Azərbaycanlı
müəllimlər Türkiyədə keçirilmiş
beynəlxalq simpoziumda iştirak
etmişlər
9-11
may tarixlərində Türkiyənin
Ankara şəhərində yerləşən Hacəttəpə
Universitetində "Müəllimlərin
hazırlanmasında yeni istiqamətlər" adlı beynəlxalq simpozium
keçirilmişdir. Simpoziumda ABŞ, Fransa, Ukrayna,
Finlandiya, Yunanıstan, Nigeriya, İsrail, Rusiya, İtaliya,
Bolqarıstan, Avstraliya, Qazaxıstan və s. ölkələrin
təhsil sahəsində çalışan nazirlik nümayəndələri,
ali və orta məktəb müəllimləri, tələbələr
iştirak etmişlər.
Tədbirdə ölkəmizi Azərbaycan
Respublikası Təhsil Nazirliyi Təhsil Problemləri
İnstitutunun direktor müavini, Kurikulum Mərkəzinin
direktoru Ənvər Abbasov, respublikanın əməkdar müəllimi,
"Ən yaxşı müəllim" müsabiqəsinin
qalibi (2009-cu il), Təhsil Nazirliyi LƏQ məsləhətçisi
və Təhsil Problemləri İnstitutunun doktorantı Almaz Həsrət,
Respublika İncəsənət Gimnaziyasının ibtidai
siniflər üzrə metodisti Təranə Əliyeva təmsil
etmişlər.
Azərbaycanın təhsil sistemi və
təhsildə gedən inkişaf yönümlü proseslər
barədə nümayəndə heyəti geniş diskussiyalara
qatılmış, təqdimatlarla çıxış
etmişdir.
"İbtidai və orta təhsildə
təhsilin keyfiyyətinin yüksəldilməsi"
mövzusunda geniş məruzə ilə
çıxış etmiş Kurikulum Mərkəzinin direktoru
Ənvər Abbasov həmçinin Azərbaycan təhsil
sistemində olan yeniliklər və qarşıda duran əsas
vəzifələr barədə də məlumat vermişdir. Ə.Abbasov
ölkəmizdə həyata keçirilən təhsil
islahatlarının mövcud mərhələləri barədə
fikirlərini paylaşmışdır. Natiq təhsil
proqramları (kurikulumlar) və ümumilikdə təhsildə
gedən inkişafyönümlü proseslər barədə
söz açmışdır.
Respublikanın əməkdar müəllimi
Almaz Həsrət isə "Pedaqoji prosesdə
informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə
informasiya mədəniyyətinin
formalaşdırılmasında müəllimin rolu"
mövzusunda məruzə ilə çıxış
etmişdir.
Almaz Həsrət məruzəsində
İKT-dən istifadənin şagirdlərdə hansı
informasiya mədəniyyətinin formalaşmasına zəmin
yaradacağını ayrıca nümunələrlə
nümayiş etdirmişdir. O, təlim prosesində İKT-dən
istifadə zamanı şagirdlərdə informasiya mədəniyyətinin
formalaşmasında ilk olaraq tədrisi
aparan müəllimlərin əsas rol oynadığını
bildirmişdir. Azərbaycanda təhsil işçilərinin,
müəllimlərin İKT-yə yiyələnməsi
yönündə aparılan kursların və bu yöndə
həyata keçirilən bir çox işlərin səmərəsi
barədə də məlumat
vermişdir. Azərbaycanlı mütəxəssisin
www.almazhasret.com ünvanlı şəxsi saytı, həmçinin
özünün qurduğu www.biologiya.org ünvanlı fənn
saytı ilə bərabər sosial şəbəkələrdəki
işləri haqqında bilgiləri
iştirakçıların geniş marağına səbəb
olmuşdur.
Simpoziumda Respublika İncəsənət
Gimnaziyasının ibtidai sinif müəllimi Təranə Əliyevanın
"Kurikulum" adlı məruzəsi də maraqla dinlənilmişdir.
Azərbaycanlı müəllimlər
simpozium iştirakçılarını maraqlandıran
çoxsaylı sualları cavablandırmışlar.
Üç gün ərzində
keçirilən simpoziumun iştirakçıları ölkəmizi
təmsil edən mütəxəssislərin
çıxışlarını dinlədikdən sonra Azərbaycanda
təhsil sahəsində əldə edilən uğurlar, həyata
keçirilən islahatlarla daha ətraflı
maraqlanmış, ölkəmizin təcrübəsinin öyrənilib
tətbiq edilməsinin zəruri olduğunu bildirmişlər.
Onu da əlavə edək ki, bu beynəlxalq
tədbirin əsas məqsədi müəllim
hazırlığında dünyada önə çıxan ən
son təcrübələrin öyrənilməsi,
iştirakçılar arasında təcrübə mübadiləsinin
təşkili və gələcək işbirliyi
üçün təməllərin atılması
olmuşdur.
Azərbaycan müəllimi.- 2013.- 17 may.- S.6.