Beynəlxalq turnirin qalibi

  

İdmançılarımız parlaq qələbələri ilə hamımızı sevindirir və ölkəmizi beynəlxalq turnirlərdə layiqli təmsil edirlər. Belə idmançılarımızdan biriAnar Kərimlidir. Bu yaxınlarda redaksiyamızın qonağı olan Anar əldə etdiyi yeni qələbəsi haqqında danışdı. Bildirdi ki, 2013-cü il fevralın 2-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində 35-ə yaxın ölkənin iştirakı ilə  keçirilən beynəlxalq turnirdə ölkəmizi təmsil edib. 

O, Rusiya  idmançısını 8:3 hesabı ilə, Ukrayna idmançısını isə vaxtından əvvəl məğlub edib. Finalda  Dağıstan idmançısı Anarın döyüşlərindən qorxduğu üçün yarışdan imtina edib. Gənc idmançımız beynəlxalq turnirdən alnıaçıq Vətənə dönüb.  

Anar 1998-ci ildə anadan olub.  Zəngilan rayonu 29 nömrəli tam orta məktəbin X sinif şagirdi olan Anar idmanın karate növü ilə 13 yaşından məşğul olmağa başlayıb. Paytaxtın Xətai rayonunda yerləşən "Araz" idman klubunda idmanın karate növü ilə məşğul olan Anar Kərimli qısa müddət ərzində məşqçi-müəllimlərinin etimadını doğrultmuş respublikamızda keçirilən yarışlara  qatılmışdır. Anarın məşqçi-müəllimi ölkəmizi beynəlxalq arenalarda layiqincə təmsil edən  təcrübəli idman ustası, dəfələrlə dünya Avropa çempionu Siyavuş Bayramovdur.

Anar Kərimlinin idman karyerasına nəzər saldıqda bir neçə yarışların qalibi olduğunu görmək olar.  Belə ki, o, 2011-ci ildə Bakıda idmanın karate-do növü üzrə yeniyetmələr arasında keçirilən yarışda II yeri, elə həmin il İran İslam Respublikasının Ərdəbil şəhərində keçirilən beynəlxalq turnirdə isə III yeri tutmuşdur. Bu yarışlardan sonra özündə inam hiss edən gənc idmançımız  Anar 2011-ci ilin oktyabrında karate-kontak üzrə yeniyetmələr arasında keçirilən respublika çempionatının qalibi olmuş, həmin ilin dekabr ayında isə Sumqayıtda karate-do federasiyasının keçirdiyi XVII Azərbaycan çempionatında qızıl medala layiq görülmüşdür. Təsadüfi deyil ki, bu uğurları nəticəsində Anar Kərimli "Araz" idman klubu tərəfindən 2011-ci ilin "Ən güclü idmançısı" adına layiq görülmüşdür. Qeyd edək ki, Anar Kərimli bu uğurları ilə yanaşı, bir çox kiçik yarış və turnirlərdə də öz qüvvəsini sınayaraq yüksək nəticələr əldə etmişdir. Anar Kərimlinin ən böyük uğurlarından biri isə 2012-ci ilin fevral ayında yenidən İran İslam Respublikasında yeniyetmələr arasında keçirilən karate-kontak üzrə beynəlxalq turnirdə II yeri tutmasıdır.

Əzmkarlıq və çalışqanlığı ilə seçilən Anar Kərimli qazandığı uğurlarına görə ötən ilin dekabr ayında Karate Federasiyasının  göy kəmərinə layiq görülərək diplomla təltif edilmişdir. Bundan başqa, Anar Zəngilan Rayon İcra Hakimiyyəti və müxtəlif təşkilatlar tərəfindən diplomlarla təltif edilib.

Anar Kərimlinin dediklərindən: Respublikamızda idmanla məşgul olmaq üçün dövlətimiz hər cür şərait yaradıb. Biz yeniyetmələr yaradılan şəraitdən maksimum istifadə etməliyik. Hər bir idmançı kimi mənim də arzum ölkəmizin idman şərəfini qoruyaraq beynəlxalq arenalarda bayrağımızı qaldırmaq və himnimizi səsləndirməkdir. Bunun üçün var qüvvəmlə çalışıram. Bütün bunların öhdəsindən gələcəyimə inanıram. Bu işdə mənə dəstək olan hər bir kəsə, xüsusən də müəllimlərimə  minnətdarlığımı bildirirəm. 

 

 

Rəşad ZİYADOV

 

Azərbaycan müəllimi.- 2013.- 15 mart.- S.11.