ADPU-nun əməkdaşları Beynəlxalq elmi seminarda iştirak etmişlər

 

Keçən əsrin 90-cı illərindən başlayaraq ADPU-nun beynəlxalq əlaqələri ildən-ilə genişlənir, müxtəlif ölkələrlə tələbə mübadiləsi aparılır, birgə elmi-tədqiqatlar, beynəlxalq forum, konfrans, simpoziumlar keçirilir. Universitetin əməkdaşları beynəlxalq və regionlararası təhsil proqramlarında fəal iştirak etməyə çalışırlar.  ADPU Avropa Pedaqoji Universitetlər Birliyinin üzvüdür.  Təhsil Nazirliyi və YUNİSEF arasında 2010-cu ilə dair imzalanmış illik fəaliyyət planına müvafiq olaraq universitetin nəzdində Müasir təlim texnologiyaları təlim və resurs mərkəzi fəaliyyət göstərir.

Son illərdə ADPU ilə Türkiyə Cümhuriyyətinin ayrı-ayrı universitetləri - Hacəttəpə Universiteti, Mehmet Akif Ersoy Universiteti, Rumıniyanın Babeş-Bolyai Universiteti, Rusiyanın Tatarıstan Dövlət Humanitar Pedaqoji Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır. Hər il Hacəttəpə Universiteti ilə birlikdə "Müəllim hazırlama siyasəti" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilir. Universitetimizin əməkdaşları digər xarici ölkələrdə keçirilən konfranslarda da mütəmadi iştirak edir, Azərbaycan təhsilinin uğurları ilə bağlı maraqlı məruzələrlə çıxış edirlər.

 "Sankt-Peterburqda Avropa evi" Regional İctimai Təşkilatının dəvəti ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tədris işləri üzrə prorektoru, professor Məlikməmməd Cəbrayılov, pedaqoji fakültənin dekanı, professor Fərrux Rüstəmov, ingilis dilionun tədrisi metodikası kafedrasının müdiri, professor Balaxan Hüseynovibtidai təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri, dosent Yaqut Rzayeva bu günlərdə Yunanıstan, Albaniyaİtaliyada "Yaşlıların ömürboyu təhsili: ənənə və müasirlik" mövzusunda keçirilən beynəlxalq seminarda iştirak etmişlər, Azərbaycanda bu sahədə qazanılmış təcrübə seminar iştirakçıları ilə müzakirə edilmişdir.

Avropa Təhsil Assosiasiyasının Afina bölməsində, Albaniya Sosial İşlər Nazirliyində,  İtaliyada şəhər bələdiyyəsində, Afina, Tirana, Barı, Peskarı, Dürres, Romanın ayrı-ayrı aliorta ümumtəhsil məktəblərində, liseylərdə, ömürboyu təhsilin Azərbaycanda inkişaf konsepsiyası ilə bağlı məruzələr oxunmuş, bu sahədə respublikamızda görülən işlər haqqında iştirakçılara ətraflı məlumat verilmişdir.

"Sankt-Peterburqda Avropa evi" Regional İctimai Təşkilatının dəstəyi ilə növbəti beynəlxalq elmi seminarlardan birinin Bakıda - Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirilməsi nəzərdə tutulmuşdur. 

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.- 2013.- 3 may.- S.6.