Unudulmaz müəllim

 

Hər il qoynundan neçə-neçə gəncin pərvazlandığı Cəlilabad rayonu, Göytəpə 2 nömrəli orta məktəbi Nəhməd müəllimin məktəbi kimi tanınır. Ona görə ki, tanınmış pedaqoq, "Maarif əlaçısı" Nəhməd Əzizov 1956-cı ildən 1993-cü ilədək - düz 37 il bu məktəbə bacarıqla rəhbərlik etmiş və həmin məktəbi respublikamızın qabaqcıl təhsil ocaqları sırasına çıxarmışdır. Hələ Böyük Vətən müharibəsi  illərində 9-cu sinifdə oxuyarkən Nəhməd Əzizov digər yuxarı siniflərin əlaçı şagirdləri kimi müəllimlik fəaliyyətinə cəlb olunmuşdur. O, 1948-ci ildə Lənkəran Pedaqoji Texnikumunu bitirdikdən sonra Göytəpəyə qayıdıb yenidən rayon mərkəzindən uzaqda yerləşən Bəcrəvan, Komanlı, Şıxlar dağ kəndlərinin məktəblərində dərs demişdir.

 

1957-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsini bitirmişdir. İlk müəllimlik fəaliyyəti dövründə Nəhməd müəllimi təkcə tədris etdiyi fənni şagirdlərin necə öyrənməsi yox, həmçinin onların ümumi hazırlığı, insani keyfiyyətləri də maraqlandırmışdı. O vaxtlar ixtisaslı müəllim kadrlar az olduğundan Nəhməd müəllim kimi təhsilli gənclərə böyük ehtiyac  duyulurdu. Təhsilin inkişafı üçün bacardığını əsirgəməyən Nəhməd Əzizov  1951-ci ildən öz həyatını Göytəpədəki (keçmiş Prişib) orta məktəbə bağlamışdır. Daim öz üzərində işləyən, elmini, biliyini artıran bu gəncin pedaqoji fəaliyyəti həmişə diqqət mərkəzində olmuşdur. Məktəblərin həm təşkilati cəhətdən, həm də tədris cəhətdən formalaşması üçün belə kadrların bilik və təcrübəsindən yararlanmaq lazım gəlirdi. 1956-cı ildə keçmiş Astraxanbazar rayon partiya komitəsinin büro iclasında partiya üzvlüyünə qəbul edilərkən verilən sualları daha düzgün və ətraflı cavablandıran 28 yaşlı tarix müəllimi Nəhməd Əzizova raykomun I katibi deyir: "Sənin savadın, biliyin, təşəbbüskarlığın və sualları cavablandırma qabiliyyətin məni sevindirdi. Sən daha məsul vəzifənin öhdəsindən gələ bilərsən. Rəhbər vəzifə daşımağa layiqsən. Biz Prişibdə axşam fəhlə-gənclər  məktəbinə  bacarıqlı direktor axtarırıq, bu gündən sən oraya direktor təyin olunursan". Bununla da Nəhməd müəllimin qayğıları bir qədər artdı. Gündüzlər işləyib, axşamlar təhsilini davam etdirmək istəyən insanların bilik almaları üçün onlara günün tələbləri səviyyəsində şərait yaratmaq gənc məktəb direktorunun bir nömrəli işi oldu. Bu məqsədlə o, tez-tez evlərə gedir, yaşlı adamlarla fərdi söhbətlər aparırdı. Çətinliklərin sınağından çıxan Nəhməd müəllim gözəl başa düşürdü ki, təlimə zəif davamiyyət həmin adamların məişət qayğıları və yaşla əlaqədar psixoloji durumları ilə bağlıdır.  O, pedaqoji kollektivə təlimin bu amillərlə daha  sıx əlaqələndirilməsini məsləhət görürdü.  Göytəpədə yaşlı adamların axşam məktəbinə cəlb olunub savadlarını artırması Nəhməd  müəllimin adı ilə bağlıdır. Orada oxuyanlar istehsalatdan ayrılmadan maddi nemətlər yaradır, eyni zamanda təhsil alırdılar. Onlarla adi məktəbli kimi rəftar etmək olmazdı. Bunun üçün xüsusi sistem yaradılmalı idi.

Şəhərdə keçirilən bütün ictimai tədbirlərdə fəallıq göstərməsi, pedaqoji sahədə çalışması Nəhməd müəllimi yormur, daha həvəslə işləməyə sövq edirdi. 1964-cü ildə Prişibdə onun rəhbərlik etdiyi axşam fəhlə-gənclər məktəbi qalmaqla bazasında səkkizillik məktəb açılmış və Nəhməd müəllim ora da direktor təyin olunmuşdur. O, iki məktəbin direktoru kimi təzə açılmış təhsil ocağının nüfuzunu qaldırmaq üçün səylə çalışmışdır. Məktəbdə təzə sinif otaqları, fənn kabinetləri, fizikakimya laboratoriyaları yaratmışdır. Təbiət vurğunu olan Nəhməd müəllim  məktəbin həyətində meyvə ağacları əkdirmiş, məktəbyanı sahəni barlı-bəhərli bir bağa çevirmişdir. Rayonda keçirilən müxtəlif baxış müsabiqələrindən daim qalib çıxan 8 illik məktəb 1969/70, 1974/75 və 1980/81-ci tədris illərində respublikamızda 3 dəfə ən yüksək nailiyyət qazanmışdır. Bütün bu xidmətlərinə görə Nəhməd müəllimə "Qabaqcıl maarif əlaçısı" döş nişanı verilmişdir. 1981-ci ildə həmin məktəb Göytəpə şəhər 2 nömrəli orta məktəbinə çevrilmişdir. Bu işdə də direktor kimi Nəhməd müəllimin böyük zəhməti və müstəsna rolu olmuşdur. Çox keçmədən məktəbin tədris-maddi bazası möhkəmləndirilmiş, idman zalı açılmış, mədəniyyət evinin kitabxanası məktəbə verilmiş, mövcud emalatxana yeni avadanlıqla təchiz olunmuşdur. Zəngin əmək təlimi kabineti yaradılmışdır. Tar dərslərinin keçirilməsinə başlanılmışdır. Məktəbdə fənn, linqafon kabinetlərinin yaradılması, siniflərdə aparılan məşğələlərin direktor otağından xüsusi səsyazma qurğusu vasitəsilə dinlənilməsi təcrübəsinin tətbiqi kimi yeniliklər tədrisin keyfiyyətini əhəmiyyətli dərəcədə artırmağa imkan vermişdir.

Təsadüfi deyildir ki, Nəhməd müəllimin dərs prosesinin təşkilində tətbiq  etdiyi mütərəqqi metodlar Təhsil Nazirliyinin metodik şurası tərəfindən yüksək qiymətləndirilmiş və qabaqcıl təcrübə kimi bütün məktəblərdə tətbiq olunmağa başlanılmışdır. Bu haqda o dövrün müxtəlif mətbuat orqanlarında, o cümlədən "Azərbaycan müəllimi" və "Bakinski raboçi" qəzetlərində məqalələr dərc olunmuşdur. Nəhməd müəllim uzun müddət Göytəpə şəhər məktəblərinin və məktəbdənkənar müəssisələrinin birləşmiş partiya təşkilatının katibi, dəfələrlə Cəlilabad rayon Sovetinə və Göytəpə şəhər sovetinə deputat seçilmiş, 1956-cı ildən 1990-cı ilə kimi isə ictimai əsaslarla Göytəpə şəhər soveti sədrinin müavini olmuşdur.

Xüsusi qeyd etmək lazımdır ki, o dövrdə Göytəpədə bir neçə hərbi hissə yerləşdiyindən burada müxtəlif xalqların nümayəndələri yaşayırdı və onların övladları da 2 nömrəli orta məktəbdə təhsil alırdılar.  Hərbi hissənin zabitləri məktəblə müntəzəm əlaqə saxlayır, burada keçirilən tədbirlərdə həvəslə iştirak edirdilər. Nəhməd müəllim pedaqojiuniversitet təhsili olan zabitlərin həyat yoldaşlarını məktəbə işləməyə cəlb edir, onların Moskvakeçmiş SSRİ-nin iri şəhərlərində aldıqları təhsil təcrübəsindən istifadə edir, bu məsələləri rayon təhsil şöbəsinin qarşısında qaldıraraq israrla öz məqsədinə çatırdı. Onun məktəb direktorluğu dövründə elə vaxtlar olub ki, təbiətşünaslıq fənnini biologiya elmləri namizədi, riyaziyyat fənnini fizika-riyaziyyat elmləri namizədi, ədəbiyyat fənnini filologiya elmləri namizədi tədris edib 4-10-cu sinif şagirdlərinə dərs demişlər.

Nəhməd müəllim xalqımızın mədəni irsinin öyrənilməsi və təbliği sahəsində də mühüm işlər görmüşdür.  Onun gördüyü işlər və  həyatda tutduğu mövqe həmişə bir-birini tamamlayır, sözü kəsərli olurdu. Çətin tərbiyə olunan şagirdlərə Nəhməd müəllimin xüsusi yanaşma metodu var idi. Özünün bütün təcrübəsini, biliyini şagirdlərinə, doğma məktəbinə sərf edən Nəhməd müəllim çoxillik pedaqoji fəaliyyəti ərzində minlərlə gəncə elm, savad verməklə bərabər, həm də onlara böyük həyat dərsi keçmişdir. Onun tərbiyə etdiyi  gənclər Vətənin çətin günlərində ön sıralarda durdular. Qarabağ müharibəsində rəşadət göstərən həmvətənlərimizin arasında Nəhməd müəllimin yetişdirdiyi Azərbaycanın ilk  Milli Qəhrəmanlarından olan V.Mürsəlov, "Azərbaycan bayrağı" ordeninə layiq görülmüş O.Eynullayev,  Qarabağ müharibəsinin onlarla və yüzlərlə veteranı var. Nəhməd müəllim həmişə məktəbin məzunlarından 16 nəfərin şəhid olması barədə kədər və fəxr hissi ilə danışaraq yetirmələri ilə qürurlanırdı. 

1998-ci ilin sentyabr ayında Nəhməd müəllimin pedaqoji fəaliyyətinin 50 və anadan olmasının 70 illik yubileyi Göytəpə şəhərində təntənəli surətdə qeyd olunmuşdur. Uzun illər gənc nəslin təlim-tərbiyəsində səmərəli fəaliyyəti ilə əlaqədar Nəhməd Əzizov Azərbaycanın Təhsil Nazirliyi tərəfindən Fəxri fərmanla təltif edilmişdir. 

Nəhmət müəllimin dərs dediyi şagirdlər bu gün elm, mədəniyyət, kənd təsərrüfatı, iqtisadiyyat sahəsində tanınmış adamlardır, elmlər doktoru, professordurlar.  İndi Göytəpədə işləyən aparıcı müəllimlərin də əksəriyyəti onun yetirmələridir. Həm gözəl insan kimi, həm də  təhsil sisteminə verdiyi töhfələrə görə göytəpəlilər onu heç vaxt unutmur. Əbəs yerə deyil ki, onun rəhbərlik etdiyi məktəbi  indi də cənub zonasında Nəhməd müəllimin məktəbi adlandırırlar. "Nəhməd müəllimin məktəbi" anlayışı iki mənada işlədilir. Bir mənada onun işlədiyi və rəhbərlik etdiyi məktəb, digər böyük mənada isə Nəhməd müəllimin təhsilin təşkilindəki yaratdığı və yeni nəslə ötürdüyü məktəb direktorunun sistemi.

Nəhməd Əzizov eyni zamanda gözəl ailə başçısı idi. O, gərgin pedaqoji fəaliyyəti ilə yanaşı, cəmiyyət üçün gərəkli övladlar böyütmüşdür. Beş övladının üçü bu gün atasının yolunu davam etdirir, pedaqoji sahədə uğurla çalışır. Oğlu Oqtay Əzizov Göytəpə şəhər 2 nömrəli orta məktəbdə çalışır, 2007-ci ildə ona "Azərbaycanın əməkdar müəllimi" fəxri adı verilmişdir. Digər oğlu - Ramiz Əzizov iqtisad elmləri namizədi, dosentdir. Qızı, Göytəpə şəhər 1 nömrəli orta məktəbin tədris hissə müdiri Elmira müəllim təhsildə qazandığı uğurlara görə "Tərəqqi" medalı ilə təltif olunmuşdur. Digər iki oğlu dövlət qulluğundadır. Əzizovlar ailəsi gendən gələn estafeti əldən-ələ ötürürlər. Artıq onun nəvələri də təhsildə, elmdə və həyatda böyük uğurlara imza atmaqdadırlar. Nəvələri Raqif, Rəşad (hüquq elmləri üzrə fəlsəfə doktoru), Səidə, Rizvan, Rövşən dövlət qulluqçularıdır. Digər nəvəsi Gülnarə isə Şəmkir şəhər Əhməd Cavad adına orta məktəbində müəllim işləyir.

Bu günlərdə  Nəhməd müəllimin 85  yaşı  tamam olur. Nəhməd müəllim bu gün  həyatda olmasa da, xidmətləri daim minnətdarlıq hissləri ilə xatırlanır. 

 

Süleyman ƏLİSA.

 

Azərbaycan müəllimi.- 2013.- 24 may.- S.6.