
Mən birinci sinifdən yeddinci sinfə kimi
Bakının Nərimanov rayonundakı 193 nömrəli orta məktəbdə oxumuşam. Yeddinci sinifdən burada-
BDU-nun nəzdində açılan "Gənc
istedadlar" liseyində təhsil
alıram. Bu məktəbə
keçəndə əvvəlcə dərslər bir qədər
mənə çətin göründü. Sonra rejimə
uyğunlaşdım.
Müəllimlərimiz həddən
artıq qayğıkeş, eyni zamanda tələbkardırlar.
Bu, mənim üçün çox önəmli xüsusiyyətdir.
Çünki şagird nə qədər bacarıqlı olsa
da, gərək müəllim də şagirdin ürəyini ələ
almağı, onun diqqətini
özündə cəmləşdirməyi bacarsın.
Eyni zamanda bunu da
düşünürəm ki, müəllimlərimiz bizə can yandırdıqları kimi, biz
şagirdlər də göstərilən
etimadı doğrultmalı, dərslərimizə ciddi
yanaşmalı, öyrənməyə hər zaman səy
göstərməliyik.
Ümumiyyətlə, liseydə bizə dərs
deyən müəllimlərimizdən çox razıyam.
Hazırda 11-ci sinifdə oxuyuram. Arzum ali məktəbə
qəbul olmaq, hüquqşünas ixtisasına yiyələnməkdir.
Ona görə hüquqşünas olmaq istəyirəm ki,
insanlar arasında ədalətsizlik, haqsızlıq
olmasın, hamı bir-birinin hüququna hörmətlə
yanaşsın, hər zaman həqiqət zəfər
çalsın.
Biz şagirdlərin daha da fəal
olmağımızda müsabiqələrin,
yarışların, olimpiadaların rolu əvəzsizdir.
2010-cu ildə ingilis dili üzrə olimpiadada iştirak etdim,
ikinci yerə çıxdım.
2012-ci ildə keçirilən Respublika fənn
olimpiadasında Azərbaycan dili və ədəbiyyat fənni üzrə birinci yerə
çıxmışam. Eyni zamanda, həmin il ulu öndər
Heydər Əliyevin anadan olmasının 89-cu
ildönümü münasibətilə keçirilən
inşa yazı müsabiqəsinin qalibi olmuşam. Mən
müsabiqənin qalibi kimi diplomla, 200 manat pulla və Bakıda keçirilən
"Eurovision" mahnı yarışmasına bir ədəd
biletlə mükafatlandırıldım.
Olimpiadalarda elə yüksək yerlər tutanda
hər dəfə özümə güvəncim
artır.
Mənim uğurlarıma həmişə ən
çox sevinən atamın anası Həsrət nənəm
dir. Çünki nənəm özü ibtidai sinif müəllimi
işləyib, nənəm mənə ilk qələm
tutmağı, hələ birinci sinfə getməmişdən xeyli əvvəl oxumağı,
yazmağı öyrətmişdi.
İndi ən ümdə məqsədim
ali məktəbə Naxçıvanda qəbul olmaqdır. Mənə qələm tutmağı,
yazıb-oxumağı öyrədən
nənəmin yanında qalıb, ali məktəbdə
oxumaqdan gözəl nə ola bilər?
Mən Azərbaycan Respublikasının gənc
vətəndaşı kimi
bugünkü təhsilimizin səviyyəsindən çox
razıyam. Dərslərimizin çətinləşməsi
heç vaxt məni qorxutmur. Hər zaman özümü
doğrultmağa çalışıram.
Uşaq vaxtlarımda bir müddət
üzgüçülüklə məşğul olmuşam.
Amma indi vaxtımın demək olar ki, çox böyük
hissəsini dərslərimə və mütaliəmə həsr
edirəm. Son oxuduğum kitab "Qızılbaşlar"
olub. Bu kitab məndə tariximizə məhəbbət, maraq,
həmçinin vətəndaşlıq duyğuları
oyatdı.
Bu gün torpaqlarımızın 20 faizindən
çoxu erməni işğalı altındadır. Hər
zaman ürəyimdə torpaqlarımızı azad edəcəyimiz günün arzusu ilə
yaşayıram. Torpaqları geriyə almaq üçünsə, bizdən təkcə güc və
zor deyil, həm də savad, bilik
və səviyyə tələb olunur.
Səhifəni
hazırladı: Ellada UMUDLU
Azərbaycan
müəllimi.- 2013.- 8 mart.- S.6.