Monitorinqdə
vergül maniyası
TQDK-nın
dərsliklərin monitorinqi üzrə ekspert şurası
artıq 1, 2, 4-cü sinif dərsliklərinin son müzakirəsini
keçirmiş və bir sıra dərsliklərin qüsurlu
olduğu haqda yekun rəy vermişdir. "Azərbaycan
dili" dərslikləri də adları açıqlanmayan
ekspertlər tərəfindən qüsurlu
sayılmışdır.
Qüsursuz dərslik, yoxsa
bixəbər ekspert
Müasir
dərsliklər haqqında fikir yürüdülərkən
iki əsas məqama diqqət yetirilir: dərslik nəyi
öyrədir və necə öyrədir? Əgər söhbət
Azərbaycan dilindən gedirsə, bunu belə ifadə etmək
olar: 1) dərslik kurikulumda təsbit olunmuş dinləmə,
danışma, oxu, yazı və dil qaydaları üzrə
standartların reallaşdırılması üçün
kifayət qədər material verirmi? 2) tətbiq olunan təlim
texnologiyaları bu standartların reallaşdırılması
üçün nə dərəcədə effektlidir?
TQDK-nın
"Azərbaycan dili" dərslikləri üzrə təqdim
etdiyi rəylərdə bu iki məqam haqqında son dərəcə
anlaşılmaz, ümumi, subyektiv və yanlış cümlələrdən
başqa heç nə yoxdur:
Rəylərdən
belə bir nəticəyə gəlmək olar ki, ya dərsliklər
məzmun standartları və təlim texnologiyaları
baxımından tamamilə qüsursuzdur, ya da ekspertlər hər
bir dərsliyin konsepsiyasını təşkil edən bu iki
parametrdən xəbərsizdirlər. Nəzərə alsaq ki,
qüsursuz dərslik yoxdur, mən ikinci fikrə
üstünlük verərdim. Metodik vəsaitlərdəki
materialların rəylərdə öz əksini tapmaması
da bunu sübut edir.
Ekspertlərin "qalın meşə"
fobiyası
Rəylərdə
müəllim üçün metodik vəsait (MMV) haqqında
ya "Dil-üslub", ya da "Bədii tərtibat" hissəsində
danışılır. Halbuki, MMV hər bir dərsliyin
konsepsiyasının güzgüsüdür. Dərslikdə
verilmiş hər hansı material üzərində məzmun
standartlarının reallaşdırılması və bu zaman
istifadə olunan təlim texnologiyaları məhz MMV-də
açıqlanır. Onu təhlil etmədən dərslik
haqqında fikir yürütmək olmaz.
Rəyçilər
isə MMV-ni "qalın meşə"yə bənzədərək
(Yekun rəy, 3-cü sinif) burada azacaqlarından ehtiyat edirlər.
Təbiidir, yalnız naşı və yolunu dəqiq bilməyən
adamlar "meşə"yə girməkdən çəkinirlər.
Beləliklə,
rəyçilər dərsliklərin qiymətləndirilməsində
iki əsas məqamı kənara qoyub gücü verdilər
dil-üslub, mətnlərin məzmunu və bədii tərtibat
məsələlərinə. Mətn və bədii tərtibatla
bağlı iradlara şərhlərimi növbəti məqalələrə
saxlayıb burada dil-üslubla bağlı bəzi məqamlara
toxunmaq istərdim. Lakin anlaşılmazlıq olmasın deyə,
bir məsələni diqqətə çatdırım ki,
"mətnin məzmunu" və "məzmun
standartları" tamamilə fərqli anlayışlardır.
Vergül - Azərbaycan
dilində Qordi düyünü
TQDK-da "Azərbaycan dili" dərsliklərinin
müzakirəsinə həsr olunmuş seminarları aparıcı
adətən bu sözlərlə açırdı: "Bu dərslikdə
külli miqdarda dil-üslub xətaları var". Sonra o,
"xəta" bildiyi bir məqamı qeyd edirdi və seminar
iştirakçıları arasında bunun səhv
olub-olmaması haqda mübahisə qızışırdı.
Beləcə, 5-ci sinif dərsliyinin müzakirəsi zamanı
"artıq" sözündən əvvəl işlənmiş
"o" əvəzliyindən sonra vergülün
qoyulub-qoyulmaması ilə bağlı mübahisələr 20
dəqiqədən çox çəkdi (hər şey
"artıq" sözünün zərf, yoxsa ədat kimi qəbul
edilməsindən asılı idi). Nəhayət, qocaman alim, professor Qəzənfər
Kazımov dözməyib ayağa qalxdı:
-
"O", "bu" əvəzliklərindən sonra
vergülün işlənməsi ilə bağlı
qaydanı vaxtilə Əziz Əfəndizadə ilə mən
təklif etmişdik. Məgər bu məsələ dərsliyin
qiymətləndirilməsində beləmi vacibdir? Dərsliyin
məzmunu qalıb bir tərəfdə, görün siz
vaxtınızı nəyə sərf edirsiniz...
Deyilənə
görə, qədim Yunanıstanda Qordi adlı bir şəxs
zoğal budağından elə bir düyün
salmışdı ki, onu heç kim aça bilmirdi.
Falçılar demişdilər ki, bu düyünü
açan şəxs dünyanı fəth edəcək.
Fatehlik arzusunda olan Makedoniyalı İsgəndər də
öz bəxtini sınamaq istəmiş, amma o da
düyünü aça bilməmişdi. Onda İsgəndər
qılıncını çıxarıb Qordi
düyününü, sadəcə olaraq, dibindən kəsmişdi.
Vergül
məsələsi bu gün Azərbaycan dilində Qordi
düyününə çevrilib. Bu durğu işarəsindən
düzgün istifadə etmək üçün ədatı
modal sözdən, "ki" bağlayıcısını
"ki" ədatından fərqləndirmək,
qrammatikanın bir çox mübahisəli məsələlərinə
baş vurmaq lazım gəlir. Bir Makedoniyalı İsgəndər
lazımdır ki, bu düyünü birdəfəlik kəsib
atsın bir kənara, qaydaları elə sadələşdirsin
ki, dilçi olmayan hər bir savadlı adam vergüldən
yerli-yerində istifadə edə bilsin.
Bəli,
məsələnin qəlizliyini görüb TQDK-nın anonim
ekspertləri Azərbaycan dili dərsliyini Qordi
düyününə salmaq istədilər. Ancaq özləri
bu düyündə ilişib qaldılar.
Vasitəsiz nitqdə
nöqtə-vergül məsələləri
Rəylərdə
verilmiş 20-yə yaxın iradda vasitəsiz nitqdə
durğu işarələrinin (nöqtə və
vergülün) düzgün işlənməməsi iddia
olunur. Rəyçilər bildirirlər ki, vasitəsiz nitq
daxilində verilmiş müəllif sözlərindən sonra
nöqtə qoyula bilməz. Burada mütləq vergül, sonra
tire işarəsi qoyulmalı, bundan sonra gələn vasitəsiz
nitq kiçik hərflə başlanmalıdır.
Çox
güman ki, rəyçilər öz iradlarını
TQDK-nın "Azərbaycan dili" vəsaitində verilən
qaydadan çıxış edərək irəli
sürmüşlər (2012, səh. 435). Lakin bu vəsaitdə
vasitəsiz nitqlə bağlı qaydalar yarımçıq
verilmişdir. Ədəbi dilin normaları ilə bağlı
qaydaları işləyib-hazırlayarkən ilk növbədə
zəngin klassik ədəbiyyatımızdakı nitq
materialına əsaslanmaq lazımdır. Əgər
adıçəkilən vəsaitdə verilmiş qaydanı
qəbul etsək, yüzlərlə cilddən ibarət klassik
ədəbiyyatımızı yenidən korrektə etməli
olacağıq. Diqqət yetirin:
-
Yaxşı qızsan, Güləbətin! - deyirdi. - Qoy bir az
başım ayılsın, danişgahda imtahanlarımı
verim, sənə oxumaq-yazmaq öyrədəcəyəm.
(M.İbrahimov, "Seçilmiş əsərləri",
2005, səh. 255.)
- Dayım gəlir, ana, - dedim. - Dayım gəlir.
(Ə.Məmmədxanlı,
"Seçilmiş əsərləri", 2005, səh. 61.)
Düşünürük
ki, klassiklərimizi korrektə etməkdənsə, TQDK-nın
"Azərbaycan dili" vəsaitini bir qədər redaktə
etmək daha məqsədəuyğun olardı. Vasitəsiz
nitq bir neçə cümlədən ibarətdirsə və
müəllif sözləri bu cümlələrin arasında
verilirsə, bu zaman müəllifin sözündən sonra
nöqtə, sonra tire qoyulmalı, sonrakı cümlə
böyük hərflə başlamalıdır. Yox, əgər
müəllif sözləri bir cümlədən ibarət
vasitəsiz nitqi kəsib "araya girirsə", vəsaitdə
verilmiş qaydaya riayət edilməlidir. Süleyman Rəhimovun
əsərindən gətirilmiş parçada olduğu kimi:
- Əlac
atamızın mülkündən qalan mərəyi dəyər-dəyməzinə
satmaqdır, - deyib barmağı ilə çovustanı
göstərdi. - Daha havalar da qızır!
- Hava
qızsa da, - deyə kiçik qardaş əl-ayağa
düşdü, - bəs başımızı harada saxlayaq?
Bizə bir daldanacaq lazımdır, ya yox? (Soltan
Hüseynoğlu və b. "Ədəbiyyat", 5-ci sinif.
Bakı, 2012, səh. 125)
Yenə də əlahəzrət
VERGÜL
Rəyçilər feli bağlamalardan
sonra da vergül qoymağı tələb edirlər: "129-cu səhifədə
göy şriftlə verilmiş cümlədə
"tullayıb" sözündən sonra vergül
qoyulmalıdır". (Yekun rəy. 4-cü sinif)
Yenə
də TQDK tərəfindən nəşr olunmuş "Azərbaycan
dili" vəsaitinə müraciət edək:
"Cümlə
daxilindəki feli bağlama tərkibləri həmcins olduqda
vergül qoyulur: O, evə çatanda, işıqları
yandıranda ətrafda bir kimsə yox idi." (səh. 601)
4-cü
sinif dərsliyinin 129-cu səhifəsində göy şriftlə
verilmiş cümlə isə belədir: "O, köhnə
ayını bir küncə tullayıb təzəsi ilə
oynamağa başladı".
Göründüyü
kimi, bu cümlədə həmcins feli bağlama tərkibləri
yoxdur. Belə çıxır ki, TQDK-da bir qrup ekspertin
yazdığı qaydadan başqa qrupun xəbəri yoxdur.
4-cü
sinif üçün "Azərbaycan dili" dərsliyinə
TQDK-nın rəyində deyilir: "15-ci
səhifədəki mətnin son cümləsində
"o" əvəzliyindən sonra vergül
qoyulmalıdır. Bir neçə məqamda müəlliflər
"o"-dan sonra vergül işarəsini qoysalar da, xeyli yerdə
vergül unudulur. Məsələn, 22-ci səhifədə
şəklin altındakı ilk cümlədə eyni vəziyyətdə
işlənmiş "o"dan sonra vergül
qoyulmuşdur".
Rəydə
sözügedən cümlələri, olduğu kimi,
oxucuların nəzərinə çatdırırıq:
15-ci səh:
"İstəsən də, istəməsən də,
vaxtı çatanda o özü gəlib səni tapacaq".
22-ci səh:
"O, özünü yetirdi".
Rəyçilər
nəzərə almırlar (ya da almaq istəmirlər) ki,
birinci cümlədə "o" əvəzliyi ikinci növ
təyini söz birləşməsinin birinci tərəfi kimi
çıxış edir və qeyri-müəyyən yiyəlik
haldadır ("onun özü" də demək olardı).
Ona görə də bu cümlədə "o"dan sonra
vergül qoymaq düzgün olmazdı. Biz də qoymamışıq. İkinci cümlədə
isə "o" əvəzliyi mübtəda rolunda
çıxış edir. TQDK-nın nəşr etdiyi "Azərbaycan dili" vəsaitində
verilmiş qaydalara əsasən (səh.600-601), burada vergül
qoyulmalıdır. Biz də
qoymuşuq. Əslinə qalsa, bir dilçi kimi, mən
ikinci cümlədə də "o"dan sonra vergül
qoyulmasının əleyhinəyəm. Ancaq nə etməli? Mən
Makedoniyalı İsgəndər deyiləm ki, Qordi
düyününü dibindən kəsim.
3-cü
sinif üçün "Azərbaycan dili" dərsliyinə
TQDK-nın rəyində deyilir: "Dərslikdə
"məsələn" tabesizlik aydınlaşdırma
bağlayıcısından sonra vergülün, yaxud qoşa
nöqtənin qoyulması ilə bağlı vahid qayda yoxdur.
Bəzi məqamlarda (səh. 32, 68, 72, 79, 93 və s.) bu
bağlayıcıdan sonra qoşa nöqtə, digər
hallarda isə eyni işlənmə vəziyyətində (səh.
63, 100, 116, 119 və s.) yanlış olaraq vergül
qoyulub".
Rəyçilərin
dili elə dolaşıqdır ki, bilmirsən, onları redaktə
edəsən, yoxsa iradlarına cavab verəsən. "Dərslikdə
vahid qayda yoxdur" nə deməkdir? Rəyçilərin
qaldırdığı məsələ ilə bağlı dərslikdə,
ümumiyyətlə, qayda yoxdur. Bəlkə, rəyçilər
"vahid prinsip gözlənilməyib" demək istəyiblər.
Onda hörmətli ekspertlərin nəzərinə
çatdırırıq ki, "məsələn"
sözündən sonra hansı durğu işarəsinin
qoyulması bu sözün işləndiyi kontekstdən
asılıdır:
1.
"Bəzi şəkilçilər sözə qoşulduqda
məna dəyişir, yəni fərqli söz yaranır. Məsələn:
əla - əlaçı, kitab - kitabxana". (3-cü sinif, səh.
93)
2.
"Sözdüzəldici şəkilçilərin köməyi
ilə bir sözdən bir neçə söz yarana bilər.
Məsələn, bağban və bağça sözləri
bağ sözündən yaranmışdır". (3-cü
sinif, səh. 100)
Ay mənim
xalqım, niyə "tək" qoşmasını bənzətmə
yox, zaman mənasında işlədirsən?!
Monitorinqə yeni başlayanda TQDK əvvəlcə
rəyi müəlliflərə göndərir, müəlliflər
öz şərhlərini verdikdən sonra müəyyən
düzəlişlər edərək onu Təhsil Nazirliyinə
təqdim edirdilər. Bəla burasındadır ki, 1-ci cavabdan
sonra da TQDK ekspertləri bir çox açıq-aşkar səhvlərini
qəbul etmək istəmir, iradlarında cüzi redaktə
işləri ilə kifayətlənirdilər. Onları
başa düşmək olar: bu qədər səhvi etiraf etmək
özünün bu sahədə peşəkar
olmadığını etiraf etmək deməkdir. Bir də ki,
axı səhvləri etiraf etdikdən sonra rəydə
boş-boş cümlələrdən başqa heç nə
qalmır.
1-ci sinif dərsliyinə verilmiş ilkin
rəydə 78-ci səhifədəki folklor nümunəsinə
- tapmacaya "əl gəzdirmək" fikrinə
düşmüş rəyçilər yazırdılar: "2-ci misrada "Əl vurantək
əziləcək" ifadəsində "tək"
qoşması yerinə düşməyib. Burada ya zaman
qoşması olan "kimi", ya da hecalanmaya uyğun olaraq zərf
düzəldən "da" şəkilçisi olmalı
idi".
Həmin rəyə cavabımızda rəyçilərin
nəzərinə çatdırdıq ki, "vurantək"
sözündə "tək"i "da" ilə əvəz
etdikdə "vuranda" sözü alınır.
"Vuranda" sözündə isə zərf düzəldən
"-da" şəkilçisi yoxdur, feli bağlama düzəldən
"-anda" şəkilçisi var.
Səhvlərini başa düşən
rəyçilər 2-ci rəydə qeydlərini bir qədər
redaktə etməli oldular: "78-ci
səhifədəki 2-ci çalışmada şeir şəklində
"tap-tapmaca" verilib. Əslində
burada şeirdən əsər-əlamət yoxdur. Digər tərəfdən,
2-ci misrada "Əl vurantək əziləcək" ifadəsində
"tək" qoşması yerinə düşməyib.
"Tək" bənzətmə mənasını bildirən
qoşmadır. Burada zaman mənasını yaratmaq
üçün başqa morfoloji vasitədən (? - R.İ)
istifadə edilməli idi".
Hörmətli
ekspertlər, bu, folklor nümunəsidir. Xahiş
edirik, ona bir qədər tolerant yanaşasınız. Axı
ata-babalarımız bu nümunəni yaradanda
düşünmürdülər ki, siz nə vaxtsa "tək"
qoşmasına "bənzətmə bildirən
qoşma" damğası vuracaqsınız. Tapmacanın məziyyəti
onun şeiriyyətində deyil. "H" hərfini keçərkən
verilmiş bu tapmacanın cavabı "hörümçək"dir
və tapmacanın mətnində hörümçəyin əsas
əlamətləri sadalanır. Bu isə şagirdin oxuyub
anlama və nəticə çıxarma
bacarığını inkişaf etdirir.
Nə
olar, siz yel dəyirmanı olun, biz də Don Kixot
Rəylərdən
çıxardığım onlarla belə iradı da şərh
etmək olardı. Amma oxucunu dilçiliyin spesifik məsələləri
ilə yormaq istəməzdim. Məncə, onsuz da hər
şey aydındır.
Məqalənin əvvəlində qeyd
etdim ki, ekspertlər öz rəylərində məzmun
standartlarının reallaşdırılması və təlim
texnologiyalarının tətbiqi haqqında tutarlı bir
şey deməyiblər. Mən başa düşürəm,
kurikulum təhsildə nisbətən yeni hadisədir. Ola bilər,
TQDK-nın cəlb etdiyi rəyçilər daha çox test
yazmaq, repetitorluq etməklə məşğul olublar və hələ
kurikulumla qarşılaşmayıblar. Necə deyərlər,
evdə bişməyib, qonşudan gəlməyib. Bəs
dilçiliyə nə deyirsiniz? Məqalədən
açıq-aşkar görünür ki, onlar bu məsələdə
də ekspert kimi çox zəifdirlər. Bəlkə, buna
görə onların adları açıqlanmır? Güman
edirəm ki, növbəti məqalələrdən sonra onlar
özləri heç vaxt adlarının
açıqlanmasına razılıq verməyəcəklər.
TQDK-da dərslik ətrafındakı
müzakirələri dərslik müəllifinin şəxsiyyəti
müstəvisinə gətirməyi çox sevirlər. Yaxşı alınmır
axı. Bizim kim olduğumuzu ictimaiyyət bilir. Ancaq bizə
qara yaxanlar TQDK-nın qalın divarları arxasında gizlənirlər.
Belə çıxır ki, biz yel dəyirmanları ilə
vuruşuruq. 400 səhifəlik dərslik komplektində 5-6
orfoqrafik səhv tapıb (hər 80 səhifəyə bir
orfoqrafiya səhvi düşür)
milçəkdən dəvə düzəldir, dərsliyin
yararsız olduğu haqda qərar çıxarırlar.
Bu məqalədə
mən yalnız vergüllə bağlı rəyçilərin
iradlarına toxundum. Az-çox Azərbaycan dilindən
başı çıxan oxucu da görər ki, bu iradlar əsassızdır.
Tutaq ki, dərslik müəllifləri də elə TQDK
ekspertlərinin dedikləri ilə razılaşıb bu
iradları nəzərə aldılar. Təsəvvür
edirsiniz, dərslikdə nə qədər vergül səhvi
olar? Təkcə vasitəsiz nitqdə və feli
bağlamalardan sonra onlar deyən kimi vergüllər qoyulsa, dərslikdə
yüzlərlə durğu işarəsi səhvi yaranar.
Dəfələrlə
səslənib ki, monitorinq keçirən təşkilatın
dərsliklərin taleyi barədə qərar
çıxarmağa hüquqi baxımdan səlahiyyəti
yoxdur. İndi siz deyin, hörmətli oxucular, bu cür iradlarla
çıxış edən ekspert şurasının belə
bir qərar çıxarmağa mənəvi haqqı necə,
varmı?
Rafiq İSMAYILOV
(dərslik müəllifi)
Azərbaycan
müəllimi.- 2013.- 8 mart.- S.4.