Ana dilimizi şagirdlərə
sevdirirəm
Azərbaycan dili və ədəbiyyat müəllimlərindən
ana dilimizi bir varlıq qədər sevdirmək, onun zərif və incə bir
dil olduğunu
şagirdlərə anlatmaq böyük məsuliyyət tələb edir. Hər yeni mövzu keçəndə dilin
daxili aləmini, toxunulmazlığını,
möcüzəsini şagirdlərimə faktlarla
başa salmağa
çalışıram. Axı bu dil bizim dövlət dilimizdir. Axı biz bu dildə yazır, bu dildə
oxuyur,
danışır və ünsiyyət yaradırıq. Bu dil 35 milyondan
çox azərbaycanlıya xidmət edir.
Şagirdlərimə
başa salıram ki, bu dilin kamilliyi,
dərinliyi "Dədə Qorqud" kitabının dilində, bu dilin şirinliyini,
musiqili və rəvan olmasını Nəsimi, Füzuli,
Vaqif, M.F.Axundzadə, M.Ə.Sabir,
C.Məmmədquluzadə, Ə.Haqverdiyev,
C.Cabbarlı, S.Vurğun, X.Rza,
B.Vahabzadə və onlarca söz
ustalarının timsalında görürük.
Dərsliklərimizdə
ana dili ilə
bağlı kifayət qədər mövzular
toplanıb. Həm ana dilinə
məhəbbət ruhunda yazılan əsərlər,
həm söz sənətkarlarımızın
bu dilin təmizliyi uğrunda apardığı mübarizələr,
həm də dilimizin qrammatik
qayda-qanunları haqqında materiallar bir daha sübut
edir ki, dövlətimiz,
xalqımız bu dilə biganə qalmamışdır.
Mən bu mövzuları keçərkən
daha diqqətli olmağa,
bu zərif dilin, bu varlı dilin əvəzsiz
olduğunu şagirdlərimə
aşılatmağa
çalışıram. B.Vahabzadənin "Mənim ana dilim-mənim kimliyim"
şeirini sinifdənxaric oxu
kimi keçirəm. Bu
şeiri keçərkən şagirdlərimə
başa salıram ki, dilimiz çətin sınaqlardan
çıxıb və həmişə qayğıları olub. Bəzən yabançı sözlərin
axınına məruz qalıb, bəzən siyasi
təzyiqlərlə qarşılaşıb, bəzən millətin
öz övladlarından ögeylik
görüb. Ancaq
yaşayıb. Elə B.Vahabzadə də bu
şeirdə öz dilinə xor baxanları, öz dilini başqa dillərə
qurban verənləri qınayır:
Nə yarpaq, nə külək, nə metal, nə quş
Səslənmir,
oxumur özgə dilində.
Bəs
sənə nə düşüb, ay dili yanmış,
Yad dildə ötürsən
öz mənzilində.
Başqa dilləri ana dilindən
üstün tutmaq cahillikdir, öz millətinə, öz
tarixinə xəyanət etməkdir. 11-ci sinfin ədəbiyyat dərsliyində "XX əsrin
əvvəllərində dilimizin mövqeyi, təmizliyi uğrunda
mübarizə" mövzusu öz əksini tapıb. Bu mübarizəni
F.Köçərli və C.Məmmədquluzadə öz əsərlərində ayna
kimi işıqlandırırdı. Mən
şagirdlərimə izah edirəm ki, XX əsrin əvvəllərində ana dilimiz üç
yöndən
korlanırdı: a) bəzi
ziyalılarımız rus və Avropa sözləri
işlətməyə can
atırdı; b) türk
- osmanlıca; c) ərəbcə sözlərə
üstünlük verirdi.
Bunların hər üçü
eyni dərəcədə doğma
ana dilimizi korlamaq məqsədini güdürdü.
Elə buna görə də bu üç ziyanlı
meyilə C.Məmmədquluzadə "Anamın
kitabı"nda birdən güldü. Bu tragikomediya bəlkə
də bu günümüzlə ayaqlaşan ən gözəl əsərdir.
Başqa bir
nümunə gözəl sənətkarımız, söz ustadı S.Vurğundandır.11-ci sinifdə
onun məşhur
"Vaqif" pyesini
keçərkən şagirdlərin diqqətini dahi Azərbaycan şairi Vaqif ilə qaniçən hökmdar
Qacarın qarşılaşdığı səhnəyə
cəlb edirəm. Şagirdlər həmin səhnənin elektron variantını izləyir və
Qarabağı işğal edən düşmənə sonsuz nifrətini bildirən şairin
öz dilinə olan
hörmət və ehtiramını, məhəbbətini daha aydın görürlər.
Ş.İ.Xətai
XVI əsr Azərbaycan ədəbi-bədii dilinin
yüksək mərtəbəyə çatmasında, Füzuli kimi dahi sənətkarın sənəti üçün siyasi və
mədəni şəraitin yaradılmasında çox böyük
işlər görmüşdür. Xətainin həyat və
yaradıcılığını keçərkən
şagirdlərin diqqətini onun vəsiyyətlərindən
birinə cəlb edirəm.O deyirdi: "Ey türk oğulları, bir ovuc
torpağınızı dünyanın var
dövlətinə, dilinin bir
sözünü ləl-cəvahirata dəyişməyin,
onları qoruyun və sonrakı nəsillərə
çatdırın".
Artıq
məktəblərimizdə dərslər kurikulumun
tətbiqi ilə keçilir. Bu da şagirdlərə öz fikirlərini sərbəst ifadə etməyə
imkan verir. Mən 5-ci
sinifdə "Söz
yaradıcılığı" bəhsini keçərkən
dilimizin nə qədər zəngin olduğunu şagirdlərə başa
salır və onları yeni söz yaratmaq üçün müxtəlif üsullardan istifadə etməyə
alışdırıram. Yaradıcı işlər (esse, inşa və s.) verməklə onlarda ana dilinə maraq
oyadıram.
10-cu
sinifdə "Azərbaycan dili" dərsliyində
"Nitq mədəniyyəti" adlı
bölmə var. Şagirdlərimə ana dilində düzgün
və dəqiq danışmağı öyrətmək üçün bu mövzudan daha çox istifadə edirəm. Onlara
başa salıram ki, dilin fonetik, leksik və qrammatik
qayda-qanunlarını bilmədən nitq mədəniyyətinə
yiyələnə bilmərik.
Şagirdlərimə natiqlik sənəti
haqqında məlumat verərkən məşhur natiqlərimizin
adını çəkir, ümummilli liderimiz Heydər Əliyevin adını xüsusi
vurğulayıram. Onlara bu
dahi şəxsiyyətin nitqini,
çıxışlarını dinləməyi
tapşırıram. Bunun üçün dərs prosesində bəzən
kompüterdən və İnternetdən də istifadə edirəm.
Doğrudan da, ana dilini, xalqını, vətənini
varlığı qədər sevən bir
şəxs məhz Heydər Əliyev kimi
natiq ola bilərdi. Belə
şəxsləri isə tarix tək-tək
yaradır.
Dahi şəxsiyyət Heydər
Əliyev ana dili
haqqında gözəl fikirlər
söyləmiş, bu dilin əzəmət və
vüqarını bir daha
sübut etmişdir:
"Dil hər bir millətin
milliliyinin əsasıdır. Ona görə də hər bir
gənc öz ana dilini - Azərbaycan dilini, müasir Azərbaycan dilini
ən incəliklərinə qədər bilsin
və bu dildən istifadə etsin. Biz müstəqil Azərbaycanda
Azərbaycan dilini dövlət dili etdiyimiz kimi, cəmiyyətdə də,
xalqımızın içində də Azərbaycan dilini mütləq
hakim dil etməliyik".
Ümummilli liderimiz Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli fərmanına
görə ölkədə Azərbaycan dilində çap olunan qəzet, jurnal, bülleten, kitab və digər çap
məhsulları istehsalının 2001-ci il avqustun 1-nə
qədər bütövlükdə latın qrafikasına keçməsi
təmin olundu. Hazırda avqustun
1-ni ana dili günü kimi qeyd edirik. Heydər Əliyevin
dil siyasəti, dillə
bağlılığı - Azərbaycanda ana
dilinin tərəqqisi üçün
elə bir möhkəm tarixi
şərait yaradıb ki, biz
həmin siyasətin hələ uzun illər
uğurla davam edəcəyinə
tamamilə əminik.
Azərbaycan
Prezidenti İlham Əliyev
cənabları bu siyasəti uğurla davam etdirir. Onun ana dilimizin geniş, maneəsiz işləkliyi üçün göstərdiyi milli iradə, gördüyü
məqsədyönlü işlər də Azərbaycan dilinin nüfuzunun yüksəlməsinə
və türk dilləri arasında mötəbər
mövqe qazanmasına xidmət edir.
Bəli,
bu dil müqəddəsdir.
Bu dili korlamaq, zədələmək, yada satmaq, ondan
kor-koranə istifadə etmək günahdır. Gəlin dilimizi sevək, onun təsvirinə,
xəlqiliyinə çalışaq və unutmayaq
ki, bu dil
- ana dilimiz bizdən
sonrakı nəsillərə ərməğandır.
Güllər QULİYEVA,
Bakı şəhəri Ə.Abbasov adına
257 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi,
metodbirləşmə
rəhbəri
Azərbaycan
müəllimi.- 2013.- 8 mart.- S.8.