Yan Amos Komenskinin pedaqoji irsinin Azərbaycanda
yayılması
Görkəmli
ictimai xadim, humanist filosof, dilçi, tarixçi, dünya
pedaqogikasının korifeyi Yan Amos Komenski xələflərinə
qiymətli irs qoymuş və orijinal pedaqoji nəzəriyyələri
ilə zəmanəsindəki pedaqoji görüşlərdə
köklü dəyişikliklər əmələ gətirmişdir.
Avropa tarixinin ən coşqun və qaynar dövründə
yaşayan Y.A.Komenski təlim-tərbiyənin məqsədi, məzmunu,
təşkili, cəmiyyətdəki rolu, ona verilən tələblər
və s. məsələlərdə sələflərini, həm
də müasirlərini (T.Kampanella, R.Dekart, C.Bruno, Q.Qaliley,
F.Bekon və b.) xeyli qabaqlamışdır. Y.A.Komenski pedaqoji elmin
qızıl sütunudur. Pedaqogikanın
müstəqil bir elmə çevrilməsi məhz onun adı
ilə bağlıdır. Onun elmi əsaslara və
qabaqcıl məktəblərin təcrübəsinə
istinad edərək dövrün sxolastik məktəblərini
kəskin tənqid etməsi, təlim sahəsində bir novator
pedaqoq kimi sinif-dərs sistemini, "Hamıya hər şeyi
öyrətməyin ümumi nəzəriyyəsini" əsaslandırması;
məktəbdə dəqiq qaydaların yaradılması, dərsliklər
tərtibi, müəllimə qarşı irəli
sürdüyü pedaqoji tələblər və s.
haqqındakı baxışları dünya pedaqoji fikrinə
dəyərli bir töhfədir. O, sələflərinin təlim-tərbiyə
haqqındakı fikirlərini, fəlsəfi nəzəriyyələrini
mükəmməl surətdə öyrənmiş,
böyük pedaqoji ideyaların tükənməz xəzinəsi
olan əsərlərində uzunmüddətli müəllim təcrübəsindən
istifadə etmişdir.
Y.A.Komenski pedaqoji əsərləri
üçün ilham mənbəyini xalq kütlələrinin
ideologiyasında tapdığından, zəngin
yaradıcılığı ilə XVII əsrə kimi
aparıcı olan pedaqoji fikrə yekun vurmuş, yeni pedaqoji nəzəriyyələr
üçün bünövrə qoymuşdur.
Bu səbəbdən də onun zəngin
irsi, pedaqoji nəzəriyyələri neçə əsrdir
ki, dünya pedaqoji fikrinin diqqət mərkəzində
olmuş, 90 cildlik əsərlərinin külliyatı nəşr
olunmuş, haqqında saysız-hesabsız monoqrafiyalar, kitab və
kitabçalar, qəzet-jurnal məqalələri çap
olunmuş, yubiley sessiyaları, elmi-praktik konfranslar
keçirilmiş, əsərlərinin müəyyən qismi
(xüsusilə, "Böyük didaktika") dünya dillərinə
tərcümə olunmuşdur.
Y.A.Komenskinin 400 il bundan əvvəl
söylədiyi pedaqoji ideyaların elmi dəyəri
orasındadır ki, qərinələr, əsrlər
keçdikcə bu ideyalar Avropa ölkələrinə
yayılmaqla qalmamış, sərhədləri keçərək
Rusiyaya, Rusiya imperiyasının ucqarlarına, Güney Qafqaza,
Azərbaycana da nüfuz etmiş və pedaqoji elmlərin
inkişafına böyük təkan vermişdir.
Y.A.Komenskinin ideyalarının Azərbaycanda
yayılması hələ keçən əsrin sonlarına
təsadüf edir. Bu ideyalar Zaqafqaziya Müəllimlər
Seminariyasının məzunları tərəfindən mənimsənilmiş
və yayılmışdır. Seminariyanın
ilk məzunlarından olan T.Bayraməlibəyov ana dilinin tərbiyəvi
əhəmiyyətindən bəhs edərkən Y.A.Komenskinin
"Ana dilini bilmədən özgə dili bilmək olmaz"
fikirlərinə istinad edirdi. İnqilaba qədərki
dövri mətbuatın araşdırılması göstərir
ki, Azərbaycan pedaqoqlarından təkcə T.Bayraməlibəyov
deyil, H.Zərdabi, N.Nərimanov, Ü.Hacıbəyov, R.Əfəndiyev
və başqaları da Komenskinin adını əsərlərində
hörmətlə çəkmiş, onun ideyalarından
yaradıcılıqla bəhrələnmişlər.
Keçən əsrin 20-30-cu illərindən
başlayaraq Y.A.Komenskinin pedaqoji əsərləri daha ciddi tədqiqat
obyektinə çevrilir. "Klassik
pedaqoqların mütərəqqi irsini sovet pedaqogikası
üçün bir mənbə" hesab edən sovet pedaqoji
elmi həmin istiqamətli tədqiqatların genişlənməsini
zəruri və vacib hesab edirdi. Buna görə də, ilk
növbədə, Y.A.Komenskinin dünya pedaqoji fikrinin incilərindən
sayılan əsərlərini
milli dillərə tərcümə etmək zərurəti
yarandı.
Azərbaycanda bu sahədə (ümumiyyətlə,
pedaqoji elmin bütün kardinal problemlərinin həllində)
bütün ağırlıqlar Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər
İnstitutunun (indiki TPİ) üzərinə
düşürdü. Bu da hər şeydən
öncə, elmi potensial qüvvə ilə bağlı idi.
Belə ki, səriştəli pedaqoqların
böyük bir qrupu məhz həmin institutda fəaliyyət
göstərirdi.
40-cı illərdə Azərb.
DETMİ tərəfindən pedaqoji klassiklərin
Azərbaycan dilində əsərlərinin nəşrinə
başlanılır. İlk dəfə
Y.A.Komenskinin "Böyük didaktika" və "Ana
qucağı məktəbi" adlı əsərlərindən
parçalar "Didaktik prinsiplər" adı ilə nəşr
olunur (Y.A.Komenski. Didaktik prinsiplər.
Azərnəşr. Tədris-pedaqoji
şöbəsi. Bakı, 1941).
Kitabın giriş hissəsində
bildirilir ki, bu əsərlər üç əsr bundan qabaq
yazılmış olduğundan burada bəzi fikirlər ancaq
tarixi əhəmiyyətə malikdir, lakin müəllimlər
öz nəzəri biliklərini artırmaq və praktik işlərində
tətbiq etmək üçün bu əsərlərdə
olduqca qiymətli metodik göstərişlər tapa bilərlər. Kitabda
verilmiş hissələr orijinaldan deyil, Ioffun "Xrestomatiya
po pedaqoqike XV-XVIII vv" və "Böyük didaktika"nın 1893-cü il rus variantındakı
çapından tərcümə olunmuşdur. Kitab
"Y.A.Komenskinin pedaqoji görüşləri" adlı məqalə
ilə açılır. Kitabın sonunda
M.Muradxanov tərəfindən 47 sözün geniş izahı
verilmişdir. Bu kitabın nəşri ilk
təşəbbüs kimi olduqca qiymətlidir.
Y.A.Komenskinin Azərbaycanda ikinci kitabı
60-cı illərdə işıq üzü
görmüşdür. Azərbaycan DETPİ
tərəfindən çapa hazırlanmış bu kitab
1955-ci ildə professor A.A.Krasnovskinin Moskvada nəşr etdirdiyi
"Y.A.Komenskinin seçilmiş pedaqoji əsərləri"nin rus variantından tərcümədir. Kitab dilimizə A.İ.Kərimov və M.Ə.Muradxanov
tərəfindən yüksək professionallıqla tərcümə
olunmuş, Ş.Ağayev tərəfindən redaktə
olunmuşdur. A.A.Krasnovskinin ön söz
kimi təqdim olunan "Yan Amos Komenskinin həyatı və
pedaqoji əsərləri" adlı məqaləsi xüsusi
tədqiqat işi kimi səciyyəvidir və böyük
maraq doğurur.
Məqalədə Y.A.Komenskinin pedaqoji əsərlərinin
silqəti, bəşəri dəyəri aşkarlanmaqla
yanaşı, ictimai-siyasi, həm də pedaqoji
ideyalarının zəif cəhətləri də şərh
olunmuşdur. Məqalədə Y.A.Komenskinin
"Seçilmiş pedaqoji əsərləri"nin həm
azərbaycanca tərcüməsində olan, həm də
buraya daxil edilməyən əsas pedaqoji əsərlərinin
("Böyük didaktika", "Dünya labirinti və qəlbin
cənnəti", "Ümumi müdrikliyin nişanəsi",
"Təbii istedadların mədəniyyəti
haqqında", "Pansofiya məktəbi",
"Dirilmiş Forsi və ya məktəbdən
durğunluğun qovulması haqqında", "Həqiqi
üsulun tərifi", "Şeyləri dürüst
adlandırmağın xeyri haqqında",
"Davranış qaydaları", "Yaxşı təşkil
olunmuş məktəbin qanunları", "Sxolastik labirintlərdən
çıxış yolu") məzmunu, quruluşu, irəli
sürülən pedaqoji ideyaları öz şərhini
tapmışdır. Onu da qeyd edək ki,
A.A.Krasnovskinin məqaləsində təhlil olunan əsərlərindən
bəziləri Azərbaycan dilinə tərcümə edilməmişdir.
Rus variantında olan kitabla fərqli cəhətdən biri də
dini xarakterdə olan hissələrin ("Böyük didaktika"nın
I,II,III və IV fəsillərinin dini ayinlərindən
ibarət müddəaları, "Didaktikanın
faydası" adlı bölmənin 7-ci bəndinin xeyli hissəsi)
ixtisarı, bəzi təkrar olunan izahedici nümunələrin
tərcümə edilməməsidir. Komenskinin
yaşadığı dövr kilsənin ən yüksək
inkişaf dövrünə, zehni fəaliyyətin
bütün sahələrində ilahiyyətin hökm
sürdüyü vaxtlara təsadüf edir. Təbii ki, bütün bunlar Komenskinin
yaradıcılığına təsir göstərməyə
bilməzdi. Onun fikrincə, bütün təbiəti,
onun bir hissəsi olan insanı Allah yaratmışdır.
Kitabdakı dini parçaların ixtisarı təəssüf
doğurmaya bilməz. Tərtibçilər
dövrün tələbinə uyğun olaraq həmin
addımı atsalar da, unutmamalı idilər ki, din tarixin, mədəniyyətin
ayrılmaz hissəsi, insanlığın əsas mənəvi
təkamül yollarından biridir.
Y.A.Komenskinin "Seçilmiş pedaqoji əsərləri"nin Azərbaycan dilində nəşri onun zəngin
və dəyərli pedaqoji irsini öyrənmək, tədqiq
etmək, praktik iş zamanı istifadə etməkdə
böyük rol oynamışdır.
50-ci illərdə Y.A.Komenskinin pedaqoji
irsinin irəli sürdüyü nəzəri fikirlərin,
orijinal üsulların dünya əhəmiyyətini nəzərə
alaraq Ümumdünya Sülh Şurasının qərarına
əsasən, Çexoslovakiya Respublikası 1956-58-ci illərdə
böyük pedaqoqun ilk külliyatının nəşr edilməsinin
(1656-cı ildə Hollandiya senatının qərarı ilə
Komenskinin əsərlərinin ilk külliyyatı nəşr
edilmişdir) 300 illiyinə həsr edilmiş yubiley
keçirir. Bu tədbir bütün dünyaya
yayılır.
Bu kimi tədbirlər Azərbaycanda da
Y.A.Komenskinin pedaqoji irsinin, dəyərli nəzəri
ideyalarının araşdırılması sahəsindəki
tədqiqatlara güclü təkan verdi,
bir sıra yeni tədqiqatlar, araşdırmalar meydana gəldi.
İlk tədqiqat işi kimi M.Muradxanovun
"Azərbaycan müəllimi" qəzetində dərc
etdirdiyi "Yan Amos Komenski" məqaləsi diqqəti cəlb
edir. Müəllimlərin pedaqoji-nəzəri
biliyini artırmaq, onları məşhur pedaqoji klassiklərin
görüşləri və pedaqoji üsulları ilə tanış etmək məqsədilə dərc
olunmuş məqalədə M.Muradxanov Y.A.Komenskinin
bütün pedaqoji fikirlərini deyil, "ancaq onun əsas
didaktik fikirlərini şərh etməyə
çalışmışdır". Komenskinin sxolastik məktəblərə
münasibəti, uşaqların təlimi, irəli
sürdüyü didaktik prinsiplər, sinif-dərs sistemi və
məktəbşünaslıqla bağlı fikirləri
aşkarlanmış, lakin əxlaq tərbiyəsinin məqsədində
dini mövqedə durduğundan bu sahədəki
görüşləri tədqiqatlardan təcrid edilmiş,
bizim məktəblər üçün əhəmiyyətsizdir,
- deyə üstündən sükutla keçilmişdir
(M.Muradxanov. Yan Amos Komenski. "Azərbaycan
müəllimi" qəzeti, 9 fevral 1947).
Əmir Tağıyevin qiyabiçi tələbələrə
kömək məqsədilə nəşr etdirdiyi
"Y.A.Komenskinin pedaqoji görüşləri"
kitabçası, "Y.A.Komenskinin həyat və pedaqoji fəaliyyəti"
("Azərbaycan məktəbi" jurnalı, 1957, ¹4, s. 49-52) adlı məqaləsi
Komenskinin pedaqoji ideyalarını öyrənmək
baxımından qiymətlidir. Tədqiqatlarda
Y.A.Komenskinin həyatı və pedaqoji fəaliyyətinin
ümumi istiqamətləri şərh olunur, intibah
dövrü pedaqogikasının onun
dünyagörüşünə, pedaqoji fikirlərinə təsiri
aşkarlanır.
B.B.Komarovskinin "Y.A.Komenskinin didaktik təlimi"
məqaləsi özünəqədərki tədqiqatlardan təhlil
tərzi ilə seçilir. Müəllif
əsaslı dəlillərlə, məntiqi mühakimə ilə
əsaslandırır ki, məhz Y.A.Komenski birinci olaraq
didaktikanın əsas problemlərini-təhsilin məqsədi
və məzmununu, didaktikanın prinsip və
qaydalarını, təlim üsulları məsələlərini
elmi şəkildə qoydu, didaktikanın elmi səviyyəsini
yüksəltdi. O, təlim üsulu məsələlərini
təcrid edilmiş halda deyil, tədrisin təşkilat,
psixoloji və məntiqi əsasları ilə üzvü əlaqədə
işləyib hazırlamışdır. B.B.Komarovski
başqaları kimi Y.A.Komenski didaktikasının
üstünlüyündən, böyüklüyündən
ümumi, şablon sözlərlə danışmır, onun
didaktikasının böyüklüyünün səbəbini
açır. Məlum olur ki, bu didaktika
"yalnız məhdud texniki mülahizələrə deyil,
psixoloji, fəlsəfi və ictimai fikirlərə əsaslanır".
Ş.S.Ağayevin "Y.A.Komenskinin psixoloji
görüşləri haqqında" ("Azərbaycan məktəbi"
jurnalı, 1957, ¹6, s. 35-45) məqaləsində
Y.A.Komenskinin pedaqoji psixologiyanın
inkişafındakı rolu yüksək qiymətləndirilir.
Əsaslandırılır ki, Komenski öz əsərləri
ilə psixologiyanın inkişaf etməsinə, pedaqoji psixologiyanın
bir elm kimi yaranmasına böyük kömək göstərmiş
və öz pedaqoji nəzəriyyəsini məhz psixoloji məsələlərə
istinad edərək qurmuşdur.
"Pedaqogika", "Pedaqogika tarixi",
"Məktəbəqədər pedaqogika tarixi" və s.
dərs vəsaitlərində, bir sıra orijinal və tərcümə
ədəbiyyatlarında Komenskinin pedaqoji ideyaları, nəzəri
fikirləri yüksək qiymətləndirilir, hərtərəfli
araşdırılır, onunla bağlı ayrıca
portret-oçerk verilir, yaradıcılığının əsas
istiqamətləri işıqlandırılır. Əhməd Seyidovun (Pedaqogika tarixi. Bakı, Maarif, 1968) və Hüseyn Əhmədovun
(Pedaqogika tarixi kursundan mühazirələr. Bakı,
APİ, 1987) dərs vəsaitlərində, Fərrux Rüstəmovun
"Pedaqogika tarixi" dərsliyində Y.A.Komenskinin həyatı,
pedaqoji fəaliyyəti, dünyagörüşü, demokratik
görüşləri, açdığı məktəblər,
təhsil illəri, müəllimlik fəaliyyəti
araşdırılır, pedaqoji sistemində təbiətəmüvafiqlik
prinsipi, təhsilin məzmunu, məktəb sistemi, sinif-dərs
sistemi, məktəbin idarə olunması, direktor, müəllim və şagirdlərin vəzifələri
barədə fikirləri sistemləşdirilir, əxlaq tərbiyəsi,
intizam tərbiyəsi, müəllim və ona verilən tələblər
haqqındakı baxışları pedaqoji fikir süzgəcindən
keçirilir. Komenskinin pedaqoji ideyalarının
Qərbi Avropada, Rusiyada və onun ucqarlarında pedaqoji fikir və
məktəb tarixinə təsiri aydınlaşdırılır.
Tələbələr üçün
köməkçi vəsait kimi nəşr olunan
"Pedaqogika tarixi üzrə sxemlər"də (Tərtib
edənlər: Ə.S.Tağıyev, Ə.Ə.Əhmədov.
Bakı, 1980) Y.A.Komenskinin həyat və fəaliyyətinin
əsas dövrləri, qabiliyyət, xarakter haqqında fikirləri,
didaktik görüşləri, dərsin pillələri, tərbiyəçinin
qarşısında qoyduğu tələblər yüksək
səviyyədə işlənmiş, cəmi 6 sxemdə
öz elmi həllini tapmışdır.
Ötən əsrin 50-70-ci illərində
çap olunmuş qəzet məqalələrində (M.Məmmədov. Y.A.Komenski. "Kirovabad kommunisti", 25 aprel 1957; Ə.Y.Seyidov.
Görkəmli pedaqoq, böyük vətənpərvər
"Kommunist", 16 aprel 1957; yenə onun. "Böyük
çex pedaqoqu", "Azərbaycan gəncləri", 23
aprel 1957; Y.Talıbov. Pedaqogikanın Qalileyi. "Azərbaycan müəllimi", 18 noyabr 1970;
T.Efendiyev Velikiy pedaqoq-qumanist. "Bakinskiy
raboçiy", 14 aprel 1957). Komenskinin
dövrü, həyatı, yaradıcılığı, fəlsəfi
və ictimai-siyasi görüşləri,
dünyagörüşü, ümumi pedaqoji ideyaları, məktəb,
didaktika, tərbiyə nəzəriyyəsi, intizam və
müəllim haqqında fikirləri, məktəbə rəhbərlik,
ailənin tərbiyəvi fəaliyyəti öz əksini
tapıb.
Y.A.Komenski ideyalarının, ümumiyyətlə
pedaqoji irsinin yayılması, tədqiqi və təbliği
üç əsas mərhələni əhatə edir: ilkin mərhələdə
o, yaxşı
dərsliklər müəllifi kimi tanınırdı. Hansı ki, dərslikləri (xüsusilə
"latın dili") təkmilləşdirilmiş şəkildə
XIX əsrdə də istifadə olunurdu; ikinci mərhələ
anadan olmasının 300 illiyi ilə bağlıdır. Bir sıra ölkələrdə onun əsərlərinə,
pedaqoji ideyalarına maraq artdı, əsərləri əksər
dövlətlərdə tərcümə və nəşr olundu.
Almaniyada 90-cı illərdə Komenski adına
Elmi Pedaqoji Cəmiyyət yarandı. Peterburq hərbi-məktəb
muzeyi yanında Komenski şöbəsi açıldı.
Məhz həmin dövrdə dünya pedaqoji
fikri tərəfindən Komenski yekdilliklə yeni məktəb
və pedaqoji fikrin yaradıcısı kimi tanındı.
Dünya pedaqoji fikrinin korifeyi səviyyəsinə
qalxdı, üçüncü mərhələ XX əsrin
60-cı illərindən sonrakı dövrü əhatə
edir. Məhz həmin dövrdə Komenskinin 175 çap vərəqi
həcmində "Obşemu sovetu ob ispravlenii del
çeloveçeskix" adlı siyasi-fəlsəfi və
pedaqoji traktatı işıq üzü gördü. Bu
münasibətlə ÇSR-in Olomouçe şəhərində
Beynəlxalq konfrans (20-24 sentyabr 1967-ci il)
keçirildi. Konfransda 16 ölkədən
nümayəndə iştirak edirdi.
YUNESKO-nun qərarı ilə 1992-ci ildə
Y.A.Komenskinin anadan olmasının 400 illiyi bütün
dünyada geniş qeyd edilmişdir. Bu tədbirlərdə iştirak etmək,
"xalqımızı bu pedaqogika nəhəngi ilə bir
daha yaxından tanış etmək məqsədilə"
professor Y.Talıbov "Y.A.Komenskinin pedaqoji sistemi"
(Bakı, ADBTİ, 1992) kitabçasını qələmə
almışdır.
Kitabçada Y.A.Komenskinin dövrü, həyatı,
dünyagörüşü, ümumi pedaqoji ideyaları, məktəb
nəzəriyyəsi, didaktik görüşləri
(didaktikanın mahiyyəti və vəzifələri, təlimin
qneseloji əsasları, prinsipləri, metodları, sinif-dərs
sistemi və s. (şəxsiyyətin formalaşmasının
ümumi pedaqoji əsasları (tərbiyənin prinsipləri,
metodları, intizam tərbiyəsi, tərbiyədə ailənin
rolu və s.) və müəllim haqqında fikirləri
komenskişünaslığın son nailiyyətlərinə
istinadən yazılmış, böyük pedaqoqun pedaqoji
sistemi yüksək professionallıqla təhlil və tədqiq
edilmişdir.
Əsər özünəqədərki tədqiqatlardan
orijinallığı ilə seçilir.
Komenskinin anadan olmasının 400 illiyi ilə əlaqədar
respublikamızın bütün ali pedaqoji
təhsil müəssisələrində elmi-praktik konfranslar
keçirilmişdi.
Y.A.Komenskinin pedaqoji irsinin Azərbaycanda tədqiqində
və təbliğində akademik Hüseyn Əhmədovun
müstəsna xidmətləri vardır.
O, Azərbaycan ("Ümumdünya" pedaqoji elminin korifeyi,
"Azərbaycan müəllimi", 03 aprel 1992), rus
(Y.A.Komenskiy i eqo "Velikaya didaktika". "Bakinskiy
raboçiy", 08.01.1993) və çex dillərində
Y.A.Komenskinin həyatı və pedaqoji fəaliyyətinin əsas
aparıcı ideyaları ilə bağlı əsərlər
yazmış, Azərbaycanın və xarici ölkələrin
nüfuzlu elmi nəşrlərində çapına nail
olmuşdur.
Akademik Hüseyn Əhmədovun təşəbbüsü
ilə ADPU-da keçirilən konfrans daha maraqlı və
yaddaqalan olmuşdur. Belə ki, həmin
konfransda respublikanın tanınmış pedaqoq alimləri, gənc
tədqiqatçılar, praktiklər Komenski irsi ilə
bağlı çıxış etmiş, onun pedaqoji
sisteminin, ideyalarının həmişəyaşarlığının
səbəblərini açıqlamışlar (Bax:
Y.A.Komenskinin anadan olmasının 400 illiyinə həsr
edilmiş respublika elmi-praktik konfransının tezisləri.
Bakı, ADPU, 1992).
Son illərdə Y.A.Komenskinin pedaqoji irsinin
araşdırılması sahəsində diqqətəlayiq
nailiyyətlər qazanılmışdır.
Belə ki, Azərbaycan pedaqoji elmində ilk dəfə
olaraq Y.A.Komenskinin dini - əxlaqi
görüşləri tədqiqata cəlb edilmişdir.
(F.Rüstəmov, F.Rüstəmli.
Y.A.Komenskinin dini-əxlaqi görüşlərinə
dair. Bakı, "Nurlan", 2000, s.3; F.Rüstəmov.
Pedaqogika tarixi. Bakı, 2007, s. 331-347). Qeyd
etmək lazımdır ki, keçmiş sovetlər ölkəsində
Y.A.Komenski irsinə geniş yer verilsə də,
dünyagörüşünün əsas mənbəyi olan
dini ideyalarının üstündən sükutla
keçilmiş və belə bir fikir irəli
sürülmüşdür ki, onun pedaqoji
baxışlarını ilahiyyat pərdəsi altında şərh
etməsi o dövrdə ilahiyyatın zehnlərə hakim kəsilməsi
ilə əlaqədar olmuşdur.
Bu il Yan Amos Komenskinin
anadan olmasının 420 ili tamam olur. Yubileyə
töhfə olaraq tərəfimizdən onun "Böyük
didaktika" əsəri "Elm və təhsil" nəşriyyatında
(2012, 385 s.) nəşr olunmuşdur.
Yan Amos Komenski öz əsrinin oğlu olsa
da, müasirimizdir, ölməz ideyaları, bu ideyaların
şərh olunduğu xəzinədarı olan misilsiz qiymətli
əsərləri ilə bu gün üçün də gərəklidir,
əhəmiyyətlidir, aktualdır.
Fərrux
RÜSTƏMOV,
əməkdar elm xadimi, pedaqoji
elmlər doktoru, professor
Azərbaycan
müəllimi.- 2013.- 8 mart.- S.10.