Yurdumuza bahar gəlir
Xalqımızın ən
gözəl milli bayramı - Novruz bayramının artıq üçünçü
çərşənbəsini də yola
salmışıq. Novruz bayramı
haqqında nə bilirik? Novruz
bayramı xalq arasında təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Novruzun gəlişi ilə təbiətin, həyatın
oyanması başlanır. Bu fikrin təsdiqinə Firdovsinin,
Rudakinin, Avitsennanın, Nizaminin,
Sədi Şirazi və Hafiz
Şirazinin, Ömər Xəyyamın əsərlərində,
həmçinin "Dədə Qorqud"
dastanında da
rast gəlinir. Nizaminin
"Siyasətnamə"sində, Xəyyamın "Novruznamə"sində
Novruz bayramı haqqında söhbət açılır.
Novruz bayramına bir ay qalmış, hər həftənin ikinci
günü
su, od,yel, torpaq çərşənbəsi (bəzən
Torpaq çərşənbəsinə Yer çərşənbəsi də deyirlər) adı ilə böyük
şadyanalıqla qeyd edilir,
əsl bayramın gəlişinə hazırlıq görülür. Novruz çərşənbələrinin
belə ardıcıllıqla düzülməsinin mənası
budur ki, yəni, dünya əvvəlcə başdan-başa
SU ilə örtülü olub,
sonra OD, yəni Günəş gəlib
SUYU buxarlandırmağa başlayıb, YEL BABA isə bu prosesi daha
da sürətləndirib,
nəticədə TORPAQ görünməyə
başlayıb. Novruzun tarixi
kökləri, ümumiyyətlə təbiət hadisələrinə
söykənir.
Hər
bir çərşənbə
bayramının öz ritualları, yəni
mərasimləri, ayinləri, öz əyləncələri
var.
Su çərşənbəsi
adlanan birinci çərşənbə,
bir qayda olaraq, fevral
ayının son
həftəsindəki çərşənbədə qeyd edilir. İnanclara
görə, bu çərşənbədə
sular, su mənbələri
oyanır, hərəkətə gəlir, təzələnir.
Od çərşənbəsinə el arasında
"Üsgü" çərşənbə
və ya "Addı çərşənbə"
də deyirlər. Həmin gün tonqallar qalanır və insanlar
onun üzərindən atılmaqla, çirkabları,
azar-bezarları sanki oda
atıb yandırırlar. Qədimlərdə Novruz
tonqallarını dağların başına
çıxıb orada
qalayarlarmış... Od çərçənbəsi
ilə bağlı olan adətlər
insanların günəşə, oda olan müqəddəs inamından yaranıb.
Yel çərşənbəsində
ən çox işlənən ifadə
"Yel əsdirəni söyməzlər"
xalq deyimidir. Yel, külək
müqəddəs sayılan təbiət hadisəsidir.
Torpaq çərşənbəsində,
yəni axırıncı çərşənbədə
hamı bir-birilə bayram sevincini
paylaşır, ancaq yaxşı sözlər,
ən xoş arzular dilə
gətirilir, insanlara səadət, xoşbəxtlik arzulanır, küsülülər
barışır. Özünün
ayrı evi-eşiyi
olan böyük övladlar yaşlı valideynlərinə, kiçiklər
böyüklərə, qohumlar, qonşular bir-birinə baş çəkirlər,
qonaq getdikləri evlərə əllərində
bayram sovqatı aparırlar.
Axırıncı
çərşənbədə insanlar dünyadan köçən
doğmalarının məzarlarını ziyarət edir, onların xatirələrini
adlarını çəkmədən xoş sözlərlə
yad edir, bayram xörəyinə duz
səpəndə onların ruhuna rəhmət
diləyirlər.
Novruz bayramına qədər
artıq torpaqdakı bitkilər
də canlanır, cücərir, ağaclar
tumurcuq açırlar. Bütün
bunlar baharın gəlişindən xəbər
verir.
İlaxır
çərşənbədə süfrələrə aş, paxlava, şəkərbura,
şirinçörək, şorqoğalı, badambura,
dənli bitkilərdən, əsasən buğdadan qovrulmuş qovurğa, qurudulmuş meyvələr, xurma,
badam, püstə, qoz,
fındıq və digər ləziz nemətlər düzülür.
Novruz süfrəsi üçün
hazırlanan xörəyə "S" hərfi ilə başlanan 7 adda ərzaq
az da olsa əlavə edilməlidir: Su,
sarıkök, sumaq, süd,
sirkə, səbzə, soğan kimi bu əlavələrin
hər biri rəmzi məna
daşıyır. Səməni, səməni halvası, rəngbərəng
boyanmış yumurtalar, al-əlvan şamlar, müxtəlif çeşidli şirniyyatlar, qurudulmuş meyvələr, bir
sözlə, ən ləziz nemətlər Novruz
xonçasının, Novruz süfrəsinin bəzəyidir.
İnanclara görə bayramda ailənin hər bir
üzvünün adına yumurta
boyanmalı, ayrıca şam
yandırılmalı, kiçik
güzgülər qoyulmalıdır. Bunların
xalq arasında yozumu
belədir: Şam oddur,
işıqdır- o, insanları bədnəzərdən
qoruyur, güzgü həm
müqəddəs günəş şüalarını
özündə əks etdirən əşyadı, həm də aydınlıq rəmzidi, yumurta isə bədlik gətirən hər şeyi üzərindən atmağa, kini-küdurəti içində saxlamamağa işarətdir.
Novruzda səməni göyərtmək məhsuldarlıq, bərəkət
rəmzidir. Novruz süfrəsinin sonunda ailənin böyüyü
əlinə qayçı götürüb:
"Səməni, saxla məni, İldə
göyərdərəm səni" deyərək göyərtdiyi səməninin
başından bir qədər
qayçılayır. Sonra
qayçını evdə özündən kiçiyə ötürür. Bütün
ailənin yaşca ən kiçik
üzvünə qədər hamı bu hərəkəti
təkrar edir. Bayramdan
bir neçə gün
sonra isə başı qayçılanmış səmənini axar
suya atırlar.
Bayramın
ilk günü hər
kəs mütləq öz evində olmalı, öz
çırağını yandırmalıdır. Hər ailə
öz halal süfrəsinin başına
yığışmalıdır. Qohum-əqrəbasına,
doğmalarına, yaxınlarına baş
çəkməyə gedənlər də mütləq elə
həmin gün
öz
evinə, öz ocağına
qayıtmalıdır.
Xalq oyunları, nağıllar, hekayələr,
dastanlar, lətifələr, hətta yumorlu məsxərələr
Novruzun bayram çələngidir.
Xalq oyunlarından "Xıdır İlyas" məhsuldarlıq,
təbiətin çiçəklənməsi,
"Cütçü" mərasimi torpağı oyatmaq, diksindirib cana gətirmək,
"Kos-kosa", "Meydan"
baharın gəlməsi əhvali-ruhiyyəsi və şənlik,
şuxluq, zarafat, məzhəkə ovqatı yaratmaq məqsədi
daşıyan xalq
tamaşalarıdır.
İlaxır çərşənbəyə
qədər evlərdə, bağ-bağçalarda təmizlik
işləri aparılır, hər yer silinib-süpürülür,
səliqəyə salınır.
Axırıncı çərşənbədə və Novruz bayramı axşamında evlərin, həyət bacaların
hər bir tərəfinə məşəllər
sancılır, ocaqlar qalanır. Çatılan tonqalların
şölələri gecə göy üzünü əsrarəngiz
gözəlliyə qərq edir. İnanclara görə, hər
ailə yeddi yerdə ocaq qalamalı, ailənin hər bir
üzvü "Sarılığım sənə,
qırmızılığım mənə", həmçinin
"Ağırrığım, uğurruğum burda
yansın" deyib, ya yeddi
tonqalın hər birinin üzərindən
bir dəfə, ya da bir tonqalın üzərindən yeddi dəfə keçməlidir.
Novruz bayramından sonrakı ilk dörd
gündə təbiət hər
gün bir dona düşür. Bayramın ertəsi
gün yaz gününə, ondan sonrakı gün yaya,
üçüncü gün payıza, dördüncü
gün isə qış gününə bənzəyir.
Bundan sonra təbiət öz
normal axarına davam edir.
Qarşılayın, bahar müjdəli
Novruz gəlir.
Yurdumuza, elimizə, evimizə
mehribançılıq, barış, bərəkət,
xoş ovqat gətirən Novruz
Bayramımız Mübarək!
Ellada UMUDLU
Azərbaycan
müəllimi.- 2013.- 15 mart.- S.6.