Gəncənin
ziyalı xanımı
Yaxşı işlərdən,
xeyirxah əməllərdən yazmaq neçə də xoşdur.
Qələm də sevinir, ürək də.
Amma hər dəfə Sevda
xanım haqqında yazmaq istəyəndə
özümdə dərin məsuliyyət hiss
edir, ehtiyatlanırdım. Ehtiyatlanırdım ki, gördüyü işin
fövqündə gənc olmasına baxmayaraq
ona layiq sözlər tapmaqda çətinlik
çəkim, onu necə varsa
təqdim etməyi
bacarmayım. Əlahəzrət
Söz və Qələm bu yerdə mənim
yardımçım olsun.
Sevda
xanım Azərbaycanda tanınan, hörmət-izzət sahibi
olan ziyalı bir ailənin övladı, bu ailənin müqəddəs
ənənələrinin ləyaqətli
davamçısıdır.
1960-cı
ilin noyabrında Gəncədə doğulan Sevda Qurbanəliyeva
şəhər 1 nömrəli orta məktəbi
və 1 nömrəli uşaq musiqi məktəbini fərqlənmə diplomu ilə bitirmişdir. 1979-cu ildə Q.Hüseynli
adına orta
ixtisas məktəbini, 1984-cü ildə Ü.Hacıbəyov
adına Azərbaycan Dövlət
Konservatoriyasının fortepiano
şöbəsini fərqlənmə diplomu
ilə başa vurmuşdur.
Tələbəlik illərində ümumşəhər və
ümumrespublika elmi,
ifaçılıq müsabiqələrində iştirak etmiş, tərifnamə
və diplomlarla təltif olunmuşdur.
Sevda xanım həyatın və
elmin çətin yollarında qətiyyətlə, cəsarətlə
addımlayıb. O, 1989-cu ildə "Musiqi
sənəti" ixtisası üzrə namizədlik
dissertasiyasını, 1995-ci ildə P.İ.Çaykovski
adına Kiyev
Dövlət Konservatoriyası nəzdində fəaliyyət
göstərən, dünya miqyasında
tanınmış alimlərdən ibarət
ixtisaslaşdırılmış Müdafiə
Şurasında doktorluq
dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək beynəlxalq
aləmdə Azərbaycan mədəniyyətini yüksək səviyyədə təqdim və təbliğ etmişdir. Ona 1996-cı
ildə Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi adı verilmişdir.
1984-1990-cı illərdə Gəncə şəhəri Q.Hüseynli
adına Musiqi Texnikumunda müəllim işləmiş, ictimai əsaslarla Musiqi Texnikumunda gənclər təşkilatına rəhbərlik
etmişdir.
1984-cü
ildən Gəncə Dövlət Universitetində müəllim,
dosent, onun təşəbbüsü
və bilavasitə təşkilatçılığı ilə
yaradılmış musiqi fənləri
kafedrasının müdiri, 1996-cı ildə
professor vəzifəsinə seçilmiş
və hazırda həmin kafedraya və ictimai əsaslarla
GDU-nun tələbə
yaradıcılıq kollektivlərinə uğurla
rəhbərlik edir, Universitet
Elmi Şurasının üzvüdür.
2002-ci ildən Azərbaycan Respublikası Bəstəkarlar
İttifaqının üzvüdür.
2011-ci
ildən AMEA-nın Gəncə Regional Elmi Mərkəzində "Sənətşünaslıq" şöbəsinə rəhbərlik
edir.
Gəncənin elmi həyatında
yaxından iştirak edir.
Sevda xanım səmərəli elmi fəaliyyətinin bəhrəsi olaraq 60-dan çox çap edilmiş elmi, tədris və
metodik işlərin, o
cümlədən ümumtəhsil məktəbləri və ali məktəblər
üçün dərsliklərin,
monoqrafiyaların müəllifidir.
Professor Sevda
Qurbanəliyevanın rəhbərliyi ilə kafedraya
digər ali
təhsil müəssisələrindən
təqdim edilən dissertasiya və avtoreferatların, tədris
proqramlarının rəyləndirilməsi müntəzəm
təşkil edilir, eksperimental
metodikalar tətbiq edilir.
2010-cu
ildən Bakı Musiqi Akademiyası nəzdində
yaradılmış Dissertasiya
Şurasının üzvüdür, onlarla elmlər doktoru, fəlsəfə
doktoru alimlik dərəcəsinə
təqdim olunmuş dissertasiyaları rəsmi
opponent kimi rəyləndirmişdir.
Sevda Qurbanəliyevanın elmi-pedaqoji fəaliyyəti zəngin və
çoxşaxəlidir. Xalqımız, bugünkü elmimiz üçün
olduqca ciddi əhəmiyyəti
olan mövzulara
müraciət edərək o, Azərbaycan
mədəniyyətini və incəsənətini
tədqiq-təhlil və təbliğ
edir, elmi və pedaqoji kadrların hazırlanmasında fəal
iştirak edir. Yetirdiyi kadrlar təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarlarda
da musiqi müəllimi kimi
uğurla fəaliyyət
göstərirlər. Tələbələrindən
Səidə Həsənova, Günay
Tağıyeva, Sevinc Rüstəmova, Lalə
Rəfibəyli kafedrada müəllim kimi səmərəli
çalışırlar.
Gəncədə
musiqi ixtisası üzrə ali təhsilli kadr
hazırlığının təməlini
qoyan professor Sevda Qurbanəliyevanın rəhbərliyi ilə kafedrada peşəkar
kadrlar hazırlanır, müntəzəm
olaraq kafedra nəzdində
elmi-nəzəri, metodiki seminarlar,
musiqi lektoriyaları, elmi-praktik
konfranslar, mühazirə-konsertlər, tələbələrin ifaçılıq
müsabiqələri, sinif konsertləri,
yaradıcılıq axşamları və s.
təşkil olunur.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin "Dahi
Azərbaycan şairi və mütəfəkkiri
Nizami Gəncəvinin 870 illik
yubileyinin
keçirilməsi haqqında" 2011-ci il
23 dekabr tarixli sərəncamından irəli gələn vəzifələrlə
əlaqədar Gəncə Şəhər İcra
Hakimiyyətinin başçısı Elmar Vəliyevin tövsiyəsi ilə yaradılmış
komissiyanın üzvü
kimi Sevda Qurbanəliyeva
tərəfindən Nizami Gəncəvinin
musiqi dünyasının tədqiqi və təbliği məqsədi
ilə bir sıra layihələr qısa bir vaxtda uğurla həyata keçirilib.
Sənətşünaslıq
doktoru, professor Sevda Firuddin qızı
Qurbanəliyeva ciddi elmi
axtarışlarında Azərbaycan musiqisinin nəzəri-estetik xüsusiyyətləri,
tərbiyəvi əhəmiyyəti, ədəbiyyatla musiqinin qarşılıqlı əlaqələri,
musiqinin tədrisi metodikası kimi problemləri, Nizami Gəncəvinin,
Mirzə Şəfi Vazehin, Fikrət Əmirovun, Qəmbər Hüseynlinin yaradıcılıq irsini musiqişünaslıq elmi
baxımından tədqiq edir, əldə
etdiyi elmi nəticələrin
tətbiqinə nail olur.
Onun "Muzıka" ümumtəhsil məktəblərinin
VI sinfi üçün dərslik (Bakı, 2007), "Musiqinin elementar nəzəriyyəsinə
dair dərs vəsaiti" (Bakı, 2007),
"Musiqi savadına dair
praktik tapşırıqlar" (Bakı,
2011) adlı kitabları tədris prosesində geniş
istifadə olunur.
Professorun "Heydər Əliyev və
Azərbaycan musiqi mədəniyyəti",
"Musiqi tərbiyəsinin müasir problemləri", "Milli musiqimiz-milli sərvətimizdir",
"Milli mədəniyyət və qloballaşma" mövzularında kafedrada
keçirilən elmi-praktik konfranslarda, YAP Gəncə şəhər Təşkilatı
tərəfindən Heydər Əliyev
Universitetində keçirilən seminarlarda təhsil və mədəniyyət
məsələlərinə həsr olunmuş
məruzələri şəhər ziyalıları tərəfindən yüksək qiymətləndirilmişdir.
O, Yeni Azərbaycan Partiyasının, Azərbaycan
qadınlarının, Azərbaycan müəllimlərinin
qurultaylarında iştirak etmiş,
qurultay qərarlarının ictimaiyyət
arasında geniş yayılmasına nail
olmuşdur.
1997-ci
ildən Yeni Azərbaycan
Partiyasının üzvüdür.1990-cı ildən indiyədək YAP Gəncə
şəhər Təşkilatının Şura
üzvüdür.
2007-ci
ildən indiyədək Gəncə Dövlət Universitetində
YAP Qadınlar Şurasının sədri, İdarə Heyətinin
üzvüdür. Prezident
və parlament
seçkilərində xüsusi fəallığı
ilə seçilmişdir.
Azərbaycan
Respublikası Prezidenti cənab İlham Əliyevin 22 aprel
2009-cu il tarixli sərəncamına əsasən Sevda xanım "Tərəqqi" medalı
ilə, Azərbaycan Respublikası Təhsil Nazirliyi,
Azad Həmkarlar İttifaqı Komitəsi,
Gəncə Şəhər İcra
Hakimiyyəti, Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti,
YAP Gəncə
şəhər Təşkilatı, Gəncə Dövlət
Universiteti, universitetin
pedaqoji fakültəsi tərəfindən
fəxri fərman və tərifnamələrlə təltif olunmuşdur.
Tez-tez söhbət əsnasında
deyir: xalqımızın ümummilli
lideri, ulu öndər
Heydər Əliyevin siyasi kursunun
layiqli davamçısı İlham Əliyev, ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban
Əliyeva mədəniyyətin, incəsənətin, musiqinin
inkişafına, milli mənəvi dəyərlərimizin
qorunmasına, yaşadılmasına və təbliğinə
çox böyük diqqət və qayğı
göstərməklə bizə geniş imkanlar yaradırlar. Bu
istiqamətdə həyata keçirilən tədbirlər,
layihələr Vətənimizin dünya
miqyasında tanınmasında, beynəlxalq nüfuzunun
artmasında müstəsna əhəmiyyət kəsb edir. Misilsiz xidmətləri
və dəyərli fəaliyyəti ilə hər birimizə örnək olan
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya nəcib, xeyirxah
işində dəstək və dayaq olmaq bizim vətənpərvərlik borcumuzdur.
Sevda xanım hansı sahədə
olursa-olsun Vətəninin,
xalqının şərəfini
daim uca tutur, milli mənəvi dəyərlərimizin,
tariximizin, mədəniyyətimizin qorunub yaşadılmasında fəal və vətəndaşlıq
mövqeyini ortaya qoyur, bununla fəxr edir, qürur duyur.
Qazancı,
mükafatı insanların ona olan sevgisi, böyük inam və
hörmətidir. Bunlar Sevda
xanımın həyat leytmotividir.
Süsən TAĞIYEVA,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Azərbaycan
müəllimi.- 2013.- 8 mart.- S.8.