Naxçıvan Dövlət Universitetində "Qədim yurda

gənc baxış" mövzusunda tədbir keçirildi

 

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "27 sentyabr - Beynəlxalq turizm günü" ilə əlaqədar Naxçıvan Dövlət Universiteti ilə birgə təşkil etdiyi "Qədim yurda gənc baxış" adlı tədbir keçirildi.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Dövlət Universitetinin rektoru, biologiya elmləri doktoru, professor Saleh Məhərrəmov qeyd etdi ki, 1925-ci ildən Cenevrədə müxtəlif adlar altında fəaliyyət göstərən turizm təşkilatı 1970-ci il 27 sentyabr tarixində Ümumdünya Turizm Təşkilatı kimi formalaşıb. 1979-cu ildə baş qərargahı Madrid şəhərinə köçən təşkilat 27 sentyabr - Ümumdünya Turizm Gününü təsis edib. Dünyanın bir çox ölkəsində bu gün əsl turizm bayramı kimi təntənəli keçirilir. NDU-da fəaliyyət göstərən turizm ixtisasının tələbələrinin biliklərini möhkəmləndirmək üçün bu kimi tədbirlərin universitetdə keçirilməsinin vacibliyi vurğulandı.

Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov qeyd etdi ki, zəngin mədəni-tarixi irsə, əlverişli təbii şəraitə malik olan Azərbaycanda turizm sektoru sürətlə inkişaf edir. Bildirildi ki, ölkədə turizmin inkişafına dair 1-ci Dövlət Proqramının reallaşdırılması müstəqilliyin ilk illərində tənəzzülə uğramış bu sektorun dirçəlməsinə şərait yaratdı. Bu proqram həmçinin beynəlxalq turizm bazarına inteqrasiyanın təməlini qoydu, milli turizm kompleksinin rəqabətə davamlılığı yüksəldi. Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı" və bu proqrama uyğun olaraq həyata keçirilən çoxsaylı layihələr ölkədə bu sahənin inkişafına yeni töhfələr verməkdədir. Proqramın başlıca məqsədi ölkədə yüksək iqtisadi, sosialekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılmasıdır. Nazir vurğuladı ki, Azərbaycanın ayrılmaz parçası olan muxtar respublikamızda turizmin inkişafı üçün zəngin potensial vardır. Ölkə Prezidentinin, muxtar respublika rəhbərliyinin apardığı quruculuq işləri, turizm sektoruna göstərilən dövlət qayğısı turizmin yeniləşməsinə, inkişaf etməsinə və turistlərin muxtar respublikamıza rahat şəkildə gəlib-getmələrinə şərait yaradır. Qeyd olundu ki, 2001-ci ildə muxtar respublikada 5 mehmanxana olmuş, 2012-ci ildə onların sayı 22-yə çatmışdır. Duzdağ Fizioterapiya Mərkəzi, Darıdağ Arsenli Su Müalicəxanası kimi  təbii müalicə obyektləri var. "Əshabi-kəhf Ziyarətgahı" Dini Mədəni Abidə Kompleksi, Ordubad Tarix-Memarlıq Qoruğu, Gəmiqaya Tarix - Bədii Qoruğus. Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dövlət qayğısının bariz nümunəsidir.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin  Turizm şöbəsinin müdiri Gülbuta Babayeva "Naxçıvan Muxtar Respublikasının turizm potensialı", Naxçıvan Dövlət Universitetinin bələdiyyə və turizm kafedrasının müdiri, fəlsəfə elmləri doktoru, dosent Hafiz Hüseynov "Turizmin inkişafında kadrların rolu kadr hazırlığı sahəsində görülən işlər", Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Elmi-metodiki mərkəzinin direktoru Nizami Əzizəliyev "Xalq yaradıcılığı sahələrinin turizmin inkişafında rolu və əhəmiyyəti" və "Naxçıvan mətbəxi" kulinariya mərkəzinin mühəndis-texnoloqu Minayə Bayramovanın "Turizmmilli mətbəx" mövzularında məruzələri dinlənildi. "Naxçıvan balladası" adlı film nümayiş etdirildi.

Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.

 

Mina QASIMOVA,

NDU-nun Mətbuat şöbəsinin əməkdaşı

 

Azərbaycan müəllimi.- 2013.- 4 oktyabr.- S.11.