Təhsilin informatlaşması pedaqoji elmin yeni sahəsidir
İnformasiya cəmiyyətinin
inkişafı təhsil sisteminə ciddi təsir göstərir. Bu səbəbdən
informasiya cəmiyyətinin texnologiyaları təhsildə geniş
tətbiq edilir. Bu proses təhsilin informatlaşması istiqamətində silsilə
layihələrin reallaşmasını tələb edir. Bu tip layihələrin
səmərəli icrası üçün "təhsilin
informatlaşması nədir", "təhsilin
informatlaşması ilə
hansı elm sahəsi məşğul
olmalıdır" kimi suallara
konkret cavab verilməlidir. Bu məsələlərin təhlili
göstərir ki, təhsilin
informatlaşması
pedaqoji elmin yeni sahəsi olub, pedaqoji innovasiyaların nüvəsini təşkil
edir. Təhsilin
informatlaşması
prosesi ilə peşəkar pedaqoji kadrlar məşğul olmalıdırlar,
onlar bu prosesin konseptual, strateji və
taktiki məsələlərini hazırlamalı, konkret layihələr və icra
proqramları
formasına salmalı,
bu layihələrə rəhbərlik etməlidirlər.
İnformasiya
cəmiyyətində təhsil
Son 20 ildə bir çox sahələrdə
dünyada tarixən analoqu olmayan intensiv inkişaf gedir,
xüsusi ilə informasiya resursları və informasiya
industriyası sislilə ilə inkişaf edir. Bu intensiv
inkişaf bir çox sahələrə, ilk növbədə
isə təhsilə ciddi təsir edir. Deməli, təhsilin
daxili inkişaf dinamikası dünyanın ümumi inkişaf
dinamikasından sürətli olmalıdır. İnformasiya cəmiyyətinin
texnologiyaları, o cümlədən İnternetin daim artan
resurs imkanları təhsilin məzmunu və təşkili
formalarına ciddi dəyişikliklər, korreksiyalar edir. Bu
günün təhsili - "İnformasiya-Təhsil məkanı"
mühitində reallaşır. Müasir müəllim belə
bir informativ mühitdə özünü sərbəst hiss
etməli, qoyulmuş konkret pedaqoji məqsədlərə
müasir informasiya texnologiyaları vasitəsi ilə
asanlıqla nail olmalıdır. Bu vəziyyət müəllimin
peşə hazırlığına, onun metodik
ustalığına yeni bir komponenti - "informasiya mədəniyyəti"
komponentini əlavə edir. Müasir müəllim öz fənnini
tədris etməklə yanaşı, həm də təhsil
müəssisəsinin mühüm fəaliyyət istiqamətlərində
İKT-nin tətbiqi üzrə praktik işləri təşkil
etməli, onları əlaqələndirməli və səmərəli
idarə etməlidir. Başqa sözlə, müasir müəllim,
xüsusən də informatika müəllimi məktəbdə
pedaqoji fəaliyyətlə yanaşı, həm də
İT üzrə menecer (İT üzrə
inzibatçı) olmalıdır.
Təhsilin informatlaşması ənənəvi
təhsili yeni çalarlarla zənginləşdirir. Ənənəvi
təlimdə əks-əlaqənin həyata keçirilməsi
baxımından informasiya-qarşılıqlı əlaqə
yaradılmasında 2 fəal tərəf var: öyrədən
və öyrənən. İKT əsaslı təlim prosesində
isə operativ əks-əlaqə baxımından öyrədən
və öyrənənin yeni interaktiv tərəfdaşı
meydana gəlir. Artıq müəllim şagird
üçün informasiya mənbəyi deyil (belə şəraitdə
müəllim işləmək, peşə nüfuzunu qorumaq
heç də asan deyil). Müəllimin əks-əlaqə
yaratmaq, sagirdin biliyini qiymətləndirmək imkanı tədricən
məhdudlaşır, bu imkanların bir qismi (bəzən
hamısı) İKT vasitələrinə transfer olunur. Bu
zaman öyrədən daha çox məsləhətçi-tyutor
funksiyası daşıyır. Müəllim şagirdlərinə
informasiya ötürülməsinə vaxt sərf etmir. Tədris
materialının şagirdlərə nəql edilməsi, fərdi
qaydada mənimsənilmiş tədris materiallarının
onlardan qəbul edilməsi (tapşırıqların
yoxlanılması, dərsin sorğusu və s.) kimi mərhələlərə
vaxt itirilmir. Qazanılan əlavə vaxt ərzində
şagirdlər digər yaradıcı məsələlərin
həllinə imkan qazanırlar. Beləliklə, tədris-informativ
qarşılıqlı əlaqənin strukturu tədricən
dəyişir, informasiya - təhsil mühiti
formalaşdıqca öyrədən, öyrənən və
İKT vasitələri arasında yeni səviyyəli
informasiya mübadiləsi imkanları yaranır.
Pedaqoji prosesdə hansı vasitələrdən,
texnologiyalardan istifadə edilməsindən asılı
olmayaraq insan amili, müəllim şəxsiyyəti həlledici
rola malikdir, heç bir texnologiya canlı müəllimi tam əvəz
edə bilməz. Bununla belə, "klassik
hazırlıqlı müəllim" bu gün virtual
mühitdə işləyə bilmirsə, o, zamanın
inkişafından və öz şagirdlərindən geri
qalacaq, tədricən nüfuz və peşəkarlığını
itirəcəkdir. Bu səbəbdən müəllim daim
inkişafda, real həyatın tələblərinə cavab
verməyə hazır olmalıdır. Bu mənada müəllim
hazırlığı dəyişən zamanın, informasiya
cəmiyyətinin sürətlə dəyişən tələblərinə
uyğunlaşmalıdır. Pedaqoji təhsil müəssisələri
bu gün yeni formatlı müəllim- informasiya cəmiyyətinin
müəllimini hazırlamalıdır. Bunun üçün
isə pedaqoji təhsil müəssisələrində
universitetdaxili informasiya təhsil məkanı, bu məkanda
yüksək peşəkarlıqla işləyə bilən
professor-müəllim heyəti formalaşmalıdır. Buna isə
on illərlə vaxt və milyonlarla maliyyə vəsaiti
lazımdır (təbii ki, bu problem pedaqoji təhsil müəssisələrinin
daxili imkanları hesabına həll edilə bilməz).
Bu gün pedaqoji kadrların informasiya təhsil
məkanında, təhsilin informatlaşması şəraitində
səmərəli işləyə bilməsi
üçün, onlar sistemli şəkildə, kompleks
hazırlanmalıdır. Müasir müəllim
hazırlığının məzmun və forması
informasiya texnologiyalarının sürətli inkişafı
ilə uzlaşmalıdır. Nəzərə alsaq ki,
ümumiyyətlə təhsil sistemi real praktikanı
qabaqlamalıdır, onda müəllim
hazırlığının məzmunu bu günə yox,
sabaha yönəlməli, bu sahənin inkişaf perspektivlərini
nəzərə almalıdır. Yeni formatlı, innovativ
inkişafa istiqamətlənmiş müəllim
kadrlarının hazırlanması müvafiq elmi tədqiqatlar,
futuroloji proqnozlaşdırma tələb edir. Belə pedaqoji
proqnoztika vermək asan məsələ deyil. Belə şəraitdə təhsilin
informatlaşması kimi qlobal problemin həlli hər bir milli təhsil
sistemi üçün çox ciddi sınaq, bəlkə də
tarixi imtahan sayıla bilər. Bu imtahandan çıxa bilməyən
milli təhsil sistemlərinin gələcəyi yoxdur,
çünki sənaye dövrünün təhsil sistemi
artıq informasiya cəmiyyətində işləyə bilməz,
bu sürətli dəyişikliyi görmək və ona adekvat
reaksiya vermək zəruridir. Təhsilin informatlaşması
problemini həll edə bilməyən ölkələrin milli
iqtisadiyyatı, xüsusən də informasiya cəmiyyətinin
tələb etdiyi innovasiya yönümlü, elmtutumlu, biliklərə
əsaslanan müasir iqtisadiyyatı, peşəkar, yüksək
ixtisaslı kadrları, müasir tələblərə cavab
verən insan kapitalı olmayacaq.
Bu gün hər bir milli təhsil sisteminin gələcəyi
onun informatlaşma səviyyəsindən asılıdır.
Ona görə də, inkişaf etmiş ölkələrdə
təhsilin informatlaşması təhsilin prioritet məsələsi
kimi qiymətləndirilir.
Təhsilin
informatlaşması pedaqoji elm sahəsidir
İnformasiya texnologiyalarının təhsil
prosesində tətbiqi müasir pedaqoji elmin Təhsilin
informatlaşması istiqaməti kimi formalaşmaqdadır. Son 25 ildə yaranan və intensiv
inkişaf edən təhsilin informatlaşması elmi-praktik
istiqaməti bizim respublikamızda da ciddi elmi
araşdırmalar, praktik nailiyyətlər meydanı
olmalıdır. Təhsilin informatlaşması tətbiqi
informatikanın bir istiqaməti kimi informatikanın pedaqogikaya tətbiqi
məsələlərini öyrənir. Bu səbəbdən
təhsilin informatlaşmasına pedaqoji informatika da deyirlər
(iqtisadi informatika, tibbi informatika, hüquqi informatika v.s.
kimi). Pedaqoji elmlərin yeni sahəsi
kimi təhsilin informatlaşmasının əsas
anlayışlarından biri pedaqoji informasiyadır. Pedaqoji
informasiya təlim-tərbiyə prosesini əks etdirən məlumatlar
külliyatı olub bu prosesin makro və mikro səviyyədə
səmərəli idarə edilməsinə xidmət edir. Bu
günə qədər pedaqoji informasiya anlayışı
özlüyündə nə pedaqoji elmlər, nə də digər
elmlər tərəfindən obyekt olaraq kifayət qədər
öyrənilməmişdir. Bu mənada pedaqoji informasiya
anlayışı xüsusi öyrənilməlidir (pedaqoji
informasiyanın xüsusiyyətləri, təbiəti,
strukturu, xassələri, təsvir formaları və onun qiymətləndirilməsi,
işlənmə texnologiyası və s.).
Pedaqoji informatika - pedaqoji informasiyanın
kompüterdə emalı proseslərini, bu əsasda təhsilin
təşkili və idarə edilməsini öyrənən
pedaqoji elmin və pedaqoji praktikanın yeni fəaliyyət sahəsidir.
Şərti olaraq pedaqoji informatikanı 5 bloka bölmək olar:
- pedaqoji fəaliyyət alqoritmlərinin
hazırlanması;
- alqoritmlər əsasında pedaqoji proqram
vasitələrinin hazırlanması;
- pedaqoji prosesin proqram-aparat təminatının
seçilməsi;
- pedaqoji proqram vasitələrindən təlim-tərbiyə
prosesində istifadə metodikasının yaradılması;
- pedaqoji proqram vasitələrinin təhsilin
təşkili və idarə edilməsinə tətbiqi.
1. Pedaqoji fəaliyyət alqoritmlərinin
hazırlanması. Təhsilin informatlaşması
üçün, ilk növbədə, pedaqoji prosesin
informasiya modeli yaradılmalıdır. Digər proseslərə
nisbətən pedaqoji proses daha çətin formalaşır,
bu səbəbdən pedaqoji prosesin mükəmməl
informasiya modeli hələlik yaradılmamışdır.
Pedaqoji proses daha çox təsviri və empirik xarakter
daşıdığından müvafiq informasiya modeli də təsviri
xarakter daşıyır. Bu səbəblərdən model
daxilində optimal alqoritm, optimal pedaqoji fəaliyyət mexanizmi
qurmaq çətindir. Daha sonra pedaqoji prosesin qurulmuş modeli
daxilində pedaqoji fəaliyyət alqoritmi
hazırlanmalıdır. Təhsildə alqoritmlərin tətbiqinə
dair hələ 40 il əvvəl SSRİ-də xeyli elmi tədqiqatlar
aparılmışdır (akademik Landanın rəhbərliyi
ilə). Daha sonra, ötən əsrin 60-80-ci illərində
bu ideyalar əsasında didaktikanın
proqramlaşdırılmış təlim məsələləri
formalaşmağa və inkişaf etməyə başladı.
Təlimin müasir kompüter texnologiyaları öz
inkişafını məhz proqramlaşdırılmış
təlim nəzəriyyəsi üzərində qurmuşdur.
Ötən əsrin 70-ci illərində hazırlanmış
proqramlaşdırılmış dərsliklər
bugünkü elektron dərsliklərin əcdadıdır. Sadəcə
həmin dövrdə fərdi kompüterlər olmadığından
proqramlaşdırılmış dərsliklərin
hazırlanması və təlimdə tətbiqi geniş
yayıla bilmədi. 70-ci illərdəki
proqramlaşdırılmış nəzarət ideyası,
biliklərə nəzarət üçün yaradılan əks-əlaqə
qurğuları bugünkü elektron testlərin əcdadı
hesab edilir. Əks-əlaqə qurğuları informasiya emal edən
sadə vasitə kimi təlimin nəticələrinə nəzarəti
avtomatlaşdırmağa imkan verirdi. 70-80-ci illərdə
SSRİ-də bir çox hərbi məktəb və
akademiyalarda mini EHM-lər bazasında
avtomatlaşdırılmış öyrədici sistemlər
(AÖS) uğurla tətbiq edilirdi. Bu qısa tarixi ekskurs
göstərir ki, təlim nəzəriyyəsi kimi didaktika
daim texniki nailiyyətlər əsasında öyrənmə
prosesinin avtomatlaşdırılması istiqamətində elmi
və praktik işlər görmüşdür. Bu gün də
pedaqoji elmlər bu istiqamətdə kompleks tədqiqat və
praktik tətbiq işləri aparır. Ümumiyyətlə isə,
pedaqoji fəaliyyət alqoritminin hazırlanması mərhələsində
pedaqoq alim və təhsil sahəsində səriştəsi
olan sistem təhlilçi (sistem analitik) birgə fəaliyyət
göstərirlər. Öz inkişaf mənbəyini
proqramlaşdırılmış təlimdən,
avtomatlaşdırılmış öyrədici sistemlərdən
alan təlimin kompüter texnologiyaları bu gün
İnternetin yaratdığı imkanlardan istifadə edərək
distant təhsil texnologiyaları formasında reallaşır.
Distant təhsil təhsilin informatlaşmasının zirvəsidir.
2. Alqoritmlər əsasında pedaqoji
proqram vasitələrinin hazırlanması. Növbəti mərhələdə
pedaqoji fəaliyyət alqoritmi əsasında xüsusi təyinatlı
pedaqoji proqram vasitələri (PPV) hazırlanır. Pedaqoji
proqram vasitələri şərti olaraq instrumental proqramlar və
elektron tədris resursları kimi 2 qrupa bölünür:
a) İnstrumental proqramlar. İnstrumental
proqramların vasitəsi ilə yeni proqramlar yaradılır.
İnstrumental proqramların köməyi ilə
proqramlaşdırma dillərini bilməyən pedaqoqlar təhsil
təyinatlı yeni resurslar yarada bilərlər. İnstrumental
proqramlara nümunə olaraq açıq və distant təhsil
sistemi qurmaq məqsədilə müxtəlif platformalar,
elektron dərsliklər və elektron testlər yaratmaq
üçün "örtük" proqramları, təhsil
müəssisəsinin AİS yaratmaq üçün
xüsusi proqram kompleksi, təhsil müəssisəsinin
portalını yaratmaq üçün platforma və s.
göstərilə bilər. Bu instrumental vasitələr
proqramlaşdırma dillərini bilməyən pedaqoqlara tədris
etdiyi fənn üzrə elektron dərslik, elektron test, həmçinin
istənilən təhsil işçisinə elektron məktəb,
məktəb saytı və s. yaratmağa imkan verir.
b) Elektron tədris resursları. Bu qrup PPV-lər
ayrı-ayrı şirkətlərin hazırladıqları və
təlimdə tətbiqə tam yararlı olan elektron təhsil
resurslarıdır. Bu halda peşəkar proqramçı
konkret didaktik məqsədə uyğun olaraq pedaqoq və
sistem təhlilçinin hazırladığı alqoritm əsasında
xüsusi elektron təhsil resursu hazırlayır.
Pedaqoji fəaliyyət alqoritmi əsasında
pedaqoji proqram vasitələrinin hazırlanması mərhələsində
pedaqoq alim və proqramçı birgə fəaliyyət
göstərirlər.
3. Pedaqoji prosesin proqram-aparat təminatının
seçilməsi. PPV hazırlandıqdan sonra bu proqram məhsulunun
tələblərinə uyğun olaraq pedaqoji prosesin
proqram-aparat təminatı seçilir. Adətən, təhsildə
istifadə edilən informasiya texnologiyaları konkret standartlara
müvafiq olduğu üçün proqramçılar
çox vaxt öz məhsullarını mövcud proqram-aparat
təminatına uyğun hazırlayırlar.
4. Təlim-tərbiyə prosesində
pedaqoji proqram vasitələrindən istifadə
metodikasının yaradılması. Pedaqoji informatikanın
mühüm məsələlərindən biri də təlim-tərbiyə
prosesində pedaqoji proqram vasitələrindən istifadə
metodikasının yaradılmasıdır. Əslində, təhsilin
informatlaşması prosesinin bu mərhələsi həlledicidir,
çünki ən keyfiyyətli PPV-lər belə pedaqoji cəhətdən
düzgün istifadə edilməsə təlimin keyfiyyətinə
kömək etmək əvəzinə ziyan vura bilər, bu
halda bütün qoyulan vəsaitlər və zəhmət hədər
gedər. Təhsilin informatlaşmasının bu həlledici mərhələsi
fənlərin tədrisi metodikası, didaktika və pedaqoji
psixologiya ilə sıx əlaqəlidir. Pedaqoji elmin, o cümlədən
pedaqoji informatikanın əsas məqsədlərindən biri
informasiya texnologiyalarının təhsildə səmərəli
tətbiqi metodikasını müəyyən etmək, bu sahədə
qabaqcıl pedaqoji təcrübəni öyrənib
yaymaqdır. Təlim-tərbiyə prosesində pedaqoji proqram
vasitələrindən istifadə metodikasının
yaradılması mərhələsində pedaqoq alim fənn
üzrə metodistlə birgə fəaliyyət göstərir.
Bütün bu amillər sübut edir ki, təhsilin
informatlaşması pedaqoji elm sahəsidir, bu sahənin
inkişafında pedaqoq alim və fənn üzrə metodistlərin
mühüm yeri görünür.
Təhsilin
informatlaşması kompleks problemdir
Təhsilin informatlaşması kimi qlobal əhəmiyyətli,
mürəkkəb texnoloji problemin həlli bir sıra məsələlərin
-təşkilati, texniki, elmi-metodik, layihələndirmə,
kadr, maliyyə və s. kimi məsələlərin kompleks həllini
tələb edir. Bu gün deyə bilərik ki, təhsilin
informatlaşması problemi dünya təhsil təcrübəsində
tarixən analoqu olmayan sistem problemdir. Bəşər tarixində
heç bir təhsil yeniliyi, təhsil islahatı, təhsil
innovasiyası bu qədər inqilabi dəyişikliklərə
səbəb olmamış, bu qədər diqqət cəlb etməmiş,
bu qədər investisiya tələb etməmişdir.
Yuxarıda qeyd etdiyimiz kimi, problemin ciddiliyi həm də onunla əlaqədardır
ki, İKT bu gün elə bir sürətlə inkişaf edir
ki, təhsil sistemi kimi tarixən ətalətli bir sahə bu
yeniliklə heç cür ayaqlaşa bilmir, inkişaf edərək
heç cür ona çata bilmir. Lakin İKT-nin təhsil
sisteminə və ayrı-ayrı fərdlərin, qrupların,
cəmiyyətin intellektual inkişafına, insan
potensialının inkişafına, ölkələrin iqtisadi
və texnoloji sıçrayışına təsir imkanı
nəzərə alınaraq bu problemin həlli ilə
bütün sivil dünya ciddi məşğuldur, bu problemin
elmi-praktik həllinə hər il milyardlarla dollar sərf
edilir. Bu problemin həllindən asılı olaraq ölkələrin
sabah - informasiya cəmiyyətindəki beynəlxalq sistemdə
hansı mövqedə durmaları müəyyən
olunacaqdır. Qeyd edilən səbəblərdən təhsilin
informatlaşması anlayışına konkret tərif vermək
asan deyil. Bu sahə üzrə müxtəlif ədəbiyyatlarda
belə cəhdlər olub. Lakin bu istiqamət elə bir sürətlə
inkişaf edir ki, bu gün nisbətən mükəmməl
görünən tərif az vaxt ərzində öz həqiqiliyini
şübhə altına alır. Bu mənada təhsilin
informatlaşmasını təsvir formasında izah etmək
daha asan görünür.
Təhsilin informatlaşması məqsədyönlü,
xüsusi təşkil edilmiş, mükəmməl layihələndirilmiş
bir prosesdir. Təhsilin
informatlaşması -təhsilin keyfiyyətini yüksəltmək
məqsədi ilə İKT-nin intensiv tətbiqinə yönəlmiş
tədbirlər külliyatı olub təhsildə real vəziyyətin
dəyişməsinə, təhsil sisteminin məzmun, forma və
texnoloji baxımdan təkmilləşməsinə xidmət
edir. Bu səbəbdən təhsilin informatlaşması
pedaqoji problemdir, pedaqoji praktikadır, pedaqoji elmdir. Bu sahəyə
pedaqoji informatika , elektron pedaqogika da deyilir.
XX əsrin 80-ci illərində sovet məktəblərində
təhsilin informatlaşmasının ilk mərhələsində
bu məsələlərin həlli proqramçılara həvalə
edilmişdi, bu təşəbbüs heç bir səmərə
vermədi. Rusiya Federasiyasında 90-cı illərdə bu səhvdən
nəticə çıxarıldı, bu proses artıq təhsil
işçilərinə həvalə edildi, nəticəsi
gözləniləndən də yüksək oldu. Bu gün
Rusiya Federasiyasında təhsilin informatlaşması, distant təhsilin
inkişafı istiqamətində çox ciddi nailiyyətlər
qazanılmışdır. Təhsilin
informatlaşmasını təhsil işçiləri
reallaşdırmalıdır. Pedaqoji elmin bu yeni sahəsi
üzrə xüsusi olaraq ixtisaslı kadrlar
hazırlanmalıdır.
Təhsilin informatlaşması təhsil
sferasında İKT-nin texniki və texnoloji imkanlarının səmərəli
reallaşmasına yönələn elmi-pedaqoji, tədris-metodik,
elmi-metodik tövsiyələrin hazırlanması
metodologiyası, texnologiyası və praktikasıdır. Təhsilin informatlaşması
müasir pedaqoji innovasiyaların nüvəsi olub əsas məqsədi
praktik təhsil fəaliyyətini aşağıdakı
konkret vəzifələrin icrası və problemlərin həlli
metodologiyası, texnologiyası və praktikası ilə təmin
etməkdir:
1. Müasir informasiya cəmiyyəti və
qloballaşma şəraitində təhsilin
inkişafının elmi-pedaqoji, metodik, normativ-hüquqi,
texniki-texnoloji imkanlarını müəyyən etmək;
2. İnformasiya cəmiyyəti şəraitində
təhsilin məzmununun seçilməsi, şagirdlərin
inkişaf məqsədlərinə müvafiq olaraq təlim-tərbiyənin
metod və təşkilati formalarının yaradılması,
bu prosesin metodoloji bazasının hazırlanması;
3. Təhsilin müxtəlif pillələrində,
təlimin müxtəlif forma və metodlarının tətbiqi
prosesində İKT-dən istifadə texnologiyalarının
yaradılması, inkişafı. İnnovativ təhsil modellərinin
yaradılmasının nəzəri əsaslandırılması;
4. Şagirdlərin intellektual
potensialının inkişafı, biliklərin müstəqil
qazanılması. İnformasiya prosesləri üçün zəruri
fərdi bacarıqların formalaşması, bu məqsədlə
təlim-metodik sistemlərin yaradılması;
5. Təhsil təyinatlı elektron vasitələrin
(təqdimat, nümayiş və s.), xüsusi instrumental vasitə
və sistemlərin hazırlanması;
6. Lokal və qlobal informasiya şəbəkələrində
yerləşmiş (səpələnmiş) təhsil təyinatlı
informasiya resurslarından istifadə, telekommunikasiya bazasında
informasiya-qarşılıqlı əlaqə
texnologiyalarının hazırlanması;
7. Real, virtual laboratoriya işlərinin, təlim
eksperimentlərinin təşkili. Eksperiment nəticələrinin
emalı proseslərinin avtomatlaşdırılması, bu məqsədlə
sistem və vasitələrin yaradılması;
8. Nəzarətin müasir diaqnostik
metodikalarının, şagirdlərin bilik səviyyələrinin,
təhsil nailiyyətlərinin qiymətləndirilməsi
(monitorinqi). Şagirdlərin intellektual potensialının,
psixi keyfiyyətlərinin müəyyənləşdirilməsi,
bu məqsədlə testlərin hazırlanmasının və
tətbiqinin avtomatlaşdırılması;
9. İKT vasitələrinin tətbiqinə
yönələn pedaqoji proqram vasitələrinin (PPV)
pedaqoji-erqonomik qiymətləndirilməsi;
10. Elmi-pedaqoji informasiya, informativ-metodik
materiallar əsasında avtomatlaşdırılmış
verilənlər bazası və bankından, kompüter şəbəkələrindən
istifadə etməklə təhsil sisteminin idarəetmə
mexanizminin təkmilləşdirilməsi. Təhsil müəssisəsi
və təhsil müəssisələri şəbəkələrinin
idarə edilməsinin informatlaşması prosesləri.
Bütün bu sadalanan məsələlər
təhsilin informatlaşması tədbirlərinin tam olmayan
siyahısıdır. Bu siyahını bir az da davam etdirmək
olardı. Buraya virtual təhsil, açıq təhsil, distant
təhsil, təhsildə İKT standartları məsələləri,
ölkə və regional səviyyədə təhsilin
informatlaşması prosesləri, İKT və təhsilin
informatlaşması problemləri üzrə müəllim
hazırlığı, yenidənhazırlığı və
s. kimi mühüm məsələləri də əlavə
etmək mümkündür.
Təhsilin
informatlaşmasının kadr təminatı
Təhsilin informatlaşması kimi yüksək
texnoloji və elmtutumlu, qlobal xarakterli problemin həlli, ilk
növbədə, kadr təminatı məsələsindən
asılıdır. Artıq 25 ildir ki, bir çox ölkələrdə
təhsilin informatlaşması kimi aktual sahə üzrə
müxtəlif səviyyələrdə ixtisaslı kadr
hazırlığı həyata keçirilir: bakalavr, magistr, əlavə
təhsil, aspirantura, doktorantura pillələri üzrə
kadrlar hazırlanır. Təhsilin informatlaşması kimi
elmtutumlu, intensiv inkişaf edən, mürəkkəb spesifik məsələlərə
dair ixtisas üzrə alimlər və xüsusi hazırlıq
keçmiş mütəxəssislər məşğul
olmalıdır. Təhsilin informatlaşmasının kadr təminatı
məsələləri vaxtında həll edilmədiyinə
görə problemi milli səviyyədə (respublika səviyyəsində),
regional səviyyədə (Bakı şəhəri və ya
digər şəhərlər səviyyəsində), hətta
ayrıca götürülmüş təhsil müəssisəsi
səviyyəsində (məktəb və ya universitet səviyyəsində)
bu məsələləri layihələndirə və icra edə
bilən kadrlara bu gün ciddi ehtiyac yaranmışdır. Elmi
istiqamət və praktik fəaliyyət sahəsi kimi təhsilin
informatlaşması üzrə kadr hazırlığına
başlamaq üçün, ilk növbədə, cəmiyyətin
informatlaşması şəraitində təhsil müəssisəsinin
informatlaşmasını həyata keçirə bilən, təhsilin
informatlaşmasının əsas istiqamətləri üzrə
səriştəsi olan, öz peşə fəaliyyətində
İKT vasitələrinin tətbiqi aspektlərinə
yaxından bələd olan pedaqoji kadrların
hazırlanmasının məzmunu və metodikası müəyyən
edilməlidir.
Təhsilin informatlaşması prosesinin
pedaqoji səmərə verməsi üçün hər bir
təhsil işçisi öz peşə fəaliyyətində
İKT vasitələrinin tətbiqi üzrə bilik və
bacarıqlara dair xüsusi hazırlıq keçməlidir. Təhsilin
informatlaşması üzrə kadr hazırlığı bir
sıra şərtlərdən asılı olaraq (fənn
müəlliminin ixtisasından, idarəetmə məsələlərinin
həlli səviyyəsindən, təlim-tərbiyə prosesinin
təşkilindən, təhsilin informatlaşması prosesinin
texniki-texnoloji təminatı problemlərindən və s.)
diferensial xarakter daşıyır.
Təhsilin informatlaşması üzrə
kadr hazırlığı kompleks xarakter daşıyır,
müvafiq olaraq psixoloji - pedaqoji, məzmun - metodik, dizayn-
erqonomik, normativ-hüquqi, texniki-texnoloji aspektləri əhatə
edir. Təhsilin informatlaşması üzrə kadr
hazırlığı təhsil prosesinin
iştirakçılarının (müəllimlər, təhsil
müəssisəsinin rəhbərliyi, təhsilin
informatlaşması prosesinin texniki - texnoloji təminatı
prosesinin təşkilatçıları və s.) təhsilin
bütün səviyyə və mərhələlərində
İKT vasitələrindən sistematik istifadəsini nəzərdə
tutur.
Təhsilin
informatlaşması üzrə kadrlar
hazırlanmasının kompleks, çoxprofilli və çoxsəviyyəli
infrastrukturu yüksək ixtisaslı kadrların aspirantura və
doktorantura pilləsindəki hazırlığını, orta
və ali peşə təhsilini, diplomdan sonra və əlavə
təhsili nəzərdə tutur. Bu istiqamətlərdə
keyfiyyətli kadr hazırlığı aparmaqla gələcəkdə
respublikada təhsilin informatlaşmasını dünya
standartları səviyyəsinə çıxarmaq olar.
"Təhsildə İKT" kursu çərçivəsində
peşə hazırlığının əsas istiqamətləri:
- müxtəlif növ təlim - tərbiyə
fəaliyyətində, müxtəlif tip dərslərin təşkili
və keçirilməsində İKT vasitələrindən
istifadənin müasir üsul və metodları ilə
tanışlıq;
- təhsil sistemində çalışan
mütəxəssisin (pedaqoqun) peşə fəaliyyətində
İKT-dən istifadə metod və üsulları;
- tədris prosesində istifadə
üçün nəzərdə tutulmuş, "səpələnmiş"
informasiya resursları ilə (İnternetlə) işdə
İKT-nin səmərəli tətbiqi;
- multimedia texnologiyaları, məlumatın
daxil edilməsi, toplanması, emalı, ötürülməsi,
operativ idarə edilməsinin avtomatlaşdırılması,
süni intellekt və informasiya sistemlərinin tətbiqi şəraitində
şagird şəxsiyyətinin inkişafına yönələn
(şəxsiyyətyönümlü) təlimin praktik
reallaşma imkanları;
- İKT-nin proqram - texniki bazasının
sürətli dəyişməsi şəraitində müəllimin
inkişafı üçün zəruri olan,
yaradıcılıq potensialının əsasını təşkil
edən özünütəhsil, özünütəsdiq və
s. xüsusiyyətlərin inkişafı.
Bu kursun tədrisində tələbələrin
müstəqil işlərinin xüsusi çəkisi xeyli
yüksəkdir. Laborator praktikumundakı müstəqil iş
prosesində tapşırıqların icrası
üçün zəruri məlumatların İnternetdən
axtarılıb tapılması nəzərdə tutulur.
Elektron tədris vəsaitlərinin, həmçinin digər tədris
təyinatlı proqram vasitələrinin keyfiyyətinin qiymətləndirilməsi
ilə əlaqədar laborator praktikumu
tapşırıqlarının icrası zamanı xüsusi
proqram vasitələrindən istifadə etmək məqsədəuyğundur.
"Təhsildə İKT" kursunun məqsədi
və vəzifələri: Fənnin məqsədi təhsildə
informasiya - kommunikasiya texnologiyalarının (İKT) tətbiqi
üzrə mütəxəssis səriştəliliyinin əsasını
təşkil edən bilik və bacarıq sistemi
formalaşdırmaq, gələcək müəllimləri
öz peşə fəaliyyətlərində İKT-dən istifadəyə
hazırlamaqdır.
Fənnin vəzifələri:
- təhsil məqsədlərinə
müvafiq olaraq İKT-nin tətbiqinin didaktik, psixoloji - pedaqoji
və metodik əsaslarının qarşılıqlı əlaqəsini
açmaq;
- təhsildə müasir İKT vasitələrinin
tətbiqi üzrə tələbələrdə səriştəlilik
formalaşdırmaq, təhsil sistemində çalışan
mütəxəssisin (pedaqoqun) peşə fəaliyyətində
İKT vasitələrindən istifadə və tətbiq
imkanları barədə tələbələrə məlumat
vermək;
- dərs və dərsdənkənar məşğələlərin
təşkilində İKT vasitələrindən istifadənin
müasir üsul və metodları ilə tələbələri
tanış etmək.
"Təhsildə İKT" kursu məzmununun
mənimsənilmə səviyyəsinə verilən tələblər.
Fənnin öyrənilməsi nəticəsində tələbə
aşağıdakı bilik, bacarıq və vərdişlərə
yiyələnməlidir:
- tədris fəaliyyətinin müxtəlif
forma və növlərində İKT vasitələrinin tətbiqinin
üsul və metodlarını bilməli;
- öz peşə fəaliyyətində
İKT vasitələrindən istifadə etməyi
bacarmalı;
- konkret fənn sahəsində İKT-nin tətbiqi
metodikasına yiyələnməli;
- İKT-nin tətbiqinə əsaslanan
pedaqoji texnologiyaların hazırlanması üzrə
bacarıqlara malik olmalı;
- multimedia texnologiyaları, süni intellekt
sistemləri, kompüter texnologiyaları əsasında fəaliyyət
göstərən, informasiya sistemləri şəraitində
şəxsiyyətyönümlü təhsilin praktik təşkili
imkanları barədə təsəvvürə malik
olmalı;
- tədris məqsədi ilə
telekommunikasiya texnologiyalarından istifadə etməyi
bacarmalı.
Digər problem pedaqoji institutlarda gələcəkdə
bu fənni tədris edən müəllimlərin özlərinin
xüsusi hazırlıq keçmələri ilə əlaqədardır.
Ümumiyyətlə, respublika ali məktəblərində
işləyən informatika kafedraları müəllimlərinin
təkmilləşməsi, ixtisasartırma kurslarının təşkili
istiqamətində işi müasirləşdirmək, mükəmməl
sistem halına salmağa ciddi ehtiyac var.
Təhsilin informatlaşması prosesinə
universitetlərin bu gün daha çox ehtiyacı var, nəinki
orta məktəblərin. Bu onunla əlaqədardır ki,
universitetlərin informasiya tutumu və müvafiq olaraq İKT-dən
istifadəyə ehtiyacı daha çoxdur. Müasir tələblərə
cavab verən mütəxəssis hazırlığı, tədrisin
keyfiyyətinin yüksəldilməsi və korrupsiyanın
qarşısının alınması, universitetlərdə
aparılan elmi tədqiqatların və elmi innovasiyaların səviyyəsinin
yüksəldilməsi, müasir tələblər səviyyəsində
universitetin idarə edilməsi (universitetdə idarəetmənin
avtomatlaşdırılması), beynəlxalq əlaqələrin
qurulması, xüsusən Avropa təhsil məkanına
inteqrasiya məsələləri və s. baxımından bu
proses zəruridir.
Universitetlərdə bu prosesi layihələndirmək
və icra etmək, müasir tələblər səviyyəsində
elektron təhsil sistemi yaratmaq, təhsil təyinatlı elektron
resurslar hazırlamaq, korporativ şəbəkələr qurmaq
və s. məqsədlərlə kompüter mərkəzləri
yaradılmalıdır.
Bəs problemin həllini nədə
görürük? Bizcə, ilk növbədə,
düzgün strategiya hazırlanmalı, problemin kadr təminatı
məsələləri həll edilməli, elmi-metodik baza
yaradılmalı, elmtutumlu məsələlərin həllində
innovativ yanaşmalardan maksimum istifadə edilməli, ayrılan
vəsaitlər səmərəli, şəffaf istifadə
edilməlidir. Təhsilin informatlaşması kimi mürəkkəb
məsələnin belə kompleks həll variantını doğru
model hesab edirik.
İlham
ƏHMƏDOV,
ADPU-nun
dosenti
Azərbaycan
müəllimi.- 2013.- 15 mart.- S.9.