İntriqa mərəzi, yoxsa ekspert qərəzi?
Bu günlər ölkənin
gündəmini təkcə siyasət fantaziyaları məşğul
etmir. Arada şou əhlinin duzsuz
söhbətləri də bu fantaziyalara "rəng" qatır. Pis odur ki,
indi təhsil adamlarının dərslik
mübahisələri də cəmiyyətə təxminən
bu havada təqdim olunur.
Cida çuvaldan
çıxarılıb və ölkənin eyni
amala xidmət etməli olan
iki qurumundan biri (TQDK), ikincisi (Təhsil
Nazirliyi) ilə sanki
qaydasız döyüşə başlayıb. Biri dərslik yazır, o birisi deyir ki,
sənin kitabların mənim xoşuma gəlmir.
Söhbət tədrisdən və dərslikdən gedəndə
isə mövzuya biganə qalmaq
olmur...
Təhsil
Nazirliyi (TN) ilə Tələbə Qəbulu
üzrə Dövlət Komissiyası (TQDK) arasında
münaqişənin qədim tarixçəsi və
dolaşıq səbəbləri var. Amma son qarşıdurmanın süjet
xətti çox sadədir: ölkə
başçısı TQDK-ya orta məktəb dərsliklərinin monitorinqini aparmağı həvalə edir, o da
yoxlayır və nazirliyə rəsmən
bəyan edir ki, dərsliklərin
bəziləri məktəblərdə istifadəyə
yaramır. Nazirlik isə bu davranışı təkcə pis başlanğıc yox,
həm də qərəzli, təkəbbürlü və ədalətsiz
yanaşma hesab edir. Birinci ələ düşmüş fürsətdən, ikinci impulsiv
verilmış qərarların boşluqlarından bəhrələnməyə
çalışır.
Əlbəttə,
belə incə məsələlərdə hakimlik
etmək, bu situasiyada kimin haqlı olduğunu müəyyənləşdirmək
çətindir. Ağacın hansı başını
çevirsən subyektiv görünmək
duyğusu yaranır. Lakin
tərəflərdən birinin
qırmızı xətti keçməsini də deməmək
olmur. Mediaya verilən məlumatlar, rəylərdə ifadə olunan iradlar, müsahibələrdə
göstərilən bəzi detallar belə
bir təəssürat yaradır ki, dərsliklər ən ideal
səviyyədə yazılsaydı belə, indiki
halda hər şeyə qadir
TQDK onu alt-üst edəcəkdi.
Mən
TQDK-ya da, uzun illərdir ki, burada ciddi
işgüzar və mənəvi mühit yaratmış sədr Məleykə
Abbaszadəyə də rəğbət bəsləyən adamlardanam. O, bizim
mühitdə dəyərli mütəxəssis və
vicdanlı məmur keyfiyyətinin bir-birinə zidd
olmadığını təkcə testlərdə yox, həyatda da
bacarıqla sübut edib.
Bu səbəbdəndir ki,
Məleykə xanımın ədalətli, obyektiv
və məntiqli çıxışları
çoxlarında ona rəğbət
yaradıb. Amma nə qədər qəribə
olsa da, mən
TQDK-nın mənfi rəy verdiyi "Azərbaycan
dili" (1-ci və 3-cü siniflər üçün) dərsliklərini vərəqləyərkən,
məhz bu üç
keyfiyyətin - ədalətin, obyektivliyin
və məntiqin çatışmadığını gördüm. Dildən, dərslikdən və
metodikadan başı çıxan bir adam kimi
monitorinq tələsi ilə üz-üzə
qalmış dərslik müəlliflərinin indi
hansı hisslər keçirdiyini
yaxşı anlayıram.
Dərslik,
xüsusən orta məktəblər üçün
yazılan dərslik xüsusi yanaşma, həssaslıq, dil
bilgisi, metodik incəlik
və psixoloji duyum tələb
edir. Aşağı sinif
dərsliklərini yazmaq isə bir cəhənnəm əzabıdır, uzun illər, səbir, hövsələ, ciddi axtarış lazımdır. Müqayisələr
aparmaq, psixoloqla,
şıltaq rəssamlarla işləmək, az
qala hər detalı, hər işarəni,
kitabın hər vərəqinin hər kvadrat
santimetrindəki semantikanı yüz dəfə
ölçüb-biçmək də öz
yerində... Və birdən TQDK-nın əliqılınclı
ekspertləri peyda olur
və səni tənbeh eləməyə başlayırlar.
Onların "bu cümlələri niyə
biz istəyən formada
yazmamısınız" sualı
adama sıyrılmış qılıncdan
da qorxulu gəlir.
İstənilən
mübahisəyə, o cümlədən
dərslik kimi həssaslıq tələb
edən məsələyə
vicdanlı və qərəzsiz yanaşma
vacibdir. Həm də vicdanı ildə bir-iki dəfə epizodik
oyananların yox, bütövlükdə
böhranlı məqamlarda söz deməkdən çəkinməyən
adamların danışması vacibdir. Bu
baxımdan obyektivliyinə
inandığım bir çox
təhsil ekspertləri dərslik monitorinqinin
obyektivliyinə ciddi şübhə ilə
baxır, "burada açıq şəkildə
maraqlar toqquşmasına yol
verilib", "vaxtilə dərslikləri
keçməyən şəxslərin mətbuatda söylədikləri
iradların əksəriyyəti yekun rəyin
nəticə hissəsində öz əksini
tapıb", "burada müasir
monitorinq metodikasından əsər-əlamət
yoxdur" deyirlər.
Müasir proseslər bizi sistemli
düşüncə sərhədlərinə gətirib
çıxarıb. Məncə, TQDK monitorinqin
məhz sistemini və formatını düz tapmayıb. İkincisi,
dərsliklərə yanaşmada dəqiq
kriteriyaların olmaması da çox aydın görünür.
Məsələn, konkret olaraq
1-ci sinif
"Azərbaycan dili" dərsliyinə
hansı kriteriyalarla yanaşmaq
lazımdır" sualı havadan
asılı qalıb. Elə bu
səbəbdəndir ki, konseptual
məsələləri əks etdirməli olan
ekspert rəyində "qarpızın
yerdə qalan dilimləri hardadır",
"filan yerdə vergül
qoymayıblar", "niyə kukla yox, gəlincik yazıblar", yaxud
"şəkildə adamın ağzı niyə
açıqdı" kimi qeyri-ciddi, TQDK-nın nüfuzunu
aşağı salan və lətifəvari
"iradlar" yer
almazdı.
İndi ya zəlzələdən,
ya vəlvələdən dərsliklərlə
bağlı yaranmış vəziyyət təhsillə maraqlanan hər kəsi düşündürür.
Sanki hücum əmri
almış TQDK ekspertləri qılıncı qına qoyana oxşamırlar, Təhsil Nazirliyinin təmkinli görünən
nümayəndələri də geri
çəkilmək fikrində deyillər. Yaxşı ki dərslik müəllifləri də
danışıb və xeyli ciddi arqumentlər səsləndiriblər. Lakin indiki halda
dərsliklərin ekspert qərəzinə
və monitorinq tələsinə tuş gəlməsini demək çətin deyil...
Qulu
MƏHƏRRƏMLİ
Azərbaycan
müəllimi.- 2013.- 8 mart.- S.4.